Magik realizmin
üç kahini:
Borxes, Kortasar,
Köhnəqala
Bu yazının yazılmasında
məqsəd son əsrin
ən dəbdə olan, ən çox
dartışılan və
əlbəttə, ən
çox oxunan ədəbi dalğası
- magik realizmin Azərbaycanda da var olduğunu
göstərməkdir.
Magiya, sehr, müəmma, məntiqlə çözülə
bilməyən nəsnələr
bütün dövrlərdə
insanlar üçün
cazibədar olub.
Qədim
tarixdən də məlumdur ki, monoteist dinlərin yaranmasına qədər, hətta ondan sonrakı dövrdə də gizli məbədlərdə
sehirbazlıq, cadugərlik,
ezoterika ilə məşğul olan, qeyri-adi bacarıqlara sahib kahinlər var idi. Qədimdə insanları möcüzələrə, fövqəltəbii
qüvvələrin varlığına
inandırmaq elə də çətin deyildi. Yeni din gətirən
peyğəmbərlərin, yeni təlim yaradan ustadların insanları cəlb etmək üçün möcüzə
göstərmələri, mistik
qüvvələrlə əlaqəsi
olduğunu sübut etmələri şərt
idi. Qədim Misir kahini Musanın
əsanı əjdahaya
çevirməsi, barmağı
ilə dənizi ikiyə ayırması kimi məşhur əhvalatlar da qədimdə
hipnoz və telepatiya sənətinin geniş yayılmasından
xəbər verir.
Ən qədim xalqlara məxsus mifoloji görüşlər, əsatirlər,
nağıl və rəvayətlər sehirli,
magik elementlərlə
zəngindir. Bir sözlə,
insan təxəyyülü
sərhəd tanımır.
Bu sərhədsizliyin özünü
hər cür imkanı ilə nümayiş etdirə bilən ən təsirli sənət növlərindən biri də ədəbiyyatdır.
Məlumdur ki, ədəbiyyat özlüyündə
reallıqla təxəyyülün,
mahiyyətlə zahiri
görüntünün, doğru
ilə yalanın qovuşduğu, üz-üzə
gəldiyi bir aləmdir. Bu aləmdə
ibtidai təsəvvürlərdən
tutmuş, kosmik kəşflərə qədər
böyük bir tarixi alan mövcuddur.
Əlbəttə, bu müstəvidə kinonun imkanları kitabla müqayisədə daha genişdir. Kino gəncdir,
ədəbiyyatın törəməsi,
nəvə-nəticəsidir, ancaq o, nə qədər universal imkanlara
malik olur-olsun, son nəticədə
yenə də ədəbiyyata möhtacdır.
Lakin bu yazıda məqsəd ədəbiyyat-kino
paralelləri aparmaq deyil. Mövzumuz ədəbi mistisizm, daha konkret desək,
magik ədəbiyyatdır.
Məlumdur ki, ədəbiyyat üzü
Şumerlərin gil yazılarından, "Gilqameş"dən
(Bilgəmiş), "Nuh tufanı"ndan,
"İliada"dan, "Vedalar"dan
tutmuş bu günümüzə qədər
gerçək dünya
ilə mistik aləmi üz-üzə gətirir, sözün və təxəyyülün
gücü ilə mümkün olmayanı mümkünə çevirir.
Söz sənəti də magiyanın bir növüdür, bu mənada söz sənətçilərini
də ən qədim maqlardan hesab etmək olar.
Əlbəttə, söz sənətinin
çoxmənalı labirintləri,
bitib-tükənməz döngələri
var. Bu sonsuz cığırlardan
biri də Latın Amerikasında doğulan magik realizm axınıdır. Uruqvay yazıçısı
Orasio Kiroqa 1926-cı ildə yazdığı
"Ölü adam"
hekayəsi ilə bu ədəbi cərəyanın yaradıcısı
kimi qəbul edilir. Yeri gəlmişkən,
Kiroqanın faciəli
həyatı mistik olaylarla dolu olub. Belə ki, yazıçının özü,
ailə üzvləri
və ətrafındakı
ən yaxın adamlar öz həyatlarına intiharla
son qoyublar.
