Fransalı uşaq yazarı: "Ölümə
dair suallara cavab vermək, müəyyən inanclarımız,
bütün cavabları ehtiva edən dinimiz olsa belə
çox çətindir"
Müzakirə-müsahibə
Yazıçı Brijit Ləbi (Brigitte Labbe) 1960-cı ildə Fransada doğulub. Sarbonna Universitetinin Fəlsəfə fakültəsini bitirib, orada professor adını alıb. Musiqiçi həyat yoldaşı və iki qızı ilə birlikdə Parisdə yaşayır. Hələ tələbə olarkən mürəkkəb fəlsəfi məfhumların uşaqlara asan yolla çatdırılması mövzusunda müəyyən araşdırmalar edən və bu mövzuda saysız kitab yazan yazıçının uşaqların oxumalı olduğu kitablar mövsuzunda müsahibəsini təqdim edirik.
- Mövzu uşaq ədəbiyyatı
olanda,
o uşağa cavabdeh olan böyüklər kitablardakı
müəyyən elementlərə narahatlıqla yanaşırlar. Məsələn, ölüm, cinsəllik kimi danışmaqda çətinlik
çəkdikləri mövzuların kitabda necə verilməsinə diqqət edirlər. Yaxud mədəniyyət, inanc, öyrədilənlərdən və dəyərlərdən kənar davranış, ifadələrin olmağına da eləcə. Bu narahatlıq haqqında nə
düşünürsünüz?
- Bəlkə də, ilk növbədə bu sualı verməliyik: Kitablar cəmiyyətimizin, inanclarımızın, vərdişlərimizin, fikirlərimizin, dünyaya bizim münasibətimizin eynisi olmalıdırmı? Məncə, əksinə, kitab özümüzü, düşüncələrimizi, zehnimizi fərqli mədəniyyətlərə, fərqli inanclara, fərqli düşüncə və davranış tərzinə açmaq üçün gözəl fürsətdir. Dediyiniz narahatlığı başqasında axtarmaq lazımdır. Öz vərdişlərindən kənara çıxma narahatlığı, başqa inanclarla üzləşmə narahatlığı, başqalarına üz tutma, onlarla bölüşmə narahatlığı... Haqqında danışdığımız narahatlıq budursa, bu, böyüklərin narahatlığıdır və böyüklərin etməli olduğu ilk şey, öz narahatlıqları ilə üzləşməkdir. Bunu uşaq ədəbiyyatına yansıtmaq yox. Mən də bir ana olaraq uşaqlarımın, mütləq onlar üçün olmasa da mənimçün şokedici elementlər ola biləcək kitablarla əhatə olunduğunu düşünəndə böyüklərin yaşadığı hissləri və bu kitabların uşaqları üzərindəki yarada biləcəyi təsirləri haqqında özlərinə suallar vermələrini çox da gözəl başa düşürəm. Düşünürəm ki, burada çox sadə bir cavabım var; Biz, böyüklər, ancaq uşağı belə bir vəziyyətdə o kitabla tək-tənha, "şokedici" hesab etdiyimiz şeylə təkbətək qoysaq, o qorxduğumuz, son dərəcə mənfi təsirə səbəb olarıq. Amma əvəzində uşağa oxuma macərasında yoldaşlıq etsək, onunla birlikdə kitabı oxusaq, ona nəyin pis təsir etdiyini və ya bizim ona pis təsir edəcəyini düşündüyümüz şeyin haqqında danışsaq, bunu edərkən də öz problemlərimizi bu prosesə qatmadan, həqiqətən də uşağın oxuduğu şey qarşısında tarazlığının pozulub pozulmadığına əmin olsaq kitab bir vasitəyə çevrilər. Çünki, təəssüf ki, biz böyüklər uşağın bir problemi olub-olmadığını bilmədən öz problemlərimizi ona əks etdirməyə meylliyik. Sözügedən element və ya mövzu haqqında danışmaq ünsiyyət qurmaq və şərh etmək çox fayda verir. Uşaq və böyüklər arasında narahatlıq yaradan təsirlərdən və ya travmalardan uzaq səmimi, həqiqi və dərin ünsiyyətin hökm sürdüyü, gözəl söhbət mühiti yaradır.
- Deyək ki, böyüklərin qorxduğu vəziyyət yaşandı və uşaq kitabdakı bir elementə
ilişib qaldı, ondan narahat oldu.
Ailəsində,
evində
və ya mədəniyyətində
ayıb sayılan və
qəbul edilməyən bir
şey gördü
və təəccüb içində
güvəndiyi böyüyünə yaxınlaşıb bu haqda sual verdi. Burada o böyük nə etməli olduğunu düşünür...
