Məzhər üt-türkikitabının müəllifi haqqında

 

Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək

məqsədilə yazılmış kitab - "Məzhər üt-türki"

 

Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu "Məzhər üt-türki" dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər  qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, profeesor Nadir Məmmədliyə hədiyyə etmişdir.

İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir. Professor Nadir Məmmədlinin kitaba yazdığı Ön sözü təqdim edirik.

 

"Məzhər üt-türki" kitabının müəllifi haqqında

 

Əvvəli ötən sayımızda

 

Feillərin təyinedici əlamətləri haqqında Molla Cecimxan və Molla Yaradanquluya istinadən yazır ki, ərəb dilində sözlərin əsası məsdərdir, bütün türkcə sözlərdə onun əlaməti fəthə ilə işlənmiş mim, sokunla işlənmiş qafdır və bunlar türkcə sözlərin sonunda gəlirlər. Molla Qaraxanoğluya istinadən yazır ki, türkcə məsdərdə fəthə ilə işlənən mim və sokunla işlənən qaf hərfi ixtisar olunsa, məsdərdən "əmr qalar" və elə də səslənər. Molla Cecimxan və Molla Qaraxanoğlu da şərti vacib bilirlər: türkcə əmrin qayda və qanunu budur ki, əmr feili istər əvvəli fəthəli, istər zəmməli və istər də kəsrəli olsun, "gərək onun axırı sokunla bitə". Molla Cecimxan və Molla Yaradanquluya görə, türkcə məsdər əlaməti məxrəc yaxınlığı səbəbinə görə fəthəli mim və sokunlu kafdır. Xəmsə alimlərinin yekdil qənaəti budur ki, istənilən halda sokunla işlənmiş dal sözlərin sonunda ixtisar edilsə, türkcə əmr mənası alınacaqdır. Türkcə keçmiş anlayışı verən di sözü fars dilindən keçmişdir. Keçmiş mənasını verən feillərin də əvvəli ya fəthə, ya zəmmə, ya da kəsrə ilə verilir. Molla Yaradanqulu "başqaları ilə danışan"ı bildirən gəldüg sözünün kaf ilə yazılışını düzgün hesab edir: gəldük. Gəldilər türkcə sözün cəm formasıdır və onda gizlində bir əvəzlik vardır: onlar. Sağır nunla işlənən gəldü? türkcə keçmiş zaman formasında olan feilin təkdə olan halıdır və onda da gizli olan bir əvəzlik sən, gəldü?üz türkcə keçmişdə olan feilin formasında gizli olan bir əvəzlik siz-dir, yazı qaydasına görə kafdan sonra gələn z cəm əlamətidir. Gəldüm feili danışanı bildirir, onda gizli olan əvəzlik: bən-dir. Zəmməli dal və sokunlu mim təkdə olan danışanın əlamətidir. Gəldüg keçmiş zaman feili başqaları ilə danışmağı bildirir, gizli olan əvəzliyi: biz-dir. Molla Yaradanquluya görə, başqaları ilə danışan şəxs türkcədə ixtisar olunmuş qaf ya g, ya da z ilə verilir. Molla Cecimxan mim və z-nin farsca ma (biz) mənasında oduğu qənaətindədir. Molla Qaraxanoğlunun fikrincə, başqası ilə danışanı bildirən sözün əlaməti sokunla işlənən qaf hərfidir

Sonra müəllif əvvəli zəmmə, kəsrə və fəthə ilə işlənmiş keçmiş zaman, mədd ilə əlifin, zəmmə ilə vav-ın işlənməsi üçün gələcək zamanda feillərin qaydalarını izah edir. Müəllif -di şəkilçisini zaman əlaməti hesab edir və yazır ki, feilə bitişdikdə, keçmiş zaman mənasını ifadə edir, isimlərə qoşulduqda isə söz formasını dəyişir, əmr yaratmır, "keçmiş mənası onlarda tapılmaz".

