Klassik rus poeziyasından yeni tərcümələr  

 

Mixail LERMONTOV

(1814-1841)

Rus şairi, nasiri, dramaturqu rəssamı

 

Bu naməyə görə

məni əfv eylə...

 

K. üçün

 

Bu naməyə görə məni əfv eylə,

Əlimdə qələm var, qarşımda - məzar.

Ancaq neyləyəsən, hər şey fanidir,

Həm cazib şeylər yasağı pozar.

 

Yığılıb başıma dostlar, doğmalar,

Üzlərdə sezilir göz yaşı izi.

Onlara deyildir yazdığım namə,

Eşqimi soyutmaz məzar sevgisi.

 

Nələr çəkdiyimi hardan biləsən?!

Mən fərqindəyəm - bu hədərdir.

Bu məqam əcələ bal qatan deyil,

Ancaq olan olub... Qövr edən dərdi

 

Fürsətkən yazıram, vəsf eyləyirəm!

Qəbul et naməmi. Onda görərsən

Dəhşət saçdığı vaxt sinədə hisslər

Onları ram etmək zor olur bəzən!

 

Könlünü titrətməz məzlum naməsi...

Həyatda, ah, nələr gördüm, sınadım:

Dost seçib, yanıldım! Peşmanam yəni.

Bağışla, o hisslər keçmişdə qaldı,

Bağışla, əziz "dost". İmza: "Yevgeni".      

 

Əvvəllər xoş ömür

sürdüyümü mən...

 

Əvvəllər xoş ömür sürdüyümü mən

Şirin busələrlə ölçərdim hər dəm.

İndi səadətdən bezmişəm nəsə,

Artıq bir kimsəni sevə bilmirəm.

 

Bir vaxt göz yaşıyla dəyər biçərdim

Asiliklə dolub-daşan ömrümə.

Sevib, bağlanardım o vaxt kiməsə...

Yox, aşiq olmaram daha heç kimə.

 

Unudub yaşanmış illərin sayın,

Düşdüm unutmağın həvəsinə mən:

Onlara ruhumu peşkəş edərdim,

Hətta vaz keçərdim... axirətimdən!

 

Yolumuz ayrıldı,

ancaq şəklini...

 

Yolumuz ayrıldı, ancaq şəklini

Qoynumda tutaram yenə , hələ.

Gözəl illərimin solğun ruhutək

Doldurar qəlbimi o, nəşə ilə.

 

Təzə macəraya qapılıb, səni

Unutmaq könlümü hədsiz ağrıdır:

İbadətsiz məbəd necə məbədsə,

Bəndəsiz tanrı da... yenə tanrıdır.

 

Əsla istəmərəm

el-aləm bilsin...

 

Əsla istəmərəm el-aləm bilsin

Sirli macəramı, düzü: danım?!

Necə sevirmişəm, inləyirmişəm,

Onu Tanrım bilər, bir vicdanım!

 

Könlüm tək onlara haqq-hesab verər,

Sığınar onların mərhəmətinə.

Təki cəlladım da onca zilləti

Mənə rəva görən yar ola yenə.

 

Cahilin, nadanın sözü, qınağı

Bu sevən könlümə yük olan deyil.

qədər gurlasa dəniz dalğası,

Qayadan bir zərrə qoparan deyil.

 

Buludlar qoynunda uyuyan könlüm

Gah yanan od olar, gah çilənən su,

Fırtınalar ilə şimşəklər xaric,

Heç kəslə bölüşməz qövrün, arzusun...

 

Əlvida! Bir daha

görüşmərik biz...

 

K. üçün

 

1

 

Əlvida! Bir daha görüşmərik biz,

Əl görüşmərik daha heç vədə.

Əlvida! Hürr quşa dönən o qəlbin

Çətin ki, səadət tapa özgədə.

 

Bilirəm: iztirab çəkərkən sənin

Ruhunda yaranar xoş bir qımıltı -

O şirin dilində səsləndiyi an

Torpağa gömdüyün aşiqin adı!

 

2

 

Elə səslər var ki, cahil kütlənin

Gözündə məğzi, mənası var.

Halbuki onları unutmaq olmaz -

Yaşayan bir ruhdan ayrılmaz onlar.

 

Sanki bir tabutda gömülən keçmiş

Müqəddəs səslərin dibinə enər.

Bu boyda dünyada ikicə nəfər

Onlardan həm anlar, həm ... səksənər!

 

3

 

Vur-tut bir dəqiqə baş-başa qaldıq,

O an əbədiyyət qədər uzandı.

Bütün hisslərimiz qəfil tükəndi,

Çünki tək öpüşlə alışdı, yandı.

 

 

Əlvida! Boşuna yanma, üzülmə

Bu qısa sevginin aqibətinə.

Ayrılmamız bunca çətinsə bizə,

Qovuşmaq beşbetər müşkülə dönər.

 

Tərcümə təqdim etdi:

Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.46.