Milli Kitabxananın 100 illik yubiley tədbirləri
çərçivəsində
“Türk dünyası ədəbiyyatının talantları”
mövzusunda dəyirmi masa keçirilib
22 sentyabr tarixində Azərbaycan Milli Kitabxanasının 100 illik
yubiley tədbirləri çərçivəsində
“Türk dünyası ədəbiyyatının talantları”
mövzusunda dəyirmi masa, qazax ədəbiyyatının
görkəmli nümayəndəsi Kemel Tokayevin Azərbaycan
dilində nəşr olunan “Gecə açılan atəş”
və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Mir Cəlal Paşayevin qazax dilində
çap olunan “Dağların qəlbi” kitablarının təqdimat
mərasimləri keçirilib.
525.az xəbər verir ki, Azərbaycan
Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbir
iştirakçılarını salamlayıb, bu mötəbər
tədbirin məhz kitabxananın 100 illik yubiley tədbirləri
çərçivəsində keçirilməsinin əlamətdar
hadisə olduğunu söyləyib.
“Türk dünyası ədəbiyyatının talantları”
seriyasından qazax ədəbiyyatının görkəmli
nümayəndəsi Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin
yaradıcılığına həsr olunmuş kitab sərgisinin
açılışı olmuşdur.
Daha sonra Qazaxıstan Milli
Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar Birliyinin sədri
Bakıtjamal Ospanova da öz növbəsində hər kəsi
salamlamış, qazax qonaqları təqdim etmişdir.
Tədbir
Milli Məclisin üzvü,
akademik Nizami Cəfərov və Qazaxıstan Prezidenti
mükafatı laureatı, Qazaxıstan radiosunun Alma-Atı
filialının rəhbəri Bakıt Jaqıparulının
moderatorluğu ilə başlamışdır. Akademik Nizami Cəfərov
qonaqları, iştirakçıları salamlamış, Mir Cəlal
Paşayevi XX əsr Azərbaycan ədəbiyyatının ən
mötəbər sənətkarlarından biri
adlandırmış, onun əsərlərində Azərbaycançılıq,
Azərbaycan xalqının milli ideologiyası, milli ruhunun əks
olunduğunu söyləmişdir. Bakıt Jaqıparulı isə
Azərbaycan xalqına qazax xalqının səmimi
salamlarını çatdırmış, qazax prozasında
xüsusi yeri olan Kemel Tokayevin yaradıcılığı
haqqında məlumat vermiş, Azərbaycan və qazax ədəbiyyatlarının
ən görkəmli nümayəndələrinin
kitablarının təqdimat mərasimlərinə
toplaşmaqla iki xalqın tarixi ədəbi-mədəni əlaqələrinə
töhfə verdiklərini qeyd etmişdir.
Şair-ifaçı Talant Arınqali dombrada ifa etdiyi
musiqi ilə iştirakçıları
salamlamışdır.
Giriş
sözü ilə mədəniyyət naziri Adil Kərimli
çıxış edərək, qonaqları
salamlamış, bu tədbirin məhz Azərbaycan Milli
Kitabxanasının 100 illik yubileyi çərçivəsində
keçirilməsinin xüsusi əhəmiyyət kəsb
etdiyini söyləmişdir. İki ölkə arasında
tarixi köklərə söykənən çoxşaxəli
əlaqələrimizin hörmətli prezidentlərimiz sayəsində
daha da inkişaf etdiyini vurğulayan nazir, istənilən sahədə
olduğu kimi, mədəniyyət sahəsində də bu
münasibətlərin daim mövcud olduğunu qeyd etmiş,
iki ölkənin görkəmli şəxsiyyətinin
kitablarının təqdimat mərasimlərinin ölkələrin,
xalqların daha da yaxınlaşmasına öz töhfəsini
verəcəyini bildirmişdir. O, hər iki kitabın həm
Azərbaycan, həm də qazax oxucusuna
çatdırılmasının xalqların bir-birinin mədəniyyəti,
ədəbiyyat və tarixi ilə daha yaxından
tanışlığa əsas verəcəyini bildirmişdir.
Nazir, həmçinin bu əsərlərin tərcümə
edilməsi, nəşri, ümumiyyətlə meydana gəlməsində
yaxından iştirak edən, əməyi keçən hər
kəsə təşəkkürünü bildirmiş,
kitabların hər iki ölkə oxucuları
üçün dəyərli hədiyyə
olacağını vurğulamışdır.
Qazaxıstan Respublikası Prezidentinin
müşaviri Malik Otarbayev hər kəsi
salamlamış, Qazaxıstan Respublikasının Prezidenti
Kasım-Jomart Tokayevin xüsusi olaraq göndərdiyi mesajı
diqqətə çatdırmışdır. Ortaq tarixə,
kökə, mədəniyyətə malik olan iki dost və
qardaş xalqlar arasında əlaqələrin bütün sahələrdə
daim inkişaf etdiyini söyləmiş, bugünkü tarixi
anın Milli Kitabxanada keçirilməsinə görə prof.
Kərim Tahirova təşəkkür etmişdir.
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri, professor Qənirə
Paşayeva kitabların nəşrinə görə əməyi
keçən hər kəsə minnətdarlığını
bildirmiş, Mir Cəlal irsinə verilən dəyərə
görə Malik Otarbayevə, həmçinin bu cür layihələrə
hər zaman göstərdiyi dəstəyə görə Milli
Kitabxananın rəhbərliyinə təşəkkür
etmiş, zəngin olan bu iki ədibin
yaradıcılığını birləşdirən ən
önəmli amilin vətənpərvərlik, milli
düşüncə, milli duyğular olduğunu söyləmişdir.
