Vətənə boy verən şəhid qanları

 

Müzakirə-müsahibə

 

Azərbaycanın milli dövlətçilik tarixində əbədi qürur doğuracaq bir yer tutan Şah İsmayıl Səfəvi ulu bir nəslin nümayəndəsi idi. Bu əzəmətli hökmdarın əcdadlarından sayılan Şeyx Səfiəddin, yalnız Azərbaycan xalqının deyil, bütün islam aləminin tanınmış zəka, dərin etiqad və böyük Yaradanın lütfinə layiq görülmüş ağır kəramət sahibi idi.  O, bəşər tarixinin yetişdirdiyi tək-tək nadir şəxsiyyətlərindən biridir ki, zəmanəsinin ictimai həyatında çox ciddi dəyişikliklərə yol aça bilmiş, minlərlə, on minlərlə və bəlkə də, milyonlarla insanı öz ətrafında birləşdirərək, onların düşüncəsində, əqidəsində və dünyagörüşündə bir oyanış yarada bilmişdir. XIII-XIV əsrlərin kəsişməsində uzun bir ömür sürmüş bu dahi şəxsiyyət öz elmi, biliyi, istedadı, qabiliyyəti ilə dövrünün ən kütləvi dini təriqətlərindən biri olan Səfəvi təriqətini təşkil etməklə Səfəvi dövlətinə aparan yolun başlanğıcını da qoya bilmişdi. Müqəddəs kitabın, habelə islam peyğəmbərinin hədislərinin təfsirində xüsusi zəka nümayiş etdirməsi isə onu dövrünün ən mahir arifləri sırasına yüksəldə bilmişdi.

Şeyx Səfi haqq yolunda xidməti, ibadəti, mərifəti ilə Allah dərgahında uca məqama yüksəlmiş, Allahın kəramətini qazanmış bir müqəddəs kimi tanınmışdı. Hələ sağlığında ikən, onun vasitəçiliyi ilə Allaha pənah aparanlar şəfa tapar və niyyət etdikləri işləri uğurla başa çatdırardılar. Səbir və təmkin onun yaradıcısı olduğu təriqətin əsas dəyərlərindən idi və hər bir insanın qismətini Allah qədəri olmasına dərin etiqad bəsləməklə bunu öz müridlərinə də aşılamağa çalışırdı. Ona bir arif və müqəddəs kimi baxanlara da qədərə səbirlə yanaşmağı islami borc kimi anladardı. Yəni onun inamı və etiqadı belə idi ki, Allahdan gələn qədər səbirlə qarşılanmalıdır və Allah qədəri haqdır. Ona görə bu böyük şeyx ən ağır sınaqlar qarşısında insanın dözüm göstərməsini imandan sayırdı.

Hələ sağlığında ikən, Şeyx Səfiəddinin böyük oğlu Məhyəddin vaxtsız dünyasını dəyişmişdi. Bu sevimli oğlunun vaxtsız dünyasını dəyişməsini də Şeyx Səfiəddin Allah qədəri sayaraq dözüm nümayiş etdirmişdi. Məhyəddinin vəfatı xəbərini eşidən çoxlu sayda insan onun hüzrünə toplaşaraq, Şeyx Səfiəddinə başsağlığı verərdilər. Elə həmin günlərdə Azərbaycanın tanınmış mövlanalarından biri də bu acı xəbəri eşidib, Şeyx Səfiəddinin yanına gəlir, hüzür mərasimində Məhyəddinin ruhuna dua verir və sonra da Şeyxin yanında oturub sakitcə göz yaşları axıdır. Şeyx Səfiəddin də göz yaşlarını saxlaya bilmir. Sakitləşəndən sonra bu səbirsizliyinin səbəbini ondan kimsə soruşmamış elə özü məclisdəkilərə açıqlayır. Şeyx Səfiəddin deyir ki, övlad atanın və ananın canından parçalanıb ayrılmış bir candır. İnsanın canına bir xətər toxunanda ona dözmək çətin olur. İnsanın canından canın ayrılmasına  və yox olmasına isə dözmək daha çətindir. Övladın itkisi valideynlərin canından can ayrılması deməkdir. Bunun ağrısını yalnız bununla qarşılaşan bilər.

