Tanış, doğma "Özgə Adam"...

 

Bir şeir gecəsindən alınan təəssüratla

 

Şeirin, sözün gücünü dəyərləndirməyin fərqli-fərqli yolları var. Elmi, poetik dəyər müstəviləri var. Müxtəlif ölçülər, mizanlar var. Bir-birini dəstəkləyən, ya da əksinə - bir-birini rədd edən baxış bucaqları var... Amma olursa olsun, hər bir yanaşmada varılan son nöqtə, son dayanacaq Ağıl yox, Qəlbdir... Şeir Qəlbə toxunduğu, yaşananları anlatdığı, yaşayanlara həmdərd olduğu, dosta, doğmaya çevrildiyi zaman Şeir olur. Əgər oxunduğu an özünü "sən yazıbmışsan", "sən duyubmuşsan", "yazarkən ağrı ilə sən qovrulubmuşsan" kimi hiss etdirə bilıirsə, Şeir olur, Dəyər qazanır, Həmdərdə, Təsəlliyə, Təskinliyə çevrilir... Yəni Şeirin, poeziyanın ən böyük ən dəqiq yeri , tərifi Qəlbdə...

Bu günlərdə bir çox maraqlı tədbirlərin məkanına çevrilmiş "Ədibin evi"ndə "Özgə Adam" adlı poeziya axşamı keçirilirdi. Daha doğrusu, Elçin Mirzəbəylinin şeirləri ilə görüş idi. Tədbirlərin, görüşlərin, təqdimatların bolluğu yaşanan bir zamanda tam fərqli, içdən, rahatladıcı bir aurası olan bu məkanda təmtərağa, dəbdəbəyə, pafosa, göstərişə deyil, Ruha, Qəlbə, Duyğulara ünvanlanan ən əsası da, Ünvanına Yetişən bir söhbətin dinləyicisi (şahidi, iştirakçısı) olduq. Əvvəlcə yazıçı Mir Cəlal haqqında, "Ədibin evi"nin yerləşdiyi bu maraqlı məkanın onun həyatında yeri haqqında, yaradıcılığının bəzi mərhələləri haqqında söhbət açıldı (bu məqamda çox az-az, hətta nadir hallarda müşahidə olunan bir faktı mütləq qeyd etməm lazımdır. Çünki gecənin bir Poeziya gecəsi, Ruh gecəsi olmasının səbəbkarlarından biri söhbətin aparıcısı Şəfəq Mehrəliyeva idi. Zənginlik, məlumatlılıq, təmiz diksiya, həzin səs ən əsası da, dərin duyum bacarığı təqdim olunan məramı, məqsədi tamamlayır daha da dolğunlaşdırırdı). Sonra yeri iki söz sevdalısı arasındakı söhbət, suallar şeirlər aldı. Maraqlı suallar görüşün gedişatını ustalıqla yönləndirdi...

Görüşün üçün "Özgə Adam" adlandırıldığını bilmirəm... Əslində, yanlış ifadə etidm. Bilirəm: bu, şeirlərin yaradıldığı dövrlə, müəllifin o dövrün bir çox ziyalılarının, yaradıcılarının, söz adamlarının, hətta sadə insanlarının yaşadığı Böyük Özgələşmə, Yadlaşma problemi ilə əlaqədardır... İnsan müxtəlif tarixi dönüş mərhələlərində Zamanın özü ilə gətirdiyi Yadlaşmanı yaşaya, bunun ağrılarını daşıya bilir... Zaman-zaman müxtəlif ədəbiyyatlarda, müxtəlif yaradıcılıqlarda bu proses müşahidə edilib. Lakin...

O gün, o saatda, o məkanda o təəssürat dalğaları altında, dinlənən şeirlərin, yaşanan duyğuların, ifadə olunan ağrıların şahidliyində oxucunun (dinləyicinin!) Ruhunda baş qaldıran Özgəlik deyil, Doğmalıq idi. Daha dəqiq ifadə etsək, Yaşananların, hiss edilənlərin, ifadə olunanların Doğmalığı, Tanışlığı, Əzizliyi, Məhrəmliyi... (Bu da başqa bir baxış bucağı!!!)

O şeirlər səsləndiyi vaxt Zamanla mücadilənin, İnsan Adam olmanın İçindən keçmiş, mühiti ilə, özü ilə, ruhu ilə mübarizə yaşamış, bəzən Dövrə, İnsanlara qarşı mübarizəsində məğlubiyyətin acısını dadsa da, Adamlıqdan çıxmamanın qələbəsini qazanmış Biri baş qaldırırdı ruhumuzda. Özgə deyil, Doğma biri. Bir vaxtlar Özünə Özgələşmiş olsa belə, ruhumuza, yaşantılarımıza, hisslərimizə Məhrəm biri...