Əbdürrəhim Ərdəbili "axıcılıq bəlağət meydanında o biri türk bilik sahiblərini geridə qoyan" Molla Qaraxanoğluya daha çox üstünlük verərək yazır ki, gələcək zamanlı əsli türkcə feillər eylər sonluğu ilə yaranır, məsələn, əslində gəl eylər, vur eylər, qıl eylər olmalıdır. Dil qısalmaya meyil etdiyindən, "dövrün insanlarının istəklərinə əsasən", eylər unudulmuş, sıradan çıxmış, "artıq hissələr yox olmuş"dur: gələr, vurar, qılar. Molla Cecimxanın fərqli izah verdiyini vurğulayır: əslində, bu türkcə söz gəl eyləyən, vur eyləyən və qıl eyləyən şəklində olmuş, zaman keçdikcə, "söz qısalmağa doğru getmiş, əlavələr ixtisar olunmuş və dildə ağızlarda gələn, vuran və qılan işlək və daimi qalmışdır".

Müəllif türk dilində əmr qaydasına bunu da əlavə edir ki, sözdən əvvəl gərək yazılmalı və ya deyilməlidir, bəzən əmrin sonunda ha ünsürü də əlavə oluna bilər. Məsələn: gərəg gələ, gərəg vura, gərəg qıla, gərəg apara, gərəg içə. Əmr formasının altı şəklindən (ikisi danışılan, ikisi müraciət olunan və ikisi danışan), əvəzliklərin onlarda gizlənməsindən bəhs edir. Molla Daşdəmirin fikirlərini misal çəkərək qeyd edir ki, əvəzliklər gizli olmaya da bilər, səbəbi sözlərin qısalmaya "rəğbət"indən və izahın, mənanın "daha düzgün və daha üstün olması"ndandır. Məsələn, gərəg gələ o, gərəg gələlər onlar, gərəg gələsən sən, gərəg gələsiz siz, gərəg gələm mən, gərəg gələg biz. 

Qadağa bildirən feillərin əlaməti əleflə işlənən mimdir, ərəbcədəki "ma-yi nafiyyə"dir, keçmişdə olan feilə bitişir. Bu feillərdən bəhs edərkən müəllif həm də bildirir ki, bütün türkcə sözlərin sonunda fəthəli, kəsrəli mim, "ha-yi istirahət" adlanan ha-dır: gəlmə, vurma, qılma. Mötəbər türk alimi Molla Tə?riverdi göstərilən mimin əlef ilə yazılmasını məqbul hesab edir, məsələn, gəlma, vurma, qılma. "Türk fəzilət sahiblərinin ən üstünü" hesab etdiyi Molla Cecimxan və Molla Qaraxanoğluya istinadən bildirir ki, ərəb dilində ism-i faildən əvvəldə gələn və deyilən ma türklərdə əksinə olaraq sona əlavə edilir. Həmin ma hissəciyinin fars sözlərində də olduğu qeyd olunur, məsələn: məya, yəni gəlmə, və məzən, yəni vurma və məkon, yəni eyləmə və etmə. Daha sonra müəllif qeyd edir:

Türkcədə sual əlaməti üç söz və ünsürdür: mi, ola və aya. Bunlar həm keçmiş, həm gələcək zaman, həm də təsdiq və inkar feillərinə qoşula bilirlər.

Keçmiş zamanın təsdiqində: gəldimi? gəldilərmi? gəldü?mi? gəldü?üzmi? gəldümmi? gəldügmi?

Keçmiş zamanın inkarında: gəlmədimi? gəlmədilərmi? gəlmədü?mi? gəlmədü?üzmi? gəlmədümmi? gəlmədügmi?

Molla Daşdəmir ola sözünün daha çox həqiqətə uyğun olduğunu bildirir.

