Qnu qnomları
"Üç nağıl" kitabından
üçüncü nağıl
Bir vaxtlar nəyin hesabına olur olsun, yeni torpaqlar kəşf etmək istəyən İmperator hökmranlıq edirdi - bəlkə elə indi də edir.
- Əgər mənim gəmilərim, - deyə o əsəbiləşirdi, - qızıl, gümüş və insan ayağı dəyməyən torpaqlarla dolu ərazi tapa bilmirsə, biz orda öz sivilizasiyamızı qura bilmiriksə, onda məndən nə İmperator?
Nazirlər deyirdi:
- Əlahəzrət, bizim
planetdə
artıq kəşf olunmalı
yer qalmayıb axı. Zəhmət
olmasa qlobusa baxın.
- Bəs bu aşağıdakı
balaca ada necə? - deyə İmperator ümidlə
soruşurdu.
- Əgər onu qlobusa salıblarsa, deməli, fəth olunub, -
deyə Nazirlər cavab verirdi. - həm də təkcə fəth
eləməyiblər, orda artıq kurort da açıblar. Bir
də ki, artıq heç kim təzə yerlər kəşf
etmək üçün dənizə getmir. Artıq elə
şeyləri kosmosda axtarırlar!
- Elədirsə, mənim Qlaktika Tədqiqatçımı göndərin!
Heç olmasa balaca bir planet tapsın!
Qalaktika
Tədqiqatçısı (dostları onu sadəcə
QT çağırırdı) sivilizasiya qurmağa
yararlı, heç olmasa az da olsa əhalisi olan planet tapmaq
üçün hüdudsuz kosmos məkanını
dolanmağa başladı.
Amma onun rastına ancaq qayalı planetlər, səhra planetlər,
göyüzünə alov püskürən vulkan planetləri
çıxırdı. Əhalisi olan qəşəng planet
isə heç yerdə görünmürdü.
Və gözəl günlərdən
birində QT teleskopla müşahidə
aparanda kosmosun lap uzaq künclərindən birində gözəl
planet gördü. Planet elə gözəl idi ki: üstünə
buludlar səpələnmiş masmavi göyüzü, bircə
baxışdan adama rahatlıq verən yaşıl meşələr
və çəmənlər...
QT planetə bir az yaxınlaşandan sonra çəmənlərdə
otlayan heyvanları və heyvanların arasında gəzişən
bapbalaca adamları gördü. Balaca adamlar bir az gülməli
görünürdü, amma yenə də qəşəng
idilər. Onlar ağac kəsir, quşları yemləyir, ot
biçir, ya da çaylarda və arxlarda çimirdilər.
Çayların suyu o qədər şəffaf idi ki, suyun
altındakı minlərlə rəngbərəng balıqlar
görünürdü.
QT eniş etdi, kosmik gəmidən düşən kimi balaca
adamlar onu əhatəyə aldı. Onlar gülümsəyib
dedilər:
- Xoş gəlmisən, əziz yadelli. Biz Qnu qnomlarıyıq. Bizə
"Qnu" deyirlər, çünki planetimizin adı Qnudur.
Bəs siz kimsiniz və haradansınız?
- Mən Yerin Böyük İmperatorunun Qalaktika Tədqqiqatçısıyam,
- deyə QT cavab verdi. - Mən sizi kəşf etməyə gəlmişəm.
- Əcəb işdir, - ən
qoca qnom dedi, - biz də sizi kəşf etdiyimizi fikirləşirdik.
QT cavab verdi:
- Yox-yox, mən sizi kəşf etmişəm! Biz axı yerdə
yaşayırıq, sizin varlığınızdan xəbərimiz
yoxdur. Buna görə də, mən bu planeti əlahəzrət
İmperatorun mülkiyyəti elan edirəm ki, o, burda öz
sivilizasiyasını qura bilisin.
Qoca qnom dedi:
- Düzünə qalsa, heç bizim də sizin
varlığınızdan xəbərimiz yox idi... Amma belə
xırda şeyə görə kefimizi korlamaq lazım deyil.
Yaxşısı budur, deyin görək sizin sivilizasiyanız
nədir ki, onun bizə yarayacağını iddia edirsiniz?
- Sivilizasiya, - QT cavab verdi, - Yer əhalisinin kəşf
etdiyi gözəl şeylərdir ki, İmperator onları sizə
hədiyyə etməyə hazırdır!
- Əgər hədiyyədirsə,
onda tezliklə onları qəbul etmək
istəyirik. Düzdür, bəy verən atın dişinə
baxmazlar, amma hər halda, sivilizasiyanın nə olduğunu bizə
bir-iki kəlmədə izah edə bilərsiniz? O təhlükəli
deyil ki?
