Manqurtun öcü

 

Hekayə.

 

Ulu Kam çağırmışam! Bütün "Manqurt soydaşlarımı" Alp yapacağam!

Söz! Manqurtun öcü yaman olacaq!

    Tomiris T.B.

 

Sarı Özək çöllərində Günəş qürub edirdi. Həmin gün maya yerdə hərəkətsiz qalan Ananın cansız bədəninin yanından bir an da uzaqlaşmamışdı. Manqurt isə otardığı dəvələri izləsə , ara-sıra donuq baxışlarla artıq əbədi susmuş Anaya baxırdı.

Manqurt dəvə sürüsünün artıq yan verib yatdığından əmin olduqdan sonra başını bir daşa söykəyib gözünün acısını almağa çalışırdı, lakin yazıq zavallının gözlərinə yuxu getmirdi ki, getmirdi...

Çarəsiz zavallı bütün gecəni vadi boyu sürünü qovdu. Qaçmağa çalışdığı o tükürpədici səs isə daha da yaxınlaşırdı...

Bir anda qarşısında bir cüt mavi işıq parıldadı. Artıq sonunun çatdığını sandı.

Gözlərini yumdu üzü üstə torpağa sərildi...

Gün aymış, Altun tellərini Tanrı dağlarının təpəsindən Sarı Özəyə yaymışdı...

Manqurt isə bayılıb Ananın cəsədinin yanında qalmışdı.

Uzaqdan iki suvari juan-juan göründü. Onlar gəlib Manqurtun yanına çatanda əvvəl çaşıb qaldılar. Ana-bala yerə sərilmiş naymanları görəndə baş verdiyini anlamadılar. Atdan düşüb yaxınlaşdılar. Manqurt nəfəs alırdı, lakin huşu özündə deyildi. Nayman Ana isə artıq cəsəd idi.

Juan-juanlar istədiklərinə nail olmuşdular. Köləyə çevirdikləri manqurt oğula öz anasını öldürtməyi bacarmışdılar. Bu onların ən böyük qələbəsi idi.

Juan-juan qamçı ilə Manqurtu kötəkləməyə başladı.

Canı yanan kölə yanıqlı iniltiyə bənzər səslə çığıraraq ayıldı. Özünü qamçı zərbələrindən qorumağa çalışırdı. Hey yalvarırdı:

- Vurma, vurma, vurma...

Hər tərəfində qançırlar göynəməyə başlamışdı...

Ona əmr etdilər ki, bir quyu qazıb cəsədi basdırsın. İradəsiz kölə qeyri-ixtiyari deyilənləri yerinə yetirmək məcburiyyətində idi.

Necə tapşırmışdılarsa, elə etdi. Dərin bir quyu qazıb Nayman Ananı oraya gömdü fərqində olmadan, bəlkə , Tanrının möcüzəsiydi, kim bilir, böyük bir daşı gətirib basdırdığı Nayman Ananın qəbrinin üzərinə qoydu.

O gündən artıq dəvə Manqurtdan uzaqlaşmırdı. Kölə dəvəyə öyrəşmişdi.

Hara gedirdisə, o da dalınca düşüb onunla birlikdə gəzirdi.

Beləcə, aylar gəlib keçdi. dəvə Jolamanı addım-addım izləyirdi. Bir gün Sarı Özəkdə tufan qopdu, yel əsdi. Qasırğa, fırtına dəvə sürüsünü pərən-pərən saldı. Jolaman qorxusundan tir-tir əsirdi. Onun yanında yalnızca maya qalmışdı. Yazıq kölə sonunun çatdığını sanırdı. Çarəsiz bir halda keçə papağını əlləri ilə bərk-bərk tutub qorxudan zarıyırdı. Onun səsi getdikcə ulartıya dönməyə başlamışdı.

- Aaauuu, aaauuu... Aaaaaauuuuuuu...

Çox keçmədən bu səsə uzaqlardan qarşılıq da gəldi.

- Auuuuu, Uuuu...

- Aaaauuuuu auuuuuuu...

Sarı Özəkdə az rastlanan bir hal idi qurd ulaması.

Ulaşma yaxınlaşdıqca Jolamanın bütün vücudu əsməyə başladı.

- Aaaaauuuuu... auuuuuuuu...