Son əsrin ən populyar ədəbi dalğası olan magik realizm Alexo
Karpentyerin ("Bu dünyanın
krallığı"-1949), Migel Anxel Asturiasın ("Banan trilogiyası"-1949), Xuan Rulfonun ("Pedro Paramo"-1955) əsərlərində, daha
sonra Xorxe Luis Borxesin, Qabriel Qarsia Markesin, Xulio Kortasarın, Oktavio Pasın, Karlos Fuentosun, Mario Varqas-Lyosanın yaradıcılığında
öz əksini tapıb. Əlbəttə,
bu sıraya Xose Saramaqo, Jorj Amadu, Milorad Paviç,
İzabel Alyende, Toni Morrisson, Salman Rüşdi,
Haruki Murakami, Qoderzi Çoxeli
kimi isimləri əlavə etməsək,
haqsızlıq olar.
Magik realizm cərəyanı Azərbaycan ədəbiyyatında
da bir dalğa kimi keçir. Bu sehirli cərəyan məlum olduğu kimi, özünün geniş ifadəsini əsasən, nəsrdə
tapır. Anarın
"Gözmuncuğu" povesti,
Elçinin "Mahmud və
Məryəm", "Baş"
romanları, Kamal Abdullanın
"Sehirbazlar dərəsi",
Murad Köhnəqalanın "Bulud pinəçisi",
"Yuxularım", Şərif
Ağayarın "Ağ
göl" əsərləri
müasir Azərbaycan
nəsrində magik realizmin əsas nümunələrindəndir.
Yusif Səmədoğlunun "Qətl
günü", "Deyilənlər
gəldi başa", Mövlud
Süleymanlının "Köç" romanlarında
isə Azərbaycan folklorundan qaynaqlanan mifik hadisələrin gerçəkləşməsi epizodik təsvir olunur. Bu əsərlərdə
mistik qat aparıcı
olmayıb, yardımçı
funksiya daşıyır.
Magik realizmdən danışarkən,
onun ən görkəmli nümayəndələrindən
biri olan, çətin oxunmasına
rəğmən, həmişə
sevilən yazıçı
Xorxe Luis Borxesi xatırlamamaq olmaz. Borxesin hekayələri müəllif diktəsinin
çox az hiss edildiyi xaotik bir dünyadan bəhs edir. Onun yaratdığı dünya realdır, ancaq burada məntiqlə
izah edilə bilməyən hadisələr
baş verir. Borxesin hekayələri həyatın, əbədi
hərəkətin özü
kimi sonsuzluq içindədir, onların
sanki nə əvvəli, nə də axırı var. Bu
hiss yazıçının "Qum kitabı" hekayəsində
daha çox qabarır. Borxesə görə, insan müəmmalar içində
yaşayır, hər
şey məchuldur, sirlidir. Əvvəl və son yoxdur, biz isə bu sonsuzluqda
əriyən nöqtələrik.
Biz bu sonsuz sirlərdən, ucsuz-bucaqsız
məchulluqdan yan keçirik, cavabı olmayan böyük suallardan yayınır, öz ibtidai duyğularımıza, primitiv
məişətimizə sığınırıq.
Biz dərkedilməzlikdən və ağlımızı
itirməkdən qorxuruq.
Əminəm, şəxsən
Borxesin özü də bu qorxunu
keçirib.
