Uşaq və inanc
Hekayə
Nəcib
MƏHFUZ
(1911-2006)
"Yaxın
Şərqin Balzakı" ünvanını qazanmış
görkəmli Misir nasiri, dramaturqu və ssenaristidir. Ədəbiyyat
üzrə Nobel mükafatını qazanmış (1988) hələlik
yeganə ərəb yazardır.
Qahirə Universitetinin Hüquq
fakültəsindən məzun olub.
Ömrü boyu ən müxtəlif qurum və redaksiyalarda
çalışıb. Mədəniyyət
Nazirliyində müşavir vəzifəsində
işləyərkən pensiyaya
çıxsa da, qəzet və kinostudiyalarla sıx əməkdaşlığını
fasiləsiz davam etdirib.
1994-cü
ildə barəsində
dindarların ölüm fətvası
verməsi nəticəsində evinin önündə
bıçaqlanıb. Sağ qolundan aldığı zədə
yazmasını çətinləşdirsə də, ahıl
yazar qələmini əsla yerə qoymayıb.
Məhsuldar ədəbi fəaliyyəti
boyu 21 roman və 5 hekayə toplusu
çap etdirə bilib.
- Ata...
- Nə var?
- Rəfiqəm Nadiyə ilə biz həmişə bir yerdəyik.
- Bunda pis nə
var ki, balası?!
- Sinifdə də, tənəffüs vaxtı da, yeməkxanada da.
- Çox yaxşı. O, nəcib
və tərbiyəli qızdır.
- Təkcə ilahiyyat dərsində mən bir sinifə gedirəm, o
isə digərinə.
Kişi
süfrə örtüyü
tikən arvadına nəzər salanda onun
gülümsündüyünü sezdi.
Odur ki, təbəssümlə cavab
verdi:
- Hə də, bu şərt təkcə ilahiyyat dərsi
üçün keçərlidir.
- Axı niyə, ata?
- Çünki sənin bir dinin var, onun isə başqa.
- O necə olur?
- Sən müsəlmansan, o
isə xaçpərəst.
- Niyə axı, ata?
- Hələlik balacasan, böyüyəndə özün bunu başa
düşəcəksən.
- Mən böyüyəm də artıq.
- Yox, balası, sən hələ balacasan.
- Bəs niyə mən müsəlmanam?
Bu yerdə kişi səbrini basmalı və sözləri
ehtiyatla seçməliydi ki, çağdaş tərbiyə
üsullarına hər hansı xələl gətirməsin.
- Sənin atan da, anan da
müsəlman olduğundan sən də müsəlmansan.
- Bəs Nadiyənin?
- Onun isə ata-anası
xaçpərəstdir, bundan dolayı özü də
xaçpərəstdir.
- Atası sırf gözlük taxdığı
üçünmü xaçpərəst sayılır?
- Yox, qızım, gözlüyün buna heç bir dəxli
yoxdur. O qızın elə babası da xaçpərəst
olub, ona görə...
Kişi
bir istədi ki, Nadiyənin
yeddi arxadan dönəninin də xaçpərəst
olduğunu sayıb-sadalasın - bəlkə bu sayədə
qızı bezib, başqa mövzuda söhbətə
başlayaydı.
O ara qız soruşdu:
- Yaxşı, elə isə müsəlman olmaq yaxşıdır,
yoxsa xaçpərəst?
Bir qədər fikirləşən
kişi dilləndi:
- Hər ikisi yaxşıdır.
- Ancaq bunlardan hansısa daha yaxşı olmalıdır, ya
yox?
- Bu dinlərin elə hər
ikisi gözəldir.
- Bəlkə Nadiyədən
heç ayrılmayım deyə, mən də
xaçpərəstliyi qəbul eləyim?
- Yox, qızım, bu iş imkansızdır. Hər bir övlad
öz ata-anasının dininə sadiq qalmalıdır.
- Axı, niyə ey?
"Həqiqətən də,
indiki zəmanədə
uşağa tərbiyə vermək xeyli müşkül
işə dönüb ha!"
Atası
suala sualla cavab verdi:
- Bunu öyrənmək üçün böyümək
istəmirsən sən?
- Yox, ata.
- Yaxşı. Sən heç bilirsən bu
"moda" deyilən şey nədir? Bax, kim isə bir modaya
üstünlük verir, digəri isə başqa modaya. Müsəlman
olmaq - dində bir növ ən son modadır. Odur ki, sən də
məhz müsəlman olaraq qalmalısan.
- Onda belə çıxır ki, Nadiyə köhnə
modaya üstünlük verir?
"Sən o Nadiyən ilə birgə məni lap boğaza
yığdınız ha!"
Bacardıqca ehtiyatlı davranmağa
çalışırdı:
görünür, hər şeyə rəğmən, bayaq
bir yanlışa yol verib. Gərək indi bu yaranan durumdan hər
nə cürsə çıxaydı.
