Yazıçı düşüncələrinin işığında

 

Zamanov Rüstəm DastanoğlununDüşüncələrimin kölgəsikitabı haqqında

 

Yazıçı-publisist Rüstəm Dastanoğlunun yazıçı-kinodramaturq Orxan Fikrətoğlunun Ön sözü ilə açılan "Düşüncələrimin kölgəsi" kitabını oxuyarkən, ilk əvvəl, diqqətimi mündəricatda qeyd olunan yazıların, necə deyərlər, dəbdə olmayan adları ("Düşüncələrimin kölgəsi", "Köklənmə və ya kainatla təmasda", "Tənhalıq həsrəti", "Səsin yuvası", "Torpağın ruhu" və s.) çəkdi. Fikrimcə, yazıçı üçün mühüm olan, ən əvvəl, müşahidəçilik qabiliyyəti bunu qələmin gücünə söykənərək vərəqlərə köçürərkən, həmin mənzərəni oxucunun təsəvvüründə tam dolğunluğu ilə canlandıra bilmək bacarığıdır.

"Tənhalıq həsrəti" hekayəsində belə bir duyğusal yer var: "...Birdən hövlnak yuxudan ayıldı, sir-sifəti göz yaşına bələnmişdi. Bir onu bilirdi ki, bu dar kupeli qatarı tərk etsin, içində öldürdüyü o uşağın ruhu ilə tək-tənha qalsın".

Bu ovqat içimdə Mövlana Cəlaləddin Ruminin havasını oyatdı. Dahi sufiyə görə insan ağlayanda qəlbində güllər açar.

"Torpağın ruhu" hekayəsi isə bizi, xəyalən, doğma yurd yerlərinə aparır. Belə ki, hekayənin əhatə etdiyi qısa zaman kəsiyində düşüncələrin Göyçəyə qayıdışı qələmə alınıb.

Rüstəm Dastanoğlu yaradıcılığının özünəməxsusluğudur ki, yazılar müxtəlif illərdə, müxtəlif mövzularda yazılsa belə, ana xətt - milli təəssübkeşlik, fəlsəfi yanaşma, dövlətçilik şüuru, milli ruh - dəyişmir, analitik-fəlsəfi ehkamlar publisistik üslubla çuğlaşır. Yəni bu yazılar təküslubluğa sığmır.

Müəllifin əsir yurdda - Göyçədə ayaqyalın gəzdiyi yumşaq torpağın ruhunu özüylə gətirib övladına ötürməsi 30 ildən sonra torpaqların işğaldan azad olunması anlamındadır. Yazıçı bir daha insanın ruhi varlıq olduğu fikrini oxucularla bölüşür. İnsanı Vətənindən didərgin salmaq da olar, cismən məhv etmək olar, lakin ruhunu - "Allaha məxsus insan ruhunu məhv etmək bəndənin gücü daxilində deyil" fəlsəfəsini ortaya qoyur, ruhların azadlığı ideyasını gündəmə gətirir: "Birdən ona elə gəldi ki, canındakı o torpağın xoş giziltisi - ruhu onu qucaqlayıb yatan oğluna da keçdi... əminliklə inandı ki, günlərin birində belədən-elə, elədən-belə qaçdığı o torpağın üstündə oğlu da qaçacaq onun varlığına da bu xoş gizilti hakim kəsiləcək qədər başını sındırsa da, canındakı hissin ona hardan tanış olduğunu heç cür tapa bilməyəcək. Bunun belə olacağına özünü inandırdı, içində bir xoşbəxtlik havası dolaşdı yenidən oğluna qoşulub dərin yuxuya getdi..."

İnsanın psixi-ruhi vəziyyətlərini fizioloji vəhdətdə verə bilmək hər yazı sahibinə qismət olmur. "Torpağın ruhu" hekayəsində iki fərqli məqamda Rüstəm Dastanoğlu lövhələr yarada bilir.

