Əjdaha şərabı
Rey Bredberinin “Zəncirotu şərabı” romanı əsasında
Hər
bir insanın sinəsində vaxtı ilə uşaq ürəyi
döyünüb. Amma, deyəsən, bunu çoxları
xatırlamır...
***
Amma elə
adamlar var, nəinki xatırlayır, ondan heç vaxt
ayrılmırlar. İldən ilə, hadisədən hadisəyə,
həyatın, taleyin pilləsindən pilləsinə keçərkən
əllərindəki ən qiymətli xəzinə elə həmin
ürəkdir. Elə həmin ürəklə bütün
çətinliklərə sinə gərir, etiraz edir, nəyisə
dəyişməyə çalışır, nəyisə
qoruyub saxlamağa və ötürməyə can atır... Bu
adamların ürəyi sözün bütün mənasında
dünyanın gözəlləşməsi üçün
döyünür.
Rey Bredberinin ürəyi kimi.
O isə bu döyüntüləri
sözbəsöz, cümləbəcümlə ifadə edərək
bizə miras verib
gedib. Rey Bredberi ürək döyüntülərinə
adlar qoyub, cürbəcür, yüzlərlə ad, indi
hamının və ya az adamın bildiyi adlar.
***
Bredberi gələcəkdən
qayıdan yazıçıdır. Onu adətən, əksəriyyətin
qəbul etdiyi kimi fantast adlandırırlar. Elə-belə də
deyil - Böyük fantast!
Amma Bredberini təkcə
fantast adlandırmaq ədalətsizlikdir. Çünki hekayələrini,
romanlarını oxuyarkən sanki hansısa sehrli qapıdan adlayıb
gələcəkdə peyda olduğunu, sonra
yaddaşını möcüzəvi şəkildə
özü ilə götürərək həyatın bu
tayından yenidən doğularaq böyüməyə
başladığını, özü ilə gətirdiyi
xatirələri yazıya köçürməyə
başladığını fikirləşirsən. Bəlkə
də biz indi, hazırda Bredberi ilə eyni zamanda
yaşayırıq, lakin o yenə geri qayıdacaq, başqa bir
qapıdan keçib orada əvvəlki nəsillər
üçün yazmağa başlayacaq. Keçmişə
indi barədə danışacaq.
***
Lakin
günlərin bir günü indiyə keçmiş barədə
danışmaq fikrinə düşəndə dünyanın ən
heyrətamiz əsərlərindən birini - "Zəncirotu
şərabı"nı yazır. Bu haqda belə deyir:
"Bir gün avtobusda bir oğlanın ayağında
gördüyüm tennis ayaqqabıları məni
uşaqlığıma apardı. Evə qayıtdım və
dəli kimi yazmağa başladım..."
Həmin
uşaqlığın isə
az qala yüz yaşı var...
***
Deməli,
yüz il əvvəl barədə hekayə oxuyuruq.
Fərqi
yoxdur, - "Zəncirotu
şərabı" romanı hekayəsindən bir qədər
cavandır, 66 yaşı var, müəllif onu 37 yaşında yazıb
- hələ uzun illər və mətnin diri
qaldığı əsrlər boyu oxuyacağıq...
Yaxşı mətnin yaşı
olmur, əksinə, üstündən illər
keçdikcə daha çox dəyərləndirilir, daha
çox fikir oyadır. Məsələn, keçən əsrin
uşaq mətnləri onları
uşaqkən oxumuş bizlərlə birlikdə
yaşlandıqca qayıdıb bir daha oxuyursan, bir daha zövq
alırsan və ən gözəli, indi daha çox mətləblərdən
hali olur və anlayırsan: gözəl yazılar sənin əbədi
yol yoldaşındır, səni son mənzilə qədər
tək qoymur, səni bir qapıdan ötürüb, başqa
bir qapıda yolunu gözləyir. İndi o illərin
uşaqlarından çətin sağ adam qala, amma "Zəncirotu
şərabı" o uşaqların dövrünü,
arzularını, xatirələrini ağuşuna alıb əbədi
həyat bəxş edib.
Bəli.
Nə yollasa, təsadüfənmi,
qəsdənmi - müəllifin həyatına
daxil olan hər şeyi bir gün mətnə çevrilmək
mükafatı və ya cəzası gözləməkdədir...