Keçmiş zamanın təsdiqi: vurar ola? vurarlar ola? vurarsan ola? vurarsız ola? vuraram ola? vuraruq ola?

Aya, məsələn: aya qılar? aya qılarlar? aya qılarsan? aya qılarsız? aya qılaram? aya qılaruq?

Əzəmət siyasət dili olan türkcə "heybətli və zəhmli" görünür. Xəmsə alimlərinin fikrincə, türkcə danışıqda, ənənəyə uyğun olaraq, gərək əmrdən irəli gələn qətiyyət mənası ifadə olsun, əks halda, "türkcə sözün haqqı verilməmiş olacaq". Bütün türkcə feillər zamanlarda, məsdər, inkar, sual, təsdiqdə, qadağa bildirəndə, söz və birləşmələrdə "tamamilə əmrdə deyilir". Molla Qaraxanoğlu nəzakətli danışığı "əbədi haram" və "xətalı" və hətta "tat" adlandırır, onları türklərin "ali şərəfli sülaləsinə" aid etmir. Xəmsə alimlərinin tövsiyələrinə hörmət və inamla yanaşır: "Türkcə danışan şəxs, yaxşı olardı ki, vəzifə sahibi ya böyük sürü və ilxı sahibi olsun, ya da heç olmasa, süvari atlı və dövlət işlərində ehtiyac duyulan şəxs olsun və əgər bunların heç birisi türkcə danışan adamda olmasa, o şəxsin türkcə danışması "məkruh" olacaqdır və hətta Molla Yaradanqulu bu mənanı haram hesab edir".

Göründüyü kimi, Əbdürrəhim Ərdəbili Şirvani türkcədəki bütün feillərin və isimlərin mənşə və kökünün "əmr feilləri", türkcənin əsasının isə "buyruq feili" olduğunu söyləyir. Bu səbəbdən türk Qızılbaş üləmaları da vurğulayır ki, türkcə danışan şəxsin səs tonunda acizlik, pəltəklik, çarəsizlik, ədəb, nəzakət, rica, dilənmək, yaltaqlıq və ya yalvarış deyil, ancaq buyruq, əmr, qətiyyət, qərarlılıq, əminlik, möhkəmlik və gücdən formalaşan bir amiranəlik olmalıdır. Əbdürrəhim Ərdəbili türk dilini dünya dilləri arasında bənzərsiz adlandırmış və qərara almışdır ki, fiqh terminlərinin köməyi ilə türkcənin sözlərinin gücü qətiyyətli və əzəmətli olmalıdır.

Səfəvi Əfşarlar o dövrdə mütləq siyasi və dini hökmran olduqları üçün türk dili ilə bağlı şəriət fətvaları vermiş və dini baxımından başqalarını da bu əmrlərə tabe olmağa çağırmışlar.

Əbdürrəhim Ərdəbili Şirvani yeri gəldikcə, Osmanlı və Qızılbaş sözlərini müqayisə edən Molla Qaraxanoğlu ilə Molla Cecimxanın fikirlərinə münasibət bildirir. Məsələn, müqayisələrinin birində bəklərüg, meyxanəyig və s. bu kimi deyilişi olan sözlərin həqiqətən Qızılbaşlara aid olmadığı qənaətinə gəlir. Təbii ki, "Məzhər üt-türki" kimi tarixi mənbəyə müasir dilçilik baxımından yanaşmaq olmaz. Əsərdə Qızılbaş türkcəsində, ümumiyyətlə, türk dilləri üçün xarakterik olan saitlərin ahənginin qorunub saxlanması haqqında ilk dəfə məlumat verilir. Bildirilir ki, yazıdan fərqli olaraq, canlı danışıqda buna əməl olunmur. Məsələn: i və ya ı saitlərinin əvəzinə u və ya ü işlədilməsi: dəmür (demür) - dəmir (demir), yuxaru (yukaru) - yuxarı (yukarı), incidür - incidir, ayırur - ayırır və s.