Bir sıra hekayələrində
Borxes bədii mətnin hüdudlarını
aşaraq yazıçılıqdan
filosofluğa keçir,
ancaq adama elə gəlir ki, o bunu qəsdən eləmir. Yəni, Borxes bir müəllif-idarəçi
olaraq, əsərdə
özünün çoxspektrli
düşüncə axınını
cilovlaya bilmir, fəlsəfəyə qapılaraq
əsərin "ipini
buraxır". Həssas
oxucu onu da hiss etməmiş deyil ki, Borxes bir yaradıcı
kimi öz obrazlarına qarşı çox da tələbkar deyil. Ərköyün oxucu bu üslubu
yazıçı "məsuliyyətsizliyi"
də adlandıra bilər. Borxesin süjetləri ilk baxışdan
xaotik görünsə
də, əslində,
onların hər biri daxili nizama
malikdir. Bəzən hekayələrində yazıçının
neytrallığı gözləniləndən
də artıq olur. O, mətnlərində
sanki deistlərin tanrısı kimi davranır. Yaratdığı
dünyanın işlərinə
qarışmır, buradakı
amansız reallığı,
ölüm-dirim savaşını
sadəcə, tamaşaçı
qismində seyr edir. Bu mövqe onun "Şər qadın", "Gizli möcüzə" kimi hekayələrində daha
çox nəzərə
çarpır. Borxesin
yaradıcılığında ümumən, magik realizm, posmodernizm, qismən də impressionizm elementləri qarışır. Əslində,
magik əsərlərdə
postmodern nüanslara rast
gəlinməsi tamamilə
təbii və gözləniləndir, çünki
bu ədəbi nəhrin imkanları yazıçı təxəyyülünün
bütün çalarlarını
nümayiş etdirməyə
şərait yaradır. Burası aydındır. Sual doğuracaq məqam Borxes mətnlərinin
impressionist qatı ilə
bağlıdır (İmpressio
- fransızca "təəssürat"
deməkdir). İş
orasındadır ki, Borxes
öz yaradıcılığında
insanın iç dünyasının mənzərəsinə
impressionistcəsinə yer
ayırır. Bəzən
onu gerçəkliyin
özündən daha
çox, gerçəyin
doğurduğu təəssürat
maraqlandırır. Ona görə
də təəssüratın
ağırlıq etdiyi
mətndə oxucuya elə gələ bilər ki, süjet donub, hərəkət sanki dayanıb. Bu halda süjet xətti mənəvi-psixoloji
vəziyyətin uzun-uzadı
izahından ibarət imiş kimi görünə bilir. Borxes üslubundan danışarkən, yazıçının
özünəxas yazı
stilinə də toxunmaq lazımdır. Borxesvari özəlliklərdən
biri də bədii mətnə informativ, intellekt yüklü haşiyələrin
müdaxiləsidir. Əlbəttə,
bu, yazıçının
fərdi üslubuna aid məsələdir.
Lakin bildirməliyik ki, bədii
əsərin intellektual
yüklənməsi oxucudan
müəyyən hazırlıq
tələb edir.
Magik realizmin kahinlərindən
sayılan daha bir latın amerikalı yazar isə magiyasevərlərin
yaxşı tanıdığı
Xulio Kortasardır. Bütün yazıçılıq
potensialını "Xana-xana
oyunu" adlı romanında göstərsə
də, Kortasara dünya şöhrəti
qazandıran magik hekayələridir.
Kortasar hər şeydən öncə oxucunu heyrətləndirməyi, onu
uzun müddət öz təsiri altında saxlamağı bacarır. Ustadı Borxeslə müqayisədə,
onun süjetləri daha çevikdir və əlavə informasiya yükü azdır. Kortasarın üslubu çəkici və aldadıcıdır,
başqa sözlə desək, o, bir növ illüzionistdir. Kortasarın əsas magik gücü oxucunu qurduğu süjetin "bataqlığ"ına
çəkə bilməsindədir.
Hekayələrində süjet
xətti dinamik, yaratdığı mühit
həyəcanvericidir. O, mətn
daxilində sözlərlə
fotoqrafik təsvirlər
çəkməyin ustasıdır.
Hekayələrinin əksəriyyətində novellaya çevrilmək potensialı
hiss edilir. Bəzi hekayələrində oxucuya
qeyri-adi sonluq və ya gözlənilməz
final vəd edən yazıçı əsərin
sonuna yaxın oxucuya sürpriz edə, yəni, oxucunu sirlərlə dolu labirintdə gəzdirib sonucda müəmmanı açmaya
da bilər ("Əsir
ev" hekayəsindəki
kimi). Magik yazarlardan heç birinə bənzəməyən
Kortasar oxucuda alışqanlıq yaradır.
