Şəhadət yolu
Hekayə
Şəhid Murad Arzullayevin əziz
xatirəsinə ithaf olunur...
– Murad, xörək hazırdır,
gəl yeməyini ye. Mən də çıxıram, işə
getməliyəm, – anası
mətbəxdən səsləndi.
– İstəmirəm, ana. Nəsə
iştaham yoxdur, ürəyim sıxılır,
– Murad mızıldandı.
– Yemək ye, bir az cana gəl,
sonra da deyirsən ki, əsgər gedim... Səni bu halda
kim götürəcək
əsgərliyə? – anası
gülümsədi.
Əslində, oğlunun bu arzusu ananın heç ürəyincə
deyildi. Müharibə
başlamışdı; ard-arda
gələn şəhid
xəbərləri onu
qorxudurdu. Murad ata-anasına
on il sonra Allah tərəfindən
verilən pay idi. Elə ona görə
də adını
Murad qoymuşdular. Nəhayət,
illər sonra ailə Muradına çatmışdı.
Muradı
bir az ərköyün
böyütmüş, heç
vaxt: “Murad, olmaz!” – deməmişdilər.
Ata sürücü, ana satıcı
işləyirdi. Murad da hər
gün dərsdən sonra anasının yanına gedib ona kömək edirdi.
Bərabər böyüdüyü dostu Vüsal da könüllü ordu sıralarına qatılmışdı.
Əslində, Muradın
iştahası da buna görə
küsmüşdü. Dostundan
sarı narahat idi.
Anasının qarşısına qoyduğu
borşu könülsüzcə
qaşıqla qurdalayırdı.
Telefonun səsi onu elə bil
yuxudan oyatdı. Mesajı yazan qonşuluqdakı dostuydu:
“Murad, Vüsal şəhid
olub, hamı burdadı, gəl qapılarının yanına”.
Murad masadan necə qalxdısa, borş yerlə bir oldu.
Murad Vüsalgilin həyətinə
sarı qaçır,
göz yaşını
qolu ilə silə-silə özünə
söz verirdi: “Bu belə qalmayacaq! Qisasını alacağam!”
Çox
keçməmiş bütün
Xırdalan camaatı məhəlləyə yığışmışdı.
Xəbəri eşidən
qaçmışdı şəhid
qapısına. Həyətdə
qadınlar ah-nalə çəkib ağlayır,
kişilər isə beli bükük vəziyyətdə kimisi gizlin göz yaşın silir, kimisi siqareti siqaretə calayır, kimisi də donuq baxışlarla cənazəni gözləyirdi.
Günortaya yaxın cənazəni
gətirən təcili
tibbi yardım və onu müşayiət
edən bir neçə polis maşını
küçədə göründü.
Murad irəli yerimək
istəsə də, dizləri sözünə
baxmadı. Dizləri qeyri-ixtiyari bükülürdü.
Nəhayət, özünü
toplayıb maşına
sarı qaçdı.
İzdihamı yara-yara
üç rəngli bayrağa bürünmüş
tabuta yanaşdı. Əlini bayrağa çəkdi. Eləcə
də dayandı. Daha ağlamadı da. Gözündə yaş donub qalmışdı.
Bir an Vüsala həsəd
apardı. “Nə gözəl qarşılandın,
nə gözəl yerdəsən. Bax nə qədər insan gəlib səni yola salmağa” – düşündü.
Muradın atası dindar adamdı. Hər şəhid xəbərindən
sonra namazında onlar üçün dua edər, onların cənnətdə
olduğunu deyərdi.
Neçə gün Muradın
boğazından loğma
keçmədi. Yas məclisində
kömək edir, ora-bura qaçırdı.
Neçə gün sonra anası yalvar-yaxar bir tikə çörək
yedirdi.
Anasına köməyə getdiyi
günlərin birində
Murad ürəyini boşaltdı:
“Mən də hərbi xidmətə gedəcəyəm. Təhsilimi
dondurmaq istəyirəm.
Gələndən sonra
davam edərəm. Vallah, edərəm. İmkan verin, gedim mən də. Camaatın uşağı gedir. Mənim onlardan nəyim əskikdir?
Anası
könülsüz olsa
da, razılaşdı. Bir şərtlə
ki, kolleci bitirsin, sonra necə istəyir, elə də edər. Ana düşünürdü ki, kolleci
bitirmək Muradın iki ilini alacaq,
o vaxta qədər müharibə bitər, oğlu gedib xidmətin çəkib qayıdar. Bir az da onu düşünüb toxtaqlıq tapırdı kı, iki il sonra oğlu yekə kişi olacaq.
Vaxt ötür, hər gün şəhid xəbərləri gəlir,
eyni zamanda düşmən tapdağından
azad olunan rayonların, kəndlərin
adı elan edilirdi. Kədərlə sevinc bir-birinə qarışmışdı.
Hamı ordunun şücaətinə sevinir,
verilən itki yada düşəndə isə
sevinc quru loğma kimi boğazda ilişib qalırdı.
Məhəllədə qəfil xəbər yayıldı
kı, bir azdan prezident çıxış edəcək.
