Turan Cavid haqqında
bəzi xatirələr
Belə
insanlar dünyaya az-az gəlir və
gedəndə
özləri ilə
sanki bir dünya aparırlar...
Bu ilin oktyabr ayının
2-də böyük dramaturq
və şair H.Cavidin qızı
Turan xanımın anadan olmasının 100 illiyi qeyd olunacaq.
Ömrünün son səkkiz
ilində onunla müntəzəm təmasda
olan bir şəxs kimi, Turan Cavid haqqında
xatirələrimin bir
hissəsini oxucularla bölüşmək istəyirəm.
Mən bir müddət (1995-1997)
Milli Məclisin bir strukturunda fəaliyyət göstərdim. Oradakı
iş yoldaşlarımdan
biri söhbət əsnasında H.Cavid
mövzusuna və Cavidlər ailəsinə böyük marağımı
bildi və məni Cavid muzeyinə aparmağa, Turan xanımla tanış etməyə söz verdi.
1996-cı
ilin sentyabrında biz muzeyə gəldik və təxminən bir saat Turan
xanım Cavidlə söhbət etdik. Muzey hələ təzə formalaşırdı
və Turan xanım çox qayğılı görünürdü.
Hiss olunurdu ki, muzeyin yaranmasının hər bir detalına və çətinliyinə
böyük məsuliyyətlə
yanaşır və bu da təbii idi.
İlk tanışlıqda Turan xanımın yüksək
daxili mədəniyyətə
və mənəviyyata
malik olduğunu müşahidə
etdim. Səlis dil qabiliyyətinə və dərin məntiqə malik, ağayana
bir azəri qadını olduğu hiss
olunurdu. Onunla söbət etmək, hansısa, bir fikir bildirmək üçün gərək
adam öz nitqinə, onun vergül və nöqtəsinə, intonasiyasına
fikir verəydi. Bütün bunlardan əlavə, Turan xanım bir doğma insan təəssüratı yaradırdı.
Sanki qarşında məhrəm,
yaxın bir adamın durmuşdu, onunla hər hansı bir şəxsi qayğını
bölüşdürə bilərdin və rassional məsləhət
alacaqdın. Hər halda, mənim ilk təəssüratım belə
oldu və sonradan onun səhv
olmadığını anladım.
Bu tanışlığın ilk təəssüratı
uzun müddət məni tərk etmədi. Hiss edirdim ki, muzeyə təkrar qayıdıb H.Cavidlə
əlaqədar, hansısa,
bir təşəbbüslə
Turan xanıma müraciət etməli olacağam. Təxminən
1-2 aydan sonra ona zəng etdim.
"Mən Cavid əfəndinin adının
hansısa, bir göy cisminə verilməsi barədə təşəbbüs vermək
istəyirəm. Sizin bu barədə fikriniz? Xeyir-duanızı
almaq istəyirəm".
Turan xanım bir qədər duruxub dedi ki, yaxşı fikirdi, minnətdar olaram. Ancaq səsində bu ideyaya bir
qədər inamsızlıq
duyulurdu ki, bu da təbii idi.
Muzeyə
gəldim, təkrar xeyli söhbət etdik. Onu arxayın
etdim ki, mənim bu istiqamətdə bir qədər təcrübəm var. Vaxtilə
N.Gəncəvinin adının bir kiçik planetə verilməsinin təşəbbüskarı
olmuşam və bu işi sona
çatdıra bilmişəm.
Güman ki, bu dəfə də məsələ müsbət
həll olunacaq. Turan xanımdan H.Cavidin rus
dilində nəşr
olunmuş kiçik bir kitabını götürdüm. Üstünə bir məktub (dramaturq haqqında kiçik arayış) də əlavə edib, Krım Rəsədxanasına,
astronom dostum Nikolay Çernıxa göndərdim.
Xahiş etdim ki, yeni tapılan asteroid və ya kiçik planetlərdən birinə
Cavid adı verilməsi məsələsinə
dəstək versin. Eləcə də Kiyev Dövlət Universitetinin əməkdaşı,
məşhur astrofizik
Klim Çuryumova məktubla müraciət etdim ki, o da öz növbəsində, xahişimə
dəstək olsun.
Bu məsələnin detalları
haqqında geniş danışmaq istəmirəm.
