Şeirimsən, külək
Bu külək səngimir axşamdan bəri,
Özün pəncərəmə toxuyub gedir.
Elə bil ozandı, əlində sazı,
Külək nəğməsini oxuyub
gedir.
Küləyə qoşulub yol gedirəm mən,
Bir həsrət üşüyür
baxışlarımda.
Yuvasız quş kimi sarı yarpaqlar
Uçunur ağacın koğuşlarında.
İçimdə çırpınan qəm
küləkləri
Titrədib canımı sıxır
bayaqdan.
Əcəl küləyidi bəlkə
bu yaşda,
Başımda şimşəktək çaxıb bayaqdan.
Külək yaddaşımda görən
qalıbmı
Hər gecə yuxuda kəndə getməyim?
Qapımızda paslı qıfılı
görüb,
Onunla çöllərdə gecələməyim?
Sübhətək gözlərdim hər
gəlişini,
Köhnə sirdaşımsan, sehrimsən,
külək!
Pəncərəmi döyüb xəfəki
ötmə,
Sən mənim nəğməli
şeirimsən, külək!
Ruhuna qatana qədər
Xoş gördük, şəhid
anası,
Salam, müqəddəs qadın,
O gündən bu günə yana-yana,
Göynəyə-göynəyə şeirlərimə
düzüldü,
Gözlərimdən ağ vərəqə
Damcı-damcı süzüldü adın.
Necə
yatırsan, ana,
Qarışırmı heç yuxun?
Danışırmı səninlə gecə mələklərlə
enən
Pəncərəndə kölgə görünən oğlun?
Tək böyütdüyün yetim,
Ana, deyə çağırırmı
heç səni?
Bir an qızınmaq üçün
Axtarırmı qoynunu, gəzirmi
əllərini?
Suyu sovulan dəyirmantək
Bir dam altında təksən, tənhasan,
Nə hənir var, nə də səs,
Tənhalığın dilini, nə təhər öyrəndin bəs?
Oğlunla görüş üçün,
bilirəm, darıxmısan,
Dünyaya oğlunun gözlərindən
baxmısan.
Qara geymə əyninə, qara demə bəxtinə,
Dualar et
Yaradanın uca taxtına.
Ruhunu sındırma, ruhunu qoru, qadın,
Asan bilmə ruhsuz yaşamağı,
Cismi sona daşımağı.
Yaxanı
isladan,
Səni
selində axıdan bilirəm, yağış
deyil,
Göz yaşlarında elə,
Sağmısan buludlardan
Ömrünü yandırsan da
ruhunu yandırma qurtar dardan,
Ruhunu yaşat, ana, sona çatana qədər,
Oğlunun ruhuna qatana qədər.
Damdım şeirlərimə
Yovşandan öyrəndim şeir
yazmağı,
Min illər boyunca qoxusu itməz,
Çöllərə sevdalıdı,
yeri dəyişməz,
Yuxusu bitməz
Astarı
- üzü bir,
İlqarı, sözü bir,
heç nəyə bənzəməz.
Qorxusundan
min-milyon illərin səsi gələr,
Ölmüş duyğular
Unudulmuş sevgilər dirilər,
Dağların əzəmətindən əzəlliyindən
Öyrəndim şeir yazmağı,
Yağıya yol verməz,
yada baş əyməz,
Meşələrin sərinliyindən,
Dənizlərin, göllərin dərinliyindən,
Bir də çiçəklərin,
güllərin gözəlliyindən,
Göy üzünün sevgisindən
Öyrəndim şeir yazmağı:
Nə onların sevgisi tükəndi,
Nə mənim sözüm bitdi,
Nə ümidim itdi.
Aydan, Günəşdən öyrəndim
şeir yazmağı,
Torpağa,
Dənizə, ağaca, yarpağa,
insanlara
Səxavətlə verərlər atəşlərini,
Əsla
bölməzlər sevgilərini,
Mənim
kimi.
Arazdan öyrəndim şeir yazmağı:
İki sahil ağrısını
çəkə-çəkə,
Həsrət yağışını sularına tökə-tökə.
Daşı-daş, quşu-quş, böcəyi-böcək,
Şəlaləni qayalardan atılan
hörümçək kimi
Söz-söz, heca-heca şeirlərimə
süzdüm.
Qoca palıddan, Xan çinardan
öyrəndim
şeir yazmağı.
Ayaqları torpaqda,
Əlləri haqda,
Ögeylik, doğmalıq bilməzlər,
Gəlib-gedənə yol göstərər,
Dözümlərindən, dözüm verərlər.
Daha nələrdən, nələrdən
öyrəndim
Şeir
yazmağı...
Quş necə uçursa,
Budaq necə tumurcuqlayırsa,
Yarpaq necə açırsa,
Bulud necə dolursa,
Yeddi rəng "Qarı nənənin cecimi"
Aləmi
necə işıqlandırırsa,
Arılar
necə bal çəkirsə
Çiçəklərin göbəyindən,
İrmaq
necə damırsa daşların bəbəyindən,
Mən də eləcə damdım
Şeirlərimə.
Fransa, Strasturq 2016
Özüm payızam
Yenə
astanada dayanıb payız,
Durnalar həvəssiz uçub gedirlər.
Qucağı ayrılıq dolu
payızda
Nədənsə qocalar qəhərlənirlər.
Göyləri dəli bir ağlamaq tutur,
Sonuncu yarpağı qoparır külək.
Ağaclar təkliyin qəmini
çəkir,
Xəyalı dumanlı tənha
qadıntək.