O, ədəbiyyatımızın qardaş dillərə
çevrilməsinin əhəmiyyətindən
danışaraq ortaq ədəbiyyatın oxunmasının
vacibliyini diqqətə çatdırmış, bunun gənc
nəsli daha da yaxınlaşdırdığını
bildirmişdir. Natiq qeyd etmişdir ki, bu iki ədib bizim ortaq
böyük şəxsiyyətlərimizdir və bu gün
onların ruhunu şad etməklə biz, gənc nəsillərə
də önəmli mesaj veririk.
Qazaxıstan Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli
səfiri Alim Bayel bugünkü tədbir münasibətilə
hər kəsi təbrik etmiş, tədbirin yüksək səviyyədə
təşkil edilməsinə görə Azərbaycan və
Qazaxıstan milli kitabxanalarının rəhbərlərinə
təşəkkürünü bildirmişdir. Qeyd etmişdir
ki, Qazaxıstan iki gün öncə bəyanat yayaraq Azərbaycanın
ərazi bütövlüyünə dəstəyini təsdiq
etmişdir. “Qardaş ölkələr həmişə
bir-birinin yanında olmalıdır və olacaqdır” deyən
səfir növbəti daha bir zəfərə görə
xalqımızı təbrik etmişdir. O, bu ilin Ümummilli
lider Heydər Əliyevin, görkəmli ədiblər Kemel
Tokayev və Mir Cəlal Paşayevin yubileylərinin olması
ilə əlamətdar olduğunu diqqətə
çatdırmışdır. Əməkdaşlığımızın
gücləndirilməsinin etimada söykəndiyini
vurğulayan natiq bildirmişdir
ki, bu gün Qazaxıstan-Azərbaycan münasibətləri
yeni mərhələyə çıxıb. Alim Bayel Malik
Otarbayevə gözəl tərcüməyə görə
yazıçı, publisist Nəriman Əbdülrəhmanlıya
dövlət mükafatı verilməsini təklif etmiş, həmçinin
Xalq yazıçısı Çingiz Abdullayevə
yazdığı ön sözə görə təşəkkürünü
bildirmişdir.
ADA universitetinin rektoru,
professor Hafiz Paşayev tədbirdə iştiraka görə
prof. Kərim Tahirova təşəkkür edərək,
kitabxananın 100 illik yubileyi münasibətilə təbrik
etmişdir. O, kitabı ən gözəl, ən dəyərli
hədiyyə adlandırmış, eyni zamanda
Qazaxıstanlı diplomatlarla, səfirlərlə olan
münasibətləri xatırlamış, hələ sovet
dövründə xüsusən ölkələrin müstəqilliyinin
möhkəmlənməsi uğrunda
çalışdıqlarını söyləmişdir.
Natiq atasından ədəbiyyatı sevməyi öyrəndiklərini
qeyd etmişdir. O, həmçinin bu kitabları universitetlərdə
yaymağın vacibliyindən danışmış,
hazırda 4 qazax universiteti ilə əlaqə və mübadilələrin
mövcud olduğunu vurğulamışdır.
Akademik Nizami Cəfərov Hafiz müəllimin “Bir səfirin
manifesti” əsərinin
Qazaxıstanda qazax dilində tərcümə
və nəşr edilməsini təklif etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
İsa Həbibbəyli ilk dəfə
iki ölkədən iki fərqli yazıçının əsərlərinin
təqdimatının keçirildiyini
söyləmiş, görkəmli
yazıçıların yaradıcılıqlarının
oxşar və fərqli cəhətləri
haqqında danışmışdır.
O, bildirmişdir ki, fərq
ondadır ki, Kemel
Tokayev detektiv əsərlər
yazmış, heç
vaxt hekayə janrına müraciət etməmişdir. Lakin bu fərqə baxmayaraq, oxşarlıqlar da mövcuddur.
Belə ki, sovet dövründə yaşamalarına
baxmayaraq, hər iki yazıçı sovet ideologiyasından uzaq durmuşlar. Bundan başqa, hər iki yazıçının
yaradıcılığı gerçək həyat hekayələrini əks etdirir, hər ikisində vəzifəli şəxslərin obrazları
yoxdur, hər ikisi sadə insanların böyük ədəbiyyatını yaratmışdır.
Kemel Tokayevin əsərlərindəki generallar
isə epizodik obrazlardır.
Akademik qeyd etmişdir ki, Mir Cəlal satirik hekayələrin böyük
müəllifidir və
bir sıra hekayələrini bir qədər dərinləşdirsək,
detektiv ədəbiyyat
nümunələri ola bilərlər.
Natiq həmçinin öz möhürlərini
vurmuş bu iki görkəmli şəxsiyyətin hər
ikisinin uşaq yaşlarında atalarını
itirdiyini, əzablı
həyatları olduğunu
söyləmiş, Mir Cəlalın
kitabının nəşrinin
ədibin 115 illiyinə
qazax xalqının, Kemel Tokayevin kitabının çapının
isə onun 100 illiyinə Azərbaycan xalqının hədiyyəsi
olduğunu bildirmişdir.
Qazaxıstan Respublikasının Əməkdar
xadimi Koyşıkul Zarlı, “Mənəvi dirçəliş” mərkəzinin
rəhbəri, yazıçı,
Mir Cəlal Paşayevin
əsərlərinin tərcüməçisi
Nurqali Oraz, Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi, Xalq yazıçısı
Çingiz Abdullayev çıxış
edərək, iki ədibin yubileylərinə
töhfə olan və qardaşlıq əlaqələrinin göstəricisi
olan bu kitabların
nəşrinə və
tədbirin təşkilinə
görə təşəkkürlərini
bildirmişlər.
Sonda hədiyyəyər təqdim
edilmiş, xatirə şəkli çəkdirilmişdir.
Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.5.