Klassik ədəbiyyatımızın
xiridarı
Elmi
araşdırma
Klassik ədəbiyyat Teymur Kərimlidən ötrü
sadəcə tədqiqat
predmeti deyil, klassik ədəbiyyat Teymur Kərimlidən ötrü bir düşüncə tərzi,
davranış normasıdır.
Teymur Kərimlinin sənətə, insanlara,
ətrafdakı hadisələrə
münasibətində, oturub-durmağında
Nizamidən, Füzulidən
gələn, yaxud onlarla səsləşən
cəhətlər var. Oturub-durmaq
məsələsini heç
də elə-belə,
sözgəlişi xatırlatmıram.
Bu məsələni bəri
başdan xatırlatmaqla
bildirmək istəyirəm
ki, Teymur Kərimlinin həyat-məişətdəki davranış tərzindən
də az-çox xəbərdaram. Və
1972-ci ildən tanıdığım
Teymur Kərimlinin xasiyyəti-xarakteri onun əsərlərinə açar
tapmağa kömək
edir. Bu fikri tərsinə də söyləmək olar: Teymur Kərimlinin əsərlərini oxumaqla
bir insan kimi onun özünü
daha yaxından tanımaq olur. Teymur Kərimli riyaziyyat təmayüllü
orta məktəbi qızıl medalla bitirib riyaziyyat yox, ədəbiyyat dalınca gedir, ədəbiyyat aləmində
isə könül verdiyi, qırılmaz tellərlə bağlandığı
sənətkarlar məhz
Nizami və Füzuli olur. Bu kimi bioqrafik faktları Teymur Kərimlinin kitablarını
oxumadan doğru-düzgün
qiymətləndirmək olarmı?
Əlbəttə, olmaz.
Hələlik kitabların
incəliklərinə varmadan
Teymur Kərimlini Nizami və Füzuliyə bağlayan mənəvi dəyərləri
ümumi şəkildə
diqqətə çatdırmaq
istəsəm, nəfsin,
dünyagirliyin fövqünə
qalxmağı lap başda
qeyd etməliyəm. Bildirməliyəm ki, dünyanın
naz-nemətinə aldanmamağı
oxucuya dönə-dönə
tövsiyə edən
Nizami və Füzuliyə üz tutmağın özü bəri başdan tədqiqatçının xarakteri
barədə müəyyən
təsəvvür yaradır.
Tədqiqatçı qısa
vaxtda populyarlıq qazanmaq istəsə, real həyatda yaşayan nüfuzlu yazıçılardan
və yaxud haqq dünyasına qovuşan, amma oğul-uşağı yüksək
mənsəb sahibi olan yazıçılardan
mövzu götürər.
Tədqiqatçının Nizami və Füzuli kimi sənətkarlardan mövzu
götürməsində isə
ad-san qazanmaq şansından daha çox risk var. Risk, söz
yox ki, mövzunun çətinliyində, Nizami
və Füzuli yaradıcılığının forma və məzmunca mürəkkəbliyindədir. Bu çətinlik və mürəkkəbliyin öhdəsindən
gəlmək üçün
Avropa və rus ədəbiyyatşünaslığına
bələd olmaqdan əlavə, ərəb və fars dillərini
bilməlisən, Şərq
mifologiyası və ədəbiyyatına, islam
mədəniyyətinə dərindən
bələd olmalısan.
Ağır zəhmət,
yüksək professionallıq
tələb etdiyindəndir
ki, Nizami və Füzuli yaradıcılığının,
bütövlükdə klassik
ədəbiyyatımızın araşdırılması bu
gün Teymur Kərimli kimi bir neçə ciddi alimin ümidinə
qalıb. Elə Teymur Kərimli ilə dərdləşərkən
toxunmaq istədiyim məsələlərdən biri
budur - klassik irsə maraq göstərənlərin sayca
get-gedə azalması.
Klassik irsə maraq oyatmaq, görünür, orta məktəbdən başlamalıdır.