Murad Köhnəqala Azərbaycanda
postmodern ədəbiyyatın qurucularından biridir. Gerçəkçilik və
postmodernist fantastika Köhnəqalanı
təbii olaraq, mistik realizmə yaxınlaşdırıb. Onun
"Bulud pinəçisi"
povesti ideya, məzmun və forma yenilikləri baxımından
müasir ədəbiyyatın
incilərindəndir. Real-fantastik
üslubda qələmə
alınmış bu əsər absurd, irreal, romantik
və tragikomik qatları ilə postmodern nəsrin tələblərini
yüksək səviyyədə
ödəyir.
Yazıçının təsəvvüf
fəlsəfəsi üzərində
yazdığı "Gümüş
kuzə" povesti klassik Şərq ədəbiyyatının dekonstruksiyası
nümunəsidir. Şərq
klassikasına yeni həyat
verən bu əsərdə sufilərin
mistik gücündən,
həyatı və ölümü dərketmə,
eyni zamanda nəfsin tərbiyəsi kimi təlimlərdən bəhs edilir.
Murad Köhnəqalanın 2015-ci ildə
işıq üzü
görən "Yuxularım"
hekayələr silsiləsi
isə ədəbi
forma baxımından yenilik
sayıla bilər. Hekayələr yuxudanışma
təhkiyəsi ilə
qələmə alınıb.
Yazıçının yuxu
adlandırdığı hər
bir hekayəyə şüuraltı təlatümlərin
bədii formada təzahürü kimi də baxa bilərik.
Köhnəqalanın özü
bu silsiləni "sürreal hekayələr"
adlandırsa da, hekayələr
əsasən magik realizm elementlərini özündə əks etdirir. Bu iki dalğa arasında şəffaf sərhəd
ondan ibarətdir ki, sürrealizm başdan-sona qədər gerçək
olmayan olayları təsvir
etdiyi halda, magik realizmdə hadisələr gerçək
həyatda baş verir. Öncədən də qeyd etdiyimiz
kimi, Muradın yaradıcılığında aparıcı dalğa postmodernizm olduğundan bu hekayələr silsiləsi də son illərin postmodern nəsrinin
uğurlu nümunəsi
kimi qiymətləndirilə
bilər. Müəllif
"Yuxularım"da öz sərbəstliyi,
mətnə ən ağlagəlməz formalarda
müdaxiləsi, oxucu
ilə söhbətə
girişməsi, qəfildən
hansısa obraza dönüşməsi kimi
bədii çevrilmələri,
zərif ironiyası, zərgər detalçılığı
ilə oxucunu inanılmazlara inandıra bilir.
Ümumən, muradsayağı absurdlara,
ironik priyomlara "Yuxularım"da
çox rast gəlmək olur.
Kitabdakı on dörd hekayənin
hər biri orijinal süjet xəttinə malikdir. Eyni zamanda bu
yuxu-hekayələr biri
digərinə bənzəməyən
fərqli mövzuları
əhatə edir. Silsilə içində həm gerçəklik, həm mistika, həm simvolizm, həm ironiya, həm də faciə yarada bilən müəllif, yuxuların hər birində özünün
kəşf etdiyi rəngli obrazlardan, orijinal bədii təsvirlərdən istifadə
edib. Muradın "Yuxularım"ı oxucunun
birnəfəsə oxuyacağı
kitabdır. Hekayələrdə
süjetin əvvəlindən
axırına qədər
gərgin hərəkətlilik
izlənilir:
"Baxdım ki, arxasınca gəldiyim quş nəhəng bir kaktusun bənövşəyi
çiçəyinə qondu.
Qocalara yaxınlaşıb
quş haqda nəsə soruşmaq istəyəndə ipdəki
paltarlardan biri qəfildən vahiməli səs buraxaraq uça-uça üstümə
cumdu. Mən dərhal o paltarı tanıdım. Bu, mən uşaq olarkən kəndimizin yas yerlərində eybəcər
səsi ilə qorxulu dualar oxuyan saqqallı qocanın köynəyi idi. Bir vaxtlar onu küçədə görəndə necə qorxub qaçdığımız
yadıma düşdü.
Düymələrindən alov
qalxan köynək qollarını açaraq
üstümə şığıyıb
dik duran yaxalığı ilə gözlərimi çıxarmaq
istəyirdi".