Bu bir az QT-nin
xətrinə dəydi. Çünki orta məktəbdən
yadında qalmışdı ki, kəşfiyyatçılar kəşf
etdiyi yerə sivilizasiya aparanda yerli əhali onu
sorğu-sualsız qəbul edib. Amma o Yerin sivilizasiyası ilə
o qədər fəxr edirdi ki, o saat kosmik gəmisindən
teleskop gətirib onu Yer planetinə tuşladı:
- Baxın və öz gözünüzlə görün! -
dedi.
- Gör ha! Nə qəşəngdir! - deyə
teleskopu görən qnomlar pıçıldaşdılar.
Sonra növbəylə yaxınlaşıb Yerə baxmağa
başladılar.
- Mən heç nə görmürəm axı! - Birinci qnom
dedi. - Hər yer duman içindədir.
QT özü də teleskopa baxıb üzr istəmək məcburiyyətində
qaldı:
- Səhvən teleskopu şəhərə tuşlamışam.
Başa düşürsünüz də, zavodların
bacaları, maşınların tüstüsü... ona görə
dumandan göz-gözü görmür.
- Hə, əlbəttə,
- qnom dedi - hərdən bizdə də hava tutqun olur, biz
heç dağların zirvəsini də görə bilmirik.
Eybi yox, sabah hava açılar, sizə də bizə
"şəhər" adlandırdığınız
şeyi göstərərsiniz.
- Təəssüf ki, alınmayacaq.
Bu duman heç bazar günü də çəkilən
deyil.
- Heyif! - Qnom dedi.
- Bəs bu nə
sudur? - İkinci qnom soruşdu. - Ortası qara, qıraqları
tünd qəhvəyi.
- Həə, ola bilsin
teleskopu dənizə tuşlamışam. Bilirsiniz, dənizdə
tankerlər üzür, hərdən tankerlərdəki neft dənizə
tökülür, sahildə isə... adamlar öz zibillərinə
həmişə nəzarət eləmir. Olur ki, o zibillər dənizə
tökülür, necə deyim... hər cür tullantılar.
- Yəqin dənizin kakaşla dolu olduğunu demək istəyirsiniz,
- deyə ikinci qnom dilləndi və bütün qnomlar gülməyə
başladı, çünki "kakaş" sözü
onları bərk güldürürdü.
QT cavab vermədi və ikinci qnom dedi:
- Heyif!
- Bəs bu boş
qablarla, zərli kağızlarla dolu, ağacsız boz düzənlik
haradır? - Üçüncü qnom soruşdu.
QT teleskopun hara tuşlandığına
baxıb dedi:
- Bura kənd yeridir. Etiraf etməliyəm
ki, ağac kəsmək məsələsində çox
qabağa getmişik. Bir də ki, bəzi adamların plastik
paketləri, konfet və saqqız kağızlarını,
marmelad bankalarını hara gəldi atmaq kimi axmaq xasiyyəti
var.
- Heyif! - üçüncü qnom dedi.
- Bəs bu dəmir
qutular nədir belə? - Dördüncü qnom soruşdu. -
Yolda bir-birinin dalınca düzülən qutuları deyirəm.
- Onlar maşındır da!
Bizim ən gözəl ixtiralarımızdan biri.
Maşının köməyilə bir göz
qırpımında bir yerdən başqa yerə getmək
olar.
- Bəs onda maşınlar
nə üçün getmir? - Qnom soruşdu.
- Bilirsiniz, - QT etiraf etməyə məcbur oldu,
- maşınlar həddindən artıq çoxalıb, ona
görə də yollarda tıxaclar olur.
- Bəs o yol
qırağındakı şikəstlər kimdir? - Qnom
sorğu-suala davam etdi.
- Onlar tıxac olmayanda həddindən artıq sürətlə
sürənlərdir. Təəssüf ki, hərdən
yollarda qəza da baş verir...
- Hə, aydındır, -
qnom dedi, - sizin bu qutular çoxalanda gedə bilmirlər, gedəndə
isə içində oturan adamları şikəst edirlər.
Heyif, heyif...
Nəhayət, qoca qnom dilləndi:
- Bağışlayın, cənab
kəşfiyyatçı, məncə
daha artıq baxmağa ehtiyac yoxdur. Bəlkə də sizin
sivilizasiyanın maraqlı tərəfləri də var, amma
siz onu bura gətirsəniz, biz öz çəmənlərimizdən,
ağaclarımızdan, çaylarımızdan məhrum olub
pis yaşayacağıq. Olar ki, siz heç bizi kəşf etməyəsiniz?
- Axı biz o qədər yaxşı şey
yaratmışıq! - QT əsəbiləşib dedi. -
Misalçün, sizin xəstəxanalarda vəziyyət necədir?