"Qorxusundan dümağ olmuşdu, sir-sifəti göz yaşı içində idi. Uşaq ayıldığını görüb "ata" dedi, bərk-bərk onu qucaqladı, üstünə sərildi, göz yaşından islanmış üzünü atasının üzünə sürdü, eləcə qaldı. Atası bütün varlığıyla onun tez-tez çırpınan ürəyinin döyüntüsünü, hıçqırdıqca bütün bədəninin qalxıb-endiyini hiss eləyirdi, ağzına onun duzlu-turşməzə göz yaşının dadı hopmuşdu". Qorxudan ağarmaq, ürəkdöyünmə, bədənin əsməsi, ruhi sarsıntılar üçün xarakterik olan bu əlamətlər sonda sakitlik, əminlik tapan uşağın psixi halının təsviri ilə yekunlaşır: "Yenidən yuxuya gedib, sinəsində yatmış oğlunun eyni qaydada, tez-tez döyünən uşaq ürəyinin döyüntüsünü, aramla, dərindən alıb buraxdığı, üzünə yayılan isti nəfəsini, nəfəsdən sifətində əmələ gələn tər damlalarını öz bədənində hiss edirdi".

Rüstəm Dastanoğlunun yazılarında "tənhalıq", "köklənmə", "yol", "qapı" konseptlərinə tez-tez təsadüf olunur. Müəllif üçün tənhalıq, heç cəmiyyətdən uzaqlaşıb özünə qapanmaq yox, fikirlərin cilalanması, kölgədən çıxması üçün bir vasitədir. Cəmiyyəti irəli aparmaq yolunda məhz işıqlı fikir sahibləri tarixən tənhalığa çəkilən insanlar olub. Rüstəm Dastanoğlu köklənmə ilə bağlı yazır: "Təsadüfi deyil ki, seçilmişlər , həqiqəti dərk etmək üçün, təkliyə çəkilirdi, özüylə baş-başa qalırdı, özünə qapanırdı, özünə köklənirdi. Şüur mane olmayandan sonra, necə deyərlər, həqiqətin qapıları onların üzlərinə açılırdı, yəni, onların daxili köklənməsi ilə təbiətin köklənməsi vəhdətdə olarkən, həmin o mükəmməl əlaqə yaranırdı".

Başqa bir yazıda isə "köklənmə" "qapı" konseptləri arasındakı dərin dialektik əlaqəni oxucusu üçün belə açıqlayır: "Bəli, təəssüflər olsun ki, başı milyon kilometrlərlə uzaqlara qarışan insan özünü tamam unudub... həmin İlahi qapının açarı isə insan varlığının düzgün köklənməsindədir"

"Tənhalıq" konseptinə gəlincə, bu, Viktor Hüqonun qəhrəmanı, sürgündə ürəyi daşa dönmüş Jan Valjanın ağladığı yerdir. "Tənhalıq həsrəti" hekayəsində bu, uşaqlığı Göyçədə ruhsal, qutsal köklənmə ilə keçən, Lvovda "ələ keçirdikləri papağı satıb kef eləyən tələbənin tənhalıq axtarıb ağlamaq istədiyi" məkandır. Maraqlıdır ki, yazıçının yazılarında tənhalıq yolun başlanğıcıdır. Müəllifin "Yol" hekayəsində təsvir olunan yola diqqət edək: "Mən hələ ibtidai siniflərdən nədənsə, hardansa, o fikirlərlə yaşayırdım ki, böyüyüm, oxuyum, işləyim, insanlara, ətrafımdakılara köməyim, xeyrim dəysin. Həmişə beynimdə bu arzu, bu istəklə yaşamışam... Fikirləş, gör, sən o uzaq uşaqlıq illərindən bəri o istəklə, o arzularla yaşamısanmı? İçində gedib çatmaq istədiyin Yol olubmu?"

"Şeytan əməli" hekayəsi yazıçının daxili aləmini açmaqla yanaşı, zəngin dini-fəlsəfi dünyagörüşündən xəbər verir. Dialektik ziddiyyət özünü burada da göstərir. Öncə anasının dili ilə "Allah-təala hər bir insanı dünyaya xəlq eləyəndə beyninə şeytan qoyub bu şeytan həmişə insanın beyninə girib, onu dünya malına şirnikləndirib..."

Təsəvvüf əhlinə görə, nəfsin başını buraxmaq olmaz nəfsi öldürmək olmaz. Sufilərə görə, nəfs yüyrək bir ata bənzər. "Başını buraxsan, səni uçurumlara atar, öldürsən, miniksiz qalarsan". Nəfs, necə deyərlər, inkişafın hərəkətverici qüvvəsidir.

