Çıxır

 

Ələ qələm alan kimi,

Sətirlər qaralan kimi,

Köynəyə çıxan qan kimi,

Kədərim varağa çıxır.

 

Canımda sözlər sıxılır,

Artır, üst-üstə yığılır,

Yüz nəğmə batır, boğulur,

Bir nəğmə qırağa çıxır.

 

Küsən çox şair sözündən,

Öpən yox şair gözündən.

Şeirin astarı üzündən

baha çıxır, baha çıxır.

 

Ramiz Rövşən

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.18.