Bizdə hamısı əntiqə vəziyyətdədir.
- Xəstəxanalar nəyə
lazımdır? - Qoca qnom teleskopa baxa-baxa
souşdu.
- Siz lap vəhşisiniz ki!
Xəstəxanalar xəstələnən adamları müalicə
etmək üçün lazımdır.
- Onlar nə üçün
xəstələnir? - Qnom soruşdu.
QT təmiz özündən
çıxdı.
- Siz nə danışırsınız?
O aşağıdakı cənabı
görürsünüz? O, çoxlu siqaret çəkib, indi
onun ağ ciyərini dəyişirlər, çünki
özünkü qapqara olub. İndi bu birisinə baxın. O,
bizim "narkotik" adlandırdığımız şeylərdən
istifadə edib, indi xəstəxanada onu çirkli iynələrdən
qanına keçən infeksiyadan müalicə edirlər. Bu
birisi ayağını motosikl qəzasında itirdiyi
üçün ona plastmas protez qoyurlar. Bu birisinin mədəsini
yuyurlar ki, qarnına doldurduğu keyfiyyətsiz qidaları təmizləsinlər.
Xəstəxanalar, bax, bunun üçün lazımdır! Bəyəm
bu gözəl tapıntı deyil?
- Tapıntı barədə
mübahisə edə bilməyəcəyəm,
- qnom dedi, - amma biz nə siqaret çəkirik, nə narkotikdən
istifadə edirik, nə də motosikl sürürük. Və
ancaq bağlarımızda, bostanlarımızda
yetişdirdiyimiz təzə qidalardan istifadə edirik. Buna
görə də, nadir hallarda xəstələnirik.
Sağalmaq üçünsə təpələrin
arasında yaxşıca gəzinti kifayətdir. Yeri gəlmişkən,
cənab kəşfiyyatçı, bəlkə biz gedib Yer
planetini kəşf edək?
- Nə üçün? -
QT çaşqınlıq içində soruşdu. O,
özünü daxilən narahat hiss eməyə
başlamışdı.
- Çünki biz çox
gözəl bostan və bağ salırıq, yeni ağaclar əkib
köhnələrin qulluğunda dayanırıq. Biz
bütün o plastik paketləri və qabları
yığıb çəmənlikləri təmizləyə
bilərik. Bundan başqa, yarpaqlardan tüstü bacaları
üçün filter düzəldərik və Yer əhalisini
başa salarıq ki, ömür boyu maşınlara
bağlı qalmaqdansa, piyada gəzmək nə qədər
xeyirlidir. Biz hələ çox şey edə bilərik. Bəlkə
bir neçə ildən sonra sizin Yer planeti də Qnu kimi
gözəl yer oldu.
QT çalışan qnomları
müşahidə edə-edə təsəvvür
etdi ki, onun (və bizim) Yer planeti nə qədər gözəl
ola bilərdi.
- Yaxşı, - dedi, - evə
qayıdıb İmperatora hər şeyi danışaram.
QT Yerə qayııb gördüklərini İmperatora və Nazirlərə
danışdı. Amma Baş Nazirin etiraz etmək
üçün səbəbi çox oldu:
- Qnu qnomlarını bura buraxmamışdan qabaq hər şeyi
yaxşı-yaxşı fikirləşmək lazımdır.
Onlar pasport almalıdır, emiqrant rüsumu ödəməlidir,
daimi yaşayış yerində qeydiyyata düşməlidir,
üstəlik, onların fəaliyyətini şəhər
kommunal xidmətində, meşə təsərrüfatı,
eləcə də, gömrük idarələrində
qeydiyyatdan keçirtmək lazımdır.
Baş Nazirin başı o qədər
qarışdı ki, başqa Nazirin tüpürdüyü
saqqızın üstünə çıxıb
sürüşdü, yıxılıb hər iki
ayağını sındırdı, dodağını,
alnını partlatdı, burnunu, çiynini və
başını əzdi, hər əlinin bir barmağı isə
həmişəlik qulaqlarına girib qaldı. Bunun ardınca
bir anlaşılmazlıq baş verdi, nəticədə
Baş Naziri küçəyə, zibil torbalarının
yanına atdılar, o da maşın tüstüsü uda-uda
duman içində qaldı.
Bizim hekayəmiz burda yekunlaşır. Təəssüf ki,
hamının uzun və xoşbəxt
yaşadığını deyə bilməyəcəyəm.
Qnu qnomlarının haçansa bura gələcəyini də
demək çətindir. Amma əgər gəlib
çıxmayacaqlarsa - onda onların Yerdə etmək istədiklərini
həyata keçirtməyimizə nə mane olur?
Umberto Eko
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.47.