Hekayələr
And
And olsun, doqquz iqlimli
torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə, Əlincə
böyüklükdə azadlığa!
Bu Vətən cənnətin
öz bənzərində...
Bir daşına dünya dəyməz,
Qiymətini yadlar bilməz!
And olsun, Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə,
ruhumuzu dirçəldən,
tarix səsli himnə, Cümhuriyyət
əsgərinin əbədi
millət qeyrətinə,
ilk şəhadətinə!
Milli ruhun odu sönməz,
Bir kərə yüksələn
bayraq, bir daha enməz!
And olsun, Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah-naləyə, üzərində
donmuş uşaq, qırmızı-bəyaz qara,
qara rəngə, baş əyməyən, satılmayan, tikə-tikə
doğrandıqca bütövləşən,
qızıl rəngli
qiymətləşən, damcı-damcı
göyə düşən
sahibsiz kölgələrə,
naməlum qəhrəmanlara!
Bu xalq torpaq verməz,
Şəhidlər ölməz, Vətən
bölünməz!
And olsun, zabit yoldaşlarını
qoruyan, düşmənin
polkovnik, generalını
boğan əsgərin
əllərinə, yenə
yoldaşlarından ötrü
cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üçrəngli
əzəmətinə, iki
yüzü yox edən birin öz-özünə heyrətinə,
el-obaya özü təskinlik verən şəhid atasının
yerdən-göyə qeyrətinə,
vətən-oğul sevgisinə,
iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının
gözlərində hər
damlası vətən
boyda, ümman-ümman
qüruruna!
Səkkizguşəli ulduzlar heç zaman sönməz,
Şəhid ruhlu bayrağımız,
ləkə götürməz!
Aləmlərin söhbəti
- Salam oğul, necəsən?
Hər gün, hər an səninləyik, biləsən.
De görüm, o ağacın
kölgəsi çox
sərindir? Axan çayın şırıltısı,
qəfil uçan o quşların pırıltısı
bənzəyirmi bu dünyaya, baxırsanmı,
sığırsanmı günə,
aya?
Ehh, oğul, fikirlərim, yuxularım bir-birindən dərindir... Bir dənizdəyəm,
sahilləri bilinmir.
Tək qayığım, ağ yelkənim,
de, yanına necə gəlim?
Bəlkə məktəb çantan
ağırdır, ver
götürüm, dərslərini
bilirsənmi, de, dinləyim,
nə istəsən, sənə alım, öz əlimdə yola salım.
Gülümsə, gözlərinin içində,
üst-başının od-ocaq iyində, kölgəndə qalım.
Yarandan süzülüm,
de, mən sənə
bir də ömür necə alım??
Susma, sən susanda döyüşürsən...
Qaya kimi böyüyürsən,
Sən susanda sıldırımlar
aşırsan, bir sel olub, ucalara
daşırsan...
Danış, dinləyim, göy-qırmızı-yaşıl
məktəblim, gəncim,
ay-ulduzlu əsgərim,
vətən oğlum,
torpaq-daş oğlum,
milli yaddaş oğlum,
varım- yoxum, iki aləmdəki bağrı qanlı, qanı şanlı, ağ qanadlı mələyim,
de, yanına necə gəlim?
- Salam, ata, necəsən?
Tələsmə ki, sən yanıma
gələsən...
Burda çaylar fərqli axır, quşlar başqa cür oxuyur, yarpaqlar da çiçək qoxuyur,
kölgələri ayrı
cür sərin...
Ay ata, sənin saçların çox ağarmış, hər ağ tükün yanıma bir şəfəq salmış,
üzündəki qırışlar
yaram kimi dərin... Kədər qələmi qürur yazmış.
De, bilim, ata, orda
vəziyyət necədir?
İndi gündüzdür, ya gecədir? Şuşada işıqlar
yanırmı, namazım
yarımçıq qalmış,
Dövlət baba məscidləri
tikirmi, zəfər yolu çəkirmi, Kəndli baba torpağını
əkirmi?
Mən gələndə soyuq idi o dağlar, qar üstündə qar yorğanla yatmış dostlar, görürdü qar yuxular... İndi qazılıbdır
yeni səngərlər, qurulubdu
yeni postlar? Üşümür
ki, indi döyüş
dostlarım, o dünyada,
bu dünyada damardakı qanlarım?
Ata, mən də hər an sizinləyəm,
biləsən,
Tələsmə ki, tez yanıma
gələsən.
Anama de,
yuxum gəlmir, mənə lay-lay desin,
Qızıma de, atan yatıb,
gözləməsin.
Azərbaycançılıq məfkurəsi
Ey azərbaycanlı!
Dünyanın harasında doğulsan,
yaşasan da sən, Azərbaycanı vətən
bilməlisən! Milli dəyərlərin,
dövlətçiliyin təəssübünü
çəkməlisən.
Ana dilini bilməli, özünü müstəqil
Respublika, Vətən və
Xalq yolunda şəhid, ya qazi növbəsində görməlisən!
Oturaq, əkinçi, qədim yerli xalqsan, həm də günçıxandan-günbatana elatsan.
Şərqin, Qərbin, keçmiş
və indinin, həm də gələcəyin qovşağındasan,
doqquz iqlimli, nurlu gecəli, qızmar günəşli,
üçrəngli dünyadasan,
Azərbaycandasan!