Sağır nun hərfinin işlənməsini, bəzən g kimi tələffüzünü türk sözlərinin qüvvətliliyi kimi izah edir və "müstəhəb" kimi dəyərləndirir, tələffüzdə ifadə etməməyi "məkruh" hesab edir: "Molla Te?riverdiyə görə, yuxarıda qeyd olunan adlarda g hərfi tələffüz olunarsa, türk sözünün sıxlığı və şiddəti mükəmməl və daha yaxşı olar. Bu tələffüz türk dilinin müstəhəblərini etmək deməkdir və bu hərfi tələffüz etməmək məkruh olaraq qəbul edilir". Qeyd edək ki, nə klassik, nə də müasir fars dilində sağır nun hərfi yoxdur. Fars dilinə keçən, tərkibində sağır nun hərfi olan sözlər özünü müxtəlif şəkildə göstərir. Məsələn, g səsinin işlənməsi ilə. Sağır nun səsinin qədim şəkli qovuşuq nq, nğ, ng olmuşdur. Təsadüfi deyildir ki, Molla Daşdəmir tələffüzdə g olmamasını "ən məkruh" hesab edir. Əbdürrəhim Ərdəbili türkcə yazıda "kaf"ın (g) təkrar-təkrar işlədilməsinin zəruriliyini, digər tərəfdən onun düzgün tələffüz edilib-edilməməsini belə vurğulayır. "Mümkündür ki, məxrəc yaxınlığı səbəbinə görə, eşidənlər üçün qaf və kaf oxşar olmuş olsun və güya bu söz düzgün kimidir". Məsələn, gəldü? və gəldü?üz feilləri haqqında yazır: "Müraciət olunan şəxsi bildirən sözdəki kaf istər tək, istərsə də cəm türkcə yazının qaydasıdır və türkcənin şifahi qaydaları ilə heç bir əlaqəsi yoxdur, lakin nitqdə tələffüz etməmək sünnət sayılır." "Türkcə yazının qaydası" o deməkdir ki, həmin dövrdə türkcə rəsmi yazı qaydaları olmuşdur, "türkcənin şifahi qaydaları" dövrün gündəlik canlı danışığına işarədir.

Qeyd edək ki, sağır nunun bu gün də Azərbaycanın Qərb qrupu dialektlərində işlənməsi normal haldır. Verilən lüğətçədən bir daha aydın olur ki, sağır nun, qovuşuq nun söz əvvəlində işlənmir

Dərslikdə, dövrün türkcəsində x - q samitlərinin əvəzlənməsi müşahidə edilir. Məsələn, ox - oq, yuxu - yuqu, baxmaq - baqmaq və s. Qeyd edək ki, bu əvəzlənmə Azərbaycan türkcəsi üçün XV və sonrakı əsrlər üçün xarakterikdir. XVIII əsrdən sonra üstünlük h səsinə keçir. Dil tariximizdə bu əvəzlənmə daha çox sual əvəzliklərində müşahidə olunur. Müasir dilimizdə h səsi ilə başlayan bəzi sözlər XVIII əsrədək q, x səsləri ilə, bəzən isə h səsi ilə işlənmişdir: qanı - xanı - hanı, qamu - xamu - hamu, qancaru - xancaru, qansı - hansı və s. Məhz bu əsrdən etibarən dilimizdə həmin sözlərin h ilə yazılışı sabitləşmişdir. Molla Daşdəmir haçağı nun-la "haçan" yazılmasını düzgün hesab edir, lakin, müəllifin qeydinə görə, uyğun olsa da, istifadəsi ziddir, lakin Molla Cecimxan handa, haçaq və haçanı qanda, qaçaq və qaçan yazsa da, türkcə sözlərdə bu sual əvəzlikləri əsasən h ilə işlənir. Maraqlı odur ki, Əbdürrəhim Ərdəbili Şirvani h-laşmanı "Qızılbaşların istifadəsinə uyğun" görmür. Müəllif deyir ki, "qanda və qaçan Osmanlı istilahıdır" və bildirir ki, doğru olsa da, Qızılbaşlar arasında tələffüz olunmur.