Bütün sürüdəki qurdlar bir ağızdan səs-səsə verdi:

- Aaaaaauuuuuuuaaaaaauuuuuu.

maya isə var gücü ilə qaçırdı. Hey qaçır, qaçırdı... Artıq Sarı Özək çox uzaqlarda qalmışdı...

Qurd vadisi görünürdü uzaqlardan. maya isə dayanmadan hey qaçır, dağlar, dərələr, ormanlar, yaylaqlar arxada qaldı. Uzaqlardan bir aulun çadırları ağardı.

Bura Nayman aulu idi. maya aulun orta meydanında aşağı çökdü, huşunu itirmiş Manqurt dəvənin belindən sürüşüb çəmənə sərildi.

Aulun sakinləri tökülüşüb nəməlum adamı çevrələdilər. saçlı Alpay dədə onu tanıdı:

- Bu Donenbayın oğlu Jolamandır. Jolamanın bacısı Aybikəyə xəbər göndərdilər: "Gözün aydın, qardaşın qayıdıb". Aybikə fırtına quşu kimi aul meydanına doğru qanadlandı.

Aybikə qışqırdı:

- Jolaman... Jolaman!

Onun tükürpərdici səsinə bütün aul meydanda toplaşdı.

Kam Ana yaxına gəldi. Jolamanın qaralmış, gündən yanmış, cadar-cadar olmuş dərisinə toxundu, o buz kimi soyuq idi. Gecikmək olmazdı, yoxsa artıq ayılması zor olardı. Onun göstərişi ilə, Jolamanı çadırlardan birinə apardılar. Ceyran dərilərindən hazırlanmış yatağa uzatdılar.

Kam Ana vaxt itirmədən işə başladı. Öncə üzüm sirkəsi üzərlikdən hazırlanmış qarışımı Jolamanın burnuna yaxınlaşdırdı. Bu tünd qoxu Jolamanın beyin sinirlərini qıcıqlandırdı o diksinərək ayıldı. Amma donuq baxışları ilə ətrafdakıları süzsə , heç kimi tanıya bilmədi, harada olduğunu baş verdiyini dərk edə biləcək durumda deyildi.

Buludlar axıb gedən karvanı xatırladırdı. Sanki maya da bu karvanın başında qafiləni hara isə tələsdirirdi. Uzaqlarda - Tanrı dağlarında ulayan Gökbörü isə Manqurtun Auluna qovuşmasından dolayı məmnun-məmnun ulayırdı:

- Auuuu... uuuu... Auuuu...

Bu zaman otağın qapısı açıldı Kam Ana astaca içəri daxil oldu. Əlindəki mis qabda tüstülənən bitkilərin xoş qoxusu Jolamanın burnuna dəyəndə o, yenə qorxub tir- tir əsməyə başladı. Bu qoxu ona yovşanlı çöllərlə birlikdə juan-juan qamçısının dəydiyi yerlərin acısını da xatırlatdı. Axı ağrıları keçsin deyə yovşan yandırıb külünü yaralarına sürtdüyü anlar da az olmamışdı...

Bəs bunu ona kim öyrətmişdi?! Xatırlamağa çalışdı, beynini didən suallara yenə cavab tapa bilmədi ki, bilmədi. - Niyə?..

Kam Ana yaxınlaşıb onun yanında bardaş qurub oturdu, əlini yavaşca alnına toxundurmağa çalışsa da, Manqut qorxub başını yana qaçırdı. Elə zənn etdi ki, başındakı "papağını" (dəvə dərisini) çıxarmağa çalışır.

Bir neçə gün keçdi. Jolaman isə otaqda uzanmış halda qalırdı.

Kam Ana bir qazana Tanrı dağdan topladığı çiçəkləri qoyub, üstünə Qarlı dağdan gətirdiyi qarı, buzu əklədi, qaynamaq üçün şam qozalarından qaladığı ocağın üstünə qoydu. Hər şey hazır idi, qalırdı əməliyyata başlamaq. O, qaynar suyu ləyənə töküb yatağın baş ucuna gətirdi. Jolamanın başını yavaşca qaldırıb ləyənin kənarına qoydu. Ləyəndən qalxan buxar onun başına doğru qalxırdı. Kam Ananın hər telindən bir damcı düşür, əlləri titrəyir, amma pəs etmirdi. Birdən Manqurt gözlərini açdı. Genəlmiş, qorxu saçan göz bəbəkləri Kam Anaya zilləndi. Kam Ana özünü itirmədən ona lay-lay deməyə başladı. Laylanın həzin sədaları işə yaramışdı. Manqurt yenidən yuxuya getdi. Kam Ana dərindən nəfəs aldı...

