Ölüm nəğmələri
Nar bağından
ölüm keçir...
Birinci nəğmə
I
Bədheybət
bir ağ at
durub qapıda
sonuncu səfərə səsləyir
məni,
bəlkə, o dünyada
dinclik taparam -
əbədi səadət gözləyir
məni.
II
Tutub qara
buludlar
tutub göy üzünü,
qara yelin karvanı çataçatdadır,
nar bağında çökən
duman da
kəfən kimi bürüyür
yaşıl yarpaqları.
III
Ölümün
hənirtisi
lap yaxındadır,
sonuncu görüşə
yoxdur gümanım,
uğultu
başlayır qulaqlarımda
vahimə
tərindən soyuyur canım.
IV
Diksinir
budaqlar
yelin səsindən
bəlkə, İsrafilin suru
çalınır?!
Yamyaşıl yarpaqlar
ölüm nəfəsindən
itirib rəngini birdən saralır.
V
Payız
ayrılığı çökür sinəmə
bədənim uyuşur
daşa
dönürəm
baxma ki cavanam,
bahar
çağımdı,
solur ömür gülüm -
qışa dönürəm.
VI
Buludlar
örtəndə
Ayın
üzünü
vahiməyə bürünür ağaclar
gecənin zülməti altında
qalan
yaşıl yarpaqlar
bələnir ölümün qara
rənginə.
VII
Boğuluram
ürək ritimdən düşür
-
gah zəifləyir,
gah güclənir döyüntüsü,
qaralan gözümdə rənglər
eynidi -
dəyişir dünyanın sön
görüntüsü.
VIII
Bozaran budaqda
qurumuş narın
insan kəlləsinə bənzəyir
biri,
asılıb ağacdan ölüm
tablosu -
gizlənib çürüyən narın içində
gizlənib, ölümün açılmaz
sirri.
IX
Qırpıram
gözlərimi sonuncu dəfə -
həyatda hər nə
var
qoyub gedirəm,
yanımda doğmadan, əzizdən
bir kimsə yoxdur
tənhalıq içində ölüb
gedirəm.
X
Sonuncu rəqsiylə
vidalaşırlar
küləyin hirsindən
qopan yarpaqlar,
nar ağacının başına
dolanırlar
ölümü havada
tapan yarpaqlar.
XI
Açıb
əllərini gəlir üstümə
ölüm də ana kimi
sıxır köksünə məni
nəvaziş göstərir, mehrini
salır...
Yaddaşım silinir, gözüm
qaralır,
əlvida,
ey dünya,
ürək dayanır.
XII
...Nar
bağında bahar olsa da
ölüm nəğmələri
oxuyur külək,
məzarlıq içindən duman
gətirib
ağappaq bir kəfən
toxuyur külək.
İkinci
nəğmə
I
Ölüm layla çalır
aparır
yuxu məni.
II
Ağ
yarpaqlı nar bağında
ağ dumana bürünürəm.
III
Əynimdəki
ağ libas
yupyumşaq qu tüküdür.
IV
Ağ
narın ağ dənəsi
ağ şərab dadındadır.
V
Gəzirəm
buludlar üstdə,
əllərim göyə çatır.
VI
Ölüm
acı deyilmiş,
narşərab dadındadır.
VII
Ölümün
ağ karvanı
keçir ağ nar bağından.
VIII
Qoşuluram
karvana,
qoşularaq gedirəm.
IX
Ölüm
ağrılı deyil
ölüm şirin yuxudur.
X
Ölümü
dadmayanlar
ölümdən yaman qorxur.
XI
Mən ölümə vuruldum,
ölüm apardı məni.
Üçüncü nəğmə
I
Ölüm
yaşında vuruldum,
ölümlə kəsdin yolumu,
ölüm yaşında sevdim
-
ölümünə sevdim səni.
II
Nar
bağına dolu düşdü;
yerdə
qalan yarpağa döndüm
qara torpaq oldu qismətim
-
ölümünə sevdim səni.
III
Dolandı
başımda qara yel
özümə qənim kəsildim,
intihar kimi düşdün beynimə -
ölümünə sevdim səni.