"Şeytan əməli" hekayəsindəki gözəl qız tənqidçi Əsəd Cahangirə görə ("Düşüncələrin kölgəsindən özünə") şər əməl hesab oluna bilir. Bizim qənaətimizə görə isə, daxilən təmiz, saf gözəllik şər kimi yozula bilmir.

Rüstəm Dastanoğlu "Dünyanı gözəllik xilas edəcək" fəlsəfəsinə uyğun tərzdə "Şeytan əməli" hekayəsində əvvəl sözlə gözəlliyin portretini çəkir, sonra bu gözəlliyin yaratdığı estetik zövqü (elə bil qızın xarici gözəlliyi, təmizliyi onun daxilini işıqlandırırdı, şənləndirirdi, saflaşdırırdı) poetikcəsinə təsvir edir, sonda gözəlliyin ülvi (Gözlərində hər şeyi gözəlləşdirmişdi, indi ətrafında oturan, ayaq üstə duran xəstələrə, ümumiyyətlə hər şeyə başqa gözlə baxırdı, hər şey ona doğmalaşmışdı) mahiyyətini oxucusuna çatdırır. Müəllif ehtirasdan uzaq, qərəzdən uzaq, insanlığa səsləyən bir ülvi gözəllik çağırışını ortaya qoyur! Estetik həzzin zirvəsi katarsis adlanır ki, bu da, ya hönkürtülü ağlamaq, ya da qəhqəhəli gülüş anlamındadır: "...Sən bir qızdakı qüvvəyə bax, haa! - deyib gülümsəməyə başladı. Yavaş-yavaş gülümsəməyi qəhqəhəyə çevrildi".

"Köklənmə ya kainatla təmasda" adlı analitik-fəlsəfi yazıda ad təsadüfi seçilməyib. Bu gün işğalda olan Göyçəmizdə aşıqlar sazı kökləyəndə hövsələsizlik edib "tez ifa etsəydi" deyərdik. Ustadlar isə, bizim tələsməyimizə fikir verməz, səbirlə saz kökləyərdilər.

"Beyindəki fikirlərə köklənmək" ifadəsinin ardınca müəllif "Mükəmməlliyə gedən Yol məhz o daxili köklənmədən keçir" fikrini ortaya qoyur. Müəllif Yolu böyük hərflə yazır. Çünki bu Yol İlahiyə qayıdışdır.

Diqqətimi çox məqamlar çəkdi - insanın yaratdıqlarının mükəmməlliyi ilə bağlı. Fikir verək - qanadı sınıq quş insanın yaratdığı təyyarə. Quş qanadı sınmış olsa belə, zədələnmədən yerə enə bilir. Bəs təyyarə?! İzaha ehtiyac varmı?

"İlahi köklənmə varsa, sən öz hissiyyatınla, varlığınla dünyanın, kainatın özü boyda olursan".

Bu məqamda Nəsiminin "Mən bu cahana sığmazam", Dədə Ələsgərin: "Dedim, könül, içmə eşqin camını, içsən, dünya sənə dar olacaqdı", Səməd Vurğunun "Əzəldən hüdudu yoxdur kamalın" fəlsəfi düşüncələri yada düşür.

Yazıçı İlahi həqiqətə qovuşmağın şüurla əlaqəsinin olmadığını göstərir: "Ağıl, şüur olan yerdə tam bağlantı, əlaqə yaratmaq mümkün deyil. Şüur insanı təkcə idarə etmir, idarə edə-edə çaşdırır, ikiləşdirir, İlahi təmasdan sapdırır".

"Təbiətdə insandan başqa hər şey öz kökündədi" fikrinin müəllifi çağımızda üzləşdiyimiz, təbii fəlakətlər adlandırdığımız kataklizmlərlə mübarizə, vaxtında onların qarşısının alınmasının vacibliyini illər öncə mətbuatda bəyan edir: "Milyardlarla sərmayələr yatırılır, Yerdən kosmosacan pullar səpələnir ki, təbiətdə baş verə biləcək kataklizmlərdən öncədən xəbər tuta bilək, bu məqsədlə peyklər, aparatlar istehsal olunur, amma hətta ən ultra müasir texnika belə təbiətlə bağlı informasiyanı adicə bir siçan qədər tam, düzgün ötürə bilməz".