Azərbaycan dilində söz əvvəlindəki k ~ q ~ h dəyişməsi daha əvvəllərə aiddir. M. Kaşğarlıya görə, əsl türk sözlərində boğazdan çıxan h səsi yoxdur. Lakin dil faktları, əksinə, h səsinin bəzi türk dillərində daha qədimdən işləndiyini sübut edir. Xüsusilə vokativ sözlərdə bunun şahidi oluruq. Məsələn, ho, ho-ho, hay, hay-hay və s. "Kitabi-Dədə Qorqud"un dilində də tərkiblərdə, müraciətlərdə h samiti özünü göstərir: hay, hey.

Oğuz qıpçaq türkcəsinin özəlliklərindən biri kimi söz əvvəlinə y səsinin qoşulmasının norma olmasını və iki şəkildə tələffüzünü "Məzhər üt-türki"də müəllif xüsusi qeyd edir. Məsələn, aşağa - yaşağa (aşağı); üzüm - yüzüm; ulduz - yulduz (yıldız); üz - yüz; il - yil , iyələn - yiyələn, uzun - yuzun və s. Əsərdəki belə sözlərin qədim fonoqrafik cildi bugünkü baxışdan səs düşümü kimi qəbul edilməlidir. Tarixən bu sözlər məhz y ilə yazılmışdır.

Sözlərdə y samiti yerinə g tələffüz etmək meyli XVII - XVIII əsrlər ədəbi dil faktı kimi danışıq dilinə istiqamətlənir. Məsələn, hal-hazırda Bakı dialekti üçün xarakterikdir; öymək - ögmək, əyri - əgri, öyrənmək - ögrənmək, öyüt - ögüt, çəyirtgə - çəgirtgə və s.

Dərslikdəki k - g əvəzlənməsi dilimizin fonoloji strukturunda yer alsa da, geniş əhatə dairəsi qazanmamışdır: inək əvəzinə inəg, örtük əvəzinə örtüg. Bu keçid son hecanın axırında qərarlaşır, yiyəlik halda y səsi ilə deyil, g danışıq səsi ilə əvəzlənir. Sonralar digər variantlara istiqamətlənmiş, ümumxalq danışıq dilinin təsiri ilə normalaşmışdır.

Söz əvvəlində t kar samitinin cingiltili d-ya keçməsinə rast gəlirik. Məsələn: tutmaq - dutmaq, daş - taş və s. Xatırladaq ki, dilimizin tarixi üçün bu səs əvəzlənməsi o qədər də xarakterik olmamışdır. Mənbələrdə bu hərflərin oxunmasında da bəzi çətinliklər vardır. Məsələn "Kitabi-Dədə Qorqud"dan orta əsrlərə qədər ərəb əlifbasında d həm dal, həm də ta ilə yazılmışdır.

"Məzhər üt-türki"də bəhs olunur ki, bəzi qədim türk sözləri metatezaya uğramışlar: yapraq - yarpaq, topraq - torpaq, öksürmək - öksürmək, əksik - əskik, amrut - armut, aqsırmaq - asqırmaq, çıplaq - çılpaq, ötrüg - örtük və s.

