Nizamişünaslıqdan
cavidşünaslığa
uzanan alim ömrü
Teymur
KƏRİMLİ - 70
Azərbaycan
elmi klassik ədəbiyyatın tədqiqi sahəsində
fundamental işlər görmüş istedadlı alimlərin
adları ilə zəngindir. Onların arasında öz layiqli
yerini tutan görkəmli tədqiqatçılardan biri də
AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər
doktoru, professor, Azərbaycan Respublikasının Dövlət
Mükafatı laureatı, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimlidir.
Akademik
Teymur Kərimli həm nəzəri, həm də praktiki
baxımdan son dərəcə hazırlıqlı bir ədəbiyyatşünas
kimi, klassiklərimizin və çağdaş sənətkarlarımızın
qələmindən çıxmış poetik mətnlərin
araşdırılması sahəsində böyük zəhməti
olan, xüsusi nüfuza malik, sanballı alimlərdəndir.
Onun müəllifliyi ilə araya-ərsəyə gəlmiş
tədqiqat əsərlərinin həm kəmiyyəti, həm
də daxili məzmunu onu deməyə əsas verir ki, alim son
50 ildə qazandığı böyük ədəbiyyatşünaslıq
təcrübəsinə istinad etməklə,
bütövlükdə Azərbaycan humanitar elminin,
elmşünaslığının inkişafına təkan
vermişdir.
"Nizami
yaradıcılığında tarixi şəxsiyyət və
tarixi hadisə ideya-estetik qayənin konteksti və
yardımçısı kimi" mövzusundakı doktorluq
dissertasiyası akademik T.Kərimlinin Azərbaycan
Nizamişünaslığına böyük töhfəsi
kimi qiymətləndirilməlidir. Alimin 2002-ci ildə
işıq üzü görmüş "Nizami və
tarix" monoqrafiyası da, bu baxımdan, əvəzsiz bir xəzinədir.
Bu əsərdə tariximizin Nizami mərhələsi və
Nizamimizin tarix mərhələsi yüksək səviyyədə
tədqiq olunmuşdur.
Ümumiyyətlə,
T.Kərimlinin bu istiqamətdəki araşdırmalarına nəzər
saldıqda, görürük ki, alimin ən böyük xidmətlərindən
biri də Nizamini Azərbaycan türkü olduğunu inkar etməyə
çalışan, onu fars şairi kimi qələmə vermək
istəyənlərə hər zaman tutarlı elmi dəlillərlə
cavab verməsidir. "Nizami və tarix" monoqrafiyasında
akademik yazır: "Maraqlıdır ki, insan xarakterlərinin
təsviri zamanı Nizami müqayisə obyekti kimi türk
insanını götürür və ideal insanı həm
fiziki, həm də mənəvi cəhətdən onunla
qarşılaşdıraraq, ona bənzədir. Ümumiyyətlə,
Nizami dövründə və ondan sonrakı dövrlərdə
"türk" obrazı gözəllik, sədaqət, səmimiyyət
rəmzi kimi çirkinlik, satqınlıq, oğurluq rəmzi
olan "hindu" obrazına qarşı qoyulmuşdur. Əlbəttə,
bütün bunlar sırf simvolik xarakter daşısa da,
Nizaminin türkə məhəbbətinin dəlillərindən
biri kimi böyük əhəmiyyətə malikdir. Bunu, adətən,
Nizamini fars şairi hesab edən İran ədəbiyyatşünasları
da duymuş və "Nizamidən türk iyi gəlir" (Səid
Nəfisi) etirafını etməyə məcbur
olmuşlar".
Akademik
T.Kərimlinin ədəbiyyatşünaslıq fəaliyyətində
Füzulinin də bədii irsinin tədqiqi xüsusi yer tutur.
Füzuli əsərlərinin transliterasiyası və nəşri
işində Teymur müəllimin mətnşünaslıq
bacarıqları xüsusilə önə
çıxmışdır. Alimin "Görünməyən
Füzuli" monoqrafiyasında Füzuli dühasının
görünməyən tərəfləri
açılmış, Füzulinin bədii dünyasına, həm
də müasirlik kontekstindən qiymət verilmişdir.
