Su kimi

 

Bahardan bəri

susuz qalmış nar ağacıyam.

 

Yarpaqlarım saralıb

yayın ortasında,

quruyur meyvəsiz budaqlarım.

 

Qarlı qışdan qabaq

əcəl gəzir həndəvərimdə,

bəlkə, heç

payıza da çatmadım.

 

Əllərinin qoxusunu

ciyərimə çəkmişdim su kimi -

Sən yenidən əkmişdin,

göyərtmişdin məni.

 

İndi suyumu kəsib,

saraldırsan yarpaq-yarpaq;

qaranlıq çökür gözlərimə -

bir mənəm,  bir ölüm, bir torpaq.

 

Səxavət Sahil

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.18.