Orta məktəbdə
ərəb və fars dillərinin tədrisinə diqqət artırılmalı, ərəb
əlifbasını öyrənmək
və öyrətmək
zəruri bir iş kimi təhsildə
öz yerini tapmalıdır. Ərəb
əlifbasını bilmədikcə
biz həmin əlifbada
yazılan qaynaqlarımızdan
ayrı düşürük,
klassik irsin öyrənilməsinə gedə
biləcək yolu bu başdanca bağlamış oluruq. Klassik irsin öyrənilməsini
bu gün heç olmasa dini mənbələrin öyrənilməsi ilə
uzlaşdırmaq olmazmı?
Axı son vaxtlar ərəb və fars dillərini öyrənənlərin çoxu
islam təliminə az-çox yiyələnmək
istəyənlərdir. İşi
elə qurmaq olmazmı ki, islam təliminə baş vuranlar, mollalıq dalınca gedib-getməmələrindən
asılı olmayaraq, klassik ədəbiyyata mötəbər qaynaq kimi baxsınlar və dindarlar arasından Nizami, Nəsimi, Füzulinin... görkəmli tədqiqatçıları
yetişsin!? Bu işdə
"olmaz"ı "olar"a
çevirmək üçün
gərək "din" adı
altında aramıza girib varlığımızı
sarsıtmağa çalışan
kənar siyasi qüvvələrin təsirinə
düşməyək, Nizami,
Nəsimi, Füzuli...
kimi mənəvi atalarımızı yaddan
çıxarıb, hər
yoldan ötənin ətəyində namaz qılmayaq.
Ərəb-fars dillərini öyrənənlərin
belə, klassik ədəbi irsə çox da maraq göstərmədiyi bir vaxtda Teymur Kərimli
kimi bədii söz xiridarlarının
qədir-qiymətini bilmək
borca çevrilir və sən hansı yollasa o borcu ödəməyə
çalışırsan. Düşünürsən
ki, borcu ödəməyin
yollarından biri Teymur Kərimlini oxumaq, onun böyük
zəhmət və yüksək professionallıq
bahasına gəldiyi və irəli sürdüyü qənaətləri
bölüşməkdir. Bölüşməli
qənaətlərdən biri
klassikin davranışı
ilə bağlıdır.
Klassikin davranışındakı
qaranlıq məqamların
aydınlaşdırılması Teymur Kərimli tədqiqatına xüsusi
impuls verir. Nizaminin "Xəmsə"də
zəmanəsinin səkkiz
hökmdarına tərif
dolu fəsillər həsr etməsini necə başa düşmək lazımdır?
Təmtəraqlı ithaflar,
bəlağətli mədhnamələr
yalnız maddi təminat üçündürmü?
Teymur Kərimli bu kimi suallara
bir aydınlıq gətirməklə özünü
Nizami haqqında söz deməyə daha çox kökləyə bilir:
"Nizaminin fikri yalnız qonorar olsaydı, nəqdi qoyub nisyə dalınca düşməz,
uzaq Ərzincana, Marağaya, Şirvana, Təbrizə əsər göndərməzdi. Məsələ
burasındadır ki, o dövrün
ən etibarlı kitab
fondları şahların
saray kitabxanaları və xəzinələri
idi. Həm də saray kitabxanalarında
qiymətli əlyazmaların
üzünün nəfis
şəkildə köçürülüb
çoxaldılması üzrə
o dövrün miqyaslarına
görə qızğın
və geniş iş aparılırdı.
Bundan əlavə, əlyazmaları nə qədər uzağa göndərilirdisə, onların
daha böyük əraziyə yayılmaq ehtimalı bir o qədər artırdı".
Şair və hökmdar məsələsini
diqqət mərkəzində
saxlamaq Teymur Kərimliyə, bir tərəfdən Nizaminin
necə insan olduğunu başa düşmək üçün
lazımdırsa, o biri
tərəfdən də
onun necə sənətkar olduğunu başa düşmək üçün lazımdır.
Nizamini bir sənətkar kimi ideal hökmdar məsələsi
dərindən-dərinə düşündürürsə, söz yox ki, araşdırmada həmin məsələdən yan
keçmək olmaz. Teymur Kərimli nəinki həmin məsələdən yan
keçmir, həm də məsələyə
müəyyən qədər
yeni baxış bucağından
yanaşa, başqalarının
görə bilmədiyi
cəhətləri görə
bilir. Yeni baxış
"Leyli və Məcnun" poemasına münasibətdə daha qabarıq şəkildə
ortaya çıxır.