"Heydər
Əliyev və klassik ədəbiyyat" (professor Vilayət
Quliyevlə birlikdə), "Çağdaşımız Nəsimi",
"Heydər Əliyev və klassik irs" adlı
monoqrafiyaları da onun elmi yaradıcılığında
xüsusi əhəmiyyətə malikdir. T.Kərimli "Molla
Nəsrəddin" və "Füyuzat"
jurnallarının, 1918-1920-ci illərdə nəşr
olunmuş "Azərbaycan" qəzetinin tam
külliyyatının (20 cilddə) latın qrafikası ilə
nəşrinin redaktoru kimi də ədəbiyyatşünaslığımız
qarşısında mühüm xidmətlər göstərmişdir.
Alimin "Akademik Akif Əlizadə: İstedadla enerjinin
harmoniyası", akademik İsa Həbibbəyliyə həsr
edilmiş "Şərqin qapısından dünyaya",
akademik Bəkir Nəbiyevdən bəhs edən "Gözəllərin
axıra qalmışı" kimi sanballı əsərləri
də vardır.
Teymur Kərimlinin
Nizamişünaslıq və Füzulişünaslıq sahəsində
gördüyü işlər alimin 60 və 65 illik yubileyləri
münasibətilə akademik İsa Həbibbəyli və
filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən
yazılmış məqalələrdə layiqli qiymətini
aldığı üçün bu mövzunu daha da dərinləşdirməyə
lüzum görmürük. İndiki halda bizim
üçün akademik Teymur Kərimlinin
Cavidşünaslıq görüşlərini təsvir və
təhlil etmək daha məqsədəuyğun
görünür. Çünki T.Kərimli biz
cavidşünaslara böyük romantik şair Hüseyn Cavid
yaradıcılığının görkəmli tədqiqatçısı
kimi də maraqlı və yaxındır.
O, 2005-ci
ildə Hüseyn Cavid külliyyatının Turan Cavid tərəfindən
tərtib edilmiş və Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə 25 min tirajla nəşr
edilmiş beşcildliyinin redaktoru və lüğətin həmmüəllifi
olmuşdur. Beşcildliyin 2007-ci ildə işıq üzü
görmüş yeni nəşrində də redaktor və
Ön sözün həmmüəllifi məhz T.Kərimlidir.
O, "Hüseyn Cavid yaradıcılığında Qərb və
Şərq", "Cavid ocağının
çıraqsuzu", "Turanın Turanı" adlı məqalələrin
müəllifidir.
Son 20 ildə
akademik T.Kərimli ilə Hüseyn Cavidin Ev Muzeyi arasında
yaranmış səmərəli əməkdaşlıq əlaqələri
nəticəsində bir çox ciddi əsərlər
işıq üzü görmüş və onlar
cavidşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.
Teymur Kərimlinin Cavidşünaslıq fəaliyyəti
Muzeyin qurucusu və ilk direktoru Turan Cavidin böyük etimad
göstərərək, dahi şairin külliyyatının
redaktə işini məhz ona etibar etməsi ilə
başladı. Turan xanım T.Kərimlinin mətnşünaslıq
sahəsində səriştəsini və klassik irsi dərindən
bilməsini nəzərə alıb, Hüseyn Cavid "Əsərləri"nin
beşcildliyini redaktə etmək üçün məhz onu
seçdi. Bu gün cavidşünasların inamla istinad etdiyi
Hüseyn Cavid əsərlərinin orijinal mətninin bərpasında
akademik T.Kərimlinin xidməti böyükdür. Lakin alimin
Cavidşünaslıq fəaliyyəti bununla
yekunlaşmır. Akademik T.Kərimli "Cavid hikməti.
Seçmə aforizmlər" kitabının redaktoru və
Ön sözünün həmmüəllifidir. Bununla
yanaşı, o, muzey tərəfindən yenidən çap
olunmuş "Topal Teymur", "Uçurum",
"Knyaz"ın, "Ədəbiyyat dərsləri"nin
(müəlliflər: H.Cavid və A.Şaiq), 13 cildlik "Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri və
Ərtoğrol Cavid" nəşrinin, "Turan Cavid.
Ömür salnaməsi", "Dədəm Qorqud belə
demiş", 3 cildlik "Azərbaycan ədəbi fikri və
Hüseyn Cavid", "Heydər Əliyev və Hüseyn
Cavid", "Hüseyn Cavid fəlsəfəsinin tədqiq
tarixi", "Ümummilli lider Heydər Əliyev - Hüseyn
Cavid irsinin böyük hamisi" əsərlərinin, 32
cildlik "Cavidşünaslıq" toplusunun redaktorudur.