Uzun yazışmalardan
sonra bu məsələ müsbət
həll olundu və 1997-ci ilin iyununda xəbər gəldi ki, Beynəlxalq Astronomiya İttifaqı bir kiçik planetə Cavid adı verilməsi barədə qərar qəbul edib. Təbii ki, bu xəbərə ən çox sevinən Turan xanım oldu. Həmin ilin sonunda Leninqrad
şəhərində keçirilən
bir beynəlxalq konfransda kiçik planetin müvafiq sertifikatı mənə təqdim olundu. Sertifikatı Bakıya gətirib, Cavid muzeyində Turan xanıma təqdim etdim.
Görüşlərin birində Turan xanım Cavid planetinə aid bir kollaj-tablonun yaradılması ideyasını
verdi və gələcək rəsm əsərinin ilkin eskizini hazırlamağı
mənə təklif etdi. Bu tablo bir eksponat kimi
muzeyin divarından asılmalı idi. Tezliklə eskiz hazır oldu və onu gənc
rəssam Afaq xanımla müzakirə edib bəzi düzəlişlər elədik.
Şəklin ümumi
ideyası Turan xanımın da çox xoşuna gəldi, bəzi əlavə və təkliflər verdi. Bir tabloda böyük planetlərin
real şəkli ilə
yanaşı, Mars və
Yupiterin arasında Cavid və Nizaminin
əksləri olmalı
idi. Bir müddət sonra tablo hazır
oldu və o, indi H.Cavid
muzeyində eksponat kimi təqdim olunur.
Qeyd etdiyim kimi, 1996-2004-cü illərdə bizim Turan xanımla görüşlərimiz mütəmadi
xarakter daşıyırdı.
Söhbətlərin birində
biz H.Cavidin kosmos və Kainat mövzusunda əsərlərini müzakirə
etdik. Turan xanım qeyd etdi ki, hansısa, bir göy cisminin
Yerə yaxınlaşması
mövzusunda Cavid əfəndinin şeiri olmalıdır. Söz verdi ki, gələn görüşdə həmin
şeiri tapıb mənə təqdim edə bilər. Elə də oldu. Şeirin adı "Nəcmi-geysudar"
idi, bir kometin səmada peyda olmasına həsr olunmuşdu. Şeirin yaranma tarixi ilə maraqlandım. Məlum oldu ki, o, 1905-10-cu illərdə
yazılıb. Təhlil
nəticəsində aydın
oldu ki, H.Cavid
bu əsəri məşhur Halley kometinin
həmin dövrdəki
gəlişi, yəni
səmada görünüşü
münasibəti ilə
yazıb. Elə həmin günlər Turan xanım Hüseyn Cavidin 4 cildlik külliyyatını
mənə bağışladı.
Hər bir əsərin üzərində
o öz əli ilə Cavid üslubuna uyğun redaktə işləri aparmışdı. Cildlərin
hər biri imzalanmışdı. Bu mənim
üçün çox
qiymətli hədiyyə
idi.
Qeyd edim ki, Turan xanımın, həm də çox həssas musiqi duyumu var idi. H.Cavidin əsərlərində
bu cəhətə çox həssas idi. Bir dəfə Fikrət Əmirovun "Şeyx Sənan" tamaşasında kor ərəbin mahnısı
ətrafında söhbətimiz
oldu. Mən dedim ki, mahnı "Bayatı-Kürd" muğamı
ladında bəstələnib.
Turan xanım sözümə düzəliş
verdi ki, yox, mahnı "Hicaz" muğam şöbəsi əsasında bəstələnib.
Turan xanımı yaxşı tanımayanlar onu quru, rəsmi və sərt bir insan kimi
təsəvvür edirdi.
Halbuki bu, qətiyyən belə deyildi. Sadəcə o, süniliyi, saxta münasibəti tez duyurdu, boğazdanyuxarı
söhbətləri qətiyyən
xoşlamırdı, ona
görə də öz yaxın çevrəsinə az adam buraxırdı.
Zəngin
daxili aləmi danışığından, davranışından
hiss olunurdu. Təbii
ki, burada genetik faktor özünü göstərirdi. Lakin bununla
yanaşı, onun çoxlu mütaliə etməsi, analitik təfəkkür tərzi
açıq-aydın hiss olunurdu.