Nizaminin ideal hökmdar
axtarışlarından bəhs
edənlərin yekdil qənaətinə görə,
"Leyli və Məcnun" bir məhəbbət dastanı
kimi bu axtarışlardan
qıraqda qalır. Poemanı sırf məhəbbət dastanı
saymaqda bir qəbahət görməyən
Teymur Kərimli isə bu məhəbbət
dastanını ideal hökmdar
meyarları ilə də nəzərdən keçirməyin mümkün
olduğuna bizi inandıra bilir. Əvvəla, Teymur Kərimli "Leyli və Məcnun"un ənənəvi giriş
hissəsində Nizaminin
hökmdarlarla bağlı
fərqli fikirlərinə
diqqət yetirir. İkinci tərəfdən
isə, Teymur Kərimli poemanın əsas süjet xəttində başqalarının
müşahidə etmədiyi
məcazi yüklü
hökmdar obrazının
olduğunu üzə
çıxarır. "Leyli
və Məcnun"un
ənənəvi girişində
Teymur Kərimlinin diqqət yetirdiyi fərqli məqam budur: "Padşahları
oda bənzədən
Nizami, onlara çox yaxınlaşmağın
təhlükəli olduğunu,
onlarla həmişə
müəyyən məsafə
saxlamağın zəruriliyini
obrazlı bir dillə açıb göstərmişdir:
Quru pambıq oddan qorunduğu kimi,
Sən də padşaha yaxın olmaqdan saqın!
O od nurla dolu olsa
da,
Ondan uzaq olan şəxs
asudədir.
Şamın nuru ilə parlayan pərvanə,
Şam məclisində əyləşdiyi
üzündən yandı".
Əlbəttə, burada məcazi
mənalı hökmdardan
söhbət getmir. Məcazi mənada hökmdar obrazını Teymur Kərimliyə görə, poemanın baş qəhrəmanı
Məcnunun timsalında
axtarmaq lazımdır:
"Məcnun müəyyən
mənada şahdır,
hökmdardır. Həm
də onun hökmran olduğu məhəbbət, sədaqət,
vəfa səltənətində
ideal qayda-qanun mövcuddur.
Əgər başqa poemalarında Nizami şahlara necə şahlıq etməyi öyrədirsə, Məcnuna
münasibətdə bunun
şahidi olmuruq. Şair necə sevməyi, necə sədaqət və vəfa, fədakarlıq göstərməyi Məcnuna
öyrətmək fikrində
deyildir. Demək, Məcnun məhəbbət
mülkünün, eşq
ölkəsinin ideal hökmdarıdır
və yer üzərində ideal bir
quruluş varsa, o da məhz məhəbbət
ölkəsində bərqərar
olmuş qayda-qanunlar toplusuna əsaslanmaqdadır".
Eşq mülkünün
sultanı məsələsinin
Nizamidə ötəri
yox, köklü bir məsələ olduğu sələf-xələf
müstəvisində daha
aydın görünür.
Nizaminin irəli sürdüyü aşiq-sultan
konsepsiyası Nizamidən
sonrakı ədəbiyyatımızda
məhəbbət lirikasının
əsas xətlərindən
birinə çevrilir.
Xətai, sələfinin
təsiri ilə belə hesab edir ki, öz zəmanəsində məhəbbət
diyarının sultanıdır,
qəmlə qüssə
qoşa vəzir kimi sağ-solunda oturublar. Füzuli öz ustadına arxalanıb belə hesab edir ki, eşq mülkü padşahla dilənçinin
bərabər olduğu
bir mülkdür; bu mülkdə məşuqə aşiqi taxtdan salıb onun yerində padşah ola bilir - aşiqin öz sevgilisinə hərdən
"padşahım" deməsi
məhz o səbəbdəndir.
Bəs aşiqin hökmran olduğu məhəbbət
diyarının tarixi-coğrafi
əsası vardırmı?
Tədqiqat mövzusu
"Nizami və tarix" olan Teymur Kərimli məhəbbət diyarından
danışmaqla mətləbdən
kənara çıxmırmı?