Tale elə gətirib ki, Azərbaycan xalqının tarixinə şərəf anı kimi yazılacaq 44 günlük Vətən müharibəsini Zəfərə aparan yolda çoxlu sayda şəhidlər də verdik. Hünərləri ölçüyə sığmayacaq bu şəhidlərin hər biri ölümləri ilə ölümsüzlüyə yol açsalar belə, onların hər biri bir ailənin övladı idi və heç bir təsəlli ilə onların canlarından can ayrılmış bu valideynlərinin övlad nisgilini ovutmaq mümkün deyil. Hətta elə valideynlərimiz var ki, iki övladını birdən şəhid veriblər və onların canından bir can deyil, iki can ayrılıbdır.  Bu insanların hər birinin nisgili, ağrısı və sızıltısı başadüşüləndir. Amma Zəfərimizin böyüklüyü və əzəməti ondadır ki, Vətənin azadlığı, qisasın qələbəsi hər cür ağrını üstələyə bildi, övladını itirən ata da, həyat yoldaşının tabutunu çiynində son mənzilə daşıyan mərd Azərbaycan xanımı da ağrılarını bir kənara qoyub bizim üçün müqəddəsləşmiş torpaqlar haqqında düşündülər. Elə hamı bu barədə düşündü. Bütün xalq heç vaxt görmədiyimiz qədər bir yumruğa çevrildi, cihad yolunu tutmaq üçün ayağa qalxdı. Qismətinə şəhidlik düşənlər isə bütün xalqın köksündə özünə yer tapdı, bütün xalq elə ata-anaları qədər onların yoxluğuna sızıldadı, nisgilini qəlbindən keçirdi. Onların hər biri istəyində olduğumuz bir həyatın sarvanına çevrildilər, üstündə gəzdiyimiz torpağa, rənglərinə büründüyümüz bayrağımıza can verdilər. Eyni zamanda bizim şəhidlərimiz hər gün, hər an onların həsrətindən qovrulan yaxınları və əzizləri ilə qürur keçirməyi bizə miras qoyub getdilər. Onlar əmin idilər ki, canlarını torpaqlarımıza fəda etsələr də, bu torpaq üstündə gəzənlər onları və onların əzizlərinin tənhalığına ortaq olacaqlar, onların qovrulan ürəklərinə su səpəcəklər.

