Görkəmli elm və
mədəniyyət xadimləri
akademik Teymur Kərimli
haqqında
Azərbaycan
ədəbiyyatşünaslıq elmində klassik ədəbiyyatın
tanınmış tədqiqatçıları
sırasında akademik Teymur Kərimlinin özünəməxsus
yeri vardır. Teymur Kərimli qədim dövr və orta əsrlər
Azərbaycan ədəbiyyatının böyük tədqiqatçıları
nəslinin yeni nümayəndəsidir. Ölkəmizin müstəqillik
epoxasında klassik ədəbiyyatın tədqiqi, nəşri,
tədrisi və təbliği sahəsində Teymur Kərimlinin
ardıcıl və səmərəli fəaliyyəti
qabarıq şəkildə nəzərə çarpır.
İsa
Həbibbəyli
AMEA-nın prezidenti,
akademik, millət vəkili
***
Teymur Kərimli
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli
və məhsuldar nümayəndələrindən biridir. Həmkarları
arasında ən erudisiyalı qələm sahibi kimi bəyənilən
və təqdir edilən alimin başlıca tədqiqatları
zəngin klassik irsimizə, özəlliklə Xaqani, Nizami, Nəsimi
və Füzulinin əsrlərin sınağından çıxmış
çox qiymətli poeziyasına həsr olunmuşdur.
Bəkir Nəbiyev
Ədəbiyyatşünas, tənqidçi,
AMEA-nın
həqiqi üzvü, filologiya
elmləri doktoru
***
Azərbaycan
klassik ədəbiyyatının görkəmli nümayəndələri
içərisində dahi Nizami Gəncəvinin həyat və
yaradıcılığının tədqiqi, xüsusən,
onun tarixi hadisələr kontekstində öyrənilməsi akademik Teymur Kərimlinin elmi
yaradıcılığının mühüm istiqamətlərindən
birini təşkil edir. Alim Nizami Gəncəvi
yaradıcılığında tarixi mövzu probleminin
ictimai-tarixi və bədii-filoloji aspektlərini dərindən
araşdırmış, bu istiqamətdə sanballı nəticələr
ortaya qoymuşdur.
Arif
Həşimov
Akademik
***
Şəxsi
arxivimdə Teymur müəllimin vaxtilə mənim xahişimlə
tərcümə etdiyi bir şeirin - Şekspirin bir sonetinin əlyazması
qorunur. Bu gözəl fəlsəfi poeziya nümunəsinin tərcüməsi
o qədər gözəldir ki, oxucunu sonetin az qala elə
orijinalda Azərbaycan dilində yazıldığını
düşünməyə vadar edir. Həmin tərcümə
Teymur müəllimin bir alim və ədəbiyyatçı
kimi Azərbaycan dilinin poetikasının incəliklərini nə
dərəcədə dərindən hiss etməsinin, onun
romantik şair ruhunun, sözün gözəlliyinə
vurğunluğunun nümunəsi kimi hər zaman məndə,
bu tərcüməni bölüşdüyüm hər kəsdə
böyük maraq və sevgi doğurur.
İbrahim
Quliyev
Akademik
***
Akademik
Teymur Kərimli elmi və elmi-təşkilati fəaliyyətinə
böyük dəyər verdiyim şəxslərdəndir.
Klassik Azərbaycan ədəbiyyatına, xüsusən, Nizami
və Füzuli kimi dahilərin yaradıcılığına
işıq tutan elmi əsərləri ona ölkə
hüdudlarından kənarda da böyük şöhrət
qazandırmışdır. Teymur müəllimin öz
çıxışlarında daim şeirə müraciət
etməsi onları daha zəngin, daha məzmunlu edir.
İradə
Hüseynova
Akademik
***
Akademik
Teymur Kərimli ilə birgə iş fəaliyyətimiz AMEA Rəyasət
Heyətində 2013-cü ildə başlasa da, hələ
ondan xeyli əvvəl AzTV-də yayımlanan və
aparıcısı mərhum şair Ələmdar Mahir olan Məclisi-üns
verilişinin fəal iştirakçısı olan - Teymur
müəllimin çox dəyərli və məzmunlu fikirləri
diqqətimi cəlb edərək onun şəxsiyyətinə
böyük hörmət və ehtiram hissi
yaratmışdır.
