Azərbaycan Yazıçılar Birliyində
Azər Turanın yubileyi
Sentyabrın
21-də AYB-nin Natəvan klubunda "Ədəbiyyat qəzeti"nin
baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər
Turanın 60 illik yubileyi qeyd olundu.
Tədbiri Mətbuat Şurasının
sədri, AYB-nin sədr müavini Rəşad
Məcid açdı. Bildirdi ki, Azər Turan yaşına
görə ədəbiyyatşünas alim, naşir kimi
çox böyük işlərə, ilklərə imza
atıb. Onun Əli bəy Hüseynzadə, Hüseyn Cavid,
Xalid Səid Xocayev və bu sıradan olan bir çox görkəmli
şəxsiyyətlərlə bağlı
araşdırmaları misilsizdir.
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar
yubilyarı təbrik edərək bildirdi ki, A.Turanın
60 illiyilə bağlı keçirilən tədbir çox əlamətdar
bir vaxta təsadüf edir. Azərbaycan Prezidenti, dövlətimiz
xalqımız, vətənimiz üçün misilsiz əhəmiyyəti
olan yeni bir qələbəyə imza atıb.
İşğalçı erməni ordusuna qarşı
keçirilən antiterror əməliyyatı nəticəsində
torpaqlarımız separatçı tör-töküntülərdən
azad edilib. Bu qələbə Azərin ad gününə,
bütövlükdə xalqımıza ən gözəl hədiyyədir.
Azərin genetik kökləri, ailə bağları təmizdi.
O, türkçülüyün, türk ədəbiyyatının
gözəl təbliğatçısıdır.
AMEA-nın prezidenti, Millət vəkili İsa
Həbibbəyli çıxış edərək dedi:
"Azər Turanı təbrik edirəm. Onun ad günü,
Anar müəllimin də qeyd etdiyi kimi, çox şərəfli
bir vaxta təsadüf edir. Burada həm də qanunauyğunluq
var. Çünki Azərin ümumi təfəkkürü
Türk dünyası birliyi düşüncəsinə
hesablanıb. Azər Turançılıq ideyasına Azərbaycançılıq
bağlılığı gətirən görkəmli şəxsiyyətlərimizdəndir.
Onun düşüncəsində Turan idealları, istəkləri
qovuşur. XX əsrin əvvəllərində Əli bəy
Hüseynzadə və Əhməd bəy Ağaoğlunun
gördükləri işi Azər Turan XXI əsrdə ləyaqətlə
davam etdirir. Azər Turan elmlə bədiyyatı bir araya gətirə
bilən tədqiqatçıdır. Onun elmi-nəzəri, ədəbi
baxışları bizim üçün çox önəmlidir..."
Daha sonra Azər Turanın modernizmlə bağlı yazdığı
məqalələrə də geniş vurğu salan İsa Həbibbəyli
bu yazıları ədəbiyyatşünaslığımızın
ən dəyərli mətnləri sırasında dəyərləndirdi.
Xalq yazıçısı, AYB-nin
birinci katibi Çingiz Abdullayev də Azər
Turanı yubileyi münasibətilə təbrik etdi. Bildirdi ki,
Azərin atası, görkəmli ədəbiyyatşünas
alim İmamverdi Əbilovla yaxın əlaqələri olub.
Tez-tez məktublaşıblar. Azər belə bir
ziyalının ailəsində dünyaya göz açıb,
ziyalılıq məktəbi keçib.
Xalq şairi, AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman
Həsənzadə tədbirdə səmimi ürək
sözlərini dilə gətirdi, yubilyara həsr etdiyi
şeirini oxudu.
Akademik
Kamal Abdulla dedi: "Bu tədbirdə Azəri
yaxşı tanıyan, onu sevən görkəmli insanlar
iştirak edir. Onun barəsində layiq olduğu xoş
sözlər deyilir, ciddi yaradıcılığından qədirbilənliklə
söz açılır. Azər eyni zamanda görkəmli
naşirdir. O, "Ədəbiyyat qəzeti"ni elə bir mərhələyə
gətirdi ki, özümüzdən asılı olmayaraq, biz o
qəzeti axtarıb oxumağa başladıq. Azər
"Ədəbiyyat qəzeti"nin ədəbi cameəmizin
tələblərinə uyğun şəkildə fəaliyyətini
təmin etdi, onu ehtiyacımız olan
bir qəzetə çevirdi..."