Teymur Kərimlinin Nizami haqqında yazdıqlarından bu cür sualların ortaya çıxması
"sadə" səbəblə
bağlıdır: Teymur
Kərimli tarixdən heç də bizim vərdiş etdiyimiz bir formada
danışmır. Onu
hadisələrdən daha
çox fikirlər, ideyalar maraqlandırır.
Başqa cür desək, onu hadisələrin real həyatda
həqiqətən baş
verib-verməməsindən daha artıq dərəcədə fikir
və ideyaların
real tarixi şəraitlə
bağlılığı maraqlandırır. Söhbəti
konkret olaraq aşiq-hökmdar məsələsi
üzərinə gətirsək,
qeyd etməliyik ki, Məcnun da başqaları
kimi real bir ölkənin sakinidir və onun xəyali
bir sultana çevrilməsi
məhz bu reallıqdan, şəxsiyyət
azadlığına zidd
tarixi şəraitdən
doğur. Hər şeyin, eləcə də məhəbbətin
alınıb-satıldığı bir şəraitdə Məcnun real aləmlə
əlaqələri kəsib,
xəyali bir ölkənin hakimi-mütləqi
olmaq qərarına gəlir. Xəyali ölkə, real tarixi şərait barədə
dolğun bədii təsəvvür yaratmaq üçün müəllif
tez-tez realla irrealın toqquşması
xəttindən istifadə
edir. Və bu toqquşmada Məcnunun atdığı
addımları başa
düşmək heç
də asan olmur. Ətrafdakı adamlar Məcnunun qəribəlikləri üstündə
baş sındırmağa
lüzum görmürlər,
Qeysi Məcnun elan etməklə, qəribəlikləri
dəliliyin əlaməti
saymaqla onlar məsələni "həll
etmiş" olurlar. Məcnunun ağlasığmaz
addımlarını anlamaqda
başlıca çətinlik
oxucunun çətinliyidir.
Əlbəttə, oxucu
nəzərə alır
ki, Məcnunun faciəsi
cəmiyyətdəki eybəcərlikləri
dərindən duyan idrak sahibinin faciəsidir. Amma idrak sahibi öz atasının dəfninə,
ümumiyyətlə, yasına
gəlmirsə, oxucu doğrudan da, suallar qarşısında qalır.
Teymur Kərimli də bir oxucu
və mütəxəssis
kimi "Xəmsə"nin
bu cür sual doğuran nöqtələrini daha çox qabardır və irəli sürdüyü mülahizələrlə
suallar ətrafında
düşünüb-daşınmaq imkanı yaradır. Və sən düşünürsən. Düşünürsən
ki, çağdaş dünya
ədəbiyyatının tez-tez
üz tutduğu laqeydləşmə problemi
hələ XII əsrdə
Nizami yaradıcılığında
yüksək bədii
həllini tapıb. XX
əsrin görkəmli
yazıçılarından olan A.Kamyunun "Yad" adlı hekayəsinin qəhrəmanı eynilə
Nizaminin Məcnunu kimi öz valideyninin
dəfninə gəlmir.
A.Kamyuda qəhrəmanın
bu hərəkəti fərdi keyfiyyətdən
daha çox sosial mühitin insana mənfi təsirinin bir əlaməti kimi təqdim edilir. Bu sözləri müəyyən
mənada Məcnunun
da hərəkətinə aid etmək olar. Fərq bundadır ki, A.Kamyudakı qəhrəmanın
təbiətcə həssaslığından
xəbərsiz olduğumuz
halda, Məcnunun nə dərəcə qəlb adamı olmasından xəbərdarıq.
Elə məsələnin
məğzi də bu nöqtədədir. Məsələ burasındadır
ki, cəmiyyət son dərəcə
həssas bir adamı doğma atasının cənazəsi
üstünə gəlməmək
həddinə çatdırır,
normalı anormala çevirir.