Dilqəm
Tağıyev
AMEA-nın vitse-prezidenti, akademik,
kimya elmləri doktoru,
professor
***
Akademik
Teymur Kərimlinin fəaliyyəti bir sıra istiqamətləri
əhatə edir. O, görkəmli ədəbiyyatşünas
alim olmaqla yanaşı, elmi-təşkilati fəaliyyət sahəsində
də böyük təcrübəyə malikdir. 2014-2020-ci
illərdə Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsində
çalışarkən, biz AMEA Rəyasət Heyətinin
iclaslarında, müxtəlif toplantılarda elmi və elmi-təşkilati
məsələlərlə bağlı aktiv müzakirələr
aparmış, bir sıra qərarların qəbulunda
yaxından iştirak etmişik.
Akademik Teymur Kərimli, eyni zamanda ensiklopedik biliyə malik olmaqla,
keyfiyyətli elmi-bədii tərcüməçilik, milli-mənəvi
dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin
tədqiqi, təbliği və qorunması sahəsində də
mühüm işlər görmüşdür. Alimin
Nizamişünaslıq və Füzulişünaslıq sahələrində
apardığı tədqiqatlar, çap etdirdiyi kitab və
monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığını
zənginləşdirən mühüm töhfələrdəndir.
Rasim
Əliquliyev
AMEA-nın vitse-prezidenti,
İnformasiya Texnologiyaları İnstitutunun
baş direktoru,akademik
***
Elmin enişli-yoxuşlu
yollarının bütün pillələrini ardıcıl
olaraq qət edən Teymur müəllim öz istedadı,
biliyi, zəhmətsevərliyi, bacarığı sayəsində
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasından tutmuş, şöbə müdiri, elmi
işlər üzrə direktor müavini və direktoru, AMEA
Humanitar elmlər bölməsinin akademik-katibi vəzifələrinə
qədər yüksəlmişdir. Hazırda Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun baş direktorudur.
Bir çox fundamental əsərin və monoqrafiyaların
müəllifi, klassik irsimizin yorulmaz təbliğatçısı,
öz işinə ürəkdən bağlı elm fədaisidir.
Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq
aləmdə dəfələrlə təmsil etmişdir.
Teymur müəllimin elmdə yorulmaz fəaliyyəti layiqincə
qiymətləndirilmiş, o, 2007-ci ildə AMEA-nın
müxbir-üzvü, 2014-cü ildə həqiqi üzvü
seçilmişdir. Və, nəhayət, akademik Teymur Kərimli
olduqca təvazökar insan, xeyirxah rəhbər,
qayğıkeş həmkardır.
Gövhər
Baxşəliyeva
Akademik
***
Klassik ədəbiyyatımızın
yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini
qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə
təbrik edir, ona möhkəm cansağlığı diləyir,
ən xoş arzularımı çatdırıram.
İnanırıq ki, Siz hələ uzun illər klassik ədəbiyyatsevərlər,
Azərbaycanın dilinə və tarixinə önəm verənlər
və bütövlükdə elmi ictimaiyyət
üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə
açılmamış əlyazmalarını
işıqlandıracaqsınız.
Kamal
Abdulla
Akademik
***
Akademik
Teymur Kərimli Azərbaycan klassik ədəbiyyatı üzrə
bir nömrəli mütəxəssisdir. Artıq neçə
illərdir ki, bu şərəfli missiyanı inamla,
böyük istedadla, yaradıcı məhsuldarlıqla yerinə
yetirir. Və şübhə yoxdur ki, hələ neçə
illər həmin tarixi məsuliyyəti uğurla
daşıyacaqdır.
Nizami Cəfərov
Akademik
***
Teymur
mğəllim alim olmaqla yanaşı, həm də üz
çoxsaylı tələbələrinə üz intellektini
və qəlbini büyğk səxavətlə verən
istedadlı müəllimdir. Onun rəhbərliyi altında
onlarla fəlsəfə və elmlər doktoru dissertasiya
mğdafiə edib. Akademik Teymur
Kərimli, həm də maraqlı bir insandır. Ədalətli,
ğrəyiaçıq, yumorlu, müdrik və hər zaman
yardıma ehtiyacı olanın köməyinə gəlməyə
çalışan zəhmətkeş, məsuliyyətli, yorulmaz
şəxsiyyətdir. Onun həyat yoluna nəzər salarkən
və bu yolda əldə etdiklərini dərk edərkən,
anlayırsan ki, həmin o Ordubaddan gələn gəncdən,
parlaq bir tədqiqatçı, elm təşkilatçısı,
pedaqoq və sadə, səmimi və etibarlı bir dost
yetişib.
