Ədəbiyyatda Heydər Əliyev obrazı:
"Əsrin
müqaviləsi"
Çingiz Abdullayevin "Qanın
üç rəngi"
romanı üzərinə
Çağdaş Azərbaycanın qurucusu
Ulu Öndər Heydər
Əliyevin müstəqilliyə,
çağdaş Azərbaycanın
işıqlı sabahına
açdığı yolda
ən möhtəşəm
proyektlərdən biri
1994-cü ilin 20 sentyabr
tarixində imzalanmış
"Əsrin müqaviləsi"
olmuşdur. Amma tarixi həqiqətlər, 1990-cı illərin
əvvəllərində Azərbaycanın
düşdüyü ağır
ictimai-siyasi vəziyyət
göstərir ki, möhtəşəm
ad almış bu layihəni həyata keçirmək heç də asan olmamışdır. O
da əlamətdardır ki, vaxtilə böyük beynəlxalq rezonans doğurmuş "Əsrin
müqaviləsi"nin bağlanması
hadisəsi ictimai-siyasi
ədəbiyyatla yanaşı,
bədii ədəbiyyatda
da əksini tapmışdır;
həm də yalnız bədii-sənədli
nəsrdə deyil, detektiv ədəbiyyatında
da yer almışdır.
Detektiv janrında mövzunun yer almasının isə Ulu Öndər Heydər Əliyevin Xilaskarlıq missiyasının, möhtəşəm
obrazının daha geniş oxucu audotoriyasının qəlbində
əks-səda qoparması
baxımından mühüm
əhəmiyyəti olmuşdur.
Ulu Öndər Heydər Əliyevin "Əsrin müqaviləsi"nə aparan
yolda necə böyük maneələrlə,
hətta ölüm təhlükəsi ilə
üzləşdiyi hadisələrlə
məşhur detektiv ustası Çingiz Abdullayevin "Qanın üç rəngi" romanında (Bakı, "Azərbaycan" nəşriyyatı,
2001; romandan sitatlar səhifə göstərilməklə
bu mənbədəndir-
T.Ə.) tanış oluruq.
Romanın fabulasında belədir
ki, "Əsrin müqaviləsi"nin
ərsəyə gəlməsində
mühüm amilllərdən
biri də neftin Avropaya gedəcəyi marşrutun
müəyyən olunmasından
keçir. İki təklif gündəmə
gəlir: Rusiyadan keçməklə mövcud
Novorossiyk marşrutumu,
yoxsa Gürcüstan və Türkiyədən
keçməklə yeni Bakı
- Ceyhan neft kəmərinin
çəkilməsi? Siyasi
müstəqilliyə aparan
yolu Azərbaycan prezidenti Heydər Əliyev mütləq şəkildə ikinci variantda görür və Gürcüstan prezidenti Eduard Şevardnadze
ilə müqavilə
imzalamağa hazırlaşır.
Detektiv roman iyun ayının 12-də Bakıda
imzalanacaq həmin müqavilə ətrafında
cərəyan edən
gizli və gözəgörünməz, müdhiş
əhvalatlardan mövzu
alır.
Sovet İttifaqı dağılandan
sonra Qafqaz respublikalarında qeyri-sabitlik,
qarışıqlıq olmasında
maraqlı müəyyən
Qərb dairələri
müqavilə mərasimini
pozmaq, hər iki respublikanın prezidentini eyni zamanda aradan götürmək niyyətilə
dörd ay əvvəldən
muzdlu qatil tuturlar. Seçim - keçmiş SSRİ DTK-nın
podpolkovniki, Almaniyada mühacirətdə yaşayan
Yozas Qruodisin üzərində dayanır.
Sui-qəsd hazırlığından
xəbər tutan Rusiyanın federal təhlükəsizlik
xidməti bu barədə respublika başçılarını xəbərdar
etməklə yanaşı,
Rusiya prezidentinin icazəsi ilə həmçinin həmin əməliyyat planını
pozmağa çalışır.
Çünki özünün
Çeçenistan problemi
olan Rusiya, cənubundakı respublikalarda
iğtişaşın olmasında
maraqlı deyil. Bununla belə, Rusiyanın neft maqnatlarının mənafeyinə
toxunan kontraktı pozmağa çalışan
qüvvələr burda
da var və daim təhlükəsizlik xidmətinin
işinə mane olmağa, onu geri çağırmağa
çalışırlar.
Rusiya təhlükəsizlik xidməti
Qruodisə və onun keçmiş DTK əməkdaşlarından ibarət
peşəkarlar dəstəsinə
qarşı, başqa
bir peşəkarı
- sabiq çekist, müstəqil ekspert kimi çalışan Dronqonu əməliyyata cəlb edir. Dronqo - Çingiz Abdullayevin detektiv romanlarının baş qəhrəmanıdır, onun
görünməsi gərgin
münaqişə, çoxlu
intriqa və macəralı əhvalatlar,
başlıcası sonu
qələbə ilə
bitəcək xoş ovqat vəd edir. "Qanın üç rəngi" -
ağ, qara, qırmızıdan ibarət
romanda Dronqo Qruodisin böyük hiyləgərliklə hazırladığı
dolambacları Almaniyada,
İstanbulda, Moskvada, Bakıda bircə-bircə
dəf edərək, Gülüstan sarayında
imzalanma mərasimində
qəsdin üstünü
açır və hətta təyyarə ilə qaçmağa nail
olan terrorçuları
təqib edərək
sıradan çıxara
bilir.