Camaat qaçıb Muradın anasının işlədiyi mağazaya doluşdu. Hamı intizarda idi. Nəhayət, prezident ekranda göründü və Şuşanın işğaldan azad olunmasını elan etdi. Sevincdən qışqıran,
əl çalan, dua edən sakinlərin
səsi bir-birinə qarışdı.
Muradla anası qucaqlaşdılar.
Murad anasının göz
yaşını silib
daha möhkəm bağrına basdı.
* * *
Vətən müharibəsindən üç ilə yaxın vaxt keçirdi. Zəfərdən
sonra hamı gələcəyə daha
ümidlə baxırdı.
Murad kolleci bitirəndən dərhal sonra hərbi xidmətə yola düşmüşdü.
Tez-tez evə zəng edir, hər dəfə ondan nigaran qalmamalarını
tapşırırdı. Hərbi
xidməti bitirməyinə
çox qalmamışdı.
Hərbidə göstərdiyi
nümunəvi xidmətə
görə anasının
doğum günündə
məzuniyyət də
verilmişdi.
Murad anasının doğum günü evə gəlib ona süpriz etdi. Süfrə qurulmuş, anası oğlunun ən sevdiyi yeməkləri həvəslə
hazırlayıb qarşısına
düzmüşdü. İndi də yeməyə başı qarışan Muradı diqqətlə süzürdü. Əsgərliyə
göndərdiyi çəlimsiz
o uşaqdan əsər-əlamət
qalmamışdı. Arıq,
uzun oğlu doqquz ay içində
lap cəngavərə dönmüşdü.
Atası,
nəhayət, ürək
edib Muraddan üzündəki cızıqların
səbəbini soruşdu.
Qorxduğu başına
gəlmişdi. Xüsusi
təyinatlılar hərbi
hissəyə gəlib
sıralarına qatmaq
üçün əsgər
seçəndə Murad ailəsinə
bildirmişdi ki, mən
də onlarla gedəcəyəm. Anasının
yalvar-yaxarından sonra
Murad könülsüz fikrindən
əl çəkmişdi.
Bir neçə ay sonra komando seçimləri olanda Murad heç nə düşünmədən
onlara qatılmaq qərarına gəlir.
Bir az çəlimsiz
olduğuna görə
əvvəlcə onu qəbul etmək istəmirlər, amma Murad arzusuna nail ola bilir. Komando sıralarında məşq edir, çətin şəraitdə
təlim keçir.
Atasına üzündəki cızıqların
təlimdə olduğunu,
komando sıralarına
qoşulduğunu nağıl
elədi. Anasının
həyəcanlandığını görən Murad narahatlığa
heç bir səbəb olmadığını
deyib anasının yanağından öpdü:
– Qorxma. Gəlməyimə də bir şey
qalmayıb. Qayıdıb
evlənəcəm, gəlin
gətirəcəm bu
evə.
Yeməkdən sonra çox sevdiyi tort kəsildi. Murad bunu çoxdan gözləyirmiş kimi tortu bir oturumda
yedi.
Nağıl dili yüyrək
olar. Məzuniyyət günləri tez bitdi. Anası hərbi geyimini bir gün əvvəldən
hazırlamış, çəkmələrini
par-par parıldayana qədər
təmizləmişdi. Anası
onu yola salanda Muradı bərk-bərk bağrına
basdı. Qoxusunu içinə çəkdi.
Özündən muğayat
olmağını tapşırdı.
Murad ata-anası ilə
vidalaşıb yenidən
xidmətə yola düşdü.
* * *
Muradgildə şənlik ab-havası
duyulmağa başlamışdı.
Anası Murad üçün
yeni geyimlər almışdı.
Muradın evə gəlməsinə artıq
iki həftə qalmışdı. Anası
evə alınacaq siyahını yoldaşına
verib, bunları almağını tapşırdı.
Hərbi
hissə qarışqa
yuvası kimi qaynayırdı. Bütün
əsgər-zabit heyəti
hərbi hissənin meydançasında düzülmüşdü.
Antiterror əməliyyatına hazırlıq əmri elan
olunanda əsgərlərin
gözləri parıldadı.
Sanki ömür boyu bu günü gözləmişdilər. Bircə
dəqiq vaxtın açıqlanması qalırdı.
Əməliyyatın vaxtı açıqlananda axşam
idi. Üç gün sonra döyüşə girəcəkdilər.
Murad dostu Fəridə
sataşır, vətən
üçün ölüb-öldürməyə
hazır olub-olmadığını
soruşurdu.
– Mən dünəndən hazıram, amma ölmək üçün
tezdir. Sən isə əməliyyata qoşulmasan, yaxşıdır.
Evə getməyinə
lap az qalıb. Hərbi xidmət bitsin, ananın bişirdiyin tortdan da yeyərik.
Muradın başına sanki
qaynar su tökdülər. Çünki
hərbi xidmət keçmək, komando olmaq fikrinin kökündə elə bu cür əməliyyatlarda
iştirak arzusu yatırdı. Bu gün üçün keçmişdi
təlimi və zaman yetişmişdi...