"Gül
məni yedi"
"Gördüm, nəhəng
qarışqalardan biri
dərhal ətrafdakı
adamlardan birini tutdu, bircə saniyə ərzində ətini sorub yedi və sümüyünü
salamatca yerə qoydu. Adamın yalnız skeleti, bir də gözləri
qaldı. Dəhşətlisi
də bu idi ki, əti sorulan adamın heç qışqırtısını
da eşitmədim. Yuxuda
mənə məlum oldu ki, sən demə, onlar adamın ətini sormazdan əvvəl üstünə keyləşdirici
ağız suyu püskürdürlərmiş".
"Skeletin gözləri"
Muradın "Yuxularım"ında oxucu indiyədək rast gəlmədiyi magik çevrilmələrlə,
gözlənilməz fantastik
kadrlarla qarşılaşır:
"Gördüm ki, sənin
sol ayağındakı ayaqqabının
bağı açılıb.
Mən sənə işarə eləyib açılmış ayaqqabı
bağını göstərdim.
Sən gülümsəyərək
yuxarıdan aşağı
sol ayağına baxdın
və baxışlarınla
ayaqqabının bağını
gül şəklində
bağladın. Bunu məndən başqa vaqonda heç kim görmədi".
"Sənin ayaqqabının bağı"
"Gördüm, mənə duru, axar bir
çay göstərib dedilər,
o biri sahil yuxudu. Yuxu görmək
istəyirsənsə gəl,
səni çayın
o biri tərəfinə
keçirdək. Baxdım,
çayın o biri sahilinin yamacı yamyaşıl çəmənlik,
biraz o tərəfi isə meşəlikdi. Oralar mən durduğum boz sahillə müqayisədə
çox gözəl görünürdü. Dedim,
ora çox gözəldi, ancaq söz verin ki, mənə vahiməli yuxu göstərməyəcəksiniz".
"Ürəyimi qusdum"
Zaman çevrilmələrinə baxaq:
"...Ancaq güzgüdə məni arxadan tutanın əksi görünmür. Mən
qorxudan əsə-əsə
birtəhər arxaya çevrilirəm. Gördüm,
çiynimdən tutan
atamdı, sən demə, o, ölməyibmiş.
Baxdım ki, atamın
cavan vaxtlarıdı,
üzümə gülümsəyir,
qucağında da bələyə
bükülmüş bir
körpə var. Gördüm,
o uşaq mənəm,
təzəcə doğulmuşam.
Atam məni doğum evindən çıxarıb evə
aparır. Artıq adımı da qoyub. Çoxdanın həsrətliləri
kimi onunla qucaqlaşıram. Gördüm,
biz qucaqlaşanda bələkdəki
körpə aramızda
itdi. Atamın sağ-salamat olmasına çox sevinirəm. Sonra ondan soruşuram, bəs deyirlər sən ölmüsən?
O da deyir, ölsəm
də səninlə görüşmək istəyirdim".
"Atamın meyiti"
"Gördüm, uzaq keçmişi xatırlayıram.
Rusiyanın Murmansk vilayətində
hərbi qulluqda olan böyük qardaşım əsgərlikdən
gəlib. Bütün
kənd camaatı həyətimizə yığılıb.
Qardaşım əsgər
paltarındadı, gəlib-gedənlə
görüşür. Gördüm,
həyətimizin "əl
damı" adlandırdığımız
tərəfində odunla
qalanmış ocaqların
üstündə iri qazanlar asılıb. Arvadlar yuxa bişirmək
üçün nəhəng
bir teştdə xəmir qatıblar. Ortalıqda qalan böyük xəmiri yoğurmağa heç kimin həvəsi yoxdu. Gördüm, nənəm məni arvadlara göstərib deyir ki, bunun on iki yaşı var, bu yaşda uşaqlar
mələk kimi saf olur. Ayaqlarını
yuyun, qoyun, girib xəmiri ayaqları ilə yoğursun. Narahat olmayın, günaha yazılmır! Gördüm,
anam şalvarımı
çirməyib, ayaqlarımı
yuduqdan sonra məni qaldırıb teştin içinə qoydu. Mən teştdə gəzişib
ayağımla xəmiri
yoğururdum. Gördüm,
beynimin quyusundan çıxan belikəndirli
bu uşaq xəmiri ayağı ilə yoğuran həmin uşaqdı. Gördüm, hamımız
yuxudan yoxa çıxmışıq. Təkcə
o uşaq, bir vaxtlar gördüyüm kimi ayaqyalın, şalvarı da dizə qədər çirməkli,
yuxumun ortasında dayanıb gülümsəyir.