Bəşəri dəyərlərin, səmavi dinlərin mahiyyətindəki yaxşılar,
insanlıq xilqətindəki
mələkxətli naxışlar
milli varlığının simasında cizgilər salıbdır, lap Adəmdən
bu günlərə pak qalıbdır.
Odur ki, nurlu, düz, haqq yoldasan, öz-özündən yaxşılıqsan,
yetkin, kamil ali xalqsan!
Ey azərbaycanlı!
Hər bir xalqın baba ocağı, dədə oylağı vardır, orda hər zaman ilk bahardır.
Qutsal türk ocağında möhtəşəm tonqal
yanmış, ətrafa
köz salmış.
O közün biri sənsən, ya oylaqda nəhəng Şərq palıdı vardı, altı laləzar, üstü qardır, budağı sənsən, dərinliklərdən
aydınlıq alan möhtəşəm köklü,
boranlara, qaranlıqlara
sinə gərən azman gövdəyə bağlı, Azərbaycan türküsən, azərbaycanlısan.
Vətəndə əsrlərdir
birgə yaşadığın
qardaş xalqlarla güclüsən, şanlısan,
onlarla bütövlükdəsən,
fəxr et ki, azərbaycanlısan!
Unutma, qürur duy, həm də layiq ol ki, bağrı
şəhid qanlısan!
Qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən
elm, mədəniyyət, mənəviyyat
yüklü, müqəddəs
yoldakı karvanın sarvanısan, sən elə zaman içində
Azərbaycan zamanısan!
Əsrlərin insanlıq, qəhrəmanlıq
yadigarısan!
Ey azərbaycanlı!
Böyük, ali, dövlətlər,
imperiyalar quran xalqlar kimi, sənin
də tarixlər boyu geniş vətənin olmuş, sərhədləri gah böyümüş,
gah da kiçilmiş, çiçək
açmış, sonra
solmuş.
Bu bir tarixi qanundur:
"həqiqət də
kapital kimi güclünündür, hər
yer onlara" vətən olmuş!"
Dərbəndimiz, Borçalımız, Təbrizimiz milli həsrətimizdir,
İrəvan öz şəhərimizdir.
Azərbaycançılıq müqəddəs,
çətin, şərəfli
yoldur, yolçuları
ləpir-ləpir gəlirlər.
Ləpirləri salır şəhidlər,
alimlər, milli dəyərlər
yaradan dahilər, fikir- ideya sahibləri
- dövlətçilik quran
azərbaycanlı kişilər!
Ey azərbaycanlı!
Hər
zaman xalqı, vətəni,
dövləti və dini yolunda haqq
mübarizəsi aparan
şəhidlik, qazilik
məktəbin olubdur,
qəhrəmanlıqları milli yaddaşa dolubdur. Müstəqil dövlətinin,
qanının, canının,
Azərbaycanının ilk şəhadət
məktəbini Cümhuriyyət
əsgəri açıb,
ruhumuza işıq saçıb!
Qanlarıyla bayrağımız ucalıb,
özləri üç
rəngdə qalıb.
Ruhumuzda istiqlal günəşi ucalıb.
O vaxtdan şəhidlik,
qazilik məktəbin
milli şüurun kimi
bütövdür, zamandan
düz, məkandan dairəvidir, bir şəhidimiz hamısı,
hamısı da biridir,
onlar bayrağımız,
torpağımızla əbədidir,
diridir.
Ey azərbaycanlı!
Sənin
mahiyyətində dostluq,
ağlıq, işıq,
hər yerdə günəş, sülh arzusu vardır. Yaxın, uzaq xalqlar dostlarındır. Ancaq ermənilik adlı xəstəlik də vardır. Xalqımıza qarşı
etdikləri vəhşilikləri,
şeytanlıqları, soyqırımı
heç vaxt unutma, çomaqsız qalma.
Qonşu
kimi yaşa, dost olma.
Döyüş meydanında üz-üzə
gəlməyi arzula, sülh vaxtı yuxuya getmə, ehtiyatı əldən vermə.
Dünyanın harasında elm varsa,
getmək, ehtiyacı olana kömək etmək bəşəri vəzifəndir.
Bir də heç vaxt unutma, Azərbaycana
günəş Azərbaycandan
doğur!
Ey azərbaycanlı!
Müasir,
azad, Azərbaycan türküsən, yəni
azərbaycanlısan.
Dilin Azərbaycan türkcəsidir,
yəni Azərbaycan dilidir.
Azərbaycan sözü, əsl
mənada olubdur vətəninin, dilinin, xalqının adı, özü!
Unutma, mövcudluq kimliyindir Azərbaycan sözü!
Dinin İslamdır, müsəlmansan.
Vətənə, xalqa, dövlətə
xidmət borcun, vəzifəndir!
Xidmətin elə özü
vətəndir!
Bunun üçün güclü
olmalısan, ya yenə də güclü olmalısan! Sənin gücün elə Azərbaycanın gücüdür!
Güc isə fiziki sağlamlıq, elm, mənəvi
və maddi zənginlik, azərbaycançılıq
məfkurəsi, milli dövlətçilik
şüurunun vəhdətidir.
Vətən daşları ölkəmizin
tükənməyən,
Əsl
milli sərvətidir!
Sadıq Qarayev
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.39.