- Bilirsən, bu - bir zövq
məsələsidir, ancaq yenə də hər kəs gərək
valideynlərinin dininə sadiq qala.
- Mən onun köhnə,
özümün isə təzə modaya uyduğumu Nadiyəyə
söyləyə bilərəm?
Atası
qızın sözünü
kəsdi:
- Hər din gözəldir,
çünki müsəlmanlar da, xaçpərəstlər
də tək Allaha iman gətirirlər.
- Bəs elə isə bunu niyə ayrı-ayrı sinif
otaqlarında edirlər?
- Çünki onların sitayiş tərzləri bir-birindən fərqlənir.
- Niyə fərqlənir axı?
- Bunu sən gələn,
ya da o biri il öyrənəcəksən. Hələlik isə
həm müsəlmanların, həm də xaçpərəstlərin
tək Allaha inandıqlarını bilmən yetərlidir, bala.
- Ata, bəs sənin Allahın
kimdir?
Kişini
əl-ayaq basır.
Uzun-uzadı fikrə dalır. Sonra təmkinlə
qızından soruşur:
- Bununla bağlı müəllimən sənə nə deyib məktəbdə?
- O, bizə bir surə oxudu, sonra
isə bir dua əzbərlədik, ancaq mən bunlardan
heçcə nə anlamadım. Ata, sənin Allahın kimdir?
Bir qədər də düşünən kişi gülümsəyərək,
başdansovduya bənzər bir cavab verir övladına:
- O - bütün xilqətin
yaradıcısıdır.
- Bütün xilqətin?
- Hə, bütün xilqətin.
- Bəs "yaradıcı"
nə deməkdir?
- Bax, bütün bu gördüklərini yaradan, yoxdan var eləyəndir
o.
- O, bunu necə bacarıb?
- Özünün misilsiz iradəsi sayəsində.
- Bəs o, harada
yaşayır?
- Dünyanın hər guşəsində.
- Bəs dünyanı xəlq edənə qədər o, harada
yaşayırdı?
- Yüksəklərdə, la-a-p
yuxarılarda...
- Səmada?
- Hə.
- Mən onu görmək
istərdim.
- Bu...
mümkün deyil axı.
- Televizorda da onu görəmmərəm?
- Heç televizorda da.
- İndiyəcən heç
kəs onu görməyib ki?
- Heç kəs.
- Bəs onda sən
haradan bilirsən ki, o, yuxarılardadır?
- Çünki bu şəksiz-şübhəsiz belədir.
- Onun yuxarıda olduğunu bəs ən əvvəl kim xəbər
verib?
- Peyğəmbərlər.
- Peyğəmbərlər?
- Hə. Məsələn, Muhəmməd
peyğəmbər.
- Ata, bəs o, bunu haradan öyrənib?
- İlahi vergi sayəsində.
- Bəyəm o, gözəgörünməzləri
də görürmüş ki?
- Hə.
- Niyə, ata?
- Çünki Allah-təala
onu bizlərdən fərqli
yaradıbmış.
- Ancaq yenə də olsun, axı niyə?
Səbri
lap daralan kişi dilləndi:
- Çünki o, nəyi
necə istəyirsə, elə də xəlq eləyir.
- O, necə biridir ki?
- Çox güclüdür,
hədsiz güclü. Buna görə də
hər şeyi bacarır.
- Lap sənin kimi, ata?
Kişi
gülməkdən özünü
zorla tutdu:
- Yox, onun misli-bərabəri
yoxdur.
- Bəs onda niyə
o yuxarılarda yaşayır?
- Çünki bu Yer üzü ona darlıq edir. Ancaq o, burada hər
olub-bitəni görür.
Bir az fikrə gedən
qız soruşdu:
- Nadiyə isə deyir ki, o, nə vaxtsa Yer üzündə
yaşayıb.
- O, Yer üzündə hər
olub-bitəndən agah olduğu üçün, hə,
insanlar adətən belə deyirlər. Elə sanılır
ki, o da bizim aramızda yaşayır.
- Rəfiqəm deyir ki,
insanlar onu vaxtilə qətlə yetiriblər.
- Ancaq o, ölümsüz
olduğundan əsla ölə bilməzdi.
- Nadiyə
isə deyir ki, insanlar onu öldürüblər.
- Yox, balası, insanlar özlərini inandırıblar ki, guya
onu öldürüblər. Əslində isə o,
ölüb-eləməyib, həmişə diridir.
- Mənim babam da
sağdır?
- Yox, sənin baban ölüb.
- Onu da insanlar
öldürüblər?
- Yox, öz əcəliylə
ölüb.
- Necə yəni?
- Xəstələnib və
ölüb də.
- Onda indi xəstə
yatan bacım da öləcək, eləmi?
Arvadının qaşqabağını salladığını sezən
ata qaşlarını çatıaraq dilləndi:
- Yox, inşallah, bacın sağalacaq.
