Qədim janrın müasirliyi
Bilalla tanışlığımızın 20 ilə yaxın tarixi var. Mən AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun
"Ədəbiyyat nəzəriyyəsi"
şöbəsinin müdiri
işləyəndə (2007-2012) o, tez-tez yanıma gələr, vaxtım az olsa da bu
zahirən Şərq
müdriklərinə oxşayan
maraqlı adamın qeyri-adi söhbətlərinə
diqqətlə qulaq asardım. Mən ağır xəstə olanda (2016-2019) Bilal vaxtaşırı
evimizə gəlib mənə baş çəkərdi. Təxminən
bir il öncəki gəlişində o, mənə
uzun bir qəsidə oxudu.
1985-ci ildən üzvü olduğum və bununla həmişə (40
ilə yaxındır
ki!) fəxr etdiyim AYB-nin üzvlərinin az qala 70%-i
şairdir. Bunların
az bir qismi
əsl şair - ilahi vergisi olan
istedad sahibləri, əksəriyyəti elə-belə
"söz qoşan şairdir". Belə düşüncələrlə Bilalın qəsidəsinə
qulaq asdım və dedim ki, bu unikal janr
son vaxtlar unudulub, qəsidələrindən 5-10 nümunə
gətir tanış olum və Bilal bir neçə vaxtdan sonra bəzi
nümunələr gətirdi...
Qəsidə Şərq (Azərbaycan)
ədəbiyyatının ən
qədim janrlarından
biridir. Qəsidənin
mənşəyi, yaranma
tarixi islamiyyətdən
əvvələ - cahiliyyə
dövrünə təsadüf
edir. O, ərəb lirikasının janrıdır.
Belə bir fikir mövcuddur ki, qəzəl əvvəlcə
qəsidənin bətnində
olub. Nəsib adlanıb. Sonrakı zamanlarda ondan ayrılıb, müstəqillik
qazanıb. Ədəbi-nəzəri
fikirdə bu məsələ mübahisəlidir.
Mübahisəsiz olan budur ki, qəsidə sinkretik janrdır. Ərəb qəsidəsi
süjetli xarakterə
malik idi. Qəsidəşünas
V.Feyzullayeva yazır: "Qəsidə
ərəblərin şeir
forması olub, ümumiyyətlə, Şərq
poeziyasında uzun mənzumə şəkillərinə
verilən addır. Ərəbsə "qəsd
etmək", "yönəltmək"
mənasına gələn
qəsidə kökündəndir.
Bu növ mənzumələr,
əsasən, müəyyən
bir məqsədlə
yazıldığı üçün
belə adlandırılmışdır.
Qəsidələr nət, tovhid, minacat, mərsiyyə, mədhiyyə xarakterində
olub. Ərəblərdə
qəsidənin qəzəl,
hica, etiraz, rica, məhniyyət, təzhir, zövdiyyət,
xəmriyyət, məvaiz
kimi bir sıra başqa növləri də olmuşdur. Qəsidələr
15 beytdən 120 beytə
qədər ola bilər"
(V.Feyzullayeva. "Füzulinin qəsidələri".
Bakı. "Elm", 1985.s.4-5).
Ümumiyyətlə, qəsidə dəbdəbəli janr hesab olunur. Dahi
şairimiz M.Füzuli qəsidələr
"Divan"ının müqəddiməsində
yazıb:
Məsnəvi usulu, qəzəl
sənəti
Qazanmış olsa da aləmdə
şöhrət
Lakin bir eybi var, ifratla
təfrit
Nə onda dad qoymuş, nə bunda ləzzət.
Təkcə qəsidədir hər
xeyir işdə
Cilvələr saçaraq sayılır
sənət.
Həqiqətdə, qəsidə mübhəm
ifadələr meydanı
və mətin mənalar məkanıdır.
Onun sətirlərinin
səfləri padşahlara
xütbə mənbəridir"
(Füzuli. Əsərləri,
6 cilddə, IV s. Bakı,
1996, s.25).
Füzuli
qəsidələri "dövrandan
sitəm görmüşlər",
"qiymətsiz daş
qırıntıları və
dəyərsiz dağınıq
muncuqlar" adlandırıb.