Qeyd etdiyim kimi, rəhbərlik
etdiyi H.Cavid
muzeyinə tez-tez gələrdim. Onun öz əməkdaşları
ilə ünsiyyəti,
rəftarı inzibatçılıq
yox, humanizm və insanpərvərlik prinsipləri üzərində
qurulmuşdu. Heç
vaxt görmədim ki,
biz söhbət edən
vaxt o öz əməkdaşlarından kiməsə
üz tutub: "bizə çay gətirin" ifadəsini
işlədə. Otağının
bir guşəsində
kiçik samovar və
çay dəstgahı
üçün lazım
olan qab-qacaq olardı. Özü durub öz əlləri
ilə çox ləzzətli çay dəmləyib məni qonaq edərdi. Böyük yaş fərqimiz olmasına baxmayaraq, heç vaxt mənə "sən"lə müraciət
eləməzdi. Bir dəfə
evlərinə bir məclisə dəvət
eləmişdi. Ən
yaxın adamları toplanıb nəyisə qeyd etməli idilər. Son dərəcə
üzürlü səbəbdən
deyilən vaxtdan tez gəlib, tez də getməli
oldum. Turan xanım məclisdə iştirak edə bilməyəcəyimə təəssüf
etdi. Məni stol arxasında oturtdu, özünün bişirdiyi iri tortdan bir böyük
tikə kəsib ərklə məni yeməyə məcbur elədi. Etiraf edim ki, mən əvvəllər heç
vaxt belə dadlı tort yeməmişdim.
Muzeyə
gəlişimin birində
onu son dərəcə
pərişan durumda gördüm. Məlum oldu ki, bir vaxtlar
qonşuları olmuş
və xatirini böyük bacı qədər çox istədiyi fizik-alim Yılmaz Verdiyev Türkiyədə vəfat
edib. Həmin alimin kiçik bir kitabını mənə yadigar kimi hədiyyə etdi. Kitab "Ləhcə
farkımız fərqimizdədir"
adlanırdı və
türkçülüyün bir çox məqamlarına həsr olunmuşdu. Üz qabığında Turan xanımın "Hər şey qəfil oldu. Yılmazsız qaldım deməyə dilim gəlmir. Yılmaz əzizlərimin
silsiləsinə qoşuldu"
sözləri yazılmışdı.
Turan xanımın H.Cavid
irsinə necə böyük diqqət göstərməsi və
eləcə də bu irsin keşiyində
durması hamıya məlumdur. Mən dəfələrlə şahidi
oldum ki, o, həm də H.Cavid
parkının, oradakı
əzəmətli heykəlin
qurulmasında necə
böyük səy və diqqət göstərir. Bir dəfə
Tağı Əhmədovun
yanında idim. Təklif etdi ki, yaranmaqda olan parka gedək, Turan xanım da gələcək,
bəzi məsələləri
tikinti mütəxəssisləri
ilə danışaq.
Orada hiss etdim ki, inşaatçılar, elə
Tağı müəllimin
özü bu işə nə qədər diqqətlə
yanaşır, Turan xanımın hər bir kiçik təklif və iradını nəzərə
alırlar.
Turan xanım Bakıda fəaliyyət göstərən
teatrlardan birinə H.Cavid adının
verilməsi arzusu ilə yaşayırdı.
Xarakterindəki təvazökarlıq
olmasaydı, o, bu təklifi "yuxarılara"
çatdırar, məsələnin
müsbət həllinə
nail ola bilərdi…
Qeyd olunduğu kimi, Turan xanım H.Cavid muzeyinin yaranmasında da xeyli işlər görürdü
və ömrünün
son illərini, demək
olar ki, bu işə sərf etmişdi. Muzeyin açılışı gününün
dəfələrlə təxirə
salınması onu narahat edirdi. Mən yalnız sonralar bu narahatlığın
səbəbini anlamağa
başladım. Görünür,
o başa düşürmüş
ki, həyat daimi deyil və həmin
günü görmək
ona qismət olmaya da bilər.
Turan xanım həmişə ziyalı qıtlığından
şikayət edərdi.
O deyirdi ki, 1930-cu illərdə
bizdə ziyalı nəsli, demək olar ki, məhv edildi və bu qıtlıq hələ də hiss olunmaqdadır. Bir dəfə
Elmlər Akademiyasının
böyük zalında
keçirilən iclasda
ona yaxınlaşıb
hal-əhval tutdum.
"Bilirsiniz ki, iclasları
sevmirəm, arxada oturub baxıram, bu zalda çox
az sayda ziyalı görürəm.
İndi ziyalı yox dərəcəsindədir". "Ziyalı" məfhumuna Turan xanım böyük tələblər
qoyurdu.