Normalın normal olaraq qalmasında
və insanın insan kimi yaşamasında
Nizaminin hökmdarlara
(məcazi yox, həqiqi mənada hakimi-mütləqlərə) böyük
ümid bəsləməsi,
"Xəmsə"də hökmdarlara geniş yer verməsi bəlli məsələdir
və Teymur Kərimli bu bəlli məsələnin
nə qədər naməlum və qaranlıq nöqtələrinə
işıq tutur. Bu, öz yerində. Amma birdən... tarixi kökü olan hökmdar obrazları sırasında Allah obrazının
da araşdırılmasını görəndə çaşırsan
və çaşıb
"Xəmsə"nin yazıldığı
bir dildə öz-özündən soruşmalı
olursan: an koca, in koca? (yəni, o hara, bu hara?) Sual beynində, kitab əlində
Allah obrazının təhlilinə
həsr olunmuş fəsli oxumağa başladıqca ürəyin
yavaş-yavaş öz
yerinə gəlir. Aydın olur ki, bizim formal parçalar sayıb ildırım sürəti ilə üstündən keçdiyimiz
"Tövhid" və
"Minacat"larda da Teymur
Kərimli ideal hökmdar,
ümumilikdə ideal insan
problemi ilə səsləşən maraqlı
cəhətlər tapır.
Belə maraqlı cəhətlərdən biri
od-alov kimi adamı yandırıb külə döndərən
hökmdarlardan fərqli
olaraq, Tanrının həmişə insan yanında olub, ona arxa-dayaq durmasıdır. Allah insana
o qədər yaxındır
ki, Nizami Onunla söhbət etməyə
can atır. Bu söhbətdə
Nizami Tanrıya müraciət etdiyi kimi, Tanrı da bəzən Nizamiyə müraciət edir. Ərkyanə, məhrəmanə
söhbətdən ürəklənən
Nizami ortodoksal islamın "hikmətə
sual yoxdur" hökmü ilə razılaşmadan bəzən
şübhə içində
hikmətə suallar verəsi olur:
"Belə yaxşı və şən dünya yaratdığın
halda,
Əbədilik nə üçün
cənnətə həvalə
edildi?
Başqa
dünya bundan daha yaxşı ola bilməz...
Sən onu (o dünyanı - M.K.)
yaxşı
hesab edirsənsə,
qoy sən deyən olsun"
Cənnətin varlığına şübhə
ilə yanaşması
da, sözünü "qoy
sən deyən olsun" şəklində
tamamlaması da Nizaminin
Tanrı ilə yaxınlığının, daha
doğrusu, Tanrını
özünə yaxın
və doğma bilməsinin bir ifadəsidir. Nizami bu cür doğmalığın
rəiyyətlə hökmdar
arasında olmamasına
təəssüflənir. Amma bu, Nizamini ruhdan
salmır, o, belə hesab edir ki, hökmdarı, bütövlükdə
insanları "Tanrının
yaratdığı ali
varlıq" mərtəbəsinə
qaldırmağın yolu
var. Nədədir bu yol? Teymur Kərimlinin
bələdçiliyi ilə
bir çox başqa suallar kimi, bu sualın
da cavabını tapmaq
mümkün olur. Aydın olur ki, "Tanrı dərgahının
açarı olan söz insan qəlbinin də açarıdır. Bu açarla
insan duyğusunun və idrakının ən qaranlıq hücrələri açılmalı,
heyvani instinktlərin toz-torpağından təmizlənməli,
bilik və hikmət ziyası ilə nurlandırılmalıdır.
Lakin bu ? zərif, poetik söz olmalıdır; çünki
hər söz insan hisslərini ehtizaza gətirən rezonator kimi fəaliyyət göstərə
bilməz, hər söz insan idrakının mürgüləyən
potensiyasını hərəkətə
gətirən açar
rolunda çıxış
edə bilməz".
Teymur Kərimlinin bədii söz haqqındakı bu fikri sadəcə fikir olaraq qalmır.