 

Bilirsən, necə ağırdı

Öz Vətənində yad olmaq?

Bir cüt yaşlı gözdən düşmək,

Bir cüt qırıq qanad olmaq?..

 

Bilirsən, necə ağırdı

Kölgə olmaq?

Kölgə-adam...

Öz yurdunda qərib olmaq,

Özgə olmaq...

Özgə - adam...

Bilirsən, necə ağırdı?..

 

Səninlə söhbətdə dilə gətirilibmiş kimi görünən, amma eyni zamanda da Özünün Özünə edəcəyin etirafın səmimiyyətinə malik Ağrı qədər, Əzab qədər, Sancı qədər doğmadır bu şeirin yaşatdığı hiss... Çünki "Öz Vətənində yad olmağ"ın hər mərtəbəsində, hər mərhələsində sən də olmusan. Çünki "Kölgə olmağ"ın, "Kölgə-adam"a çevrilməyin insan ruhunda qanatdığı yaradan səndə də var... Ona görə də dişlərinin arasından zülümlə çıxaracağın, Ruhunun ən dərin yerində yaşatdığın əzabların izini daşıyan, təkcə yaşandığı zaman deyil, etiraf anında belə səni cayır-cayır yandıran "Bilirəm..." sözünü hiss etmədən pıçıldayırsan...

 

Bilirsən, necə ağırdı?..

Elə bil ki öz evində

Götürüblər əsir səni...

Öz dişlərin parçalayır,

Öz əllərin kəsir səni...

Bilirsən, necə ağırdı?..

 

"Bilirəm" pıçıldayırsan və bu pıçıltıda "öz evində əsir olmanın", "öz dişlərinlə parçalanmanın", "öz əllərinlə kəsilmənin" dəhşətli ağrısını təkrar-təkrar duyursan...

Poeziya hər zaman İnsanın Özü ilə, bəzən hətta Özünə bənzəyən ətrafı ilə mübarizəsinin ağırlığından söz açıb. İnsanın yaşadığı cəmiyyətə, hətta Öz qılıfına yadlaşması belə həmişə Ağrı-sözə dönüşüb... Amma az-az hallarda bu Söz sənin doğman olan, varlığına alışdığın yaran kimi sızıldaya bilib... Bir Canın ağrısını bir Vətənin ağrısına çevirəcək (ya da əksinə!) qədər dərindən yaşanıb, yaşadılıb...

 

Bilirsən, necə ağırdı?

Cırtdanların arasında...

Böyüyəsən, Div olasan.

Ev-ev bölünə ətrafın,

Sən yenə bütöv olasan...

Bilirsən necə ağırdı?..

 

Şeirin gözəlliyi bir də şairin Sözə qazandırdığı yeni məna çalarlarında, ifadə orijinallığında olur. Fərqli məna layları yaratmaq bacarığı ilə meydana çıxır. "Cırtdanlar arasında böyüyüb Div olmaq" ifadəsindəki Div obrazı öz "yeni görünüşü" ilə bu dəfə qorxu deyil, ehtiram, qəzəb deyil, böyüklüyü qorumaq bacarığına hörmət hissi yaradır. O "Divlik"dən duyulan qürur hissini sən də arzulayırsan (nə qədər təzadlı!!!)

O gecə səslənən şeirlər arasında əvvəllər oxunanlar da vardı, ilk dəfə duyulanlar da. Məsələn, "Bir gün mən olmasam" şeirinin tanış təəssüratı lap çoxdan görüşmədiyimiz köhnə tanışlar kimi gülümsədi üzümüzə...

 

Bir gün mən olmasam...

Dəyişəcəksən...

Dərdin yandıracaq səni od kimi.

Bütün dünya ilə döyüşəcəksən,

Tənha qalacaqsan - son ümid kimi.

 

Məzarım üstündə güllər solacaq,

Sarmaşıq saracaq başdaşımı da...

Gündə neçə kərə gözün dolacaq -

Silən olmayacaq göz yaşını da.

Bir gün mən olmasam...

Qəribsəyərsən...

O qəmli gözlərin yaş tökərmi heç?

O mənsiz dünyadan istəyərsən?

O mənsiz gözlərin yol çəkərmi heç?

 

"Son ümid kimi tanha qalma"nın tanış təəssüratı... Nə zamansa yaşanmış ağrını yada salsa da, sızlatsa da, "köhnə tanış"la bu görüş həm də sevindirir...

Yaxud "Bu gecə İstanbul kimiyəm, dostum" şeirinin tanış misralarında bu dəfə Nazim Hikmət şeirinin doğma "havasını" duyursan...

 

Bu gecə İstanbul kimiyəm...

Dostum,

sevdalar başlar

Sokaklarımda,

sevdalar bitər...