- Bəs onda babam
niyə öldü?
- Çünki həm yaşlanmışdı, həm də xəstə
idi.
- Elə isə sən də yaşlı və xəstəsən.
Bəs sən niyə ölməmisən?!
Bu yerdə anası qızın üstünə
çımxırdı və özünü itirən
uşaq baxışlarını anasından ayırıb, təkrar
atasının üzünə zillədi.
- Allah nə vaxt uyğun bilsə,
onda da öləcəyik, çünki hər şey onun
hökmünə, məsləhətinə
bağlıdır, - deyə kişi bayaqkı sualı
cavablandırdı.
- Bəs niyə o, bizim
ölümümüzü istəyir ki?
- Hər şey onun məsləhətinə uyğun baş
verir axı.
- Ölüm necə, yaxşı şeydir?
- Yox, balası.
- Bəs onda Allah niyə belə,
yəni yaxşı sayılmayan işlərə qol qoyur?
- Əgər Allah belə
uyğun görürsə, deməli, insanlar ölməlidir də.
- Yox ey, axı,
özün dedin ki, ölüm yaxşı şey deyil.
- Dilim çaşdı, balası.
- Bəs mən: "Sən niyə hələ ölməmisən?"
deyə soruşanda, anam niyə özündən
çıxdı?
- Çünki Allah hələlik
bunu mənə rəva bilmir.
- Bəs nə vaxt rəva biləcək?
- Bizi bu dünyaya
göndərən də, buradan alıb-aparan da odur.
- Axı, niyə görə?
- Ona görə ki, burada olduğumuz müddətdə
xeyirxah əməllər işləyə bilək.
- Bəs niyə biz burada həmişəlik
qalmırıq?
- Çünki insanlar Yer üzünü tərk eləməsələr,
burada hamıya yer çatmaz.
- Bəs niyə bütün yaxşı əməllərimizi
biz burada qoyub, getməliymişik?
- Çünki o gedəcəyimiz
yer buradan daha gözəldir.
- Haradır ey ora?
- Yuxarılar.
- Allah olan yerlər?
- Hə.
- Orada onu görəcəyik?
- Hə.
- Bu, yaxşı şeydir?
- Əlbəttə ki.
- Sırf elə buna görə
Yer üzünü tərk etməliymişik biz?
- Ancaq hələlik biz
gücümüz yetəcək qədər xeyirxah əməllər
işləməmişik.
- Babam necə,
bunu bacarmışdı?
- Hə.
- Neyləmişdi ki, o?
- Ev tikib, bağ
salmışdı.
- Bəs xalam oğlu Tutu nə eləmişdi?
Kişi
yenə çarəsizliyə
qapıldı və yardım istəyərmiş
kimi arvadına tərəf baxdı. Sonra dilləndi:
- O da bu dünyadan köçməzdən əvvəl
kiçik bir ev tikmişdi özünə.
- Qonşumuzun oğlu Lulu həmişə
məni döyür və xeyirxahlığın nə
olduğundan yerli-dibli xəbərsizdir.
- O, bir avaradır.
- Bəs o, necə, ölməyəcək?
- Allah rəva biləndə o da
öləcək.
- Heç bir xeyirxah əməl işləməsə də,
öləcək, eləmi?
- Hər kəs öləcək. Xeyirxahlar Allahın dərgahına
yollanacaq, şər iş tutanlar isə atəşdə
yanacaqlar.
Köksünü ötürən qız
bir ara susdu.
Kişi
özünü əldən
düşmüş biri kimi hiss etməkdəydi.
Verdiyi cavabların doğru-yanlışlığından isə
hələ də narahat idi. Eşitdiyi tərs suallar qəlbinin
dərin guşələrindəki o şübhə pərdələrini
yırtıb-tökmüşdü.
Qız bayaqkı fikrini təkrar dilə gətirdi:
- Mən həmişə Nadiyə ilə olmağı arzulayıram.
Atasının çaşqınlığa qapıldığını görüncə,
qız öz fikrini tamamladı:
- Hətta ilahiyyat dərsində də.
Kişi
ucadan qəhqəhə
çəkdi. Arvadını da gülmək
tutdu.
Bir ağız əsnəyən
kişi dedi:
- Bu cür məsələləri
övladımla götür-qoy edəcəyim heç
ağlıma gəlməzdi, vallah.
Arvadı
söhbətə qoşuldu:
- Qoy hələ bir qızın böyüsün, onda
içində baş qaldıran bütün şübhələri
sən onunla gen-bol paylaşarsan.
Arvadının bunu zarafatla, yoxsa ciddi şəkildə dediyini öyrənmək
istəyən kişi cəld ona sarı qanrılanda
gördü ki, qadının bütün fikri-zikri əlindəki
tikməyə cəmlənib.
Nəcib Məhfuz
Tərcümə:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.31.