Atatürk
Mərkəzinin rəhbəri,
akademik, millət vəkili Nizami Cəfərov
çıxışında A.Turanın bənzərsiz
elmi-ədəbi yaradıcılığının ümumi mənzərəsindən
söz açdı. Bildirdi ki, Azərin bütün elmi
araşdırmalarında, yazılarında mənzərələr
elə bil bir səhnədə görünür. Azər sanki
mövzunu səhnəyə gətirir; biz onu
görürük, hiss edirik. Ona görə də Azərin
modelləşdirmələri yadda qalır.
Professor, Əməkdar elm xadimi Qəzənfər
Paşayev də yubilyarın ədəbiyyatşünaslıq
sahəsində müstəsna yeri olduğunu qeyd etdi.
Vurğuladı ki, Azərin atası, ədəbiyyatşünas
alim İmamverdi Əbilov ucqar rayonlarımızdan biri olan
Neftçalanı ədəbiyyat mərkəzinə
çevirə bilmişdi. Orada qaynar ədəbi mühit
yaratmışdı: "Biz onunla tez-tez görüşərdik,
ziyarətinə gedərdik. Xalq şairləri Səməd
Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar
Vahabzadə, Vaqif Səmədoğlu, Qabil, xalq yazıçıları
Süleyman Rəhimov, Mehdi Hüseyn, eləcə də Azərbaycanın
çox görkəmli ziyalıları İmamverdi müəllimlə
sıx ünsiyyətdə olmuşlar. Qabil onun evini
bülbül yuvası deyə tərənnüm edirdi.
Yazırdı ki:
Bu ev
bülbül yuvasıdır, dəyməyin,
Bəd niyətlə qapısını
döyməyin.
İmamverdi bir təvazö
heykəli,
Qarşısında özünüzü
öyməyin.
Mən Azərdə
də o təvazökarlığı gördüm. Azər həm
yaxşı naşir, həm də alim kimi yetişib.
Yaxşı, istedadlı bir kollektivə
başçılıq edir. Elnarə Akimova, Adil Cəmil, Sərvaz
Hüseynoğlu kimi öz sözü, dəsti-xətti olan qələm
adamları ilə bir arada bəlkə də sovetlər məkanının
ən gözəl ədəbiyyat qəzetini araya-ərsəyə
gətirir..."
Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri
Səyyad Aran çıxış edərək dedi:
"AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu
"Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi məqaləsində
qeyd etdiyi kimi, Azər Turanın fədakarlığı ədəbi
cameədə yeni bir termini - Azərturançılıq məfkurəsini
oluşdurdu. Bu, vacib bir mənəvi ehtiyacdır. Azər Turan
deyəndə adamın gözləri önünə ilk olaraq
Əli bəy Hüseynzadə, Hüseyn Cavid gəlir. Onun
elmi-bədii təqdimatları sıradan deyil, olduqca ciddi,
peşəkar tədqiqatçının təqdimatlarıdır.
Azər Turan tədqiq edilməli, öyrənilməli alimlərdəndir".
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova
çıxış edərək dedi: "Bu gün tarixi bir
gündür. Ölkə həyatında, Qarabağla
bağlı mühüm işlər reallaşır və bu
işlər yalnız son otuz ilin deyil, iki yüz illik bir
ağrının, parçalanmanın üzərindən xətt
çəkir. Azər müəllimin də yubileyinin belə
bir şərəfli günə təsadüf etməsi
simvolik çalar kəsb edir. Onun haqqında
yazdığım "Uzun, incə bir yolda"
kitabının da qəribə tarixi oldu. Kitabı
tamamladığım ərəfədə pandemiya
başladı. Sonra 44 günlük müharibə dönəmi,
tarixi Zəfər günümüz gəldi. Şuşada
tarixi Vaqif Günlərində iştirak etdik. Yəni kitab bu
tarixi hadisələrə şahidlik etdi. Maraqlıdı ki, bu
gün də Yevlaxda sülh görüşü,
danışıqları keçirilir. Növbəti qələbə
günüdür. Azər müəllim özü də
humanist, sülhsevər insandır, məfkurə
yolçusudur, ulusunu sevən, onun ağrıları ilə
yaşamağı bacaran qələm adamıdır".