***
Lakin
Bredberi uşaqlıq illərinə qayıdaraq onu olduğu
yerdən sakitcə götürüb bu günə gətirməyib.
Nəzər salıb, analiz edib, uşaqlığını
yenidən yaradıb. Gözəl şeylər artırıb,
xoşagəlməz şeyləri arzularının
işığında yoxa çıxartmağa
çalışıb. Bunu ona qüsur tutanlara isə deyib:
"Mən bütün eybəcər sayılan şeyləri
görürdüm və xatırlayıram, amma bunlar
uşaq gözündə
heç vaxt mənasız və eybəcər təsir
buraxmır".
Bredberinin
bu şərhi böyük dərsdir. Çünki uşaq əsərləri
yazmağın çətinliklərindən
danışılarkən əksər hallarda müəlliflərin
dərk və analiz qabiliyyətinin, xatirələrin
üstündəki sehrli pərdə sürüşüb
götürüldükcə ortaya çıxan aydın mənzərənin
təxəyyülün arzu kimi arxa plana atdığı,
susdurduğu təmizliyi və məsumluğu zədələdiyi
deyilir. Yəni, yetkin müəllif qayıdıb uşaq ola,
uşaq gözüylə baxa, uşaq diliylə nəql edə
bilmir. Dərk edilənlər ona mane olur.
Bredberinin
gücü məhz bu məqamda nəhəngliyi ilə fərqlənir: O, buna nail ola bilib! Bilib,
çünki gələcəyin hər üzünü
görüb, eybəcərliklərin uşaqlıqda gizləndiyini
deyil, uşaq arzularının və xəyallarının
qorunmamasının gələcək eybəcərliklərə
rəvac verdiyini başa düşüb. Bredberi
dünyanın səhvlərindən səbəbə, nəticədən
bünövrəyə qayıdıb. On iki yaşlı
Duqlasın həyatı otuz beş-otuz yeddi yaşlı və ondan sonrakı
Bredberinin uşaqlıq həyatı deyil. Amma Bredberi bunu vecinə
almayacaq, nəyinə lazımdır? O, məhz belə
uşaqlıq yaşamaq arzusundadır, necə olsa geriyə
qayıdır, gələcək ayaqları altında
olduğu kimi keçmiş də əlinin altındadırsa,
niyə onu yenidən qurmasın?
Bəli,
bu çoxlarında çatışmayan,
təəssüf ki, çatışmayan bacarıq və əminlikdir...
***
"Zəncirotu
şərabı"nda çoxlu böyük adam var. Valideynlər,
nənə-baba, qohumlar, qonşular, tanışlar,
satıcılar, ev qadınları, müxtəlif peşə
sahibləri, müxtəlif yaşlı, xasiyyətli
çoxlu qadın və kişi. Burada arzumu, həqiqətmi,
heç vaxt öyrənə bilməyəcəyimiz bir
nüans var - böyüklər uşaqlarla
danışırlar. Bəzən bütün ciddiyyəti, bəzən
zarafatyana nağılvariliyi, bəzən ölüm qədər
qaçılmaz hadisədən əvvəl, bəzən isə
elə-belə, öz-özlərinə - amma uşaqlar bunu
eşidirlər. Uşaqlar böyüklərlə çox
vaxt keçirirlər. Ya da böyüklər uşaqlarla, -
onlarla hər şeyi müzakirə edir, fikir bildirir,
uşaqların dünyasına dalıb onlar kimi yalanlar
uydurmağa çalışırlar. Zəncirotu şərabı
hazırlayan və içən böyüklər bəzən
onları nə zamansa özlərinin də uşaq
olduqlarına inandırmağa çalışanda
uğursuzluqla üzləşsələr də, müəllif
gələcəyin verdiyi saxta imtiyazdan yararlanıb onlara
heç yerdə müdaxilə, nəyi isə başa salmaq,
nəsihət vermək, zəhlətökənlik etmək
imkanı vermir. İmkan vermir ki, qoca babalar, qarı nənələr
uşaqların qulağından yapışıb həyatı
başa salsınlar. Uşaqlar onsuz da başa düşürlər,
böyüdükcə də daha yaxşı başa
düşəcəklər..
Bəlkə də Duqlasın
qulağından da yapışan nəsihət
ustaları olub, amma Bredberi onların üstündən sadəcə
xətt çəkib - vəssalam, yoxdurlar.