Oxuduğu layla sanki özünü sakitləşdirmiş, tinində yeni bilgilər oyatmışdı. Layla yavaş-yavaş qırtlaq nəğməsinə dönüşür səngiməyə doğru yavaşıyırdı...

Artıq Kam Ana öz işini bitirərək dərindən bir nəfəs aldı:

- Huuuu...

Əlinin arxası ilə üzünə dağılmış gümüşü saçlarını yana sığadı, əlində Manqurtun başından çıxardığı dəvə gönü qəzəblə ayağa qalxdı: "Oğul, Uran, bu dərini bir tuğ dirəyinə bağla Aulun orta meydanında mərkəzə basdır! Qoy bu bizə əbədi dərs olsun!!!" - dedi.

Jolaman gözlərini açanda otağın bacasından ulduzlu göyə tuş oldu baxışları... Dolun ayın işığı bacadan yanakı otağa səpələnmişdi. Yuxuda olmadığını bilirdi Jolaman... Birdən yenə düşündü: "Bəs dəvələr, ağam harda? Mən niyə burdayam, bu otaq nədir?"

Yerindən dik qalxdı, gecənin bir aləmi dəli kimi ətrafına baxdı. Qorxdu, amma bu qorxuda bir rahatlıq da vardı. Otağın digər küncündə yuxuya getmiş Kam Ana da oyanmışdı. Ayaq ustə dimdik dayanıb gözlərini ona zilləmiş Jolamanla baxışları toqquşdu. Çox uzun baxışdılar. Kam Ana yenə həzin-həzin layla deməyə başladı. Jolaman isə dizlərinin üstündə yerə çökmüşdü.

...Artıq o hər şeyi xatırlayırdı. Qurd qayasının başından elə bir ulartıya bənzər nərə çəkdi ki, bütün Aul ayağa qalxdı. Qurd qayasının qarşısına ilk gələn Kam Ana Aybikə oldu. Aybikə var gücü ilə qışqırırdı:

- Jolaman, Jolaman, Jolaman!

Bütün aul Qurd qayasının qarşısında toplanmışdı. Aybikə Aula qayıtdı, Nayman Ananın otağından Donenbayın qılıncını götürdü geri qayıdıb Jolamana verib dedi:

- Ağabəyim, Jolaman, bu atamız Alp Donenbayın qılıncıdır. Artıq bu gündən sonra onu sən daşıyacaqsan. Nayman elinin baş igidi sən oldun bu gündən, qərar sənindir. Jolaman irəli yeridi, qılıncı Aybikənin əlinindən alıb yuxarı qaldırdı:

- İntiqam! İntiqam! İntiqam! - deyə hayqırdı. Bütün Aul Jolamanın səsinə səs verdi.

- Ayxal, Ayxal, Uruy Ayxal!

O gündən sonra Nayman qəbiləsində qutlu bir hazırlıq başlandı. Təlimlərə Alp Batur başçılıq edirdi. Kam Ana meydanda tonqal çatmışdı, davulun gümbürtüsü damarlarda qanı coşdurur, qutlu tinlər canlanırdı bədənlərdə. Ataların yolu, izi göy tuğlarla bəzədildi.

Böyük bir gün idi o gün. Ağsaqqallar xan otağa yığışdı. Jolamanı məclisin baş ucunda oturtdular. Alqışlandı, qutlandı, uğurlandı Jolaman...

Əllərinə baxır, ürəyindən qara qanlar axırdı. Qılıncını sıyırıb əllərini qoparası vardı. Lakin Jolamanın düşüncələri sağlamlaşmışdı. Artıq usu başında düz çalışırdı. Bütün bu əzabının səbəbkarı yağıdan alacaqdı öz intiqamını. Jolamanın qanı buz kəsmişdi damarlarında. Karvan əylənmiş, otaqlar qurulmuş, təlimlər başlanmışdı yenə. Alplar təlim keçərkən Jolaman bir neçə atlını yanına alıb Nayman Ananı torpağa basdırdığı yeri xatırlamağa axtarmağa başladı. Çox axtardı-axtardı, lakin tapmaq heç asan olmadı. Ətrafda isə Donenbay quşları durmadan ötürdü:

- Jolaman, Jolaman sənin adın Jolaman! Atanın adı Donenbay, Donenbay, Donenbay...

