Bənzərsiz elm və ədəbiyyat adamı

 

Bu günlərdə qeyrətli, dözümlü, mətin, məğrur millətimiz həqiqi bayram əhval-ruhiyyəsilə sevincli anlar yaşayır. Çünki Dəmir yumruqlu Müzəffər Ali Baş Komandanımızın və qüdrətli, yenilməz ordumuzun göstərdiyi əfsanəvi cəsarət, misilsiz qəhrəmanlıq sayəsində ölkəmizin  tam müstəqilliyi bərpa olunub. Müqəddəs Qarabağ torpaqlarımız qarış-qarış mərə kafirlərdən təmizlənir, tarixi ədalət zəfər zirvəsinə ucalır. Məğrurluq rəmzimiz - üçrəngli bayrağımız azad edilən yurd yerlərimizdə dalğalandıqca illərin möhnəti, zülmü-zilləti xalqımızın canından çıxıb ərşi-əlaya çəkilir, ürəyimiz təpər tapır, ruhumuz toxtayır, üzümüz gülür, bu durumumuza min alqışlar deyir, gur səslə sevinc nidalarımızı göyün yeddi qatına bülənd edirik: Uca Yaradan qətiyyətli QALİB SƏRKƏRDƏMİZİ - İLHAM HEYDƏR OĞLU ƏLİYEVİ və nizami QALİB ORDUMUZU qorusun!

Mən əminəm ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli Allahın nəzərində olan bəndələrdəndir. O, təbiətən nurlu zəka sahibi, Azərbaycan ziyalısı, Vətəninə ilahi sevgiylə bağlı vətənpərvər ruhlu bir insandır. Can Azərbaycanımızın belə xoş günlərində Teymur müəllimin müdriklik çağına zəkası parlaq, qələmi iti, ilhamı qanadlı gəlib çatması onun özündən çox, doğmalarını, dostlarını, qələmdaşlarını, söz-sənət qədri bilən hər kəsi sevindirir, güman edirəm.

Teymur Kərimli gəncliyindən qeyri-adi addımlar atmağı, gözlənilməz qərarlar qəbul etməyi bacaran şəxsiyyətdir. Onun həyatından çox az adamın bildiyi maraqlı və təəccüblü bir örnəyə istinad etməklə fikrimi təsdiqləmək istərdim.

Ötən əsrin 70-ci illərində Bakının adlı-sanlı riyaziyyat təmayüllü orta məktəbini zil şəvə qıvırcım saçlı, qumral gözlü, qaradinməz, amma özünə güvəncli bir gənc qızıl medalla bitirdi. Müəllimləri onun timsalında Azərbaycanın gələcək ünlü bir riyaziyyatçısını görürdülər. Lakin...

Naxçıvanımızın Ordubad yurdunun Nürgüt oymağından pərvazlanmış Teymur heç kimə xəbər vermədən sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə təqdim edir və ədəbiyyat fənnindən yazılı imtahan verib, universitetə əla qiymətlə qəbul olunur. Yaxınları onu təbrik etsə də, heç kim onun haraya daxil olduğu ilə maraqlanmadı. Axı, sorğu-suala nə hacət vardı, hamıya gün kimi aydındı ki, riyaziyyat təmayüllü orta məktəbi qızıl medalla bitirən ancaq riyaziyyatı seçə bilər. Teymurun seçimi isə ailəyə bir neçə aydan sonra məlum oldu, hamının sonsuz təəccübünə cavabı yaxınlarını daha çox heyrətləndirdi: "Düşündüm ki, riyaziyyat quru, cansız elmdir, darıxdırıcı olacaq, ədəbiyyat canlı, emosionaldır".

Teymur Kərimli 1975-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirmiş, iki il təyinatla Kəlbəcərdə müəllim işləmişdir. 1977-80-ci illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə) mövzusunda namizədlik, 2004-cü ildə  "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Ərəb, fars, rus, türk dillərini mükəmməl bilir, ingilis dilinə yaxından bələddir. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatıdır. İndiyədək görkəmli alimin doğma dilimizdə, türk, rus, ingilis, macar, ərəb, fars, özbək dillərində Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Macarıstan, İraq, Suriya, İran, Özbəkistan və digər ölkələrdə 200-ə yaxın elmi, eimi-kütləvi məqaləsi dərc olunub.

Şərqşünas, ədəbiyyat tarixçisi Teymur Kərimli  poeziyamızın parlaq simaları - Məhəmməd Füzuli ("Görünməyən Füzuli", Bakı, "Elm", 2003), İmadəddin Nəsimi ("Çağdaşımız Nəsimi", Bakı, "Elm və təhsil", 2019), Nizami Gəncəvi ("Nizami və tarix", Bakı, "Elm", 2021), ulu öndərimiz Heydər Əliyev ("Heydər Əliyev və klassik irs", Bakı, 2023) haqda fundamental monoqrafiyaların müəllifidir. Teymur müəllimin bir sıra görkəmli alimlərimizin həyat və yaradıcılığı haqqında elmi-kütləvi formatda yazdığı mükəmməl monoqrafik kitabları elm xadimlərimizin daha müfəssəl tanınmasına xidmət edən sanballı maarifçilik nümunələridir: "İstedadla enerjinin harmoniyası" (akademik Akif Əlizadə), "Şərqin qapısından dünyaya" (akademik İsa Həbibbəyli), "Gözəllərin axıra qalmışı" (akademik Bəkir Nəbiyev), "Akademik Mirzə İbrahimov" və b.