Gördüm, külək
hardansa bir parça nazik hörümçək torunu
alıb xəfifcə
onun üzünə vurdu. Gördüm, uşaq əlini yelləyə-yelləyə, qıdıqlanan
üzündən bu zərif toru götürmək istəsə
də onu tapa bilmir. Ayıldım ki, üzümdə balaca bir hörümçək
gəzir".
"Bir
səbət xəyanət"
Bu hekayələrdə Köhnəqalanın
süjet xəttini istədiyi qədər mürəkkəbləşdirə bilmək imkanları açıq hiss olunur. Onun əsas özəlliklərindən biri
də budur ki, süjet nə qədər şaxələnib
mürəkkəbləşsə də, yazıçı heç bir olayı özbaşına
buraxmır, əsərdəki
hər xırda detalın, kiçik bir rəmzin belə yerinə yetirməli olduğu funksiya var və süjetin inkişafı boyu bu funksiya
mütləq başa çatdırılır.
Ümumiyyətlə, bədii əsərdə həlli tapılmayan məchul məqamlara yazıçı
tərəfindən aydınlıq
gətirilməməsi, sual
doğuran məsələlərin
açıq qalması
bəzi tənqidçilər
tərəfindən üslub
fərdiliyi və fərqliliyi kimi qəbul edilsə də, bu vəziyyətin
daha tələbkar tənqidçi tərəfindən
qeyri-peşəkarlıq kimi
qiymətləndirilməsi də
mümkündür.
Bu anlamda, Murad Köhnəqalanın
hekayələrində həlli
oxucunun ümidinə buraxılmış sonluğa,
yazıçının özünün
də baş açmadığı qeyri-müəyyən
situasiyaya, demək olar ki, rast gəlmirik.
Bu tip idarəçi-yazıçılar
arasında magik realistlərdən Qoderzi Çoxelinin və Salman Rüşdinin də adlarını çəkə
bilərik. Hər üç yazıçıya
xas olan bu xüsusiyyət bəlkə də onların altşüur bazasında bütün fəlsəfi suallara cavab verməyə, başlanğıcı və
sonu izah etməyə çalışan
Şərq mifologiyasının
oturuşmasından irəli
gəlir. Ola bilsin, elə bu səbəbdən
şərqli yazarın
mətnində səbəbsiz
heç nə baş vermir, olanların və olacaqların əsasında
mütləq bir səbəb-nəticə ardıcıllığı
izlənilir. Bu mənada,
Şərq yazıçısı
öz əsəri ilə hansısa dövləti, yaxud taleni idarə edirmiş kimi davranır, hökmən başlanğıcı və
sonu da yazır.
Qərbli
düşüncəsində isə vəziyyət biraz başqa cürdür. Qərb yazıçısı az
emosionaldır, bizə
görə isə hətta soyuqqanlı və laqeyddir, xristianlıqdan törəyən
əxlaqi dəyərləri
belə, mutasiyaya uğrayıb. O, fərdiyyətçiliyə,
mütləq azadlığa,
son nəticədə xaosa
meyillidir, bu mənada, qərbli yazıçının hətta
çox ciddi struktura malik romanının
sonluğu "heç
nə" ilə də bitə bilər, yazıçı
ümumiyyətlə, heç
bir məsuliyyət
hiss etmədən hər
şeyi oxucunun öhdəsinə buraxıb
"aradan çıxa"
da bilər. İş
burasındadır ki, vurğulanan
bu psixoloji nüanslara çox sevdiyim Kortasarda da, Borxesdə də rast gəlmək olur.