Şəhidliyin Yaradanın dərgahında yüksək məqama malik olduğunu biz hamımız bilirik. Sovet hakimiyyəti illərində "şəhid" sözü ideoloji yasaqa çevrilsə , bu sözün mahiyyəti haqqında ilk təsəvvürlərim elə o illərə gedib çıxır. Görənlər ziyarət edənlər bilirlər, uşaqlığımı keçirdiyim Ağdaş rayonunun Xınaxlı kəndindəki Veyis baba (Üveys Qərani) ziyarətgahı iki üstüaçıq otaqdan ibarətdir. Sağdakı otaqda Veyis babanın məzarı var. Soldakı otaqda da vaxtilə məzarlar var idi. Amma indi onlar görünməz olublar kiçik yaşlarımdan bu otaqdakı məzarların şəhidlərə aid olduğunu eşitmişdim. O zaman bu sözün mahiyyətini başa düşməsək , bu söz altında dəfn olunanlara da müqəddəslər kimi yanaşıldığını görürdük. Bir əsrdən artıq həyat sürmüş babam Cavad kişinin söhbətlərindən eşitmişdik ki, bu ziyarətgahın yerləşdiyi otaqların divarları tikilərkən, təsadüfən şəhid qəbirlərindən biri açılmışdı. Deyilirdi ki, o qəbirdəki şəhidin büründüyü kəfən tər-təzə olaraq qalmışdı. Halbuki həmin şəhidlər islam peyğəmbərinin yaşadığı dövrə aid idilər. Bunu eşidən insanlar da deyiləni bir təbiət möcüzəsi kimi deyil, Allahın şəhid adına olan lütfü kimi qəbul edirdilər. Elə şəhidlərə olan ehtiramın ifadəsi kimi, Cavad kişi hər dəfə Veyis baba ziyarətgahına gedəndə deyərmiş ki, burada türk şəhidləri dəfn olunub, onlara ayrıca dua verin. Bu  da xalqın XX əsrin əvvəllərində xalqımızın nicatı yolunda canlarını fəda edən türk şəhidlərinə bəslədiyi dərin ehtiramın bir ifadəsi idi insanlar çalışırdılar ki, hətta sovet dönəmində xalqımızın yolunda şəhid olmuş qardaşlarımızın ruhunu duasız qoymasınlar. Elə Şamaxı yolunun kənarında sovetin sərt qılıncından, ermənilərin məkrli hiylələrindən bu günə kimi qorunub saxlanmış tənha türk məzarı da bütün xalqın şəhid adına ehtiramı, şəhid müqəddəsliyinə etiqadı ilə bağlıdır. Vaxtilə Şah İsmayıl da haqq yolunda şəhid olmuş qızılbaş döyüşçülərinə, özünün silahdaşlarına sonsuz bir ehtiram göstərirdi. Çaldıran döyüşündə şəhid olanlar onun arzusu göstərişi ilə müqəddəsliyi şübhə doğurmayan ulu babası Şeyx Səfiəddin ziyarətgahının həyətində dəfn edilmişdilər. Şah İsmayıl özünün həmin məkanda dəfn edilməsini vəsiyyət etmişdi. O, Səfəvi şahları arasında yeganə şahdır ki, Şeyx Səfiəddin məqbərəsində dəfn edilmişdir. Bu onun həm ulu babasına, həm onunla birgə döyüşlərdə şəhid olmuş silahdaşlarının ruhuna yaxın olmaq istəyi ilə bağlı idi.

Şəhid müqəddəsliyinin bütün mənəvi dəyərlərdən qədər üstün olduğunu 1990-cı ilin 20 Yanvar hadisələri zamanı da gördük. Həmin gün sanki dəniz yerindən qopdu, ən adi sadə insanların daxilində Vətənin haqq işinə bağlılıq vulkan kimi kükrədi. O günə kimi bizimlə birlikdə gün-güzəran sürən, çoxlarından fərqlənməyən insanların daxilindəki Azərbaycan sevgisi şəhidliyi qürur yerinə çevirdi. Bütün xalq şəhidlərin fədakarlığından güc aldı, böyük bir imperiyanı təsəvvür edilməyəcək bir lərzəyə saldı. Ən başlıcası isə, bu şəhidlər Azərbaycana azərbaycançılığa yeni bir təfəkkürün düşüncənin meyarını bizlərə anlatdılar. Onlar xalqın adını uca etdilər, xalq da onların xatirəsini ucaltdı Bakının ən uca yerində onlara qucaq açdı. İndi 20 Yanvar şəhidlərinin uyuduğu o məkan hər bir azərbaycanlı üçün müqəddəs olan bir məkandır. Məkanın özünə şəhidlərin adı verildi. Həmin məkanda indi yalnız 20 Yanvar şəhidləri deyil, həm Qarabağ müharibəsinin şəhidləri çiyin-çiyinə Vətən torpağına sığınıblar. Şəhidlər xiyabanında, həm 1918-ci ildə Azərbaycanın azadlığı müstəqilliyi uğrunda canını fəda etmiş qardaş türk əsgərlərinin xatirəsinə əzəmətli bir abidə ucaldılmışdır. Bu abidə 2000-ci ilin aprel ayında ulu öndər Heydər Əliyevin Türkiyənin ozamankı prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılmışdı.