"Məzhər üt-türki"nin ən dəyərli hissələrindən biri "Türkcə şəkillər, sözlər, o cümlədən feillər və isimlərin qeydi və izahı" bölməsidir. Bu bölmədə Qızılbaş türkcəsində işlək olan, 3 əsrlik zaman müddətində mənasını dəyişmiş və ya işləklikdən çıxmış leksik arxaizmlər verilir. Məsələn: an (üçüncü şəxsin təki), ağu (zəhər), aldaq (sarsaq), anlar (üçüncü şəxsin cəmi), ög (ön, qarşı), anda (orada), qanda (harada), qaçaq / qaçan (haçan?), dışra (dışarı), yavuq (yaxın), dün (dünən), ar (indi), arı (təmiz), urmak (vurmaq), təpdir (basmağa vadar etmə). Tə?ri (Tanrı), yısınmaq (oturmaq), çökərt (diz üstü vəziyyətə gətirmək), çəndir ( süst və yumşaq ət), əkmək (çörək), dağışla (uduzdur), ügən (yüyən), aqça (axça, altın və ya gümüş sikkə), ağu (zəhər), toşqan (dovşan), əyər (yəhər), əyərləmək (yəhərləmək), ənlük (al, allıq, qadın üzü üçün qırmızı maddə, kirşan), bəkləmək (gözləmək, qorumaq və saxlamaq), bulmaq (tapmaq), bəsdi/bəsti (çömlək ya küp), toburqa (şalban), pürüz (yemək adı), tükürmək (tüpürmək), talamaq (dörtnala at çapmaq), tana (qadınlar üçün bəzək, burun halqası), tobarqa (uzun və incə ağaç budağı, çubuq, ağaç budağından düzələn qırmanc), tağança (sağsağan), tip (sıra), taqar (eşşək yükü ağırlığı mənasında), turna (yüksəklik, ucalıq, təpə), çılpatmaq (çırpmaq), çuğullamaq (satmaq, xəbərçilik etmək), çulamaq (köhnə əskiyə bükmək), conbalatmaq (bir şeyi çevirmək), çalaqan (çaylaq), çendir (yumşaq və gövşək ət), çöğür (saz növü), duş (yuxu), durqun (ən pis heyvan), saruq (boxça), saqınmaq (çəkinmək), sorquş (sorğu- sual), savuq (soyuq), qondarmak (qaldırmaq, ayağa qaldırmaq), kabak (alın), qapuq (vurmaq için uzun bir çubuq), qoza (lovğa və özünü bəyənən kimsə), quyaş (günəş), kətir (əyri yer, nizamsız yer və ya əşya), kələş (ayaqqabı, çarıq növü), saruq (paltar bükülən boğça), yığlamaq (ağlamaq mənasında), yıngıldamaq (inləmək, inilti etmək), yayaq (piyada), yağır (atların və digər dördayaqlıların çiyin yarası), yüküz (iş adamları, xidmətçilər) və s. Bu sözlərdən bəzilərini yenidən canlandırmaq, dildə işlətmək olar. Verilmiş sözlərdən bir daha aydın olur ki, üç yüz il əvvəl də Azərbaycan türkcəsi Osmanlı türkcəsi ilə çox yaxın olmuşdur.

 

***

 

"Məzhər üt-türki" dərsliyindən (risaləsindən) aydın olur ki, XVI-XVIII əsrlərdə Azərbaycan türkcəsinin normalarında xəlqiləşmə prosesi getmiş, tələbata uyğun olaraq, müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığa xas söz və ifadələrin işlədilməsi dil vahidlərinin ümumiləşmə prosesini, milli dilin formalaşmasını gücləndirmişdir. Sonrakı dövrlərdə Azərbaycan türkcəsinin leksik sistemində, qrammatik qaydalarında elə bir ciddi dəyişiklik baş verməmiş, dil və nitq normaları təkmilləşmə istiqamətində həm canlı danışıqda, həm də ədəbi dildə ümumiləşərək sabitləşmişdir. Bu onu göstərir ki, milli dil normalarının belə təzahürü həm ədəbi dil, həm də ümumxalq dili səviyyəsində çox dərin qatlarda gedən prosesin nəticəsidir.

 

P.S. "Məzhər üt-türki" risaləsinin elektron nüsxəsini AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə edəcəyik.

 

Nadir MƏMMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.20-21.