Görüşlərimizin birində söhbət 1930-cu illərdə
Cavidə ayrı-ayrı
tənqidçilər, şairlər,
yazıçılar tərəfindən
hücumlardan düşmüşdü.
Turan xanım həmin illərdən indiyədək qoruyub saxladığı bəzi
saralmış qəzet
parçalarını mənə
göstərdi. Bu materialları
oxuyandan sonra nə kimi hisslər
keçirdiyimi təsəvvür
etmək çox çətindir. Biz, sonrakı
nəsil, o vaxtkı
ab-havanı tam dərk
edə bilmirik. O vaxtkı dəyərlərin
mahiyyətini, mühiti,
atmosferi dərk etmək üçün ayrı-ayrı kitab və
materialları oxumaq həqiqəti bizə tam əks etdirmir. Bəzən fikirləşirsən
ki, belə şeylər
heç vaxt ola bilməz. Bunlar yəqin ki, hansısa, şişirtmələrin, qərəzliliyin
nəticəsidir. Bu mənada
həqiqəti tam anlamaq
üçün o vaxtkı
mənfur atmosferi öz gözləri ilə görmüş Turan xanım kimi insanlarla ünsiyyətdən qısa
yol yoxdur. Əfsus ki, belə kristal insanların sayı da barmaqla sayılası olub.
Mən tanıdığım dövrlər
Turan xanım çox məhdud sayda insanlarla ünsiyyətdə olurdu.
Hər dəfə oktyabr ayının
24-ü, yəni Cavidin
ad günü ev-muzeyə baş vururdum. Turan xanım özü də, Ərtoğrol da elə oktyabr ayında dünyaya göz açmışdılar.
Lakin ailə üçün
bütün əlamətdar
üç günü
Turan xanım birləşdirib ayın
24-ü qeyd edərdi.
Mən orada olduğum həmin günlər təxminən
bir saat və ya saat
yarım vaxt ərzində oraya çox az adam
gələrdi. Zənglər
də az olardı. Bəzən gətirdiyim gül dəstəsindən başqa
güllər görməzdim.
Bir dəfə üstüörtülü
bu barədə ona işarə vurdum. Cavab verdi
ki, düz başa düşürsünüz. Mənim
çox az sayda yaxınlarım var.
5-6 nəfərin adını
çəkdi. Həyatın
hər cür sarsıntılarını görmüş
bu mötəbər xanım öz yaxın çevrəsinə
çox məhdud sayda insanı buraxırdı.
Bir dəfə 4 mart 2001-ci il tarixdə Turan xanım mənə zəng edib dedi ki, sabah
Yazıçılar Birliyinin
akt zalında ona həsr olunmuş
bir kitabın prezentasiyası olacaq. Xahiş etdi ki, gəlib iştirak edim. Zal ağzına
qədər dolu idi. Yazıçı Azər Turanın bu mötəbər və alicənab xanıma həsr olunmuş "Əbədi
Turan" kitabının
təqdimatı keçirilirdi.
Bir-birindən maraqlı
çıxışlar oldu.
Təqdimat qurtarandan sonra iştirakçılar
bir-bir Turan xanıma yanaşıb avtoqraflı kitab almağa
başladılar. Hay-küy
düşdü. Turan
xanım arada göz gəzdirib zalda məni tapdı və işarə etdi ki, yaxın gəlim. Ayrıca bükülmüş
və üstündə
adım yazılmış
kitabı mənə təqdim etdi. Sonralar kitabı diqqətlə oxudum. Turan xanımın şəxsiyyəti, Hüseyn
Cavidin turançılıq
görüşləri barədə
çox dəyərli,
orijinal fikirlər yazılmışdı. Kitabın
iç qatında Azər Turan mənim ünvanıma çox səmimi sözlər yazmışdı.
Turan xanımla son görüşümüz 2004-cü ilin yazında, yəni ölümündən bir neçə ay öncə oldu. Yay aylarında Rəsədxanadakı fəaliyyətimlə əlaqədar görüşünə gedə bilmədim. Ölüm xəbərini böyük təəssüf hissi ilə, ürək ağrısı ilə qarşıladım. Allah Turan Cavidə rəhmət eləsin. Belə insanlar dünyaya az-az gəlir və gedəndə özləri ilə sanki bir dünya aparırlar. Belə adamlar heç vaxt unudulmur. Əsas budur...
Sentyabr, 2023
Əyyub Quliyev
AMEA-nın müxbir
üzvü,
fizika-riyaziyyat elmlər doktoru, professor
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.8-9.