- Tutaq ki, siz anasınız, atasınız, müəllimsiniz ya da uşağa himayədarlıq edən bir böyüyüsünüz. Uşaq bir kitabı oxuyarkən və ya kitabı bitirdikdən sonra yanınıza gələrək oxuduqlarından çox təəccübləndiyini, çaşdığını və ya narahat olduğunu söylədi. Gəlin bundan zövq alaq, çünki bu möhtəşəm bir şeydir! Hər şeydən əvvəl, bu o deməkdir ki, kitab üzərinə düşəni edib, uşaqda bir fikir, bir duyğu, bir ideya yaradıb. Belə anda edilməli olan şey uşağı müşayiət etmək və ona suallar verməkdir. Kitabda onu nəyin təsirinləndirdiyini və ya kitabda nəyi bəyənmədiyini anlamaq... Bu, gözəl müzakirənin, veriləcək tamamilə yeni sualların, uşaqla böyüklər arasında dərin söhbətin başlanğıcı ola bilər. Sizə bir misal verim: Viktor Hüqo qızının ölümündən sonra sonsuz hüznlə dolu məşhur "Sabah tezdəndən" ("Demain des l'aube") şeirini yazıb. Mən də bu şeiri oxumuş bir uşaqla tanış oldum. Ağıla gələn ilk şey, bu şeirdəki hüznün onun yaşına uyğun olmadığını, bu şeiri oxumamalı olduğunu, bunun çox yanlış hərəkət olduğunu söyləmək ola bilərdi. Çünki uşaq bu şeiri oxuyandan sonra uzun müddət ağlamışdı. Amma əvəzinə biz onunla şeirdə onu bu qədər incidən şeyin nə olduğunu müzakirə etdik. Bu nöqtədə ortaya nə çıxır, bilirsən? Uşağın atası üçün nə qədər darıxdığı. Bu şeir sayəsində onun daim səfərdə olan və demək olar ki, evə gəlməyən atası olduğunu, atasının yoxluğunu heç vaxt dilə gətirmədiyini öyrəndik. Ədəbiyyat - bu kitab da ola bilərdi - uşağa öz duyğularını dilə gətirməyə imkan yaratmışdı. Deyə bilərdik ki, "bu dəhşətdir, uşaq belə şeyləri oxumamalıdır, baxın, ağlamağına səbəb olur" və s. Ancaq özümüzə deməli olduğumuz şey bunun tam əksidir: Şeir onu təsirləndirdi və uşaq özü haqqında vacib şeylər danışdı. Bu möhtəşəm şeydir... Başqa bir misal çəkək. Təsəvvür edin ki, uşağın oxuduğu kitabda iki kişi və ya iki qadının əl-ələ tutduğunu və onların sevgili olduqlarını müşahidə edirik. Bu, yəqin ki, bəzi ölkələrdə böyüklərin şoka düşəcəyi nümunədir. Tutaq ki, kitabda belə bir səhnə var və siz hazırladığınız yeməyə yerkökü, kartofları doğrayarkən uşağınız gəlib deyir ki, "Ana, ata, gör, kitabda nə yazılıb, iyrəncdir"! Belə vəziyyətdə nə edəcəyik? Kitabı yandıracağıq? Ya uşağımızla bu haqda danışacağıq? Ona müxtəlif cinsi oriyentasiyalardan danışacağıq? Bəzi ölkələrdə bu tamamilə qəbul edildiyindən və hətta kişilər kişilərlə, qadınlar da qadınlarla evlənə bildiyindən; bəzi ölkələrdə bunun, ümumiyyətlə qəbul edilmədiyindən və hətta həbslə cəzalandırıldığından; bəzi ölkələrdə buna icazə verilib-verilmədiyini bilmədiyimizdən və ya bəzi ölkələrdə homoseksualların gizləndiyindən danışa bilərik. Uşaqlarla birlikdə yeni nələrsə öyrənərək... Əlbəttə ki, bir böyük olaraq bu mövzudakı öz düşüncələrimiz də deyə bilərik. Dəyərlərimiz, baxışlarımız, inanclarımızdan danışa bilərik... Beləliklə, uşağı hər şeyin diqqətdən kənarda qaldığı bir sahəyə məhkum etməkdənsə fikirlərin dolaşdığı, inkişaf etdiyi və hər yerdə eyni olmadığını göstərərək nəhəng dünya ilə tanış edərik.