İrəli sürülən
mülahizə Nizamidən
gətirilən parçalar
əsasında xırdalanır,
açıqlanır və
nəticədə "Xəmsə"
poetikasının ana xətləri
üzə çıxarılmış
olur. Ana xətlərdən
biri əksər misra və beytlərin
məcazi məna daşıması, hətta
bir çox hallarda "obrazlı qəlizlik" (Yaşar Qarayev) həddinə çatmasıdır. Söz
meydanı xeyli dar olan lirikada
ilhamı ram etməyə
çalışan Nizami
"Xəmsə"də buna ehtiyac görmür və oxucunu məcazlar selinə qərq edir. "Xəmsə"nin poetikasındakı
bu cəhətin mahiyyətini açmaq istərkən Teymur Kərimli çağdaş
ədəbiyyatşünaslığın
psixoloji nəsrə münasibətdə daha çox işlətdiyi
"şüur axını"
istilahına oxşar bir ifadədən istifadə edir - "təşbeh axını".
Ən çox müəllif təhkiyəsində
qarşılaşdığımız
"təşbeh axını",
bütövlükdə "məcaz seli" xüsusi üslubi istiqamət kimi Nizamidən sonrakı şairlərə əsaslı
təsir göstərir
və Füzuli həmin üslubun heyrətamiz mənzərəsini
yaradır...
Bu yerdə, aydınlaşdırmaq
istədiyim növbəti
bir sual ortaya çıxır: Füzuli yaradıcılığında
Mirzə Fətəli
Axundzadəni hövsələdən
çıxaran və
ona (Mirzə Fətəli Axundzadəyə)
"Füzuli şair
deyil... ancaq nazimi-ustaddır" sözlərini
dedirdən nə idi? Bu məsələni aydınlaşdırmaq üçün
əvvəlcə gərək
Mirzə Fətəli
Axundzadənin şeir
qarşısında hansı
tələb və şərtlər qoymasının
və kimləri şair saymasının fərqinə varaq. Yadımıza salaq ki, Mirzə Fətəli Axundzadə şeirdən məzmun gözəlliyi və ifadə gözəlliyi umur və bunu bizim
klassik şairlər arasında Nizamidə görür, müəyyən
"qüsur"unu göstərmək
(yəni "bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü
adət göftgu etdiyini" bildirmək) şərti ilə Nizamini şair hesab edir. Molla
Pənah Vaqif və Qasım bəy Zakiri də şair kimi yüksək qiymətləndirməsindən belə başa düşmək olur ki, Mirzə Fətəli Axundzadə ictimai məzmun daşımağı
şeir (o cümlədən
epik şeir) üçün vacib cəhət sayır. Nizamidən fərqli olaraq, Füzulidə ictimai məzmunun o qədər də qabarıq olmaması, məncə, Mirzə Fətəli Axundzadənin
Füzulidən narazılığının
birinci səbəbidir.
Mən bilən, narazılığın ikinci
səbəbi, haqqında
qismən geniş danışmaq istədiyim
"təşbeh seli",
"məcaz seli"
məsələsidir. Çox
güman ki, "məcaz
seli"ni Nizami üçün də qüsur sayan Mirzə Fətəli Axundzadə bu "selin" Füzulidə
real ictimai problemlərin
ifadəsinə çox
da yönəlmədiyini gördükdə
hövsələdən çıxır
və məhəbbət
şairinin ünvanına
o cür sərt sözlər işlətməli
olur. Mirzə Fətəli Axundzadənin
Füzuliyə sərt
münasibətinin daha
ciddi başqa səbəbi də var: yaranmaqda olan yeni ədəbiyyata divan ədəbiyyatının,
xüsusən Füzuli
şeirinin mane olacağından nigaranlıq
və narahatlıq. Bəli, bütləri sındırmaqdan çəkinməyən
Mirzə Fətəli
Axundzadə Füzuli bütünü də sındırıb yeni ədəbiyyat
yaratmaq istəyirdi. Bu
istək gerçəyə
çevrildi - yeni ədəbiyyat
yarandı. Amma divan ədəbiyyatı
və yeni ədəbiyyat
mübahisələri tam həll
olub qurtarmadı və bu günün
özündə həmin
mübahisələrin hərdən
baş qaldırmasının,
mübahisə edənlərdən
birinin ifrata varıb divan ədəbiyyatını,
digərinin ifrata varıb yeni ədəbiyyatı
göylərə qaldırmasının,
keçmişlə bu
günü düşmən
tərəflər elan edib
qarşı-qarşıya qoymasının
şahidi oluruq. Belə ifrat meyllərə etirazını
bildirən yazıçı
Elçin bu günlərdə çap
etdirdiyi "Aqoniya",
yoxsa təkamül?"
məqaləsində yazır:
"Əgər ədəbiyyat
Füzulinin timsalında
ən yüksək bədii-estetik zirvəyə
qalxmışdısa və
bundan yuxarı qalxmaq mümkün deyildisə, deməli, istiqaməti dəyişmək
zərurəti yaranırdı".