İnsan
xislətində iki ali hiss var: ağlamaq və gülmək! Qəsidə sevinclə (təriflə) qəm, kədər, məqtəl
(qətl kitabı) ifadə edən lirik - fəlsəfi janrdır.
Məhz
bu kontekstdə Bilalın qəsidələrinə
nəzər salaq, onların poetik və estetik-fəlsəfi
mahiyyətini zikr edək.
Ümumiyyətlə, qəsidə müəmmalı janrdır.
Bilalın qəsidələri
müasir oxucu üçün çox çətin anlaşılan
tərzdədir, onları
anlamaq üçün
dərin filoloji savadın poetika nəzəriyyəsinə, Şərq
estetikasına bələd
olmaq lazımdır.
"Bilənlər bilir"
(şair özü heç bir qəsidəsinə ad qoymayıb!) qəsidəsi
21 beytdən ibarətdir.
Bu qəsidə klassik
üslubda yazılıb,
şair dünya, yaranış, idrak, insan, yer-göy, asiman, qəbr evi kimi anlayışlarla,
"bilənləri" arifləri,
irfan əhlini vəsf edir:
Köçünü tutaraq qət edir yolu,
O pərvərişini bilənlər-bilir.
Əzada
sayəndə halətin
qurub
Fəhmin
gərdişini bilənlər
bilir.
Özünə məxsusdur qapı-bacası,
Çıxış-girişini bilənlər bilir.
Yolçusu olmuşuq əzəldən
yolun,
Bu gün keçmişini bilənlər bilir.
Həyat
bir günəşdir,
doğur və batır
Aləm
gərdişini bilənlər
bilir.
Bu çərxi-fələyin çaqa-çuxu
var,
Ərşini-fərşini bilənlər bilir.
Bilal, bu ədada dühalarmı
var? -
Dünyanın işini bilənlər-bilir.
Min illərdir ki, poeziya xüsusən, qəsidə
janrı "dünyanın
işini" bilməyə
çalışır. Hələ
də bu cəhd tamamlanmayıb. Bilalın qəsidələrində
dünyanın insan ağlından əlavə,
həm də fəhmlə duymaq, həsrət gözü ilə görmək ümidi poetikləşir.
Şübhəsiz ki, Bilal "o dünyanın" varlığına, cənnət
və cəhənnəm
olacağına inanır.
Ona görə də insanı bu dünyada "o dünyanı"
qazanmağa səsləyir:
Yatıb
dala qalanlara
nə cənnət var, nə cəhənnəm,
Əcəldən kəm olanlara
nə cənnət var, nə cəhənnəm.
"Nə cənnət var, nə cəhənnəm"
rədifli qəsidəsində
Bilal "Öz xəlqini
satanlara nə cənnət var nə cəhənnəm" deyir,
"İmandan bixəbər
olub abi-kövsər içməyənlərə" üz tutur.
Bilal, xəbərdarlıq eylə,
orda gəda-güdaları
Ulaq yükü qatanlara
nə cənnət var, nə cəhənnəm.
Beləliklə, şair cənnət
və cəhənnəmi
bərabər tutur, necə ki, Əzrayıl
da, Cəbrayıl da eynilə
mələklərdi, cənnət
və cəhənnəmə
də o dünyanın
paklığına xidmət
edən ilahi məkanlardır.
"Hakimi-mütləq" qəsidəsi
Ulu Tanrıya həsr olunub:
Ona zikr eyləyir gecə-gündüzü
Eşqində büsata hakimi-mütləq.
Sahibi zamana sahibdir özü
Bil ki, kainata hakimi-mütləq.
Doqquzu məfhumdur, feddisi içrə,
Ərşində o qata hakimi - mütləq.
Göründüyü kimi, burada şair kainatın sirrini rəqəm mistikası ilə izah edir.
"Sahibi zaman"ın göyün yeddinci qatında olması barədə dini ehkam bu qəsidədə
poetik-fəlsəfi məzmun
kəsb edir. Şair özünü də orda hiss və dərk edir:
Bilal, yer ayrılıb sənə orada
Elmi xərabata hakimi mütləq.
Burada bir qədər fəxriyyə ruhu da var. Şeirdə belə mənalı misralar da yer alır:
Qəyyumlar həyata hakimi-mütləq,
Burda məxluqata hakimi-mütləq.
