Melisa-Su pərisi  

 

"Atama deyəcəm, baxarsınız, o gəlib məni aparanda hamısını ona deyəcəm..."

Bu balaca oğlanın səsi hələ qulaqlarımdan getmir. Uşaq sığınacağında görmüşdüm onu. Yerdə uzanıb əllərini taxta döşəməyə döyəcləyib çarəsizcə eyni sözləri təkrarlayırdı: "hamısını atama deyəcəyəm, o gəlib məni aparacaq".

"Melisa"nı oxuyarkən, o qaraşın uşağın xəyalı bütün varlığıyla yenə qarşımda dayandı. Görəsən, atası gəldimi onun dalınca, çatdıra bildimi ürəyindəkiləri ona, yoxsa, Melisa kimi susub danışa bilmədi... həyatın labirintlərindən uğurla keçə bildimi, Melisa kimi qovuşdumu ailəsinə? Axı bütün tənha uşaqlar inanır ki, günlərin bir günü onların dalınca gələn olacaq...

Həyatın gerçəkliyi, cəmiyyətin hər üzü bu povestdə incə detallarla işlənilib. Əsəri oxuyandan sonra heç bir insan bəndəsi "Melisalar"ı çölə atmaz. Ən qaba, ən soyuqqanlı insanın da ürəyində mərhəmət oyadar bu hekayə.

Melisa yunancadan "Su pərisi" (həm "bal arısı") anlamını verir. Yeniyetməlik çağımda su pərisi haqqında bir şeiri rus şairi M.Lermontovun kitabından oxumuşdum ("Dəniz şahzadəsi"). İndi gözlərimin qarşısında sevilmək istəyərkən, haqsızlığa uğrayan, cəmiyyətin qoynuna atılıb sonra məhv olan həmin "Dəniz şahzadəsi" yenidən canlandı. Axı həyatın ilk sınağında elə Melisanı bir oğlan küçəyə atır. "Dəniz şahzadəsi" şeirində , bəzən cəmiyyətin su pərilərini anlamadığının bunun əzabını vaxtsa, çəkəcəklərinin şahidi oluruq. Bu şeirdə cavan bir oğlan pərinin saçlarından tutub onunla qəddarcasına davranır. Melisanı əzib-atan o oğlan da, Totu da, qaraçı qadın kimi bir gün cəzalanacaq. Amma bir şeyi dəqiq bilirəm ki, onlar özləri bu povesti oxusaydılar, sonda Lermontovun "Şahzadə oğlan"ı kimi ömürlük əzaba düçar olmazdılar. Lermontovun su pərisi bir daha parlaq sularda üzə bilməyəcəkdi. Cəmiyyət onu yaşadığı parlaq sulardan çəkib quru torpağa atır. yaxşı ki, Sevinc Nuruqızının pərisi sonda vitrində ya zirzəmidə deyil, sevgini duya bilən insanların yanında qalır. Melisanı qoruyan bir sevgi vardı ki, daha diri iradəli idi. Elə Kafkanın kuklasını itirmiş qızcığazı kimi. Kuklasız qalmış Zöhrə mənə həmin balaca qızı xatırlatdı. Kafka deyir: "Sevdiyiniz hər şeyi tez ,ya gec itirəcəksiniz, ancaq onlar başqa şəkildə sizə geri dönəcəklər". Melisa itirdikcə kədərlənsə , içindəki inamı onun gözlərinə işıq tuturdu; "O anlamağa başlamışdı ki, xoşbəxt olmaq üçün yaşadığın yer deyil, əhatəndə olan insanlar daha böyük rol oynayırlar". Zöhrəni , Kafkanın balaca dostunu da öz sevdiyinə qovuşduran qəlblərindəki saf sevgi inam idi.

Qoca çəkməçi deyir: "Dünyanın hər yerində dərdin bir adı var, o da elə dərddir". Melisa kimi həyatın labirintlərində çıxış yolu axtaran yüz minlərlə uşağın dərdini dilə gətirib Sevinc Nuruqızı. Yalnız öz cəmiyyətini yaxşı tanıyan, onu bütün hisslərilə duyan, fəhmlə müşahidə etməyi bacaran insanlar bu cür həssaslıqla yanaşa bilərdilər bu mövzuya.