IV
Qəfil
qırdın kəndir bəxtimi
Əzrail
kimi gözlədim səni
əcəl təki çatdın
mənə -
ölümünə sevdim səni.
V
Şaxta
vuran nar oldum;
qaraltdın taleyimi
ölümü gözə aldım
-
ölümünə sevdim səni.
VI
Kərəm
tilsimindəyəm
alnımda lənət izi
cadulandım ölümə -
ölümünə sevdim səni.
VII
Ömrümün
bahasına
başa
gəldi bu sevgi
ölüm girdi araya -
ölümünə sevdim səni.
VIII
Ağlım
başımda sevdim
sevim ağılsız qaldım
əcəl yaşında sevdim
-
ölümünə sevdim səni.
IX
Günah
öləndə olur
kimsə
bilməz bu cinayəti
mənim
ölümümdə sənin
əlin var -
ölümünə sevdim səni.
X
Gözəldir
səni sevmək
peşman
deyiləm qəti,
ölümdür səni sevmək
-
ölümünə sevdim səni.
Dördüncü
nəğmə
I
Ölüm
keçir nar bağından
addımından diksinir ağaclar;
ölüm gəlir,
gəlir
mənə sarı.
II
Solmuş
yarpaqların
örtdüyü cığırla;
ölüm gəlir,
gəlir
mənə sarı.
III
Kölgəsiz
nar kollarının
içindən keçib;
ölüm gəlir,
gəlir
mənə sarı.
IV
Boyun
bükür,
yas tutur budaqlar;
ölüm gəlir,
gəlir
mənə sarı.
V
Ölüm
keçəndə yanından
qaralır qırmızı nar;
ölüm gəlir,
gəlir
mənə sarı.
VI
Udur
qırmızısını,
qaralır qorxusundan;
ölüm gəlir,
gəlir
mənə sarı.
VII
Ölüm
keçir -
ağlar
qalır ağaclar;
ölüm gəlir,
gəlir
mənə sarı.
VIII
Zəhmindən
çatlayır
qan axır yanağından;
ölüm gəlir,
gəlir
mənə sarı.
IX
Ölüm
keçir nar bağından -
köhnə məzarlıq kimi;
ölüm gəlir,
gəlir
mənə sarı.
Beşinci
nəğmə
I
Geyinib
qiyafətini
gəlir
yanıma
toxunur sənin hərarətinlə
-
(meh əsir nar
bağından)
aldadıb aparır məni
Əzrail.
II
Darıxmışdım
əllərin üçün;
tutur əllərimdən
sənin
əllərinlə -
(nar budağı
əllərin)
aldadıb aparır məni
Əzrail.
III
Eşidirəm...
Gülür, danışır
sənin
səsinlə, nəfəsinlə
-
(pıçıldaşır nar
yarpaqları)
aldadıb aparır məni
Əzrail.
IV
Sevinirəm,
artır həyəcanım;
baxır
sənin gözünlə,
sənin
baxışınla -
(gözlərin nar tumurcuğu)
aldadıb aparır məni
Əzrail.
V
Atır addımlarını
yeriyir sənin kimi,
dayanır sənin kimi -
(küləkdən yellənir
nar ağacı)
aldadıb aparır məni
Əzrail.
VI
Qoyur çiynimə başın
sənin
barmaqlarınla
oxşayır saçlarımı -
(nar şüvülü
barmaqların)
aldadıb aparır məni
Əzrail.
VII
Qəfil
dolur içimə
ovsunlayır məni
sənin
ətirinlə -
(burnumda nar
qoxusu)
aldadıb aparır məni
Əzrail.
VIII
Sənin
dodaqlarınla
öpür dodaqlarımdan
xumarlanır gözlərim -
(damağımda nar dadı)
aldadıb aparır məni
Əzrail.
Altıncı
nəğmə
I
Udacaq səsimi
qonacaq yanağıma -
ölüm də qadın kimi
öpüb gedəcək məni.
II
Qurumuş
nar koluyam
külək sayar yarpağımı
-
ölüm də qadın kimi
öpüb gedəcək məni.