Göründüyü kimi,
burada Füzulinin böyüklüyünə zərrə
qədər şəkk-şübhə
yoxdur. Sadəcə olaraq o fikir var ki, böyük sənətkarı
yamsılamaqla yerində
sayan, qətiyyən irəli gedə bilməyən ədəbiyyat
dəyişməyə, təzələnməyə
məhkumdur. Əgər
Füzulinin böyüklüyünə
zərrə qədər
də şübhə
etmiriksə, bu, o deməkdir ki, orta əsrlər ədəbi-estetik
dəyərlər sistemində
məhəbbət mövzusunun
və "təşbeh
seli"nin mühüm
məzmun və forma şərtlərindən sayıldığını,
o dövr ədəbiyyatında
şair qüdrətinin
məhz həmin şərtlər daxilində
üzə çıxdığını
nəzərə almış
oluruq. Klassik irs və varislik
məsələsinə Teymur
Kərimlinin münasibətinə
gəlincə, qeyd etməliyəm ki, yeni ədəbiyyat
barədə güldən
ağır söz deməyən Teymur Kərimli Füzulini müqəddəs saymaqdan
da çəkinmir, "Füzuliyə
dəymək olmaz, necə ki, totemə dəymək olmaz" ? deyir. Xoşbəxtlikdən,
Füzuliyə hədsiz
məhəbbət kor-koranəliyə
gətirib çıxarmır
və Teymur Kərimli Füzulinin şeirlər kitabında hansı qəzəlin Füzuli qələminə
məxsus olmamasını
tutarlı dəlillərlə
əsaslandıra bilir.
Çünki Teymur Kərimli Füzuli sözünün çəkisini,
səviyyəsini və
üslubi sistemini duya bilir, hər
bəlağətli nəzm
nümunəsini Teymur
Kərimliyə Füzuli
şeiri kimi təqdim etmək mümkün olmur.
"Nə klassik poetika, nə də müasir ədəbiyyatşünaslıq elmi Füzuli sənətinin bütün
ecazkarlığını açmağa
qadir deyildir" - deyən Teymur Kərimli Füzuli şeirini incələyə-incələyə
yeni nəzəri modellər
irəli sürür.
Füzuli poeziyası əsasında müəyyənləşdirdiyi
nəzəri modellərdən
birini Teymur Kərimli "ayırma"
adlandırır. Teymur
Kərimlinin qənaətinə
görə, bu bədii təsvir vasitəsi təşbehdən
fərqli olaraq, predmetlərin oxşar olmayan cəhətlərini
üzə çıxarmağa
xidmət edir: məhşər gününün
hicran günündən
fərqi budur ki, məhşər günü
cismə can verir, hicran günü isə cismi candan ayırır; el məni Məcnuna
tay tutmaz, çünki Məcnunun dərdinə dərman
var, mənim dərdimə
dərman yoxdur; ey daşürəkli sənəm, sənə büt demək olmaz, çünki büt sənin kimi daşürəkli olsa da, sənin kimi zülmkar deyil.
Teymur Kərimliyə görə,
bu kimi nümunələrdə
başlıca məsələ
iki predmet arasında əvvəlcədən
məlum olan bənzərliyi inkar etmək və həmin predmetlərin fərqini bədii şəkildə nəzər-diqqətə
çatdırmaqdır. Teymur
Kərimlinin fikrincə,
ayırma nümunələrini
təşbeh adlandırmaq
mümkün olmadığı
kimi, bədii təzad da adlandırmaq olmaz. Çünki bədii təzad, Teymur Kərimliyə görə, "əks əlamətlərin ortaq məxrəcə gətirilməsi,
yaxud eyni obyektin zidd hallara
düşməsi" üzərində
qurulduğu halda, ayırma poetik fiquru ortaq və
oxşar əlamətlərə
qarşı çıxmaq
üzərində qurulur.