 

Melisanın sürgün həyatı

 

Dünyanın ən kədərli qəddar dövründə - repressiya zamanı çox "Melisa"lar sahibsiz qaldılar. Onların arasında M.Ə.Rəsulzadənin nəvəsi Firuzə vardı. Bu balaca qız sürgün olunduğu bumbuz, tövlə kimi yerdə anasını bacısını itirir. Onlar soyuqdan donaraq Firuzəni bu dünyada tək-tənha qoyurlar. Melisa qaraçıların evinə düşən kimi Firuzə uşaq evinə düşür, gecələr titrəyə-titrəyə öz dilində danışır ki, ana dilini unutmasın. Melisaya "çirkin" deyən cəmiyyət Firuzəyə "dəli" deyir. Ancaq o da əvvəl-axır sürgün həyatının bitəcəyinə, vətənə qayıdacağına inanır. Firuzənin gecələr xəyalını qurduğu nağıl günün birində gerçək olur.

 

Leylək yuvası

 

Povestdə modern dünyanın gətirdiyi problemlər yer alıb: Quşların tez-tez çırpıldığı elektrik naqilləri. Axı yer üzünün digər canlılarını sevmək insanlara tapşırılıb. Axı quşları daima ötən ölkələr əmin-amanlıq içində yaşayırlar. Sevinc Nuruqızı bu mövzuya da həssaslıqla yanaşıb, insanoğlunu fərqində olmağa, duyarlılığa səsləyib. Çünki yazıçı qəlbi hamıdan yaxşı bilir ki, biz insanlar kuklalara da can verə bilən canlılarıq.

 

Yenidən yaşamaq

 

"Melisa" povesti şahidi olduğum bir həyat hekayəsini mənim yadıma saldı. Bəlkə, elə Leylək ana, Səmən xala, padşah qızı mənim tanıdığım o qadının anasıymış, bəlkə, padşah qızının əmanəti - Muradın həyatını qurtaran o yaylıq həmin qəhvəyi yaylıq imiş;

Uşaq vaxtı beşmərtəbəli binanın dördüncü mərtəbəsindən düşən qadının dilindən eşitdiklərim heç yadımdan çıxmır: "Mən aşağıya doğru enərkən heç ölmək istəmirdim, bu eniş neçə saniyə çəkdi, bilmirəm, ancaq rəhmətlik anam mələk kimi uçub altıma başındakı qəhvəyi yaylığı atdı mən süzərək yerə endim..."

Nənənin danışdığı nağıl adi bir nağıl deyil. Nənə nəvələrinə varlığın yaşam sevgi mücadiləsini anlatmaq istəyir. Uşaqlar sirli yaylığın qurtardığı Murad əhvalatını sehrli nağıl kimi qavrayırlar, ancaq onlar bir gün anlayacaqlar ki, bütün nağıllar gerçəklikdən doğulur.

 

Sədaqətli Xal

 

Fransız yazıçısı Milan Kunderanın bir essesindəki itin ölümü

Şimaldan - buzlu düzənliklərdən Fransaya gətirilən it sahibinin dəbdəbəli həyatında var olmaq istəmir. O soyuq, çətin, şaxtalı yurdu üçün daima darıxır, hər gün zəngin evin ən soyuq küncündə uzanır kədərli gözlərini bir nöqtəyə - şimala zilləyirdi. Günlərin bir günü ağır xərçəng xəstəliyinə tutulan it burnunu gəldiyi yerə - şimal qütbünə doğru uzadıb öz keçmiş xatirələrinə sadiq şəkildə səssiz-səmirsiz gözlərini həyata qapayır.

Xal adlı dalmatin cinsindən olan qəhrəmanımız da gəldiyi yerə aid olduğunu bütün qəlbilə hiss edirdi. Xal darıxırdı. öz duyğusal yoxsulluğu içində boğulan insanların həyat tərzinə uyğunlaşa bilməyib, günün birində onları tərk etdi. İç hüzurun olduğunu insanlardan çox heyvanlar bilir axı. Povestin bu hissəsində maddiyyatdan bağımsız olaraq xoşbəxt olmağın dəyəri təlqin olunur. Yazıçı bu povestdə heç kəsi tənha qoymayıb. Elə sədaqətli iti . İndi Xal öz həyatına Mika Qoca Çəkməçi kimi ürəyi zəngin insanlarla davam edir.

"Melisa" povesti Abdulla Şaiq adına Kukla Teatrında səhnəyə qoyuldu. Aktyorlar məharətli, kuklalar innovativ idi. Hələ o Leyləyi heç unutmaq olmur. qədər desək ki, kukla teatrı uşaqlar üçündür, gedib tamaşa edəndən sonra anlayırıq ki, əslində, bizim - böyük uşaqların da ürəyinin rahatlıq tapdığı yerdir kukla teatrı.

 

Nurlana İŞIQ

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.48.