Köşələrimdə...

Sayrışan işıqlarında itər

Səhəri açılmayan ümidlərimin

Bozumtul kölgələri...

Bu gecə İstanbul kimiyəm,

Dostum...

Göydələnlər kölgəsində

Üşüyür minarələrim...

 

Elçinin şeirlərinin üstün tərəfi təəssüratı olduğu kimi yaşatmağındadır. Bu misralardan elə bir güc istəyir ki, səmimiyyət olmadan o gücə yetmək çətin... Bu səbəbdən də bu şeirlərlə birlikdə "Səhəri açılmayan", günəşi doğmayan ümidlərə, "Göydələnlər kölgəsində üşüən minarələr"ə sahib bir Ruh halına düşmək çox rahat...

O gün səslənən şeirlər arasında sevgi ilə pıçıldanan da vardı, həsrətlə qovrulan da... Etirazla çalxalanan da vardı, üsyanla baş qaldıran da... Hayqıran da..

 

...Bu mənəm ey, mənəm, Vətən,

Haqqına tamarzı adam.

Ürəyini parçalayan

Güllədən razı adam.

Sığmır bu saxsı torpağa

Külüm, yerimi dəyişim...

Doğum yerimi dəyişim?

Ölüm yerimi dəyişim?

 

Amma bu etirazın, üsyanın özündə belə Sevginin, Məhrəmliyin, Doğmalığın varlığı idi o misraları fərqli edən. Sanki sevən birinin (Vətəni!!!) "Ölümüm əlindən olsun" arzusunu dilə gətirilməsi idi o üsyan və yaşananlar...

 

Ana, mənə layla demə...

Daşımır bu bədən məni...

Məni Allah öldürmədi,

Öldürdü ey...

Vətən məni...

 

Bir sözlə, gözəl bir şeir (şair) görüşü yaşandı. Ona görə gözəl ki, Öndə olan Şeir idi (Şair yox!), Söz idi (Göstəriş yox!), Səmimiyyət idi (İddia yox!!!).

Bir ... Bir dövr vardı ki, "İlahi", "Tanrı", "Allah" xitablı şeirlərin tanış, bir-birinə bənzəyən forma-intonasiyası içərisində şairi tapmaq, tanımaq çətin olurdu (bəlkə, bütün dualar bir-birinə bənzədiyi üçün bunun özü də bir qanunauyğunluq vardı!). Amma Elçin Mirzəbəylinin "İlahiyə bulud-bulud, yağış-yağış bağlılıqdan" yaranan sevgisi, "Arşın-arşın duaların" şahidlik etdiyi təması bir başqa olurdu həmişə. Yadda qalırdı. "Sənin ərşin sonsuzluqdur, məni ərşim - dualar" fərqi ilə...

 

Mən ki sənə bulud-bulud, yağış-yağış bağlıyam -

Aramızda çətir var, nə də dam var, İlahi.

Yer üzündə mənim tək göy üzünə ağlayan,

məni sənin kimi unudan var, İlahi.

 

Sənin ərşin - sonsuzluqdu, mənim ərşim - dualar,

 

Alanı çox...

Satanı çox...

Arşın-arşın dualar...

Bir məbəddən dərgahına uçur qurşun-dualar,

Bir məbəddə sönən ümid, yanan şam var, İlahi.

 

Və bu şeirdə də bir poeziyanın əsas formulu olan "sual-cavab" intonasiya-qəlibi hər dəfə oludiğu kimi yenə də dövriyəyə girirdi: "Bilirsənmi necə yanır soyuq-soyuq adamlar? Mən bilirəm..." şəklində özünü tanıdırdı. Soyuq-soyuq adamların cayır-cayır yanmasının nə demək olduğunu anlada-anlada....

 

Min illərdi ümidləri yeyir...

Doyur adamlar,

Səccadədə hücrə-hücrə, oyuq-oyuq adamlar...

Bilirsənmi necə yanır soyuq-soyuq adamlar?

Mən bilirəm...

tüstüm var, bacam var, İlahi!

 

Bir yol buldum min yolkəsən baxışların içindən -

Sualların, alqışların, qarğışların içindən...

Əlçim-əlçim buludların, yağışların içində

Bu dünyada unutduğun bir adam var, İlahi!

 

Beləcə...

 

İçərişəhərin öz varlığı ilə, "Ədibin evi"nin öz aurası ilə tamamladığı sirli-sehrli bir  ab-hava yaşadıq... Və... "İlahi" ünvanlı şeirin səsləndiyi məqamda eşidilən azan sədası elə bir başqa rəng qatdı ki, bu təəssüratı isə sözlə ifadə etmək çox çətin...

 

Nərgiz Cabbarlı

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.31.