Cavidşünaslığın
inkişafı, Cavid irsinin öyrənilməsi və təbliği
naminə T.Kərimlinin gördüyü işlərin
miqyasını nəzərə alaraq, mübaliğəsiz
deyə bilərik ki, o həm də bu sahənin qiymətli
mütəxəssislərindəndir. Əlbəttə o,
Cavidşünaslığa nə qədər böyük elmi
qayğı ilə yanaşsa da, Cavid irsinin tədqiqi və
tanıdılması sahəsində ev-muzeyinin, bizim
gördüyümüz işlərə hər zaman yüksək
qiymət versə də, yeri gələndə, ədalət
naminə bu sahədəki çatışmazlıqları da
özünütənqid şəklində dilə gətirir,
Cavidin dünya miqyasında daha çox tanınmasını
istəyir: "Sovet dövründə repressiyaya
uğramış, uzun illər unudulmuş, nəhayət, bəraət
qazanmış, haqqında xeyli əsərlər
yazılmış Cavid müstəqillik dövrünün
Cavidi ilə müqayisədə xeyli "kiçikdir". Bu
gün onun böyüklüyünü həm
özümüz anlayır, həm də dünya xalqlarına
anladırıq.
T.Kərimlinin
Cavidşünaslıqla, Cavidin bədii irsi ilə
bağlı görüşləri təkcə filoloji maraqdan
irəli gəlmir, bu, Cavid yaradıcılığına, həm
də böyük məhəbbətinin mənəvi təzahürüdür.
Nizami kimi, Cavid poetikasının da möcüzəsi T.Kərimlini
hələ gənclik illərindən, özü də dəfələrcə
ovsunlamışdır. Akademik bu xüsusda belə deyir:
"Orta məktəb illərində Nizaminin bütün əsərlərini
oxumuşdum. Sonra ali məktəbdə, aspiranturada təhsil
alarkən onları yenidən oxuyanda hər dəfə fərqli
mənalarını gördüm. Nizami əsərlərinin həm
zahir, həm də batin sevənlər üçün
olduğunu deyir. Mənim üçün Hüseyn Cavidin əsərləri
də o qəbildəndir. Yaşın müxtəlif mərhələlərində
həmin əsərlərdən özün üçün
lazım olanları görür və qəbul edirsən. Bu mənada,
bizim böyük sənətkarların
yaradıcılığı kimi, Cavidin əsərləri də
əbədidir."
Akademik
T.Kərimli Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
qələmə aldığı "Heydər Əliyev və
klassik irs" monoqrafiyasında ulu öndər tərəfindən
klassiklərimizin, ələlxüsus, Nizami Gəncəvinin
irsinə göstərilən qayğını ifadə edərkən,
belə bir ümumiləşdirmə aparır: "Bu vətənşümul
işi (Heydər Əliyevin Nizami Gəncəvi irsi haqqında
verdiyi qərarları - G.B) qısaca dəyərləndirəcək
olsaq, deyə bilərik ki, böyük Nizami, XX əsrin 80-ci
illərinin nəsli üçün yenidən doğuldu, yeni
bir qüvvə ilə xalqımızın azadlıq
uğrunda mübarizəsinə qoşuldu və bu
doğuluşun, doğma xalqına bu növbəti
qayıdışın baniyi-karı, el-oba dilində desək,
baiskarı dahi Heydər Əliyev oldu.
...Və
bu da əlamətdardır ki, o zaman Nizami ilə bir sırada
böyük Hüseyn Cavidi də xalqa qaytaran, onun milli müstəqillik
dövründəki coşğun həyatına on-on beş il
əvvəldən peyğəmbərlik missiyası səviyyəsində
hazırlaşan məhz Heydər Əliyev oldu.
Yaradıcılıq
axtarışları tükənmək bilməyən görkəmli
akademikin Cavid düşüncələri çox qiymətlidir
və onların dərinliyinə endikcə enmək istəyirsən.
Amma əlbəttə ki, bu siqləti bir yazıya
sığdırmaq mümkün deyil. Odur ki, bu yerdə
yazımızı sonlandırır, akademik Teymur Kərimlini
70 illik yubileyi münasibətilə təbrik edir, ona həyatda,
çoxcəhətli və genişmiqyaslı elmi fəaliyyətində
uğurlar arzulayır, möhkəm cansağlığı və
sevinc diləyirik.
Gülbəniz
Babaxanlı
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.26.