İlahi,
dünyanın belə
müəlliflərə necə
böyük ehtiyacı var!
***
"Bir
özün fikirləş! Fikirləş! On iki yaşın
var, amma sağ olduğunu hələ indi öyrənmisən".
Bu daxili monoloqun oxucularında hansı hisslər və emosiyalar
oyatdığını təsəvvür edin. Hamını
özünə sual verməyə sövq etməyəcəkmi?
Hərə özünə boylanmayacaqmı? Bəlkə
neçə insan zamanın sıxıntıları
arasında başını bulayıb gözünü yerə
dikəcək, neçə insan ah çəkəcək.
Amma neçə insan da gülümsəyəcək və bu
həqiqətə hansı yaşda, hansı anda
çatdığını xatırlayacaq. Bəlkə kimsə
göz yaşları arasından, bəlkə kimsə yumulu
gözlərinin ardında görəcək o anı. Bəlkə kimsə əllərinə
baxacaq və vaxtın barmaqlarının arasından
süzülüb necə getdiyinə ilk dəfə fikir verəcək...
və bəlkə kimlərsə də başını
gündəlik xaosdan qaldırıb uşaqlara tərəf
boylanacaq - bəs, görəsən, onlar həyat barədə
nə fikirdədirlər? Bəlkə onlar sağ
olduqlarını çoxdan öyrəniblər?
Bəs,
görəsən, onlardan
daha nələr öyrənmək olar?
"Ömrüm boyu mən atamla soyuq münasibətdə
olmuşam. Amma ondan keçmiş haqqında
danışmağı xahiş edəndə, atamın səsi tədricən dəyişirdi,
onun hekayətlərində ritm, məna, həqiqət və əsl
poeziya duyulurdu, çünki atam ilhama gəlirdi, həqiqət
onun içindən çıxıb axırdı", - Rey
Bredberi xatırlayırdı...
***
Uşaqlar
böyük müəllimdirlər. Onlar bizə nəyin
yaxşı, nəyin qaydasında olduğundan çox nəyin
pis yönə getdiyini, nəyin qaydasında
olmadığını göstərən böyük
gücdürlər. Uşaq sözləri sehrlidir, uşaq təsəvvürü
möcüzəvidir, uşaq həqiqəti dünyanın
üzünə tutulmuş ən təmiz güzgüdür.
Hər yerdə uşaqlara baxmalıyıq - müharibənin
getdiyi torpaqlarda, evlərin dağıdıldığı
yerlərdə, ayrı-seçkiliyin, sosial ədalətsizliyin,
yoxsulluğun, zorakılığın baş alıb getdiyi,
dünyanın cəhənnəm hesab edildiyi nöqtələrdə
də, sülhün bərqərar olduğu, uşaqların
diləndirilmədiyi, satılmadığı, yaxşı təhsil
aldığı, sağlam böyüdüyü, həyata
ümidlə deyil, əminliklə, dünyanın sahibi kimi
baxdığı nöqtələrdə də. Gözlərimizi
qaçırmağa, sözümüzü udmağa,
özümüzü geri çəkməyə haqqımız
yoxdur. Gün gələr, bu iki fərqli dünyanın
övladları bir-birinin əlini sıxa da bilər, bir-birinin
qanını tökə də. Gələcək
keçmişin meyvəsidir. Qəzəb keçmişin meyvəsidir,
amansızlıq keçmişin meyvəsidir və təəssüf
ki, bu meyvənin adı - indi və gələcəkdir.
Məhz
buna görə də
hər bir xalqın, hər bir lokal və dünyəvi ədəbiyyatın
uşaqlığa can atması, uşaqlığın
ayağına getməsi, uşaqlığın
günahsızlığı qarşısında diz
çökməsi lazımdır. Fərqi yoxdur, bu sənin
uşaqlığındır, yoxsa başqalarının.
Dostlarının uşaqlığıdır, yoxsa
düşmənlərinin. Uşaqlardan soruşmaq
lazımdır ki, müharibə istəyirlərmi?
Uşaqlardan soruşmaq lazımdır ki, müharibə
olsunmu? Uşaqlardan soruşmaq lazımdır ki, nə istəyirlər?
Nəyin dəyişməsini arzulayırlar?
Onlar onsuz da nələrisə
dəyişəcəklər, amma hansı yolla - bax, bu bizim
problemimizdir.