Çox təəssüf ki, haqsızlığın, kəsif maraqların, birtərəfli mühakimələrin cövlan etdiyi müasir dünyada Azərbaycanın müstəqilliyini, istiqlaliyyətini şəhidsiz qorumaq elə asan olmadı. Şəhidlik bizim istiqlaliyyətimizin cığırdaşına çevrilmişdir. Əslində, şəhidlik, həm elə müstəqilliyimizin möhkəmləndirilməsi amillərindən biridir. Ona görədir ki, şəhidlik xalqımızın alın yazısına, həm xalqımızın ucalıq məqamına çevrilmişdir. İndi onların sayı çoxdur, bizim gözlədiyimizdən çoxdur, borclarından çıxa bilməyəcəyimiz qədər çoxdur - 1991-1994-cü ildə Vətənimizin qəlbimizin bir parçası olan Qarabağda gedən döyüşlərin, 2016-cı ilin aprel döyüşlərinin, 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin, 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin, 2023-cü il sentyabrın 19-20-də Qarabağda aparılan antiterror əməliyyatının şəhidləri. Təki burada şəhid xatırlamalarına bir nöqtə qoyulsun.

İndi elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, oranın öz şəhidi, öz ucalıq məkanı olmasın. Hər biri bizim üçün Azərbaycançılıq meyarıdır, Vətənsevərlik nümunəsidir. Ona görə onlar sevilirlər, unudulmurlar. Unudulmayacaqlar da. Çünki onların qanı ilə suvarılmış torpaqlarda qurulan Azərbaycan tarixlərə şahidlik edəcəkdir Azərbaycan var olduqca onun varlığı yolunda canını fəda edənlər xatırlanacaqlar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qəhrəmanlıq simvolu olan Mübariz İbrahimovun vida mərasimində iştirakı çıxışı, şəhid general Polad Həşimovun, polkovnik Şükür Həmidovun xatirəsinə verdiyi dəyər Azərbaycan dövlətinin şəhidlərimizə göstərdiyi ehtiramın bir nümunəsi sayıla bilər. Şəhid yurddaşlarımızın yaxınlarının nisgilini, ürək yanğısını ovunduran onlara səbir verən amillərdən biri elə şəhidlərimizə olan güclü sonsuz bir ehtiramdır.

Azərbaycanın dövlət gerbinin mərkəzində bir alov təsviri vardır. Mütəxəssislər bunu xalqımızın atəşpərəstlik tarixinin nişanəsi kimi qəbul etsələr , ərəb qrafikasını bilənlərə aydındır ki, bu atəş, həm "Allah" sözünün ərəbcə ifadəsidir. Amma bu atəş, həm torpaqdan cücərən alovlanıb bütün Azərbaycanı isindirən şəhid qanını andırır. Bu alov hər zaman olacaqdır, qədər ki, Azərbaycan vardır. Şəhidliyin bizə bəxş etdiyi müqəddəslik əbədidir, qədər ki, Azərbaycan vardır. Bu alov, həm sanki Azərbaycanın bu gününə gələcək yoluna bir işıq salır. Əslində, elə şəhidlər bunun üçün həyatını fəda veriblər ki, onların torpaqdan cücərən alovlanan qanlarının istisində işığında Azərbaycan boy atsın, bu torpaqda yaşayan insanların qürur yerinə çevrilsin. Bu yolun fədailəri olan insanlar  hər zaman minnətdarlıqla anılacaqlar, bu gün sabah da. Onları yetişdirən, onların yoxluğuna dözüm göstərənlər isə, xalqımızın başucalığı olacaqlar, bu gün , sabah da.

 

Mehman SÜLEYMANOV

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.10.