"Bəli, mənəvi (ruhsal) köklənmə pozulduqdan sonra, onu yenidən bərpa etmək, yenidən kökləmək mümkünsüz görünür. İtirilmiş fiziki (maddi) köklənməni isə zamanla bərpa etmək mümkündür?..

"Həqiqətə aparan yol" analitik-fəlsəfi yazıda isə insanın cəmiyyətin maddi mənəvi olmaqla ikili xüsusiyyətindəki birtərəfliliyin hansı bəlalara gətirib çıxardığının şahidi oluruq. Müəllif "Konstitusiya yazılarkən əsrlərlə formalaşmış milli adət-ənənələrin üstündən sükutla keçmək olmaz", - deyir fikrini oxucu ilə real faktlara söykənərək bölüşür: "1988-ci ildə böyük insan kütlələri Qərbi Azərbaycandan didərgin düşdü. Bütün dövlət qurumları iflic vəziyyətdə idi. Heç bir yazılı qanun işləmirdi, insanlar dağlara, çöllərə səpələnmişdi. Amma bütün bunlara baxmayaraq onların aralarında heç bir kriminal hadisə qeydə alınmadı... Çünki onlar yazılmış qanunların deyil, min illərdən gələn adət-ənənələrin işlədiyi mühitdə göz açıb böyümüşdülər, o mühitə köklənmiş insanlar idi. Onların fiziki köklənməsi pozulsa da, mənəvi (ruhsal) köklənmə hələ diriydi".

Rüstəm Dastanoğlu dərin psixoloji təsir ovqatı yaradan hekayələr, analitik təfəkkürlü fəlsəfi yazılar müəllifidir.

Hələ 1989-cu ildə Ramiz Rövşən yaradıcılığına "Vətən istedadlı övladları ilə tanınır" adlı mənəvi səyahəti onu ədəbi tənqiddə sözü olan şəxs kimi tanıdır.

Bu ədəbi araşdırma poetik cümlələrlə başlayır: "Ramiz Rövşənin şeirləri haqqında yazarkən, gərək onları tənhalaşıb şərab kimi içəsən, "içdiklərinin" təsirindən sərxoş olub başlayasan o şeirləri sayıqlamağa:

 

...Bir dəfə gəlmişəmmi?

Gəlmişəmmi, görmüşəmmi?

Yaşamışam, ölmüşəmmi,

Dünya mənə tanış gəlir.

 

Bu yazı ilə tanış olandan sonra bu qənaətə gəlirsən ki, tənqidçi, ilk öncə, müəllifin dünyasına nüfuz etməyi, onun yaradıcılığını böyük sevgi səmimiyyətlə oxuculara təqdim etməyi bacarmalıdır.

"Ramiz dünyanı hamıya göründüyü kimi görmür. Bu boyda dünyanı, öz dünyasına tabe edir dünyanı öz dünyasından necə görürsə, o cür qələmə alır...

 

Sevincdən

Ürəyi atdana-atdana,

Kürəyində

Hörüyü atdana -atdana

Qaçdı Sona, qaçdı!

 

ya

 

Kiridim, tamam kiridim,

Bu qıfılım, bu kilidim,

Örtüldüm qapı kimi.

 

Gözləmədiyin fikir kələfinin içindən, birdən gözünü açırsan ki, vərəqin üstünə belə qafiyələr tökülüb. Baxırsan ki, bir-birinə mənaca uzaq olan sözlərdi: "ürəyi" - "hörüyü", "kiridim" - "kilidim" s. Amma bir-birinə tamam yad olan bu sözlər birləşəndə doğmalaşır".

Rüstəm Dastanoğlu tənqidi yazılarında müəlliflə yanaşı öz dünyagörüşünü təqdim edir bunu poetikcəsinə, səlis, fəlsəfi təfəkkürlə cilalayır.

