Bu da nida!

 

Göylərə qaldırdı elin başını,

Parlaq günəş doğdu, yurdum nurlanır.

Daş üstə qoymadı daşnak daşını -

Heydər ocağının odu gur yanır!

 

Köksünü ötürdü bu dərə, bu dağ,

Azad nəfəs aldı gözəl Qarabağ!

Düşmənin gözünə girməsə bıçaq,

Sanma ki, adamtək başqa söz qanır.

 

Bayraktar nərəsi çaldı cəngini,

Dəmir yumruq əzdi daşnak əngini!

Şəhid qanlarından aldı rəngini -

Qarabağ üfüqü nura boyanır.

 

Vətən zəmiləri tikan bitirməz,

Qutlu torpağımız murdar götürməz!

El deyibdir: igid əmək itirməz -

İgid Komandana el arxalanır!

 

Yetər, qara yellər coşub-əsdilər,

Arxalı çaqqallar asıb-kəsdilər.

Dəmir yumruq endi, quyruq qısdılar -

Teymur ordumuzu bir pələng sanır!

 

21.09.2023

 

Teymur  KƏRİMLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.7.