Nərgiz
Axundova
Akademik
***
Akademik
Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslığının
öz dəsti-xətti ilə seçilən, özünəməxsus
yeri və çəkisi olan görkəmli simalarından
biridir. Alimin dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi yaradıcılığı
haqqındakı sanballı və dəyərli
araşdırmaları ölkəmizdə
nizamişünaslığı daha da təkmilləşdirmiş
və zənginləşdirmişdir. Akademik Teymur Kərimli
eyni zamanda klassik Azərbaycan ədəbiyyatına, xüsusilə
d,ə böyük şair və mütəfəkkir İmadəddin
Nəsimi və "qəlb şairi" Məhəmməd
Füzuli yaradıcılığına incəliyinə qədər
bələd olan ədəbiyyatşünas alimlərimizdən
biri kimi tanınır. Görkəmli alim güclü
yaddaş və nadir hafizə sahibidir. O, Azərbaycan klassik sənətkarları
ilə yanaşı, ayrı-ayrı farsdilli şairlərin də
çoxsaylı seçmə şeirlərini əzbər
bilir və klassik bilgilər işığında onların
üzdə görünməyən, alt qatda gizlənən mənalarının
geniş və dəqiq yozumunu verir.
Möhsün
Nağısoylu
Akademik
***
Klassik Azərbaycan
ədəbiyyatının mükəmməl tədqiqatçısı
və kamil bilicisi, akademik düşüncə tərzinə
malik görkəmli alim, geniş
dünyagörüşlü, yaradıcı fikir adamı, qədim
və orta əsrlər Azərbaycan ədəbiyyatının
tanınmış mütəxəssislərindən biri olan
Teymur müəllim elm təşkilatçısı kimi də
tanınmışdır. O, çoxsaylı tədqiqat əsərləri
ilə elm sahəsində və ədəbi mühitdə
böyük hörmət qazanmışdır. Onun onlarla
şair və mütəfəkkirlərimizə həsr olunan əsərləri,
"Ədəbi məclis"lərdəki
çıxışları Teymur Kərimlinin bir elm adamı
kimi yüksək erudisiyaya və potensiala malik olduğunu təsdiq
edir. Qürur duyuruq ki, elmimizin belə nümayəndəsi
vardır.
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin
sədri,
akademik
***
Teymur Kərimli haqlı olaraq, Azərbaycan elminin
görkəmli xadimləri sırasında yer almışdır. Fundamental və
ölkəmiz üçün əhəmiyyətli tədqiqatlarının
nəticələri yerli və xarici mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilib.
Teymur Kərimlini hər zaman həyat
fəlsəfəsində öz prinsiplərinə sadiq olan, həmkarlarını,
əsasən də, gəncləri müdafiə edən və
dəstəkləyən bir elm xadimi kimi tanıyıram.
Sevindirici
haldır ki, hörmətli
Teymur müəllim, siz bu gün də fəal işləməkdə,
böyük ictimai işlər görməkdə, zəngin təcrübənizi
və dərin biliklərinizi tələbələrə
ötürməkdə davam edirsiniz.
Fəxrəddin
Qədirov
Akademik
***
Teymur
müəllim həyatda da çox mehriban, baməzə
insandır. İnsanlara kömək etmək, ehtiyacı olana əl
uzatmaq onun nəcib, insani keyfiyyətlərindən xəbər
verir. Bəlkə də, ilk baxışda, o, kiməsə dinməz,
gülüb-danışmağı xoşlamayan adam təsiri
bağışlaya bilər. Lakin bu hiss ötəridir. Teymur
müəllimi yaxından tanıyan hər bir kəs onun
geniş, həssas qəlbinə, ünsiyyət qurmaq məharətinə,
incə, duzlu yumor hissinə malik olmasına yaxşı bələddir.
Bu xüsusiyyətlər onun bir çox şeirlərində
də əks olunub.
Ərtegin
Salamzadə
AMEA-nın müxbir üzvü, professor
***
Teymur Kərimli
böyük alim və istedadlı şəxsiyyət kimi
şərəfli ömür yolu keçmiş, hələ gənc
yaşlarından fitri
istedadıyla fərqlənmiş, Orta əsrlər Azərbaycan
ədəbiyyatının və böyük Nizami
yaradıcılığının ən qüdrətli tədqiqatçılarından
biridir.
Misir Mərdanov
AMEA-nın müxbir üzvü, Riyaziyyat və
Mexanika İnstitutunun direktoru
***
Ulu
öndər Heydər Əliyevin yarım əsr əvvəl bəyan
etdiyi Azərbaycanı dünyada tanıtmaq yolunda məhz
Nizami Gəncəvi, Füzuli, Nəsimi
yaradıcılığını öyrənib, təbliğ
etmək yükünü öz üzərinə götürənlərdən
biri də akademik Teymur Kərimlidir. Humanitar elmimizin həm
yaradıcısı, həm də təşkilatçısı
olaraq Azərbaycan ədəbiyyatının qədimliyini və
fəlsəfi məzmun baxımından dərinliyini sübut
etmək yolunda yorulmadan çalışan alim Əlyazmalar
İnstitutuna rəhbərlik etdiyi müddətdə əlyazma
xəzinəmizin dünya kitabxanalarından alınan nüsxələr
hesabına daha da zənginləşməsinə nail olmuş,
institutda qorunan yazılı abidələrin
elektronlaşması prosesini yeni mərhələyə
çıxarmışdır.
