"Duyğu
çəmbəri" içində
dolanan şair-rəssam ruhu
Nazim
Şahı bir zamanlar rəssam kimi tanımışdım; hələ
lap gənclik illərindən... Jurnalisttək fəaliyyət
göstərdiyim zamanlardan. Şeirləri ilə
tanışlığım da, yanılmıramsa, elə o
vaxtlar olmuşdu. Hətta bəzilərini "168 saat" qəzetinin
"Yaradıcı" səhifəsində dərc də
etdirmişdim. Amma kitab halında, ilk dəfə idi ki,
oxuyurdum... Və... Qəribə bir təəssürat
aldım... Haradasa, Adil Mirseyidin ruhunu, o ruhun bir "meh"
toxunuşu qədər zərif titrəyişini, bir meh
yüngüllükdə "varlığını"
duydum:
"Görəsən,
bu bayramqabağı da
yemlədilərmi Parisdəki göyərçinləri?
Amma qəribədir
ki, bu təəssürat elə bir meh qədər də tez
ötüb keçdi... Yerini isə bir başqa duyğu, bir
başqa dəst-xəttin varlığından alınan təəccüb
hissi tutdu. Bu dəst-xəttdə "rəssam
baxışı", "rəssam toxunuşu", "rəssam
görüşü" var idi. Amma ondan da qabarıq olan cəmi
bir neçə kəlmə ilə yaradılan dolğun təsvirlər,
o təsvirlərdəki fraqmentarlıq, işıqtək
yanıb-sönən təəssüratlar
dalğasının gücü idi.
Nə gələni
var,
nə gedəni...
Darıxır, sıxılır
qəbristanlığı olmayan,
günəşə həsrət yarımada...
Bu
fraqmentarlıq konkret, dəqiq ştrixlərlə
yaradılır. Sanki usta bir rəssam
fırçasının cəmi bir neçə toxunuşu
ilə çəkilibdir. Amma eyni zamanda da orijinal bir
üslubiyyətlə... Çünki gözlərinin
qarşısında şairin (rəssamın) yaratmaq istədiyi
mənzərəni çox rahat bir şəkildə
canlandıra bilirsən. Və nəinki canlandırırsan,
eyni zamanda da o mənzərənin təsiri ilə
dodaqların da qaçır.
Ahıl
çağında,
günün tən ortasında
uşaqlığı tutub dənizin.
Dalğalar topla oynayır...
Beləcə,
duyğulu, həssas, bəzən ağrılı, bəzən
sevinc dolu misralar bir yerə toplaşaraq maraqlı bir
"Duyğu çəmbəri" yaradır. O çəmbərdə
çox şey var... Hisslər, yaşantılar, mülahizələr,
mübahisələr, insanın (şairin) özü ilə
qarşıdurması, inancı, şübhəsi... Məsələn,
ən qısa anda yaşanan təəssüratların belə
ifadəsini görə, həm də nəinki görə,
hiss edə, yaşaya bilərsən...
Onuncu
ayın on altısı,
gecə
saat üç.
Payız
zümzüməsində
mələklər yallı gedir
rəsədxana səmasında...
Gecə,
payız zümzüməsi və yallı gedən mələklər...
Cəmi bir neçə detal və oxucu o rəsədxana
üzərindən asılan səmanın altındadır...
Bu
şeirlərin, az qala, hər birində İnsan Tənhalığının
rəsmi var. Darıxmanın, Həsrətin,
Özünüaramanın rəsmi var. Bir neçə cizgi,
bir neçə ötəriymiş, təsadüfmüş
kimi vurulmuş ştrix və Mənzərə
aydındır. Eynilə Nazimin rəsmlərində olduğu
kimi...
Şəhərin
nəbzi
xəstə qəlbimlə eyni
atır.
Soyuqlamış şəhər
qar altında yatır.
Üşüyür, titrəyir
tənha
qəbristanlıqda
hər kəs tərəfindən
unudulmuş şair məzarı...
Nazim
şəhər ruhludur. Dəniz ruhludur. Şəhərin də,
dənizin də hər üzü var onun şeirlərində.
Sanki onun "Mən"i qədər yaşadığı
Şəhər də, sevdiyi Dəniz də tənhadır. Mən,
az qala, bütün şeirlərindən aldım bu təəssüratı...
Sağ
ol, var ol, çox yaşa,
nizam-intizamı itirən Şəhər,
hər gün təcavüz olunan,
hər gün qətlə yetirilən Şəhər...
Beləcə,
İnsanı özünə çəkən, səmimiyyəti
ilə heyrətləndirən, çaşdıran, fərqliliyi
ilə maraq doğuran bu çəmbərdə
fırlanır, fırlanır, fırlandıqca yenidən
öz ilkinliyinə, öz başlanğıc nöqtənə
qayıdırsan. Məsələn, anlayırsan ki, onun
üçün İnsan anlayışı var, amma
insanları bir-birindən ayıran Din anlayışı
yoxdur. Onun üçün fərqli ruh hallarının təsviri
var, amma bu təsvirin içərisində Sözün
uzun-uzadı cövlan etməsi yoxdur. Əvəzində,
danışan xırda detallar çoxdur. Şeir
üçün o qədər də aktual olmayan, amma Nazimin
şeirləri üçün nəfəsə çevrilən
detallar... Tənhalığın rəsmini görürsən
bu misralar arasında... İnsan tənhalığının
ağrısını dadırsan. Bir də "Köləliyə
məhkum bir şəhərdə yaşamağın"
acısını...
Rəssam-şairlər hər zaman fərqlilik gətirirlər şeirə.
Özünəməxsusluq, orijinallıq gətirirlər.
Başqalarına bənzəməmək xüsusiyyəti
qazandırırlar. Nazim Şahda da bu var. İnanıram ki,
onda duyğularını, hiss etdiklərini rəsmə
ötürməkdən, çəkməkdən başqa, həm
də misralara ötürmək ehtiyacı təsadüf
deyil... Bu çəmbərdə dolanmaq kimi... Bu çəmbəri
ruhuna dolamaq kimi...
Nərgiz Cabbarlı
Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.25.