Artır
saçlarında bəyaz
dumanı,
Dolaşır əzəlki cığırı,
izi.
Fikirlər qarışır yol
ayrıcında,
Qəfil
doluxsunur payızın
gözü.
Qaranlıq uzanır gecə
boyunca,
Bir dünya sirri var onda hər anın.
Üzündən-gözündən xatirə
yağır,
Əlləri qoynunda duran qadının.
Köçür aram-aram payız
duyğuma
Çətin bu ovqata nə isə yazam.
Özümə baxıram, bir
də payıza,
Nə deyim, axı, mən özüm payızam.
Duz
çevirirəm
Yelkənsiz gəmiyəm suyun
üzündə,
Bilmirəm, dünyada nə
üçün varam.
Düyününə salıb ümidlərimi,
Mən belə dünyayla ta barışmaram.
Kiçik bir zərrəydim
göyün üzündə,
Rəngbərəng yalandan, günahdan uzaq.
Kürəyimə alıb dərd
şələsini,
Sərgərdan yolçuya döndərdi
nahaq.
Bir əzəl sevdanın dadından ayrı,
Gözümə dəmadəm yaş
qazanmışam.
Yaşıl illərimi əynimdən
töküb,
Yazımı itirib qış
qazanmışam.
Dərdimi üyütməz dərd
dəyirmanım,
Yükü çəkəmmirəm mənzil başına.
Ömür də yorulub, güman da gedib,
İnamım qalmayıb ömür
yaşına.
Bir qəm adasına sanki sürgünəm,
Ayımı, ilimi yelə verirəm.
Özümlə bir kərə görüşüm deyə,
Hər günün başına duz çevirirəm.
Qoru,
İlahi
Kişilərimiz, oğlanlarımızla birgə
qız-qadınlarımız da şəhid sayılırlar
Bu qız nigarandı, pərişan gəzir,
Qəmli
baxışları yolları
üzür.
Həsrət yağışları gözündən süzür,
O gedən igidi qoru, İlahi!
Sevgisin əmanət verib, gedirdi,
Saçlarından bir tel dərilib, gedirdi.
Şəhidlik zirvəsin görüb
gedirdi,
O gedən igidi qoru, İlahi!
Gecə
kipriyilə səhəri
açır,
Təzə qanadlanıb sevgiyə
uçur,
O gedən igidi qoru, İlahi!
Xəyal
misallıdı, danışıb-dinmir,
Yuxusu qayıdıb yerinə dönmür.
O qız da şəhiddi, özü də bilmir,
O gedən igidi qoru, İlahi!
Bəxtinin ulduzu ta sönüb
axır,
Başında tufanlar, şimşəklər
çaxır.
Bir Şəhid göylərdən
o qıza baxır,
Özün o Şəhidi qoru,
İlahi!
Görüşürük hərdən
Kənddə həyətimizin yaxınlığında
Tənha
tut ağacı vardı,
Yol qırağında,
Hamı
ona möcüzəli
ağac deyərdi,
Gəlib-gedən şirin barından
yeyərdi.
Mən də anamdan gizli
Ağaca
dırmaşardım,
Başdan-ayağa tut rənginə bulaşardım.
Yayda kənd uşaqları sallanıb
Qanadlarını əyərdi,
Qışda qar-şaxta başına
döyərdi.
Küləklər fırfıra kimi
dolanardı dörd yanında,
Sarı
payız yarpaqları yuvalanardı koğuşunda
Tut ağacı dinməzdi, dözərdi,
İçinə çəkilib tənhalığını
kiridərdi
Nə sirdisə yarpaqları elə hey xışıldayardı,
Ətrafa
həzin, kövrək
zimzümə yayardı,
Sanki nəğmə dilində
ağlayardı.
Nənəm bizi ovudardı.
İsax-Musaxdı həsrətini,
Ya Anadildi, nəğməsini
oxuyur
Yuxularınıza - deyərdi.
Gözümüzün qabağında kəndimiz öldü bir gün,
Tut ağacı da yox oldu,
İsax-Musax
da, Anadil də,
Görən olmadı bir də,
Nənəm də dözmədi
kəndimizin yoxluğuna,
O tut ağacı hər gecə yuxuma gəlir,
Yenə
həzin zümzümələr
eləyir
Onda olanlardan indi heç nə heç kim yoxdur.
Bu yoxluqda nə kəndimiz,
Nə möcuzəli tut ağacı
var,
Nə nənəm, nə uşaqlığım, nə
də mən,
Yuxularda
görüşürük - hərdən.
Nağılçıyam
Bu karvan ləngər-ləngər
Yön alıb özbaşına,
Şair
də köks ötürüb
Baxır
ahıl yaşına.
Uzandıqca-uzanır
Dünyanın karvan yolu,
Karvanın çəkdiyi yük
Həsrət dolu, qəm dolu.
Ruhunun yedəyində
Gedən
uçur quş kimi,
Getdiyi yolun sirri
Açılmayıb hələ ki.
Ömrüm də son şeirimtək
Bir gün əldən düşəcək,
Tanrının dərgahında
Ruhumla görüşəcək.
Ruhumun kölgəsində
Baş daşımı görürəm,
Hər kəsdən gizli özüm
Özümü dəfn edirəm.
Eh... Darıxma, ay könül
Nə əzəl, nə axırdı,
Ömür uydurduğumuz
Qorxulu bir nağıldı.
Mən də ömür nağılında
Azan qərib yolçuyam,
Bu yalan dünyamızda
Qosqoca nağılçıyam.
Şövkət Zərin Horovlu
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.41.