Eşqə tərif verən şair
Vaqif BAYATLI – 75
Məni
böyüdən şairlər var. Elə bilirəm, ta bələkdən
qulaqlarıma azan yerinə o şairlərin şeirlərini
oxuyublar. Gəncliyimin "körpə
çağlarını" da həmin şairlərin
şeirləri yetkinləşdirib. Yaşımdan,
yaddaşımdan tez böyüdüblər məni. O
şairlər məcbur edib ki, payız günü
quşların köçünü yaddaşıma
qazıyım, ilk məhəbbətin hərarətini barmaqlarımda
saxlayım, gəzdiyim küçələri adbaad xatirə
dəftərlərinə nişanlayım. Elə bilmişəm
ki, o şairlər dünyanın ən müqəddəs
adamlarıdır, onlar necə yaşayırlarsa, mən də
elə yaşamalıyam. Onların yazdığı kimi
yazmalı, onların danışdığı kimi
danışmalıyam. Onlar hansı suallara susurlarsa, mən də
o sualların cavablarını ürəyimin hücrəsinə
çəkib gün işığından qorumalıyam.
Onlar haqqında danışanda səmimi olmalıyam. Şairlər
haqqında danışdığım hər nadürüst kəlmə
özümə, gəncliyimə xəyanətdi. Ədəbiyyat
xoşbəxtlikdirsə, məni bu əbədi səadətə
o şairlər yetirib. Yox, əgər ədəbiyyat
azardırsa, ürəyi, qəlbi kor edib yandıran eşq bəlasıdırsa,
məni bu bəlaya da həmin şairlər itələyib.
Nənəm ədəbiyyat müəllimi
olub. Aynabəndli, çardaqlı evində
xırda bir kitabxanası var idi. Məktəbin altıncı,
bəlkə də, yeddinci sinfində oxuyanda həmin
kitabxanadan kirilcə kitablar götürüb oxuyurdum. Oxuduqca
başa düşürdüm ki, dünyada insanı fanilikdən
qaçıran təkcə bir əməl var: yazmaq. Hüseyn
Cavidi də, Cəfər Cabbarlını da, 60-cıları da
o yaşlardan oxuyub tanımışdım. Həmişə xəyal
edirdim ki, bir gün mütləq onlarla üz-üzə gəlib,
saatlarla yazmağın bihudəliyindən
danışacağam. Həmin xəyallardan ikisini
ömrümün bu illərinəcən gətirə bildim.
Hüseyn Cavidin təxəllüsünü, Vaqif Bayatlı Odərin
əzbər bildiyim şeirlərini. Görüş xəyallarından
isə cəmi biri reallaşmışdı. Musa Yaqubla
canlı ünsiyyətimə tale və tale dostlarım
fürsət yaratmışdı. Onu dinləmişdim. Onun
ağzından sevgiyə, şeirə, ədəbiyyata dair nələrisə
eşitməyi mənə nəsib etmişdi gözəlim həyat.
Odər isə həyatın bütün xoşbəxt
anlarında şeirləri ilə mənim çiynimdən
vurub irəli atmışdı. Hərdən onunla eyni
dövrdə yaşadığıma görə o qədər
fərəhlənirəm ki, elə bilirəm, indicə əllərindən
tutub birlikdə səmaya uçacağıq. Çünki o,
səmaların şairidir. Ona baxanda gözlərin yerdəki
bütün nəsnələrdən qopmalıdır.
Bizim ədəbi nəslin
(2015-dən sonrakılar) bəxti onda gətirdi ki,
60-cılardan bu yana bütün nəsillərlə, ədəbi
əcdadlarımızla görüşmək fürsətimiz
oldu. Bəxtimiz onda gətirmədi ki, onların (xüsusən
də 80-90-cıların) ovuclarında sıxılmaqdan ölən,
uçacağına nagüman qaldığımız
ümidlər bizə yarıcan çatdı. O ümidlərin
gələcəyi isə məchuldur.