III
Ağaracaq
bənizim
qan qaçacaq üzümdən
-
ölüm də qadın kimi
öpüb gedəcək məni.
IV
Kəsiləcək taqətim
qollarımdan, dizimdən -
ölüm də qadın kimi
öpüb gedəcək məni.
V
Tərpənə
bilməyəcəm,
dilim söz tutmayacaq -
ölüm də qadın kimi
öpüb gedəcək məni.
VI
Qapanacaq
gözlərim
kəsiləcək nəfəsim -
ölüm də qadın kimi
öpüb gedəcək məni.
VII
Deşib
narın qabığın
yeyib gedir sərçələr
-
ölüm də qadın kimi
öpüb gedəcək məni.
Yeddinci
nəğmə
I
Gecənin
bu vədəsində
qapı
döyülür qəfildən.
(Nar bağına yel dolur
yel dolur nar bağına.)
II
Kim gəlib gecə vaxtı
döyər mənim qapımı?
(Pıçıldaşır ağaclar:
Nədən belə yel əsir?)
III
Bəlkə,
o qadın gəlib
gəlib
ki bağışlasın.
(Bəlkə, bu yel qovacaq
payızı nar bağından.)
IV
Bəlkə,
dostum gəlib;
gedək
şərab içməyə.
(Bəlkə yel əsir budaqları
soyuğa
öyrətməyə.)
V
- Kimdir
qapımı döyən?
- Kimdir orda gözləyən?
(Budaqlar da səslənir:
Yel niyə gecə gəlib.)
VI
-
Ölümdür qapı döyən!
- Əcəlindir gözləyən!
(Qara yeləm gəlmişəm
qara qış gətirmişəm.)
Səkkizinci
nəğmə
I
Qoca
Xaronun
qara qayığında
səmt
küləyi aparır
məni,
yarılır ölümün qara
suları
II
O
dünyanın yolu
uzun gəlirdi mənə -
sən demə ölüm
lap yaxındaymış.
III
Yellədir
dalğalar qayığı,
beşikdəki körpə tək
məst
oluram
ölüm laylasından.
IV
Qara yel
aparır
qara yelkəni,
səpələnib sulara
saralmış nar yarpağı.
V
Açır qapısını
ölüm səltənəti,
qaralmış nara bənzər
qara Ay çıxır başımın
üstə.
Doqquzuncu nəğmə
I
Ölən
ana bətnində
qalan körpətək
açmadan qaralır
nar tumurcuğu.
II
Gözümdəki
arzuyla
gedirəm mən də
gedirəm o soyuq
qəbir
evinə.
III
Mən
ölsəm də,
qarışsam da torpağa
içimdəki o sevgi
yenə
diri qalacaq.
IV
Çevrilib
nar koluna
məzarımda bitəcək
boylanacaq
günəşə,
gözlərini açacaq.
Onuncu nəğmə
I
Ölüm,
ölüm, ay ölüm...
Tanrıdan savayı hər
kəs
məğlub oldu qarşında,
lənətlər oxudular adına
ölüm.
II
Ölüm,
ölüm, ay ölüm...
İndi mənə çatıbsan
sonuncu şam yeməyitək
baxacam sənin dadına ölüm.
III
Ölüm,
ölüm, ay ölüm...
Turş
nar kimisən, tamın acıtəhərdir
qara qanlar axır dodaqlarından -
sən də bənzəyirsən
qadına ölüm.
On birinci nəğmə
I
Üzülürəm
ağrıların əlində,
üzülürəm
köməyə ölüm çatır,
boynuma sarılan qolların yoxdur,
indi onun yerinə
kəndirə əlim çatır.
II
Qopduqca
yarpağı budaqlarından
ağrıdan göynəyir
qıvrılır nar ağacı,
əli yox, dili yox
- quruyub qalır
içindən alışır
qovurulur
nar ağacı.
On ikinci nəğmə
I
Nar
bağında məzar daşı
ayın
şəfəqlərində
parlayır gecə vaxtı,
ağacların bətnində
gizlənən qorxu
pozur sakitliyi
kor yapalağın səsiylə.
May-sentyabr
2023
Səxavət SAHİL
Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.16-17.