Quşlardan biri Jolamanın lap yaxınında uçur, uçur, qanad çırpır onun çevrəsində dövrə vururdu. Sanki o da Jolamanın ayıldığını hiss etmişdi. Sonra irəliyə doğru şığımağa başladı Donenbay quşu. Sanki Jolamana yol göstərirdi. Jolaman da atını quşun uçduğu səmtə çapmağa başladı. Quş alçaqdan uçub bir yovşan kolunun üstünə qondu. Jolaman yaxınlaşdı atdan endi, daşı tanıdı. O anasını burda torpağa tapşırmışdı.

Atlılardan biri Alp Batur idi, o illərin bilgə savaşcısı olaraq anındaca qərar verməyi yaxşı bilirdi.

Atlılardan Səncər Gürmüzü yanına çağırıb tapşırıq verdi:

- Atları birbaşa Nayman obasına çaparsız, balbal ustası Sarı Akana Nayman Ananın balbalını yapdırarsız. dəvəyə yükləyib həmən geri dönərsiniz. Səncər Gürmüz atlarını çapıb Nayman obasına doğru üz tutdular. Alp Batur Jolamanı yerdən qaldırıb atının üstünə mindirdi.

Dan yeri sökülər-sökülməz ordu artıq hazır vəziyyətə gəlmişdi. Jolaman döyüş paltarını geyinib ordu qarşısında atının üstündə var-gəl edirdi.

Nayman Törəsinə görə düşmənə qəfil zərbə endirmək yasaq idi. Odur ki, öncədən Jolaman elçı göndərib juan-juanları xəbərdar etmişdi ki, qanlı bir döyüş olacaq...

Gün aymış, altun tellərini Sarı Özək çölünə yaymışdı... Alp Baturun başçılığı altında bütün Ulu Dala igidləri döyüşə hazır idi. Nizamla düzülüb Jolamanın hücum əmrini gözləyirdilər.

O an gəldi. Jolaman "İrəli!" əmrini verdi.

Yağının qaçanını qovmadılar, aman diləyənini öldürmədilər, yaralını basmadılar, kəsmədilər.

Başçılarını tapıb Jolamanın qarşısına gətirdilər. Jolamanın könlündən keçdi ki, ona yapılan işkəncənin eynisini juan-juanların başçısına etsin. Lakin Türk könlü bunu qaldırar, Törə izin verərdi! "Türk törəsinin qızıl qaydası " Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir!", deyib, Türk Törəsinə boyun əydi, Manqurtluqdan qurtulub Alplıq bilincinə ərən Jolaman!

Yerdə qalan juan-juanların qocasını, balasını, qadınını, yaralısını Çinə sürgün etdilər.

Sarı Özəyi yağı tapdağından qurtarıb, Qurdbaşlı sancağı Ulu Dala Bozqırının orta yerində meydanın mərkəzinə sancdılar!

Nayman ordusu juan-juanları yurdlarından sürüb qovduqdan sonra düşərgəyə toplanıb yenə bir toy qurdular. Kam Atalar, Analar tonqal çatdı, uçmağa varanlar uğurlandı, qutlandı.

Balbal ustasının ardınca Nayman auluna dönmüş alplar - Səncər Gürmüz ustanı balbalı götürüb geri gəldilər. Nayman Ananın balbalı çevrəsində yüzlərlə Nayman igidi Umay anaya pay verildi. Ağılar deyildi, halvalar dağıdıldı, yaslar tutuldu. Üç...yeddi, qırx verildi... Qutlu tinlər şad oldu.

Sarı Özəkdə Nayman Ana Nayman Alplarının Umay anaya tapşırıldığı yer o gündən Ana Beyit məzarlığı adlanmağa başladı...

Ana Beyit qəbiristanlığı Naymanlara görk oldu! Bir daha yağıya aman vermək yox!

Güman vermək yox!

Sarı Özəyi yağıdan qurtarıb ala çadırlar, otaqlar qurdular, öz yurdlarına yenidən yiyə durdular!

 

Təhminə FƏRRUXQIZI

 

Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.30.