Təkbaşına yürüyən Adam

 

 Hər kəsin həyatında özünü Tanrı kimi

hiss elədiyi bir an mütləq olur.

 

...Ölməmişdən əvvəl

gözlərində ölümün

şəklini gəzdirən

o adam kimdi elə?!

O adam kimdi elə,

Unudub, səhv salıbdı

sahili dəniz ilə...

...Vaqifi gördüm dünən,

Görüşməmişdik

bütün il boyu.

Dünən Vaqifi gördüm,

Tələmtələsik yürüyürdü

bulvarda sahil boyu...

Yürüyürdü,

Səhrada təkbaşına yürüyən

İsa kimi -

Qorxa-qorxa, təngnəfəs;

Elə bil qovurdular onu,

Ancaq sahildə

yoxuydu heç kəs...

 

Vaqif - payızda

ayağının altındakı xəzəllərə

ürəyi qanayan adam,

Vaqif - quşları göy üzü,

balıqları dəniz,

dənizləri yosun,

torpağı məzar,

Ayı qardaşsız qız kimi

tanıyan adam.

Təkbaşına yürüyürdü Vaqif,

Yürüyürdü, qorxa-qorxa,

yeyin-yeyin...

...Sonbaharda,

37 il bundan əvvəl

tanışdıq onunla

toyunda Elçibəyin.

Qısa bir tanışlıq oldu -

Bəyin əlində badə:

- Vaqif, tanış ol,

Bu bir yalqız qurddu, adı - Rüstəm,

Rüstəm, bu da sevdiyim şair -

Vaqif Cəbrayılzadə...

(Bilirdim mən -

Bəyin xoşu gəlmirdi

Mənim imzamdakı "i"-dən

Vaqifin "zadə"sindən)

Yadımdadı, illər sonra

Bir sonbahar gecəsi...

Əkrəm, sən, mən, Elçibəy,

bir yağışın səsi...

bir Bakının

ən uzun bir küçəsi...

Gözümüzdə yaş vardı,

yaş vardı gilə-gilə;

Gecəni dolduracaq

bir nəğmə oxuyurduq:

"Qaragilə, ay Qaragilə".

İndi o günləri

xatırlayıram, yana-yana;...

Sonralar Vaqif

mənim ilk şeirlərimi çap elədi,

Mən 7 ildən sonra

çap eləyib ad qoydum

onun ilk kitabına.

Sahildə təkbaşına yürüyür

bir adam

Danışa-danışa özü-özünə,

Dua oxuyur göy üzünə:

- Yer üzündə bir işim,

bir işim qaldı ancaq, -

Göyü yerlə, duanı ahla,

Adamları şeytanla,

Şeytanı Allahla,

Allahla barışdırmaq.

Dünən Vaqifi gördüm;

Ah, səni, ahıynan daş üstdə

söz oyan uşaq;

Ah, səni, Vaqif -

Qonşu toyuna,

On çəpər o tərəfdə

özü-özünə oynayan uşaq.

Hələlik, Vaqif, hələlik,

gülə-gülə,

Ancaq, yadında saxla,

Yarımçıq qalan bir mahnı

indi öldürür məni,

Mahnının adı -

"Qaragilə, ay Qaragilə".

 

Rüstəm Behrudi

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.18.