Uşaqlar əvvəl öz
arzularını dilə gətirəcəklər,
sonra özümüzü necə aparmağınızdan təsirlənib
bizim arzularımızı… Sonra böyüyəcəklər,
gələcəyin onlara verdiyi həyatın
qarşısında bizi günahlandıracaqlar. Bizim
ehtiraslarımızı, bizim acgözlüyümüzü,
bizim despotluğumuzu, bizim saxtalığımızı,
süniliyimizi ürək
bulantısı ilə xatırlayacaqlar..
Hazırsınızmı?
Bu sualı isə mən uşaqlar üçün yazan müəlliflərə
vermişdim...
Cəhənnəm bağbanı kimi
ayağınızdan
asılacaqsınız... - çünki o uşaqlardan kimsə
gələcəkdə bir gün avtobusda
üstü-başı tör-töküntü bir uşaq
görəcək, xatirələr dilə gələcək, tələsik
evə qayıdıb oturacaq və yazmağa başlayacaq...
***
"Tom,
görəsən, bu dünyada hamı sağ olduğunu
bilirmi?"
Uşaqlar da ölüm barədə
fikirləşirlər. Bəlkə bizdən də çox
fikirləşirlər. Kimi bu sualın verilməməli
olduğu təsiriylə susur və sualı ya unudur, ya daxilində
cavabını tapacağı vaxta kimi gizlədir. Kimi isə, əsasən
uşağın ürəklə böyüdüyü ailələrdə,
birbaşa soruşur: "Adamlar niyə ölürlər?"
Bu sual qarşısında balaca bir qıza verilmiş bir cavabı
unutmuram: "Adamlar yaşaya bilməyəndə ölürlər".
Gözəl cavabdır. Qoy uşaq fikirləşməyə
başlasın - bəs adamlar niyə yaşaya bilmirlər? Həmçinin
ölümü qorxulu, dəhşətli, qara qüvvə
kimi şüuraltında saxlamaqdan xilas olsun.
Bu suala növbəti gözəl cavabı "Zəncirotu şərabı"nda
Bredberi verir. Ola bilsin, bu cavab da
onun arzularından biri idi, geri qayıdıb bütün
uşaqlıq boşluqlarını doldurduğu əsnada həmin
cavabı qoca nənəsinin dilindən səsləndirir. Təxminən
belə: Mənim mən hissəm yorulub, istirahət etməlidir.
Amma sizdə olan hissələrimin həyatı davam edir. Siz, əslində,
elə mənsiniz, deməli, sizinlə birlikdə ev təmizləyəcək,
dərsə gedəcək, kitab oxuyacaq, maşını təmir
edəcək, yemək bişirəcəyəm.
Gördüyünüz kimi, iş çoxdur, imkan verim gedim
istirahət edim. Qabığımı dəyişib
qayıdacağam...
Bredberi,
yəqin özü gedəndə də belə rahatlıqla
gülümsəyib deyib: "Hələ xeyli işim var, siz
davam edin, mən qayıdacağam".
O, qayıdar. Bredberi qayıtmağın
ustasıdır. Qayıtmağın və sahmana
salmağın...
***
"Hara
baxsan, problem görürsən. Diqqətlə baxsan - problemin
həll olunma yolunu görərsən".
Şübhəsiz, Bredberi böyüklüyünü
həm də problemləri mətnə
çevirmək ustalığı ilə sübut edir. Onun
diqqətli nəzərləri səni yandırıb kül
edir - axı nəyə yarayırsan? Ancaq şikayətlənirsən
- o qaydasında deyil, bu yolunda getmir. Nə olsun?
"İşlə!"
Bir neçə il əvvəl
dostlardan biri məni tənbehləyirdi ki, ucuz işçi
qüvvəsi kimi istifadə olunmağıma imkan verirəm,
eyni işə görə daha çox qazana bilərəm,
filan yerdə redaktəyə filan qədər verirlər, filan
yerdə tərcüməçilər bu qədər
alırlar. "Sən isə..." Əvvəl susdum, sonra
diqqətlə üzünə baxıb dedim:
"Yaxşı, təklifin nədir?"
