Əli Əl-Şəlah (İraq) 1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin Ədəbiyyat Fakültəsində Ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir Festivalının direktorudur.

"Babilli Əli", "İmzalar" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

 

Mən günbatana

boylanan adamam

 

Yaralarıma "ölkə" adı vermişəm

o ölkənin üstündən

tapdalaya-tapdalaya keçirəm oyan-buyana.

 

Səhəri "axşam" adlandırıram,

çünki havanın işıqlanmasında

heç bir məna görə bilmirəm.

 

Harda uşaq görsəm,

atasının adıyla çağırıram.

Tarlaları "torpağın bərəkətinin ovçusu"

                        adlandırıram.

Boş torpaqlar tarlaların günahının etirafıdır.

Dünənimizdə qalan insanlar

ətrafımızı tutmuş qələbəliyin daş-qaşlarıdır.

Ağır olduqları üçün onları

özümüzlə bu günə gətirə bilməmişik.

 

Bu gün gəlib çıxanlar isə

yolu yarımçıq qırılanların

                        ölməsinin nəticələridir.

Həyatımızda daim var olmasını istədiklərimiz

vaxtsız getdikləri üçün təzə insanları tanıyırıq

elə buna görə ilğım

həqiqətin illuziyanın süqutunun adıdır.

 

Bu süqutları mən

"xarabalıqlar" adlandırıram

mənim ilğımım xarabalıqları

abad eləməkdə acizdir.

 

Həyata təzə atılanlar

bir yeniyetmə kimi doğulurlar.

 

Belə qərara gəldim ki,

bütün xalqların tarixi işğallardan sonra dəyişir.

Onlar tarixin ən köklü xalqlarıdırlar.

Sivilizasiyalar isə

ucuz əbədiyyət yalanı satanların cübbəsidi.

 

Tiranlar bir başqa qurbanların xilasedicisidir,

digər qurbanlar isə yeni tiran təlaşlarının adıdır.

 

Peyğəmbərləri belə adlandırıram:

"Səmaların naləsi".

Əzablarımızın qoruya bilmədiyimiz

saflığımızın sevgilisi.

Müqəddəslər sanki fikir sürümüzün çobanıdır.

Onların mesajları isə

Müqəddəs Tanrının poeziyasıdır.

 

Mən hər başlanğıcı geridönüş adlandırıram -

hər geridönüş utancaq bir başlanğıcdır.

 

Qadınlar isə

başqalarında maraq oyatmaq üçün

kimisə sevənlərdir.

 

Haçan ki sizinlə söhbətləşmək istəmirəm,

onda suya qərq olmuş qədər

köhnə sözlərlə danışıram.

Sanki duyğular da dilə gəlmək üçün

müqəddəs bir səs axtarırlar.

 

Siz yalnız fəryad edəndə

qorxularınızı görə adlandıra bilirəm.

 

Tanıdığım bütün kişilərəsə bir ad verirəm,

sonra o adı tamamilə inkar etməli oluram,

sonda isə həmişə ağlayıram.

Mən günbatımının ağuşuna düşmüş bir adamam

hər günbatanda ağlayıram.

Halbuki, bir dəfə ürəkdən gülənlər

başqa ilə qidalana bilər ki?!

Sənin üçün başqa bir dil yaratmışam:

qorxulardan hörülmüş bir dil.

Ailəsiz qalmış yetim dili ilə danışıram səninlə,

çünki sən ölümcül bir lənətsən.

 

Xəyanət

 

Şübhələrimi dörd tərəfə yaymışam,

vəsvəsələrimin izinə düşmüşəm,

ağzım zəhər dadır,

sular gəmirir beynimi.

 

Bu açıq-aşkar xəyanətdir,     

halbuki sən xəyallarını cismini

bağrıma basdığım sonuncu qadınsan.

 

Onunla birgə

başqasının sinəsi üzərində

gecələyirdi xəyanət.

 

Ah, köhnə dost,

çörəyimizdə qorxu cücərdi.

 

Bu evin uşağı belə

bir gün atasına oxşamadı,

heç yaxın qonşudan da

əsər-əlamət yox idi onda.

 

Xəyanət... maskan düşərsə,

əbədi dəliliyə düçar olmaq kimidir.

 

Xəyanət səni ayaq üstdə saxlasa da,

yeridikcə axsadığından təşvişə qapılan

ayaq kimi insanda həyəcan oyandırır.

 

Ləyaqətsiz bir cəmiyyətdə

sizin yerinizi tutmuş

qəhrəman axtarırsınızsa,

elə budur əsl xəyanət.

 

Karvan

 

İtlər hürür,

səslərini eşidirəm.

 

Amma səhradan keçən

karvan gözümə dəymir.

Amma itlər hürür...

İtlər...

 

Yadlaşma

 

Biz tək deyildik,

amma yalnız idik.

 

Geniş zəmilər tərəfindən oğurlanmış

bədənimizə toxunan

sonuncu hava kimi idik.

Bu zəmilər içimizdə

yaşamaq üçün təmiz hava qoymadı.

Biz bu zəmilərdə tək deyildik.

 

Bu dağlar sirrimizin yarısını

sinəsində saxlayıb.

Amma onlar da olduqları kimi qala bilmədi.

Sözləri ağzımdan alıb

dörd bir yana daşıyan çaylar

indi susuzluğa təslim olub.

Coşqun axıntılar öz sərhədlərini görüb.

İndi bütün göllərimiz, çaylarımız üçün

göz yaşlarımız yeganə çarədir, deyəsən.

 

Biz tək deyildik,

amma zaman yorğundur.

Artıq həyat yolundakı planlarımızda

dərin mənalar axtarmaq üçün qayğılanmırıq.

Deyilməmiş sözləri görməyə öyrəşmişik,

danışılmamış hekayələri eşitməyə,

boğazda düyümlənib qalan

səsləri qucaqlamağa...

Biz tək deyildik.

 

Öz-özümlə danışdım,

şübhə ilə bədənimdən soruşdum:

"mən gördüyümü sən görürsən?"

 

Mən könlümdə gəvəzəlik elədiyimi görürəm,

sənin heçmi gözünə sataşmır?

 

Soruşdum: "Dünəndə unutduq?"

Soruşdum: "Bu gündən qazandıq?"

Sonra öz-özümə cavab verdim.

 

Gələndə tək deyildik,

amma artıq yalnız qayıdırıq.

 

Məğlubiyyət

 

Mənə maraqlıdır

kim qabağına çıxa bilərdi ki,

tarix yazmış ordunun?!

 

Cavabı bilinmir,

çünki tarixi yalançılar yazır.

hətta dillər belə

irs oğruları ilə doludur.

 

Əl Həllac*

 

Sürgündə yuxu görəndə

insan Vətənə yaxınlaşır.

 

Bəs, bizi

düşüncələrimizin yolundan

kim ürkütdü?

 

Ah, sən özün,

qorxu ilə barışmısan?

Cavab ver mənə!

 

Dünyadan köçmüşlərin adları,

ünvanları,

işarələri

bizim hekayələrimizin

final qapılarında rəqs etdi.

bu qabaran sularda

mən çarmıxa çəkilmiş bədinimi gördüm.

 

Əli əl-Şəlah

 

Tərcümə edən:

Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.13.