Rənglərin ahəngi pozulmasın...  

 

Günlər keçir, aylar ötür illərə qovuşur. Hər il bizi böyüdür, püxtələşdirir, həyat dərsi verir. Bu illərdə nələr gizlənir, nələr qalır, onları təkcə özümüz bilirik. Bəzən münasibətlərə inanaraq sevməyənlərimizi sevən kimi, sevənlərimizi sevməyən kimi qəbul edib, səhv addımlar da atırıq. Sonradan görürük ki, işinə yaradığımız insanlar mələk cildinə girmiş iblislər, könlündə, ruhunda bizə abidə ucaldanlar isə diqqətimizdən kənarda qalanlar olub. Ancaq bütün bunları biz, sonralar, çox sonralar anlayırıq. Beləcə zaman bizi sınayır, bərkə-boşa salır.

Mənim yazdığım mətndə bu cürə giriş etməyim təsadüfi deyil, çünki mövzu bizim istedadlı şairəmiz, vətənpərvər jurnalist, xeyirxah insan, milliliyimizi, adət-ənənələrimizi qoruyub saxlayan Şərq gözəli - Fəridə Ləmandır.

Fəridə Ləmanı 23 ildir tanıyıram. Ancaq mənə elə gəlir ki, doğulanda bir yerdə doğulub, eyni beşikdə yatıb, yaşıl bağçada böyümüşük.

Hər kəsin özəl bir xüsusiyyəti olduğu kimi, mənim özümə məxsus xüsusiyyətlərim var.  Onlardan biri ən əsası odur ki, ilk gördüyüm insanları görən kimi, dərhal ilk baxışda nəyəsə bənzədirəm. Onu tanıdığım müddətdə vaxt xatırlasam, görsəm, hətta telefonla danışsam belə, o adamın cizgilərini görmürəm, nəyə bənzədirəmsə, gözümün önündə o əşya canlanır. Məsələn, bu yarpaq Günəş, at, göyərçin, qartal, xalça, qatıq, müxtəlif  meyvələr, quşlar, heyvanlar, səma cisimləri, əşyalar da ola bilər. Uşaqlığımda da belə olmuşam. Bizə qonaqlar gələndə, onları bənzətdiyim əşyaların adı ilə çağırırdım. "Kimdir gələn?" - sualına "Əlidir, Quludur, Qəmərdir" demişdim. "Yarpaq xaladır, nəhəng bibidir, tapança əmidir, pilləkan dayıdır i. s."  deyirdim. Etiraf edim ki, bu hərəkətlərimə görə anam tərəfindən şiddətə məruz qalırdım. Çünki "aftafa, tülkü kimi, hörümçək" başqa xoş olmayan alətlər, heyvanlar, əşyalar kimi gördüklərim var idi.

Fəridə xanımı da ilk dəfə görəndə gözümə bir "dəstək" kimi görsəndi. Mənə elə gəldi ki, bütün qapıları açmaq üçün, tutacaq yeri bu xanımdır. Hər dəfə o xanımla rastlaşanda düşünürdüm, üçün mən onu dəstək kimi görürəm. Çox sonralar fərqli insanlarla danışanda səbəbi aydın oldu. Tanınmış onlarla qələm ustası Fəridə xanımın rəhbərlik etdiyi "Məhsəti"  Şairlər Məclisinin məktəbindən bəhrələndiklərini, ilk dəfə onun sayəsində mətbuatda dərc olunduqlarını, poeziyanın sirlərinə yiyələndiklərini xüsusilə vurğulayırdılar. Hətta  kənddən qədər istedadlı gənclər Fəridə Ləmanın dəstəyi nəticəsində şəhərə gəlib, yaradıcılığı üzə çıxarılıb hal-hazırda imzaları tanınmış şairlərdirlər. Fəridə xanım ən çətin zamanlarında belə dəstəyini ehtiyacı olanlardan əsirgəməyib.

O, təkcə yaradıcı insanlara dəstək olmaqla kifayətlənməyib, həm şəhid ailələrinə, qazilərimizə baş çəkərək, öz dəstəyini əsirgəməyib, onların bilinməyən ehtiyaclarının həll olunması üçün lazımi təşkilatlara müraciət edib, problemlərinin həllinə yardım göstərib. Bütün bunları görəndən sonra mən bu qənaətə gəldim ki, dəstək olmaq, yardım etmək xüsusiyyəti onun yaşam qayəsində var.

Həmişə bir fikir beynimi çox məşğul edib. Görəsən yaradıcı insanlar naqis, riyakar, mərdimazar olarlarmı? Öz-özümə cavab vermişəm - "Əsla yox!"... Niyə? Çünki əsil yaradıcılıqla məşğul olanlar Allahın diktəsilə yazırlar. Vəhy olmasa yaza bilməzlər!..

Fəridə Ləman riyakarlıqdan, paxıllıqdan, mərdimazarlıqdan da uzaq olduğuna özüm kimi inanıram. Bu inam məndə Fəridə xanımla uzaq yaxın yolların yoldaşlığından sonra gəldiyim qənaətlərdi.

KİBATEKLƏ Şəki, Mingəçevir, Gəncə səfərimiz, Ankarada Dünya Azərbaycanlıları konqresinin VIII qurultayında Xalq artisti Lütfiyar İmanov Fəridə Ləmanın iki marşı ilə tədbiri açdı, mahnını təkrar-təkrar oxutdular özləri oxudular. Elə oradaca bu marşlara görə L.İmanov neçə ölkəyə dəvət aldı. Eyni zamanda Füzuli Elkaponi adlı şəxs Lütfiyar müəllimə 1000 dollar verdi ki, bu musiqini diskə köçürtsün. Xalq şairi, əbədiyaşar Səməd Vurğunun 100 illiyində Nəsrəddin babanın oğlu İkinci Şıxlıdan Bayramın fasilədə gəlib bizi qonaq götürüb quzu kəsməsi, 2014-cü il Anadolu Universitetində keçirilən simpoziumda birgə olmamız Fəridə haqqında mənə çox mətləbləri anlatdı! Simpoziumda qürurverici o oldu ki, Fəridə tribunaya çıxmazdan öncə onun "Türkəm,Türkəm,Türkəm mən" marşının musiqi sədaları böyük alqışlarla iclas salonunu bürüdü. Ataların: - "Qardaşın necə adamdır?" sualına - "Yol yoldaşı olmamışam" məsəli öz təsdiqini beləcə tapdı.

Bu adamı son vaxtlar mən "qumru quşu"na bənzətdim, o, Türk dünyasında bir "Çalıquşu" idisə, Azərbaycan dünyasında hər kəsin heyran olacağı "qumru quşu"dur. Rənglərinin ahəngi pozulmasın, qumru quşu!

 

Nüşabə Məmmədli

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.37.