Saatım-13:30
Hekayə
"Gəlirikkkkk!" - deyə
hayqırmışdım, elə
nərə çəkmişdim
ki, Koroğlu nərəsi
sısqa qalardı nərəmin yanında. Kol-kosdakı heyvanlar yerindən dəbərər,
quşlar cikkildəşər,
yalçın qayaların
köksünə xal düşərdi. İçimdəki
"mən"imin "İşə getmə, Şuşaya gedirik!" duası Tanrı dərgahının taybatay
açıq qaldığı
bir məqama düşübmüş; bəlkə
bu duamız Əbdürrəhim bəyin,
Nəcəf bəyin,
Molla Pənahın, Üzeyir bəyin, Bülbülün,
Xan əminin, Bədəl
bəyin məzarının
önündə gedib
pasibanlıq yapırmış,
gecə-gündüz, gündüz-gecə
onların qarovulunu çəkirmiş. Bu günlər
"yolumuz incə",
- deyirdik incilməmək
şərti ilə,
"işimiz zor söylərdik" düşmən
zorunun başını
əzmək naminə,
"hər çətin
asan olur, amma çətin asan olur", - deyib, Şuşaya dönüş inancımıza
sarılan olmuşuq. Gözün aydın, Cavanşir eli, Xınzırıstan, Sarıcalılar
tayfasının mübarəkləri,
xatircəm ola bilərsiniz.
Zakirəm, türfə xiyaban
ilə bağım vardır.
Yatmağa, durmağa rəngin
otağım vardır.
Nə qədər aşü-plov
yesə, qonağım
vardır.
Yaxşı nəvvadələrim, oğlum, uşağım
vardır.
Yoxdur bir özgə qəmim, fikrü-xəyalım,
Qarabağ!
Q.Zakir
Bu 44 gündə hər şeyin adına "Şuşa" deyirdim; ev-eşiyə, saatın kəfkirinə, yorğan-döşəyə
"Şuşa" deyirdim.
Qab-qaşığıma, elin
ozanına - aşığına
"Şuşa" deyirdim.
Eyvanın məhəccərinə,
qapının kilidinə,
hər şeyi "Şuşa" çağırırdım,
hamını Şuşa
kimi görürdüm.
Nə bilim, məndən olsa, bütün terminlərin adını dəyişib
bu saat Şuşa
qoyardım. Lüğətdəki
bütün sözlərə,
dilçiliyin bütün
sahələrinə, bölmələrinə,
morfologiyaya, sintaksisə,
leksikologiyaya - hər şeyə "Şuşa"
deyərdim. Abreviaturalara,
cümlə üzvlərinə,
onları həm məna, həm də qrammatik cəhətdən bir-birinə
bağlayan sintaktik suallara, sufikslərə,
prefikslərə, şirkət
adlarına, işlədiyimiz
hər məkana Şuşa adını verərdim.
- Salam, Şuşa xanım,
- Salam, Şuşa bəy,
- Harada işləyirsiz?
- Şuşada.
Hələ sual edəydilər
ki, nə tez gedib çıxdınız
oraya?
Deyərdim: ki, "Vətən dedim", "Vətən
bildim" - ona görə.
Şöhrəti boynumda olan canımı əla tanıyıram, necə deyərlər, "pir mənimdir, kəramətinə
bələdəm". Məndəki
dərd Şuşa dərdi idi, dostlar, şükür, qovuşdurana, şükür,
Şuşanı mənə
yaraşdırana, Ali Baş
komandana, əsgərinə
minnətdarıq, zabitinə
minnətdarıq. Lap yeri
gəlsə, "iti qovan kimi qovuruq
onları" - iti qovan kimi ifadəsinin
ilk hərfinə, son hərfinə
təşəkkür düşür.
"Qarabağ Azərbaycandır!"
ifadəsinin nidasına,
düşmənin Şuşaya
dediyi "əlvida"sına
da, Cavanşir elinin Sarıcalı oymağının
Babasına da heyranam bu saat. Baba bəy
Şakiri nəzərdə
tuturam. Ötkün və bişkin el şairinə:
Mən özüm övladi-Pənah
aliyəm,
Keçən qəziyyədən yeksər
haliyəm,
Tamam aləm bilir Sarıcalıyam.
Saat
08:00-dır.
Hər kəsi "Şuşa"
deyib çağırardım
bu aralar, adam lap dəli olarmış, ilahi, Şuşasızlığa.
- Salam həkim, ağrıyıram.
- Nədəndir şikayətiniz?
- Şuşadan, daha doğrusu, Şuşasızlıqdan.
İndi elə bir yerim ağrımır.
Ağrımaz təbii, nə
təhər hayqırmışdımsa,
düşmənin qulaq
pərdələri bəlkə
də, partdaq-partdaq olmuşdu, komandirlərinin
əmrini də yerinə yetirə bilməmişlər bu səbəbdən, təqvim
noyabrın 8-i, saat əqrəbi harayacan irəliləyib, əcəba?
Saat kəfkiri dayanmır.
Qurban olum, tez yürü,
ay saat əqrəbi, tez irəlilə, tələsən yerimiz
var axı. Qurban olum, tez get, becid get, ayağına daş dəyməsin.Onu
deyirdim axı, hamıya "Şuşa"-
deyib çağırırdım,
bir dəfə dostumun adına da "Şuşa" demişdim,
hələ işdən
zəng edən direktorumuza, "Bəli, Şuşa müəllim,
lazımamsa, bu saat gəlim", - demişdim.Yadımdan çıxdı,
dünən axşam dağlılardan təndirdən
çörək alanda
da:
- "2 dənə Şuşa verin, ancaq zəhmət
olmasa, salafan paketə qoymayın, əlimdəki qəzetə
bükün" demişdim.
