Daim şənlik, daim çirk

 

Çayın sərin suyu axır aşağı,

Dağın da kölgəsi düzlərə endi.

Sönür yavaş-yavaş göyün işığı,

quşlar yuxusunda uçuşur indi.

 

Bizim dalandarsa bığını burub,

bütün gün qapının yanında durub

qaşıyır, qaşıyır çirkli əliylə

çirkli papaq altda çirkli peysəri.

Gəlir pəncərədən haray-həşirlə

tappıltı, cingilti, gülüş səsləri.

 

Bitir gün , ötür həftə , ay da,

sonra illər keçib-gedir bir ucdan.

adamlar nizamlı bir sırayla

yoxa çıxır qəbirlərin içindən.

 

Bizim dalandarsa bığını burub,

illərdi qapının yanında durub

qaşıyır, qaşıyır çirkli əliylə

çirkli papaq altda çirkli peysəri.

Gəlir pəncərədən haray-həşirlə

tappıltı, cingilti, gülüş səsləri.

 

Soldu nuru göydə Ayın, Günəşin,

ulduzlar da dəyişdi öz şəklini.

Ağırlaşdı hərəkət bu gedişlə,

vaxt özü ovxalandı qum kimi.

 

Bizim dalandarsa bığını burub,

yüz ildi qapının yanında durub

qaşıyır, qaşıyır çirkli əliylə

çirkli papaq altda çirkli peysəri.

Gəlir pəncərədən haray-həşirlə

tappıltı, cingilti, gülüş səsləri.

 

Daniil Xarms

(1905-1942)

 

Tərcümə etdi: M. Qarayev

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.38.