Həsən
Həsənov
Tarix elmləri doktoru,
görkəmli dövlət xadimi, diplomat
***
Hörmətli
akademik Teymur Kərimli ilə dəfələrlə yol
yoldaşı oldum və onu daha yaxşı tanıdıqca mənən
böyük vətənpərvər bir insan olduğunu
anladım. Teymur müəllim Əlyazmalar İnstitutunun
yalnız müdiri deyil, həm də millətimizin əlyazmalar
xəzinəsinin sıravi keşikçisidir. Bəzən
onun gözlərindəki yuxusuzluğu görəndə, bilin
ki, hansısa gizli mal-mülkün deyil (çünki yoxdur),
ona həvalə edilmiş milli sərvətimizin məsuliyyətini
daşımaqdan narahat yatıb.
Vahid
Əziz
Xalq
şairi
***
Görkəmli
ədəbiyyatşünas alim, filologiya üzrə elmlər
doktoru, professor, akademik, Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatı Teymur Kərimli Nizami, Nəsimi,
Füzuli, Şəhriyar və bir çox başqa klassiklərimizin,
eləcə də, çağdaş sənətkarlarımızın
yaradıcılığına dair dəyərli
araşdırmaların müəllifi olmaqla yanaşı, həyatını
klassik ədəbiyyatın tədqiqinə həsr etmək qərarına
gəlmiş gənclərin tədqiqatçı kimi
yetişməsinə xüsusi fikir verən, onlara qayğı
ilə yanaşan bacarıqlı elm təşkilatçısıdır.
Paşa
Kərimov (Əlioğlu)
Tənqidçi-ədəbiyyatşünas, şair,
filologiya elmləri doktoru,
dosent
***
Teymur Kərimli
intellektualllıq və təfəkkür baxımından ədəbiyyatımızda
xüsusi çəkiyə malik, sanballı qələm
adamıdır... O, müxtəlif
xətt növlərində yazılan əlyazmalarını səlis
oxuduğu kimi, ürək sirlərini də oxumağı
bacarır…
Qurban Bayramov
Tənqidçi-ədəbiyyatşünas,
filologiya üzrə fəlsəfə
doktoru
***
Teymur Kərimli
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli
və məhsuldar nümayəndələrindən biri, klassik
ədəbiyyatımızın istedadlı
araşdırıcısı və bacarıqlı təbliğatçısı,
bir sıra elmi jurnal və topluların redaksiya heyətinin
üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, istedadlı
şair, bacarıqlı elm təşkilatçısı, nəhayət,
gözəl insandır.
Vaqif Arzumanlı
Filoloq-tarixçi,
filologiya elmləri doktoru,
professor
***
Akademik
Teymur Kərimlinin sabahın eşqi ilə yaratdığı
əsərlər keçmişlə bu gün, bu günlə
gələcək arasında mənəvi körpü
yaradır, nəsilləri mənən bir-birinə
bağlayır.
Arzu
Nehrəmli
Tarix üzrə fəlsəfə
doktoru,
şair, nasir, publisist
***
Azərbaycan
klassik irsinin dərin bilicisi, görkəmli ədəbiyyatşünas,
geniş dünyagörüşə malik, mütaliə dairəsi
və hafizəsində saxladığı nadir poeziya örnəkləri
ilə onu ilk tanıyanları belə heyran qoyan, ustadım,
akademik Teymur Kərimli bədii ədəbiyyat sahəsində
dövrümüzün canlı klassiki, ən müasir
texnoloji nailiyyətləri humanitar elmin ana problemlərinin həllinə
yönəltməyi bacaran mütərəqqi fikirli alimlərimizdəndir.
Onun zəngin elmi irsində Qədim və Orta əsrlərin
Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin
Nəsimi, Əlişir Nəvai kimi şeir nəhəngləri
çağdaşlarımız kimi dil açıb
danışır, müasir dövrümüzün ümumbəşəri
problemlərindən çıxış yolu göstərirlər.
Qürur duyuram ki, onun elmi rəhbərliyi altında dissertasiya
işi müdafiə etmiş, onunla bir elmi-tədqiqat müəssisəsində
çalışmaq şərəfinə nail olmuşam.
Əzizağa
Nəcəfzadə
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.22-23.