Heç
nə deyə bilmədi. Ətraf belə ağıllı
boşboğazlarla doludur. Nəyisə dağıdıb yerinə
nə qoyacağını ağlına gətirməyənlərlə,
fəlsəfənin altından vurub üstündən
çıxan, amma heç nəyə yaramayanlarla. Müdrik
deyir ki, adamlara balıq verməyin, balıq tutmağı
öyrədin. Bu yerdə, məsələn, mən deyə
bilərəm: Mənə dənizin yerini deyin, balıq
tutmağı özüm bacarıram.
Bredberi isə mənim və çoxları qədər hazıra
nazir deyil, öz gölünü, öz qarmağını,
öz balığını özü yaradır... Elə
bilirsiniz özü də yeyir? Xeyr. Bizimlə
bölüşür. Bredberi dünyaya da belə baxır, onu
sökür-tökür, hissələrə ayırır,
detalların arasındakı boşluqlardakı zir-zibili təmizləyib
yerə salır, kiri-pası sürtüb təmizləyir,
detalları birləşdirir. Bütün bunları isə
gözümüzün qarşısında edir, inanılmaz
fantaziyaların, zümzümələrin, zarafatların və
atmacaların və sətiraltı xəbərdarlıqların
müşayiəti ilə. Prosesi göstərir.
"Bir ara yersiz yoxlamalarından
cana doymuşdum. Qəzəbliydim, dişimi qıcayıb gəzirdim.
Yumruğumu düyünləyib hazır dayanmışdım.
Amma, nəhayət, bu barədə hekayə yazdım və
tezliklə neçə yerdə çap olundu. Buyur, bu da sizin
cavabınız!"
Bredberi hamımızın yerinə
cavab verməyə hazırdır. Amma tənbəlliyimizi
bağışlamamaq şərti ilə: "Biz heç vaxt
işsiz deyilik. Biz doldurulmalı qablarıq. Sadəcə, dərk
etməliyik, bu qaba yığılanlar dünyanın
yaxşılığına necə
təsir edəcək".
Bredberi özü də bu qabları doldurmağa
çılışır - məsələn, "Zəncirotu
şərabı" ilə..
Sonra bir gün Tanrını
"Zəncirotu şərabı"na qonaq edir və ona cənab
Conas adlı bir nəfərdən danışır. Cənab
Conas şəhərin zibilxanalarında eşələnib
atılmış əşyaları arabasına yükləyir
və onları lazımi ünvanlara çatdırır.
Pulsuz-parasız. Birinin zibili digərinin ehtiyacıdır. Birinə
artıqlıq edən şey digərini sevindirir. Kiminsə
evində görmək istəmədiyi əşya başqa
birinin arzusudur. Cənab Conas hər şeyi yerbəyer etməklə
məşğuldur. Onu təqdim edən Bredberi yəqin
Tanrının üzünə qınayıcı nəzərlərlə
də baxıb: Məgər belə etmək olmazdımı? Bəlkə
Tanrı hələ də daxilimizdə bu suala gülümsəyib
cavab verir: "Niyə etmək olmasın ki..."
***
"İnsan
yaşadığı şəhərdən ayrılanda o
şəhər fantaziyaya çevrilir" - və tezliklə
də bunu təkcə şəhərlərə aid etmək fikrindən
daşınır. "İndi mən də burda,
İllinoysda, sakit bir gölün kənarında yerləşən
Yaşıl şəhərdə kiminsə
fantaziyasıyam".
Biz həm də özümüzün fantaziyasıyıq.
Bredberi uşaqlığına qayıdaraq öz
fantaziyalarının mövcudluğuna inandırır. Onun,
ayağını qoyduğu yeri dünyanın mərkəzi,
olduğu zamanı zamanın mərkəzi adlandırmağa
haqqı çatır.
Çünki o, əjdahalara inanır. Çünki o
uşaqkən xəyalən qorxduğu çardaqda yaşayan əjdahanı
yerə endirib onunla bir ömür keçirib.
"Hər kəsin öz əjdahası var.
Bir gün o, aşağı enə bilər..."
Əlbəttə, siz öz çardağınızdakı əjdahanı
böyüklərə öldürtdürməmisinizsə…
Bir dəfə demişdim:
"Müharibə barədə
ağlınıza gələni yazmayın". İndi isə
deyirəm:
Əjdahanız olmayıbsa, uşaqlar
üçün "şərab"
çəkməyin...
7 sentyabr
2023
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.28-29.