Bu qısa yubiley yazısında Teymur Kərimlidən yüksək istedadlı lirik bir şair kimi söz açmamaq böyük günah olardı. Onun meydanda olan iki mükəmməl poetik toplusu "Hicran ömrü" (2010) bəndəniz və Şuşa ilinə həsr olunmuş "Şuşanamə"si müasir Azərbaycan ədəbiyyatşünaslığımızın flaqmanı akademik İsa Həbibbəyli tərəfindən geniş təhlil edilərək, layiqincə dəyərləndirilib. Teymur Kərimli son illər elmi araşdırmalarla yanaşı, kamil poetik sənət nümunələr də yaradır. Bu qiymətli xəzinənin bir qismi heca vəzninin müxtəlif formalarında qələmə alınan şeirlərdir, çoxu isə əruzun poeziyamızın işlək bəhrlərində yazılan qəzəllərdir. Teymur müəllimin əksər şeirləri püxtə bədii siqləti, kamil sənətkarlığı, aşıladığı milli dəyərləri, təlqin etdiyi alovlu vətənpərvərliyi, yaymaq istədiyi bəşəri humanizmilə diqqəti cəlb edən mükəmməl nümunələrdir. Ən çox "Facebook" sosial şəbəkə vasitəsilə yayımlanan bu şeirlərin həcmi "Divan" həddini  çoxdan keçib və naşirini gözləyir.

Məni Teymur bəylə tələbə yoldaşım, gözəl insan, dilçi alim, peşəkar təhsil işçisi Əsgər Quliyev AMEA aspirantlarının yaşadığı yataqxanada tanış etmişdi (1978-ci). Mən Moskvada yaşasam da, onunla hər görüşümüzdən zənginləşərdik ikimiz də elə bil... Beləcə, həmin tanışlıq illərin qoynunda yaşa doldu, dostluğa, qardaşlığa çevrildi; Teymur bəy mənim ciyərparəm Turanın kirvəsi oldu. Teymurun və mənim də imanı kamil 90 yaşlı Məsmə anamızın məsləhətilə  Turan da  kirvəsinin oğlu Orxanın sevimlisi balaca Teymurun kirvəsi oldu, qaynadıq, qarışdıq, qohumlaşdıq, yaxınlaşdıq, saçımız-saqqalımız ağardı, boş-bekar durmadıq bu ötən illərdə, yazdıq, yaratdıq, bildiklərimizi başqalarına söylədik, öyrəndik, öyrətdik, ədəbiyyatımızı, söz sənətimizi təbliğə, təqdimə çalışdıq, can Azərbaycana, doğma Vətənə yararlı insanlar olmağa, layiqincə xidmət göstərməyə çalışdıq.  Əminəm ki, mənim sədaqətli dostum, qardaşım, söz sərrafı, söz xiridarı akademik və şair Teymur Həşim oğlu Kərimli bütün bu dediklərimə tam nail olub, alnıaçıq, üzüağ yetişdiyi 70 yaşında! Sözümü yubilyar qardaşımı xarakterizə edən bir qocaman cümlə ilə toparlamaq niyyətindəyəm:

- Teymur Kərimli klassik və müasir Azərbaycan ədəbiyyatının mahir bilicisi, Orta əsrlər ədəbi irsimizin kamil tədqiqatçısı, klassik materialların nadir mətnşünası, Nizami, Nəsimi, Füzuli kimi sənət korifeylərimizin məhsuldar araşdırıcısı, gənc alimlərin yetişməsində yorulmazlıq örnəyi - poeziyamızın hər iki vəzn, əksər janr və formalarında, məxsusən, qəzəl meydanında məharətlə at oynada bilən müqtədir şair, dünyəvi və səmavi elmlərə dərindən bələd olan, hər zaman qəlbində sönməz VƏTƏN, MİLLƏT, DÖVLƏTÇİLİK sevgisi gəzdirən, dostluqda, qardaşlıqda sədaqət timsalı bildiyimiz, Tanrı verənə qane olub, şükranlıq edən, bənzərsiz elm və ədəbiyyat adamı, Azərbaycan ziyalılığının nadir incilərindən sayılan 70 yaşlı türk oğlu türk, dizi möhkəm, Azərbaycançılıq ideyasının əliqələmli usanmaz mirzəsi, müqəddəs Turançılıq sevdalısı, ürəyi saf əbədi yolçusu, mətin, qeyrətli kişidir!

Təbriklər, əziz qardaşım, kamil ustadım! 70 yaşın mübarək! 80-də görüşənədək!

 

Abuzər BAĞIROV

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.28.