Macəraların fonunda, Çingiz
Abdullayev yaradıcılığına xas olaraq, müəyyən
ciddi problemlərə
də diqqət cəlb olunur. Sovet İttifaqının dağılması ilə
bir çox sabiq qurumlar içərisində DTK-nın
da keçmiş əməkdaşlarının
işsiz qalması, cinayətkar dəstələrə
qoşulması, muzdlu
qatillərə çevrilməsi;
əksinə, əqidəli
DTK işçilərinin özünə,
vicdanına sadiq qalması, vətənə
xəyanət etməməsi
və s. belə problemlərdəndir. Bakı
neftinin tarixi fonunda şəhərin
XIX və XX əsrlərdə
inkişaf mənzərələri,
İttifaqın dağılması
və Qarabağ münaqişəsi nəticəsində
1990-cı illərdəki acınacaqlı
lövhələri, kosmopolit
və etnikləşmiş
Bakı, dağılmış
və 1993-cü ildən
sonra dirçəlməkdə
olan Bakı, beynəlxalq kapitalın diqqət mərkəzində
olan Azərbaycan paytaxtı və s. məqamlar roman konfliktinin gərginləşməsini şərtləndirən
təfərrüatlardır.
Romanda bilavasitə Heydər Əliyevin də obrazını görürük;
həm təhkiyəçinin
dilindən siyasi bioqrafiyası ilə tanış olur, həm də müəyyən epizodlarda
hadisənin içində
personaj kimi rastlaşırıq. Heydər
Əliyevin siyasi karyerası bizə bədii-sənədli materiallardan
artıq yaxşı tanışdır; eynən
romanda da yığcam
təhkiyədə verilir,
fərq burasındadır
ki, müəllif "hər
iki prezidentin - Heydər Əliyevin və Eduard Şevardnadzenin
çox unikal həyat yolu"na paralel şəkildə, birbaşa müqayisələrdə
nəzər yetirməyi
qərara alır. Və ən önəmlisi, "Dağılmış
imperiyanın iki aparıcı siyasətçisinin
bu rütbəyə gəlib çatmasının
oxşarlığını, bu yolda özünü
göstərən bəzi
qanunauyğunluqları və
təkrar olunan təsadüfləri nəzərə
alanda" (s. 149-150) yazıçının
uğurlu üsul seçdiyi bəlli olur.
Prezidentlərin siyasi portretləri
hadisələrin haşiyəsində,
hadisələr gərginləşdikcə,
Gülüstan sarayındakı
sui-qəsdə yaxınlaşdıqca,
ayrıca monoloqlar -
"monoloq 1", "monoloq
2" və "monoloq
3" formatında təqdim
olunur. Və hər monoloq siyasi
bioqrafiyanın bir mərhələsinə həsr
olunur: respublikada həddini aşmış
rüşvətxorluqla mübarizə
dalğasında yüksəliş;
Siyasi Büroya yüksəlmə, süqut
və Moskva ilə mübarizə dövrü:
"Heydər Əliyev
isə pensiyaya çıxdıqdan sonra fürsətdən istifadə
edib, üzvlərinin təxminən üçdə
birinin öz tərkibindən çıxarılması
barədə "tarixi"
qərar qəbul edən Sov.İKP MK plenumunun tribunasına qalxaraq qətiyyətlə
özünün günahsız
olmasını bəyan
edir. Əliyev ucadan bildirir: Mənim ünvanıma deyilən ittihamların hamısı uydurmadır.
Onların real faktlarla
heç bir əlaqəsi yoxdur". Əslində bu, meydan oxumaq idi.
Qorbaçova, onun Qafqazda yeritdiyi bütün siyasətə
meydan oxumaq..." (s.
216).
Ən nəhayət, "saysız-hesabsız
düşmənlərinin bəyənmədiyi,
lənətlədiyi, qəbul
etmədiyi, bağışlamadığı,
tərəfdarlarının isə hörmət etdiyi bu adamlar
öz vətənlərinin
xilaskarı olmaq" üçün xalqın
inamı sayəsində
yenidən siyasi arenaya qayıdır: "Onların hər ikisi keçmiş uğursuzluqların və
səhvlərin, eləcə
də məyusluq və məğlubiyyətlərin
bütün yükünü
öz çiyinlərində
daşıyırlar. Onlar
qalxdıqları zirvədən
aşağı yuvarlanmağın
sarsıntılarını artıq bir dəfə yaşamışlar.
Onlar qeyri-mümkünü
mümkün edə bildilər. İkinci dəfə həmin zirvəyə qalxdılar..."