Həmən də,
"bıyyy, çaşdım,
ay Füruzə xala",
- söyləyib üzrxahlıq
eləmişdim. Füruzə
xala da:
- "Ay bala, olur da" - deyib, lakin altdan
çəpəki-çəpəki mənə baxmışdı
da.
Siz
Allah, gülməli deməyin
mənə, deməyin,
yaxşısı budur,
görün.
Döyüş sonrası sərəfraz
gəzən qardaşlarımızı
görün.
(Şuşa alınandan sonra yürüşə çıxanları görün)
Saat kəfkirini izləyirəm.
Səs gəlir, saat günorta 12-dir.
Onu deyirdim axı... saat əqrəbi gündüz 10.00-ı göstərəndə
işdən yenicə
dönmüşdüm evə.
Gecə çimir edə bilməmişdim, dedim ki, yuxumu alım bir azca.
Fəqət, elə bil köksümdən nəsə basırdı,
elə bil Əzrayıl son nəfəsdəki
ölünün canını
alacaq təki üzərimə şığımışdı.
Sanki ürəyim o sayaq
şıdırğı vururdu.
Rəngim-ruhum da qaçmışdı,
hərənin ağzından
bir avaz gəlirdi.
Biri deyir:
- 5 gündür girmişik Şuşaya, - biri deyir:
- Əmimoğlu zəng edib, artıq Qalaya çathaçatdadılar
və.s.
Amma hər kəsin gözü telegüzgüyə
ona görə zillənir ki, rəsmi xəbəri
"Ali Baş komandan elan eləsin". Bu fikirlərlə
"gedim, mürgü
vurum bir az", - deyib, var-gəl edirdim. Bu düşüncələr içində
mən ölmüş
elə yuxuya təslim olmuşam ki, zəngə oyandığımda
saat 13.30-u göstərirdi.
13:30, o qadasını aldığım
saatdır.
"Şuşanın azad olunmasını Prezident
elan elədi" cümləsini
Firəngiz anadan eşidəndə, bir görəydiniz məni..
Yooox, göz yaşına-filan boğulmadım, amma kaş boğulardım. Kaş yaş aparardı gözlərimin
bəbəyini, kaş
gözyaşım sel
olub ağzımdakı
quruyan dilimə məlhəm olardı. Kaş bu sözləri
dinləyən qulaqlarımın
şadlığını-sevincini görəydiniz, şuşalılarım.Tək idim, yalnız idim evdə, nə yaxşı ki, dostlar, yalnız idim. Yoxsa, "vay yanımdakı adamın halına", -deyərdim.
Sevincdən gedib onu elə bağrıma
basardım ki, bağrımda
nəfəsini tapşırardı,
sevincimdən dost-aşnanın
boynunu elə qucardım ki, o saat canı çıxardı,
şadlığımı görənlər gedib şadlıq sarayları açardılar özlərinə.
Sevincimdən pay götürənlər
həmin saat doğulan körpə qızlarına "Sevinc"
adı verərdilər.
Bağışlayacaqsız, ancaq mən hər kəsi bu dəmlər "Şuşa" deyib çağırıram, "Sevinc"
yox.
- Yaxşı, Şuşa müəllim,
- Baş üstə, Şuşa bəy, oldu.
Hamını bu təqdimatda görən canım, hər kəsi bu adda çağıran canım...
Bu kişilərin də adı Şuşadır. Bəh-bəh-bəh. Şuşa
Şuşa oğlu -
Baba bəy Şakir,
Mir Möhsün Nəvvab,
Bədəlbəylilər, Hacıbəylilər.
13:30, görüm səni payidar olasan. İndi də hər saat əqrəbi fırlanan kimi gözüm 13-ü və
30-u axtarır. Adətkərdə
olub gözlərim. Arayır 13.30-u. Əhdim
var axı, qoca nənələrimizin əhdi
sayaq.
Hər xeyir işimi 13:30-a salacam. Elin qız-oğluna,
ər-ərəninə "Şuşa" deyəcəm.
-
"Salam şuşalılar, sağ olun, şuşalılar, biz gəlirikkkk!"
- demişdim. Gəldik,
28 il yarımda yaralarını
elə sarıyaq ki, bir də ötənləri
anmayasan, gəldik,
"yüngülyastıq olasan
yox, keçmiş olsun!" deyək. Salam,
"Şuşalı"lar, "Şuşa"yevlər, "Şuşa"zadələr,
"Şuşa"soylar, mümkünsə,
soyadlarınızı belə
qeyd edin növbəti gündən.
Bir balaca sirr açım,
bu günlər çaşıb taksi sürücüsünü "Şuşa dayı", -
deyib çağırmışam.
Yaxşı ki, dadaş
məni bir az ağır eşidir.Yeri gəlmişkən, çaşıb
güldana da, dibçəyə
də, telegüzgüyə
də "Şuşa"
demişəm, həəəə,
saat kəfkiri qaldı, ona da ikidəbir "Şuşa" demişdim
ayın-8-i.Görürsüz, 13:30-da necə
sevindirdi məni. Bir də bu telefonuma
44 gündür "Şuşa"
deyirəm.
Həmin
an mobil telefona zəng gəlir. Eşidirəm, kimdir?
- Bəli, Şuşa əmi, sizsiniz?
- Saat?
-
13:30-dur, necə bəyəm?
- Aaaaaaaaaa, gəlirikkkkkkkkkkk,
Şuşa!
9 noyabr 2020
Turan Uğur
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.45.