Odər
isə eşqin təkcə carçısı yox, həm də
yolçusu idi. Bircə onun hücrəsində rahatlıq
tapdıq. Hamısı dəyişdi. O şairlərin
hamısı zaman-zaman dəyişdi. Ölənlərin xatirələri
gözümüzdə onları dəyişdi.
Yaşayanları sabitliyi, eyniliyi bizi yordu. Bircə Odər
yeniydi. Şeirlərini min dəfə kiməsə oxusaq da,
yenə yeniydi. Hər dəfə başqa bir həyəcanla
geri qayıdırdı Odər poeziyası. Biz hamısını
yamsılamağı bacarmışdıq. Bircə Odəri təkrarlaya
bilmədik. Onun orijinallığı göy qübbəsi kimi
əlçatmaz idi. Odər poeziyasının dərinliyi yox, ənginliyi
bizi qorxudurdu. Onun uçduğu yerlərə qanad çalmaq
cəsarət istəyirdi. Biz bu cəsarəti istəmədik.
Biz Odəri dinləmək, onu oxumaq istədik. Onu təkrarlamaq
yox.
Vaqif Bayatlı Odər özündən sonrakı bütün nəsillərin
Şəmsi idi. Nəsillər onun önündə boynunu
büküb günlərlə onu dinləyən, ona təslim
olan, onun naminə varlığını bilinməzliklər
çölündə əsir salan Mövlanə kimi idi. Odər
özündən əvvəlkilərə də, öz nəsildaşlarına
da, özündən sonrakılara da xamuşu öyrətdi.
Susub göyləri dinləməyi.
Həyatımın hər nöqtəsində
ondan nəsə var.
Xatırlayıram, 2021-ci ilin may ayı idi. Əsgər
idim. Havuş dağında qar əriməmişdi.
Döyüş növbətçiliyindən istirahətə
gəldim. Televiziyada Fərid Hüseyn, Odərdən
danışırdı. Sonra Vaqif müəllim özü
canlı yayıma qatıldı. Onun səsini eşidəndə
gözlərim dolmuşdu. Onun böyüklüyü
bütün ümidləri
yaşıllaşdırmışdı. Hədəflərim,
arzularım, həyatım gözümdə yenə eşqə
bürünmüşdü. Dodaqlarımın arasında o məsum
şeiri əzbər deyirdim:
Dilərəm
Tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan
Qardaşımın üzü köməyim olsun.
Vaqif
Bayatlı elə suallar verirdi ki gəncliyimizə, onun
cavabları altında düşünməyə ömürlər
yetmirdi. Məsələn, "Səni niyə sevdim, belə
istədim niyə?"
Əlacsızlığın, eşqin verdiyi acizliyin, ayrıla
bilməməyin ağrısını bundan yaxşı kim
ifadə edib?!
Ya da,
"Həm gizlətdim,
həm də hamı bilə istədim niyə?"
Bu necə qısqanclıqdı,
bu necə ifadədir?!
On səkkiz yaşımız
var idi. Ədəbiyyata bürünmək, onun ən uca
qatlarında üzmək istəyirdik. Odərin şeirləri
bizi yerdə səmazən, göydə köç qatarı
edirdi. Onun kimi sevməyə çalışırdıq.
Allahı onun kimi dərk etmək istəyirdik.
İki şair haqqında yazmağa həmişə çəkinmişəm,
qorxmuşam - Hüseyn Cavid və Vaqif Bayatlı Odər
haqqında. İkisi haqqında da, bəlkə, gələcəkdə
yazaram. Amma onlar məni böyüdən, əlimdən tutub
çayı keçirən şairlərdir.
Odər
olmasaydı, yəqin
ki, ədəbiyyatımız əsl eşqin tərifini
heç vaxt tapa bilməyəcəkdi.
Görüşmək ümidi ilə, Vaqif müəllim!
Rəvan CAVİD
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.19.