(s. 229-230)
Mətin
xarakterə malik siyasi
liderlərin romanda cərəyan edən hadisələrə birbaşa
reaksiyaları da müəllifin
ricətləri - monoloqlarının
bir daha təsdiqi olur. Azərbaycan və Gürcüstan prezidentləri
sui-qəsd təhlükəsindən
xəbər tutsalar
da, kontraktı təxirə
salmaq fikrinə düşmürlər. Çünki
hər iki respublikanın uğraşdığı
Qarabağ və Abxaziya problemlərinin fonunda davam edən
müharibə şəraitində
Qafqaza ictimai-siyasi və iqtisadi sabitlik durumu vəd edən bu müqavilənin olduqca vacib və
təxirəsalınmaz olduğunu
böyük uzaqgörənliklə
dərk edirlər.
Romanda Heydər Əliyev surətini ilk dəfə təhlükəsizlik tədbirləri
ilə bağlı Azərbaycan, Gürcüstan,
Rusiya təhlükəsizlik
əməkdaşlarının iştirakı ilə keçirdiyi müşavirədə
görürük. Ciddi-təmkinli
davranışı ilə
o, nəinki ölkəsini
təhlükə gözləyən
prezidentin real qayğılarını
dürüst ifadə
edir, eləcə də peşəkar münasibəti ilə
sui-qəsdin aradan qaldırılmasına birbaşa
istiqamət verir. Konkret və dəqiq sualları, müsahibini sonacan dinləmək bacarığı,
sərt və ya toxdaq reaksiyaları,
polemik məqamlara aydınlıq gətirməsi,
fərziyyə və tövsiyələri ilə
Heydər Əliyev yalnız mütəxəssisləri
heyrətləndirməklə qalmır, eyni zamanda oxucunun təsəvvüründə ölkəsinə
tam sahib, onun dərdlərinə
əlac tapacaq qüdrətli siyasi rəhbər obrazını
canlandırır.
Ən gərgin anlar prezidentlərin "Gülüstan"
sarayında ziyafətdə
yanaşı oturub söhbətləşdiyi məqamlarda
baş verir. Məlum olur ki, qatillər partladıcı
qurğunu ustalıqla
prezidentlərin qarşısındakı
üç güldana
quraşdıra bilmişlər.
Qatil ölkənin büdcəsinə,
banka daxil olmuş on milyon manatı tələb edərək, əks halda qurğunu işə salacağı ilə hədələyir.
Dronqo və həmkarları Qruodisin başçılıq etdiyi
cinayətkarların yerini
müəyyən edib,
zərərsizləşdirməyə çalışdıqları müddətdə
Azərbaycan prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şevardnadze
heç nə olmayıbmış kimi oturub öz aralarında olub-keçəni
yada salır, dərdləşirlər.
Müəllif bu zaman hər iki prezidentin
dəyanətinə, qorxmazlığına,
xalq yolunda, ölkələrinin gələcəyi
naminə fədakarlığına
diqqət çəkir.
Belə
bir anda Heydər Əliyev hətta "30 ildən bəri tanıdığı,
bir yerdə işlədiyi" Eduard Şevardnadzeni
qınamağa da məqam
tapır: "-...O vaxt
Qorbaçov mənim Siyasi Bürodan getməyimi təkid edəndə, sən niyə etiraz etmədin? Axı sən onunla şəxsən dost idin. Bunu ona deyə
bilərdin". Şevardnadze
çiyinlərini çəkdi:
"-Deyə bilməzdim.
O artıq heç kəsə qulaq asmırdı. Mən
"gedəndə" heç
mənimlə danışmaq
belə istəmədi..."
Şevardnadze birdən
dedi: "-Biz bilmirdik
ki, hər şey bu cür qurtaracaq".
Əliyev onun gözlərinə baxdı.
Bu, nə idi? Səhvlərin gecikmiş
etirafımı? Şevardnazenin
özünün də
liderlərindən biri
olduğu böyük
bir dövlətin itkisindən doğan kədərmi? Yoxsa Osetiya və Abxaziyadakı qanlı iğtişaşlarmı?...". (s. 223) Bütün
bu səhnələrdə
biz keçmiş imperiyanı
və onun başında duranları ittiham etməkdə davam edən inamlı Azərbaycan liderini görürük. Onun bəlkə bir an sonra baş
verəcək ölümün
özündən də
qüdrətli, uca, əyilməz obrazı ilə üzləşirik.
Sanki zaman da, cərəyan edən
hadisələr də
onun əlindədir; qalib gələcəyinə
tam əmindir!
Romanın son səhnəsində Dronqonu qəbul edən, işini dəyərləndirən Azərbaycan
Prezidentinin qüdrətinə,
sarsılmaz inamına
bir daha şahid oluruq. "-Həmişə düşünmüşəm
ki, əgər sui-qəsd
baş tutsaydı, ertəsi gün bu respublikanın, bu xalqın başına, görəsən,
nə gələrdi? Təxminən Gürcüstan
barədə də bu cür düşünmüşəm..."
- deyə etriaf edən əsərin qəhrəmanı Dronqo
"bu dəfə prezidentin baxışlarına
tab gətirə bilməyib,
gözlərini birinci
çəkməli olur"
(s. 272) Ulu Öndərin qələbəyə
inamı sarsılmazdır!
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.4.