“Ulduz” jurnalının sentyabr
nömrəsi çap olunub
"Ulduz"
ədəbiyyat dərgisinin sentyabr nömrəsi işıq
üzü görüb.
Jurnal Günel Mehrinin "Özüylə söhbəti" və
"Doğum günü" hekayəsi ilə
açılır. "Şeir vaxtı" rubrikasında
Seyid Aynur, Ceyhun Ötkəm, Aydın Arslan, İnqilab Orxan,
Xuraman Hüseyn, Süleyman Abdulla və Sevinc Yunuslu kimi müəlliflərin
poeziya nümunələri yer alıb. "Nəsr"
rubrikasında isə Anar Adilin "Səmadan məktub", Kənan
Hacının "Buynuz qəziyyəsi", Bəhruz Niftəliyevin
"Bətn və batin", Aysel Fikrətin "Kaktus" və
"Məscidin dəlisi", Nurlana İşığın
"Burulğan" hekayələri, eləcə də
Əlizadə Nurinin "Ver sözə ehya ki..." essesi dərc
edilib. "Təbriz eli" rubrikasında Əli
Çağlanın "Liman" hekayəsi təqdim olunur.
"Tərcümə saatı"nda yer almış ABŞ
yazıçısı Barbara Uolkerin "Dişi canavar"
hekayəsini Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi
Alsu orijinaldan tərcümə edib.
"Yazı masası"nın
növbəti qonağı
bu günlərdə 60 yaşını qeyd edən tənqidçi,
filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turandır. Professor
Rüstəm Kamalın "Azər Turan: Məfkurənin və
Sözün işığı" essesi də yubilyarın
çoxşaxəli yaradıcılığına
işıq tutur.
"Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi
çərçivəsində ərsəyə gələn
və Məti Osmanoğlunun təqdimatında hazırlanan
"Gənc yazarlar üçün nəzəriyyə dərsi"
bu dəfə Konstantin Balmontun "Poeziya sehr kimi"
traktatına, ümumilikdə isə simvolizm ədəbi cərəyanına
həsr edilib.
Filologiya
üzrə fəlsəfə
doktoru Elnarə Qaragözovanın
"Çağdaş nəsrimizin yeni imzaları
"Ulduz"un şəfəqləri altında" sərlövhəli
yazısında, "Ulduz" jurnalının iyun sayında dərc
edilmiş ədəbi nümunələr təhlil edilir. Nəhayət
"Dərgidə kitab"da Xalq yazıçısı Natiq
Rəsulzadənin "Əminə" uzun hekayəsi, "Dərgidə
sərgi"də isə Dəniz Bəhruzlunun rəsm
nümunələri yer alıb.
Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.21.