Olubdur təyin onun varlığı
Lüzumda isbata hakimi-mütləq.
İfadəsindədir bu mlkdə hər şey,
Tənqidə ovqata hakimi-mütləq.
Bilal bu qəsidədə Şərq şeirində,
dini-fəlsəfi fikrində,
xüsusən, Nəsimi
poeziyasında yer tutan zat və
sifat terminlərindən
istifadə edir:
Aşikar,
gizli olan buna sübutdur,
Sifatında zata hakimi-mütləq.
Varlıq
aləmini yaradan odur
Əsrdə mövcudata hakimi-mütləq.
Hürufilikdə sifat Allahın surətidir. "Fəzlullah
sifat deyəndə Allahın insanlar içərisində zahir
olma, şəxslənmə
formalarını nəzərdə
tutur" (Əliyev R.
"Cavidannamə: monotenizmin
dördüncü kitabı.
Bakı, 2016, s.74).
"Zat" isə mahiyyət, Allahın subyekti, özüdür, Allahın insan sifətində zühur etməsi - şəkillənməsidir.
Bilalın qəsidələri ənənəvi
formatdan bir qədər kənara çıxır. Fəqət,
ənənəvi rəmzlərdən
kəm deyil. "Rəbbülaləmin" rədifli
qəsidəsi bu mənada diqqəti cəlb edir.
Bu qəsidə Allahın kimliyinə, onun şəninə həsr olunub.
Kainatın şahi Rəbbülaləmin
Yaradıb dərgahi Rəbbülaləmin.
İbadətimizdə pirim qəmim
Mülkdə - bismillahi Rəbbülaləmin.
Şəmini yandırıb əhli
- Tacavvüzə
Məqamda "Pənccahar"ı Rəbbülaləmin.
Yaşam
ünvanımı Can başa
salıb
Buyurub o
"Rah"u Rəhhülaləmin.
Bir "Ol" hökmü ilə aləmi qurub
Qəmlər ilə ahı Rəbbülaləmin.
Nişanı qalıbdır ömrümə
bir pay
Əzəlində gahi Rəbbülaləmin.
Küşeyi - "Sağ"ında, Bilal,
"Ya" "Sin"
Oxuyub Məddahi Rəbbülaləmin.
"Kainatın Şahı",
"dərgah", "Pir",
"bismillah", "əhli-Təcavvüf",
"Can", "rah", "Yasin" - bunlar
dini - mistik, sufi - hürufi anlayışlarıdır. Bilal bu anlayışlardan məna və poetik məqamında istifadə edir. Məsələn, bu qəsidədə işlənən
"Can" vücudda Allah mənasnıda işlədilib.
Nəsimi
"Söz" qəzəlində
"candır insan",
Füzuli "Söz candır əgər bilirsə insan" deyir.
Bilalın bu qəsidəsində
belə bir misra var: "Nişanı
qalıbdır ömrümə
bir pay". Bu məndə
Allah nişanı var, Ənəlhəq
deməkdir. "Haq-təala
insan oğlu özüdür" (Nəsimi)
deyimi tərzindədir.
Dünyadan bərk-bərk yapışanlara
anadilli ədəbiyyatımızda
ilk "Divan" yaratmış Qazi Bürhanəddinin müdrik
misralarını xatrladıram:
Gələn birdi, qalan birdi, qalan bir
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Deyirlər ki, bir əvvəl
var, bir axır,
Yalan sözü nə əvvəl var, nə axır.
Bu poetik-fəlsəfi, ədəbi-tarixi
kontekstdə müasirlik
müstəvisində Bilalın
qəsidələri - "dövrandan
sitəm görmüşlər"
(Füzuli) daha aydın dərk olunur.
Əlbəttə, desək ki, Bilalın
qəsidələri janrın
tarixi poetikası baxımından qüsursuz
deyil - bu doğru olmaz: söz israfçılığı,
üslubu mürəkkəblik,
bəzi hallarda məna boşluğu bu qəsidələrin əsas nöqsanları hesab oluna bilər.
Müasir
zamanda az qala unudulmuş bu qədim və
çətin, bədii-fəlsəfi
janra cəsarətlə
müraciət etməsi
Bilalın öz yolu olan şair
kimi yaradıcı hünəri, milli ədəbiyyata
xidmətidir.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.30.