Sonda Ramiz Rövşən yaradıcılığına münasibətdə Rüstəm Dastanoğlu həssas oxucuya çevrilir. Səmimi ürək sözlərini öz sevimli şairinə ünvanlayır: " sonda... yaxşı ki, təkcə bizim yox, bütün dünyanın şairi olan Ramiz Rövşən Azərbaycanımızın qismətinə düşüb. Deməli, Ramiz Rövşən Tanrının istəkli bəndəsi, Azərbaycan isə Tanrının nəzərində olan məkandı".

Rüstəm Dastanoğlu Azərbaycan tarixinə yaxşı bələd olmaqla yanaşı, bu bilgini gələcək nəsillərə öz düşündürücü fikirləri ilə ötürür. Müəllifin 1996-cı ildə dərc olunmuş "Mən Azərbaycana Fətəlixan Xoyskinin nəvəsi kimi gəlmək istəyirəm" publisistik məqaləsi bu sıradandır. Bu yazıda müəllif milli kimliyimizin yaddaşlardan silinməməsi yolunda mücadilə edən yazıçı-publisist kimi Fətəli xan Xoyskinin nəvəsi Kərim Məhmədzadənin gözü ilə Azərbaycan Demokratik Respublikası dövrünə ekskurs edir.

Digər publisistik yazısında "Daşkənd daşkəndlilər" kitabına yazdığı ön sözdə müəllif Azərbaycan folklorunu, sadə insanların həyatını öz məntiqi qənaətləri ilə poetik çalarlarla təsvir edir: "...Ot biçini vaxtı kişilər kərəntilərini götürüb örüşlərə ot biçininə gedirdilər. Durna qatarı kimi cərgəyə düzülüb biçənəklərdə göy ot biçirdilər, ot lay-lay yerə sərilirdi, Günəşin altında quruyurdu, sonra biçilən otları qadınlar, qızlar dırmıqlarla, yenyetmə oğlanlar isə yaba ilə yığıb toplayırdılar, xotmalayırdılar". Yazıçı əmək prosesini, oradakı halallığı oxucusunun gözü qarşısında canlandıraraq sanki bu mənzərəni kamera lentinə köçürür. 

Kitabda yer alan "Söhbətlər müsahibələr" bölməsi isə Rüstəm Dastanoğlunun şəxsi xarakterindəki milli təəssübkeşlik, vətəndaşlıq mövqeyini ortaya qoyur.

Görkəmli yazıçı Manaf Süleymanovla "Günortayadək.... üç saat" adlı müsahibədən məlum olur ki, Rüstəm Dastanoğlu sözlərilə portret yaratmağı bacaran müəlliflərdəndir. Gözlərimiz önündə Manaf Süleymanovun şəxsiyyəti canlanır: "Həlimliyi var, işıqlı siması var, ağayana hərəkətləri var... Konkretliyi, dəqiqliyi var. Sözlərində çəki, kəlimələrində dolğunluq var. Ən əsası insani keyfiyyətlərə malikdir, bu dünyagörmüş kişi".

"Göyçənin özü böyük bir akademiya idi" başlıqlı müsahibəsində Rüstəm Dastanoğlu lakonik fikirlərlə əzəli yurd yerimizin mənzərəsini təqdim edir. "Göyçəni göyçəkləşdirən tək Tanrı deyildi, həm bizlər idik. Onun daşının, qayasınını, torpağının dilini bilən bizlər.... Göyçə bizlərlə, öz əzəli sahibləri ilə gözəliydi. Göyçənin bünövrəsi sağlam sütunlar üstündə qurulduğundan mühit sağlam idi. Ona görə o mühitdən çıxan adamlar sağlam düşüncəyə, əxlaqa malik idi".

Bəli, mən bir oxucu kimi Rüstəm Dastanoğlunun düşüncələrinin kölgəsinə səyahətdən böyük mənəvi zövq aldım, xeyli məlumatlandım. Əslində, həqiqətən kağıza köçürülən yazılarda qələm sahibinin düşüncəsinin yalnız kölgəsini görmək olar.

Amma sonda həm onu qeyd etmək istərdim ki, Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabında təsvir olunan mənzərə mənəviyyatımı qidalandırmaqla yanaşı, ruhumu gözqamaşdıran bir işığa bələdi. Ad da elə öz-özünə yarandı: "Yazıçı düşüncələrinin işığında".

 

Nağdəli Zamanov

 

Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.28-29.