Günəş
baxdı,
çiçək oldun,
Yaxdı məni, çiçək odun...
Bir ölümün gecə adı,
Yuxumun pəncərəsisən.
Divarların qan yaddaşı
Buludların üstə aşır.
Ayrılığın ağıl dişi,
Qorxumun pəncərəsisən.
Tanrıların üzü dönür,
Ovcunda gizlə bu dini!
Bir duanın doğum günü,
Ağrımın pəncərəsisən.
***
Bu gecə payızın yuxusu qaçıb,
gözləri yumulmur göy üzünün də.
Baxır
kor ovcundan Tanrıya sarı,
öpür duaların payız
üzündən...
Bu gecə payızın yuxusu qaçıb,
baxır
pəncərədən dan papağına.
Hərdən oğrun-oğrun gözünü
açıb,
baxır
buludların göz qapağına...
Bu gecə payızın yuxusu qaçıb,
qorxur yarpaqların sarı rəngindən...
Səssizlik notundan qorxmasın
deyə,
gözləyir bayırda qapı
zəngi də...
***
Payızın dan rəngiyəm,
məni
saxla yadında.
Son telefon zəngiyəm
bir günahın adından.
Gəlib
tutdu yaxamdan,
bir küsməyin qoxusu.
Yenə
qaçıb bu gecə,
ayrılığın yuxusu...
Yaddaşını yuyuram
bir ovuc göz yaşının.
İndi xatirən qatır
duamızın başını.
***
Tut əlindən bu kimsəsiz soyuğun,
Şaxta
vuran anımızı
isidək.
Duaların dodağında uçuşaq,
Göy üzündə qanımızı
isidək.
Uzaqların qucaqlayaq boynunu.
Alın
yazımızın pozaq
oynunu.
Dəyişəkmi tanrıların əynini,
Son nəfəsdə əynimizi
isidək?!
Yenə
sabahların çatılır
qaşı.
Yenə
duaların tökülür
dişi...
Açıb qucağını gülür
kişmişi...
Deyir, tez gəl, sonumuzu
isidək...
Tut əlindən bu kimsəsiz soyuğun.
***
Getmə,
uzaqlar da qayıdır,
getmə,
yetim qoyma ayaq izini.
Getsən
nəbzi dayanar göy üzünün,
getsən,
özünlə apar alın
yazımı...
Getmə,
oktyabr ayıdı;
Getmə,
güllələmə payızın saralan yanaqlarını,
dar ağacına çəkmə
cümə günlərini...
...Getsən, dodaqlarımı
da apar özünlə,
Dola boynuna şərf kimi,
üşütməsin göz yaşımın soyuğu.
Heç
olmasa, indi getmə,
cığırlar yuxuludu,
küçələr uyuyur.
Getmə,
əynini dəyişir,
birdən
utanar dan yeri.
Getmə,
bütün dualar gözümdən
düşür.
***
Tanrı
bildim bir kölgənin oynunu,
Alnımın notunu yazdı qanıyla.
Ayrılığın o bükülü
boynunu
Ölçdü ay işığı öz qapanıyla.
Son nəfəsin fotosuna uduzdum.
Göz yaşımın butasına
uduzdum.
Mən ölümü atasına
uduzdum,
İndi ölüm əlləşir
öz canıyla...
Şam kimi əridi dualarım da;
Yıxıldım bu axşam dualarımdan.
Pozuldu yuxusu boyaların da,
Od olub oynayır öz dumanıyla...
***
Oğlum,
oğlum, gözəl
oğlum,
Hər ağrının bir dişi var.
Hər gülüşün, hər
sevincin
Yoxa çıxan keçmişi
var.
Hər baxışın duman-çəni
Gəlib
üzünə söykənir.
Küsdürmə yetim kölgəni
Onun da öz vərdişi var.
Süd verəndə sözün
döşü,
Bir yad ocaq öpər qışı...
İtkin
düşən o öpüşün
Axı,
səndə nə işi var?!
Yapış bir izin dişindən,
Yuva tik ruhun qumaşından...