Bu cür izahlarda ayırma poetik fiqurunun bədii təzaddan fərqi tam açılmasa da, Teymur Kərimlinin nəzəri
model axtarışları xüsusi
maraq doğurur və həmin axtarışların hansı
tapıntılarla nəticələnməsini
məmnuniyyətlə izləmək
istəyirsən. Teymur
Kərimlinin "Görünməyən
Füzuli" başlığı
altında təqdim etdiyi və böyük sənətkarın
yaradıcılığındakı naməlum tərəflərin
öyrənilməsinə həsr
etdiyi məqalələri
oxuyub növbəti tapıntılarla qarşılaşırsan.
Belə tapıntılardan
biri adiləşdirmədir.
Bəli, Teymur Kərimli adiləşdirmə
adlı (daha doğrusu, adiləşdirmə
adlandırdığı) poetik
fiqurun da Füzuli şeiri üçün səciyyəvi olması qənaətindədir. Poetik
fiqurun adı səni təəccübləndirir.
Düşünürsən ki, axı Füzuli adini qeyri-adi biçimdə təsvir etməyi ilə məşhurdur və Füzuli "Leyli-Məcnun"u
Nizami "Leyli-Məcnun"undan
həm də bu cəhətinə, yəni əhvalatları daha çox qeyri-adi məzmunda qələmə almasına
görə fərqlənir.
Düşünürsən ki, belə olan halda adiləşdirmə məsələsi nə dərəcədə inandırıcıdır?
Adiləşdirmənin Füzuli şeirində xüsusi yer
tutmasına inanmaq mümkündürmü? Bu cür suallara
doğru-düzgün cavab vermək üçün əvvəlcə
adiləşdirmənin nə demək olduğuna diqqət
yetirmək lazım gəlir. Məlum olur ki, adiləşdirmə,
ağlabatmaz hadisənin ağlabatan olmasını təbiət
və cəmiyyətdən götürülmüş
oxşar hadisələr vasitəsilə göstərməkdir:
əgər göz yaşı könüldə sənin xəttinə
(üzündəki gözəlliyə) həvəsi
artırırsa, burada təəccüblü bir şey yoxdur -
oda su səpdikcə ondan buxar çıxdığı kimi,
göz yaşı tökdükcə də könüldə
şövq artmalıdır; sənin vəslin mənim gecəmi
gündüzümə bərabər etsə, bu, təəccüblü
deyil - bahar fəslində gündüzlə gecə bərabər
olar; ey güli-rəna, parçalanmış sinəmdən qəmzə
oxunu əskik etmə - bilirsən ki, gül tikansız olmaz.
Bu cür
misallarla Teymur Kərimli bizi adiləşdirmə barədə
dediklərinə inandıra bilir. İnandıra bilir ki,
Füzuli, doğrudan da, adidə qeyri-adini, qeyri-adidə isə
adini göstərməyin böyük ustasıdır.
Füzuli
sözünün sehrinə düşən və o sehrin bəzi
sirlərindən bizləri agah edən Teymur Kərimli
özü də məcazi danışmağı
xoşlayır və bu məcaziliyi yeri gəldikcə elmi
üslubun gözünə qatmağı vacib bilir:
"Füzuli şeirinin çoxmənalılığını,
məna zənginliyini torpaqla müqayisə etmək olar...
Torpağın üst qatından... çoxları
faydalanır, lakin onun təkindəki xəzinəyə
çatmaq az adama qismət olur". Bu misalı çəkməkdə
bir fikrim Teymur Kərimli qələminə məxsus səciyyəvi
cəhətə ümumi şəkildə işarə etməkdirsə,
bir fikrim də Teymur Kərimli ilə klassik ədəbiyyat
üstündə dərdləşməni sona
çatdırmaqdır. Yazını sona
çatdırıram və Nizami, Füzuli sözünün
alt qatlarına enməyi bacaran Teymur Kərimliyə yeni-yeni
uğurlar arzulayıram!
Muxtar Kazımoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 30
sentyabr.- S.24-25.