Əsgərlər silahlanıb maşınlara
doluşdular. İstiqamət
Ağdam idi. Oradan isə bölünüb təmas
xəttini keçmək
üçün hazırlaşacaqdılar.
Nəhayət, razılaşdırılmış
mövqedə maşınlar
dayandı. Komandirləri
son tapşırıqları vermək üçün
səksən nəfərlik
komanda heyətinin qarşısına çıxdı.
Əlindəki kağızda
yazılan əsgərlərin
adını oxumağa
başladı. Muradla bərabər on nəfər
qabağa çıxdı.
Murad hələ də
nəyin baş verdiyini anlamırdı. Komandir danışmağa
başladı:
– Yoldaşlar yolumuz haqq yoludur! Nəhayət,
yarım qalan işimizi tamamlamaq üçün hazırıq.
Bilirəm, hər biriniz bu vətən
üçün ölməyə,
canından keçməyə
hazırsınız. Aylardır,
bu günü gözləyirsiniz. – Üzünü
qabağa çıxan
əsgərlərə tutdu,
– Bu əməliyyatda iştirak
etməməyinizi istəyirəm.
Çünki hər şey ola bilər. Kiminiz evin tək
uşağıdır, kiminizin
evdə yeni doğulan
körpəsi var, kiminizin
də tərxisinə
sayılı günü
qalıb. Xahişim odur ki, arxa cəbhədə
qalıb dəstək
verəsiniz. Sizi bu haqq yolundan
saxlamaq istəmirəm,
seçim özünüzündür.
İstəyən qala,
istəməyən yoldaşları
ilə birgə döyüşə atıla
bilər. Bu seçimdə
tam azadsınız!
Komandir sözünü bitirəndən
sonra hamının gözü qabağa çıxan əsgərlərdə
idi. Birinci etiraz Muraddan gəldi. Qətiyyətlə
döyüşə qatılacağını
bildirdi. Murad bura qədər geri qayıtmaq yox, döyüşmək üçün
gəlmişdi. Muradın
yolu döyüşməkdən,
dostu Vüsalın timsalında minlərlə
Azərbaycan oğul-qızının
qisasını almaqdan
keçirdi.
O, həm evin tək
övladı idi, həm də tərxis olunmasına on iki gün qalmışdı.
Yerdə qalan doqquz əsgər də sıraya qayıdıb yoldaşları
ilə birgə döyüşmək istədiklərini
bildirdilər.
Artıq
Ağdərə yolunda
döyüş başlamışdı.
Muradgil əmrə əsasən cəsarətlə
döyüşür, irəliləyirdilər.
O, dostu Fəridlə çiyin-çiyinə döyüşürdü.
Ələ keçirdikləri
düşmən postlarının
sayını unutmuşdular.
Silahını doldurmaq
üçün səngərə
sığınan Murad Fəridin
çiynindən yaralandığını
gördü. Ona ilkin tibbi müayinə göstərib ratsiya vasitəsilə kömək
çağırdı. Dostunun
alnından öpüb:
– Sən burda qal, indi kömək
gələcək, narahat
olma, – dedi, – Avtomatını doldurub güldü, – Bax yenə deyirəm, bu əməliyyat bitsin, anamın bişirdiyi tortdan yeyərik.
Səngərdən çıxmaq istəyəndə
Fərid onun əlindən yapışdı:
– Murad, bura qədər gəldin, bəsdir. Daha getmə.
Murad dostunun əlini sıxdı:
– Qorxub-eləmə, – deyib səngərdən çıxdı.
Bir az getmişdi ki, qulaqbatırıcı gurultu
eşidildi, toz-duman hər yeri bürüdü.
Fərid qışqırdı.
Mərminin səsi qulaqlarını batırmışdı.
Özünə gələndə
irəli baxdı. Düşmənin atdığı
minaatan mərmisi düz Muradın yanında partlamışdı.
Ağzı-burnu torpaqla
dolan Fərid dikəlib səngərdən
çıxmağa çalışdı.
Özünü dostuna
çatdırmağa çalışırdı.
Sürünə-sürünə Muradın yanına gəldi. Murad torpağın
altında qalmışdı.
Muradın üstünə
tökülən torpağı
tələsik təmizləməyə
başladı. Murad gözlərini
yavaşca açıb
Fəridə baxdı.
Üzündə təbəssüm
vardı.
– Qardaş, bağışla,
tort qaldı başqa vaxta, – deyib üzündə təbəssüm
şəhadətə qovuşdu.
Muradı
qucaqlayan Fərid huşunu itirdi. Bir müddət sonra Muradın çağırdığı
dəstək qüvvə
özünü yetirdi.
Yaralı Fəridi və Muradın nəşini götürüb
döyüş bölgəsindən
çıxardılar.
* * *
Bir gün sonra – sentyabrın 20-si Murad II Fəxri
xiyabanda dəfn olunan məqamda erməni separatçılar
ağ bayraq qaldırdılar.
Tamerlan
İSMAYILZADƏ
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.20.