Akademik,
Folklor İnstitutunun direktoru Muxtar İmanov
çıxışında qeyd etdi ki, Azərin publisist,
dramaturq, araşdırıcı qələmi daim vəhdətdədir.
O, yalnız ideoloji hədəfləri yox, bədii cəhətləri
də bir araya gətirə bilir, vacib mübahisələrə
ayaq verir və aydınlaşdırır. Azər Turanın məqalələrində
elə mühüm ədəbi-estetik məsələlər
qaldırılır ki, biz çox ciddi arqumentlərlə əsaslandırılmış
bu məqamlara laqeyd qala bilmirik, istər-istəməz onlar barədə
düşünməyə, araşdırmağa
başlayırıq.
AMEA Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik
Teymur Kərimli Azər Turanın elmi məfkurəvi tədqiqatlarının
əhəmiyyətindən söz açdı. Bildirdi ki, Azər
Turanın Hüseyn Cavid, Əli bəy Hüseynzadə
haqqında yazdığı əsərləri çox ciddi tədqiqatlardır.
Azərin daxilində başqa bir "mən" var. Onun
gördüyü işlər 60 yaşın
hüdudlarını aşır, daha müdrik, daha uzun ömür
yolunun göstəriciləri kimi mənalanır. Daha sonra
akademik qalib Azərbaycan oğullarına həsr etdiyi yeni
şeirini oxudu.
Görkəmli türkoloq, professor Tofiq
Məlikli yubilyarı təbrik edərək bildirdi ki, Natəvan
klubunda çox tədbirlər keçirilib. Adətən pafoslu,
şəxsiyyətyönümlü çıxışlar
edilir. Bu günsə birmənalı şəkildə
yaradıcılıq məsələləri barədə
danışıldı. Çünki Azərin
yaradıcılığı, elmi araşdırmaları buna
imkan verir.
AYB-nin katibi İlqar
Fəhmi A.Turanın hələ
"Yeni Azərbaycan" qəzetinin ədəbiyyat əlavəsinə
məsul olduğu illərdə başladığı yolu
uğurla davam etdirdiyini vurğuladı.
Dilçilik İnstitunun direktoru,
professor Nadir Məmmədli Azər Turanın böyük
türkoloq alim Xalid Səid Xocayev irsinin
araşdırılması, onun "Divani lüğət-it
türk"ün tərcüməsi üzərindəki
işinin aşkar edilməsi üçün ardıcıl
iş aparmasını və əldə edilməsinə nail
olmasını yüksək dəyərləndirdi. Qeyd etdi ki,
bu, əsl vətəndaş, alim düşüncəsinin,
çabasının nail olduğu qeyrət işidi.
Sonda Azər Turan tədbirin təşkilinə görə AYB rəhbərliyinə
və iştirakçılara minnətdarlığını
bildirdi. Qeyd etdi ki, bizim mənsub olduğumuz ədəbi nəsil
30 il əvvəl ədəbiyyata gələndə Azərbaycan
ərazi bütövlüyünü itirmiş,
xalqımız 20 Yanvar faciəsini yaşamış, Xocalı
soyqırımı baş vermişdi. O illərin gəncliyindən
heç kəs nikbin olmağı tələb edə bilməzdi.
Şükürlər olsun ki, 30 ildən sonra biz 60
yaşımızı ərazi bütövlüyü təmin
olunmuş, Qarabağda Zəfər bayrağı dalğalanan
bir Azərbaycanda qeyd edirik. Bunun üçün qəhrəman
əsgərimizə, ən başlıcası isə ölkəmizin
rəhbərinə - Ali Baş Komandana şükran borcluyuq.
Bu əziz gündə atam İmamverdi Əbilovu və Turan Cavidi də
böyük ehtiramla yad edirəm.
Çıxışımı Mövlananın məşhur
kəlamı ilə tamamlayıram: "Üç sözdən
artıq deyil, bütün ömrüm bu üç söz:
"xamdım, bişdim, yandım".
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.22-23.