Yeri gəlmişkən, həm
Borxesin, həm Kortasarın, həm də Köhnəqalanın
söz adamının
padşahla üzləşməsi
və sözün qılınca, sənətin
gücə qalib gəlməsi ilə bağlı hekayəsi
var. Hər bir yazıçının fərdi
üslubu və fərqli fantaziyası ilə canlanmış bu mövzu Borxesdə
pessimist, Kortasarda inqilabi,
Köhnəqalada isə
optimist həllini tapır.
Bir maraqlı nüans da var: Kortasar və Köhnəqala əksərən,
magik realizmin qidalandığı qəlibə
çevrilmiş hazır
üsullardan, standart mistik təsəvvürlərdən
- cadugər, ruhlar, şər qüvvələr,
mələk, iblis və s. kimi mifik elementlərdən mümkün qədər qaçırlar.
Yəni,
əsərdəki magik
auranı onların özləri yaradır.
Borxesdə isə məsələ
bir qədər fərqlidir. Onun Taylanddakı "Ölülər
kitabı" kimi sirli mətnlərə, çətin oxunan qədim kitabələrə,
ibtidai mifik təsəvvürlərə bağlılığı
var və bu maraq onun əsərlərində
də özünü
göstərir. Lakin Borxes
bu bilgiləri öz fantastik dünyasında məqsəd
kimi yox, vasitə kimi istifadə edir.
Deməliyik ki, Muradın "Yuxularım"ı
onun düşüncəsindəki
metafizik dünyanın
dərin qatlarının
çox az bir qismini üzə
çıxarmağa nail olub.
Bu hekayələrin hər
birində sıxılmış
roman enerjisi yatır.
Muradın hekayələrində qəhrəman ard-ardınca
metafizik çevrilmənin
bir neçə qatını (metamorfoz halı) yaşayır, zamanlar qarışdırılır,
hallisünasiyalar, şizofrenik
qarabasmalar, gerçək
dünya ilə astral dünya arasında çaşbaş qalan insanın iztirabları, bir zamandan digərinə
keçmə, bir dünyadan başqasına
düşərkən baş
verə biləcəklərin
təsviri verilir. Köhnəqalanın fantastikası
kimyəvi laboratoriyaya
bənzəyir, bədii
material onun "düşüncə
kolbasında" haldan-hala
düşür, sürətlə
tərkibini dəyişir
və yeni maddəyə,
formaya, məzmuna dönüşür.
Ümumən, "Yuxularım" silsiləsi mistik, fantastik-qorxulu filmlər üçün hazır ssenarilərdir.
"Yuxularım"dakı "Bir səbət
xəyanət" hekayəsində
sofistcəsinə deyilmiş
bir cümlə var:
"Hara getdiyini, niyə getdiyini bilməyən adamın beyninin içi təmizlənməlidir".
Hekayədə də beyninin təmizlənməsi
prosesi təsvir olunur. Qəhrəman bu təmizlənmə boyunca haldan-hala, formadan-formaya düşür
və dördqat metamorfoza
uğrayır. Hekayənin
sonluğu isə xüsusilə möhtəşəmdir.
"Rəngli kirpilər",
"Divar kağızının
nitqi" kimi hekayələrdə çoxlu
absurd detallar, qeyri-adi videoqrafik mənzərələr qarşımıza
çıxır.
"Abort"
hekayəsində də
ardıcıl çevrilmələrlə
qarşılaşırıq: "Xeyli getdikdən sonra gövdəsi insan bədəninə bənzəyən bir ağaca rast gəldim. Ağacın budaqlarındakı meyvələrin
hər biri axtardığım körpəyə
bənzəyirdi. Lakin onlar
oğlan deyil, qız uşaqları idi. Gördüm, budaqdakı həmin qızlar arxasınca gəldiyim bu oğlan uşağının
budaqda olmasını istəmirlər. Ona görə
ağac uşağı
məcburən kal vəziyyətdə budaqdan
salıb".