- Amma böyüklər bu və
ya buna bənzər mövzulardan,
onların yaradacağı
suallardan
çəkinirlər. Çünki onlar həmişə
onlara fərqli və
ya zidd görünən məsələlərə necə
cavab verəcəklərini bilmirlər. Cavab verə bilməmək də onları
qorxudur...
- Valideynlərin övladlarının bəzi sualları qarşısında niyə çaşqın qaldığını və onlara necə cavab verəcəklərini bilməmələrinin səbəbini başa düşmək çətin deyil. Elə problem də burdadır: Kim deyir ki, mütləq cavab verməliyik? Bəli, bəzən cavabımız olmur. Belə hallarda vacib olan uşaqlarla birlikdə sual verməkdir. Uşağa "Yaxşı, bəs, sən bu mövzuda nə düşünürsən"? sualını yönləndirmək. Məsələn, təsəvvür edək ki, uşağın babası vəfat edib və o "Babam haradadır"? deyə soruşur. Haradadır? Mürəkkəb sualdır. Ölümə dair suallara cavab vermək, müəyyən inanclarımız, bütün cavabları ehtiva edən dinimiz olsa belə çox çətindir. Bunlar heç vaxt asan dialoqlar deyil. Bu halda niyə uşaqdan soruşmuruq ki, o bu haqda nə düşünür?! "Sən harada olmağını istəyərdin? Hələ də onunla danışa biləcəyini düşünürsən? Hələ də səni eşidirmi"?.. Söhbət uşağa bunun danışıla biləcək mövzular olduğunu hiss etdirəcək suallar verməkdən gedir. Çünki uşaqların oxuduqlarından təsirlənib alacaqlarını düşündüyümüz travma, əslində biz böyüklərin suallar qarşısında səssiz qalaraq yaratdığı travmadır. Biz susmaqla, mövzular haqqında danışmamaqla uşaqların böyüməsinə kömək etmirik. Əksinə, onları öz qorxularımızla əhatə etməklə, onların stress və narahatlıq içində böyüməsinə səbəb oluruq.
- Yetkinlərin həddindən çox işi olur. Övladlarının oxumalı
olduğu kitablarla bağlı kiminsə məsləhətin ehtiyacları
var. Yarmarkalara gedən, telefon ya da elektron poçtla nəşriyyatlara müraciət edib təklif alan böyüklərin sayı
çox azdır. Təklif,
tövsiyyə
məsələsi daha çox müəllimlərin
üzərinə
düşür. Fransada bu vasitəçilik necə
tənzimlənir?
- Fransada çox güclü kitab mağazalar şəbəkəsi var. Onlar həmçinin uşaq ədəbiyyatında məsləhətçi rolunu da öz üzərinə götürürlər. Kitabçılar, ümumiyyətlə, satdıqları kitabların nə olduğunu yaxşı bilən mütəxəssislər olurlar. Valideynlər kitab dükanlarına gedəndə, nəinki uşağın yaşına uyğun kitab istəyə bilər, həm də gündəmində olan problemə uyğun da kitab soruşa bilər. "Uşağımın babası çox xəstədir, bu prosesi dəstəkləyəcək kitabınız var?" və ya "Bu yaxınlarda itimizi itirmişik, bu barədə danışmağımıza kömək edəcək kitabınız var?" sualları ilə müraciət edilən neçə kitabçı tanıyıram. Kitab mağazaları şəbəkəsi ilə yanaşı bələdiyyə kitabxanaları şəbəkəsi də mövcuddur. Bu kitabxanalar tabe olduqları bələdiyyə tərəfindən maliyyələşdirilir. Hər bir bələdiyyə kitabxanasında uşaq və gənclər ədəbiyyatı sahəsində mütəxəssis olan kitabxanaçılardan ibarət uşaq və gənclər şöbəsi fəaliyyət göstərir. Siz bu kitabxanalara üzv olub istədiyniz kitabı götürə bilərsiniz. Kitabxanaçılar kitablar haqqında məlumatlı olduqları üçün oxuculara faydalı təkliflər verirlər. Təbii ki, məktəblər var və bu məktəblərdəki məlumat mərkəzlərində uşaq və gənclər ədəbiyyatını yaxşı bilən insanlar çalışır. Müəllimlər də oxunacaq kitabları müəyyənləşdirir, lakin müəyyən məlumatları çatdırmaq və ya sözügedən əsər üzərində işləmək üçün daha çox rəsmi proqramda olan kitabları seçirlər. Ona görə də onların sahəsi bir az fərqlidir, müəllimlərin seçdiyi kitablar tələbələr üçün maarifləndirici vasitə rolunu oynayır.
Hazırladı:
Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2023.- 23 sentyabr.- S.32.