Boyunu ölç Günəşin
də,
Hər ölçünün ağuşu
var...
Unuduram
Rüstəm Behrudiyə
Hardasa işığın qoxusuna
vurulur
göy üzünün yaddaşı.
Hardasa qaranlığın əlindən
tutur
unudulmuş payız notu.
Hardasa güllələnir
dan yerinə düşmüş
dualar.
Hardasa Tanrının özünə
qarışıb başı...
Hardasa
düyməsi qırılmış ağ bulud,
başını qatır yuxusu qaçmış bir odun.
Mənsə yaddaşımın rəsmini
çəkirəm
boz çöllərin qan qırmızısı köynəyinə...
...Və unuduram
təqvimlərdən yıxılıb
düşən
bütün
doğum günlərini.
Unuduram alınyazımın qanadlarını...
Unuduram,
dar ağacının
kəsilmiş saçlarını...
Unuduram!..
Unuduram kölgəmin baş hərflərini də...
Bircə
son nəfəsimin əlində
tutduğu
gözləri qaralmış işıqdan
savayı.
***
Bütün kölgələr susur,
saatlar kiriyir burada.
Su üzündə yuxuya gedir
payızın gözyaşları.
Xəzəllər tabutunu axtarır
kötüklərin üzərində...
Ağaclarsa,
yuxuya gedib bir baltanın
kölgəsində.
Mənsə kötüklərin yanaqlarından
qırışlarını təmizləyirəm
sentyabrın acığına.
Qəfildən gəlib alnımdan
öpür,
əli çəlikli bir külək.
Mən yox,
həyat
yoldaşım tanıdı
həmin
küləyi öpüşünün
səsindən...
İsmayıllı, Qaranohur
***
Məktub
yazma, ağ kağıza gülümsə,
Göndər mənə, biləcəyəm
halını...
Hər gedişin qayıdışı
ölümdü,
Yorulanda
gözləyirəm yolunu.
Ağ şərfini saxlayıram
hələ də,
Boynuna doladım hər xatirənin.
Yorğanı çək, bax,
üşüyür ayağı,
Mənsiz
yatammayan bir xatirənin...
Yuxunu söndür gəl, lap ölümsayaq,
südü bitən ağrı,
bəlkə, kiriyə...
İçimdə adını çəkmişdim
bayaq,
Divarda şəklin döndü geriyə...
Payız
da bu gecə yorğun, əsəbi,
Sənli
xatirələr gözümdən
axır.
Səsinə inanmır saat əqrəbi,
Sənmi
gəldin - deyə qapıya baxır.
***
Küçələr yoluna çıxdı son dəfə,
işıq dirəkləri alqışa
tutdu.
Qoluna girdiyin həmin məsafə,
sən gedən gecəni qarğışa tutdu.
Ayrılıq sözü var hər
bir ətirdə,
bəzənib yenə də bir addım səsi.
Boynubükük baxır xatirələrdən
payızın sonuncu şənbə
gecəsi.
Nəbzini donduran bir ürkək baxış,
öpdü bu gedişin dodaqlarından.
Rəsmini çəkibmiş o həmin yağış,
göz yaşın gülürdü
yanaqlarında...
Təqvim
güllələmək gəlməsin
asan,
fəsillər bakirə, qatil utancaq!...
Əgər bir gün məndən ötrü darıxsan,
hər gün unutduğun duaya bir bax...
***
Uçurdu,
uçurdu tanımadığım saat əqrəbləri
kölgəmin daşlarını.
Sonra içirdi dualarım
içirdi doğum günümə
ölümcül həbləri...
Ardınca girov götürdü
gülüşlərimi,
girov götürdü
ötən payızın sonuncu
bazar günü.
Göz yaşlarımsa əlil oldu
dekabrın yuxusuz səngərlərində...
Bir gün üz-üzə gəldik yanağımdakı
qaranlıqla;
Öpdü gözlərindən alınyazımın.
Və dedi:
- Gözlərinlə o qədər
əlbəyaxa oldu ki,
çapığı var göz yaşlarının.
Tural Turan
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.11.