"İlan qadın" hekayəsində isə qəhrəman onun arxasınca düşən
qorxunc ilandan qaçaraq bir binaya girir. Binanın
mərtəbələri ilə
üzüyuxarı qaçdıqca,
ilan da onun ardınca sürətlə
sürünür, adam
bu təngnəfəslikdə
hara qaçmalı, necə
gizlənməli olduğunu
fikirləşəndə qarşısında
binanın damına açılan lük görür, lakin lükün üstündə
qıfıl var:
"Gördüm, artıq sonuncu mərtəbəyə
çatıram, ilan
da arxamca gəlir. Sonuncu mərtəbədə
bir nərdivan vardı. Nərdivanla yuxarı qalxdım, yuxarıda dəmir lük var, üstündə
də qıfıl. Ay dad, bəs mən necə eləyim? Qıfılı
aça bilməyəcəm.
Gördüm, mənə
dedilər, bir yaxşı əməlini,
bir də bir pis əməlini
yada sal. Mən qışda bir pişik balasını gödəkçəmə büküb
evə gətirməyimi
yada saldım. Sonra səhər
onu isti qaz peçinin qırağında birəyə
qarşı şampunla
necə çimizdirdiyimi
yadıma gətirdim.
Gördüm, bunları fikirləşən
kimi qıfıl öz-özünə açıldı
və mən lükü qaldırıb
binanın üstünə
çıxdım".
Beləliklə, Köhnəqala yaradıcılığında
görməyə alışdığımız
karma qanunu bu hekayədə də bumeranq fəlsəfəsi
ilə ortaya çıxır və oxucunun şüuraltına
yaxşılıq etməyin
vacibliyi ilə bağlı simptom ötürür.
"Buzlaqda" hekayəsi
"Yuxularım"ın sonuncu
yuxusu, yəni, finalıdır. Digər yuxulardan fərqli olaraq, bu hekayənin sonunda qəhrəman yuxudan ayılmır. Hekayə digərlərindən tamamilə
fərqli ruhda yazılıb və yazıçı buzlaqdakı
şaxtanı oxucunun iliklərinə qədər
hiss etdirə bilir. Əslində, bədii mətnin də qüdrəti ondadır
ki, təsviri canlandırmaq
üçün onun yardımçı vasitələri
yoxdur. Yəni, kinodan, fotoqrafiyadan, hətta rəssamlıqdan
fərqli olaraq, yazıçının sözdən
başqa texniki köməkçisi olmur.
Muradın "Buzlağ"ında
bir insanın addım-addım necə donmasını oxuduqca adama elə gəlir, müəllif özü nə vaxtsa, bəlkə də bundan öncəki həyatında,
eynilə bu hekayədəki kimi sümüyünə, iliyinə
qədər donub. Çünki bu hekayədə təsvir edilən əzabları yalnız şaxtadan sümüyü çatlayan
adamlar hiss edə bilər. Əsərdə
qəhrəmanın bütün
əzaları donaraq bədənindən qopub buz üstünə tökülür. Ən sonda onun beyni
donur: "Bu zaman beynimdən
yeni bir xəbər gəldi ki, başım qopub yerə düşüb və qafam çatlayaraq beynimi buz üstə
buraxıb. Mən bu işgəncəyə dözə bilmir, bağırmaq istəyirdim.
Beynim dayanmadan fəlakətli bir səslə "mən donuram, mən donuram!" xəbərini
yollayırdı. Mən
anlaşılmaz hisslərimi
quduz kimi dalayan şaxtanın getdikcə artdığını
duyur, yalnız bu işgəncənin bitməsini arzulayırdım.
Ancaq beynim buz üstündə donduqca ötürdüyü
xəbərlər sozalıb
qırılır, anlaşılmaz
olurdu. Mən nəhayət, buz üstündə donub şüşəyə dönmüş
beynimi gördüm və bunun son olmasını düşündüm..."
Beləliklə, nümunədən də
gördüyümüz kimi,
magik realizmin gücü bütün bu ağlasığmaz eksperimentləri, irreal olayları,
idraküstü prosesləri
ədəbiyyat hadisəsinə
çevirməyə qadirdir.
Şəlalə Göytürk Niaqara
Ədəbi qəzeti.- 2023.- 16 sentyabr.- S.26-27.