Bakıda Ulu Öndər Heydər Əliyevin və
Türkiyə Cümhuriyyətinin 100
illiyinə həsr edilmiş “Uluslararası Oğuz
Türkcəsi Konfransı” keçirilir
Sentyabrın
26-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan
Milli Elmlər Akademiyasının və Türkiyənin
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə
daxil olan Türk Dil Qurumunun təşkilatçılığı
ilə Ümummilli Lider Heydər Əliyevin və Türkiyə
Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş
“Uluslararası Oğuz Türkcəsi Konfransı”nın
açılış mərasimi olub.
Türk
dünyasının elmi ictimaiyyəti tədbirdən öncə
Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət edib, məzarı üzərinə tər gül dəstələri
qoyub, onun ruhu qarşısında baş əyiblər. Həmçinin
Şəhidlər xiyabanı və “Türk şəhidliyi”
abidəsini ziyarət edərək şəhidlərin xatirəsini
ehtiramla yad ediblər.
Tədbiri
giriş sözü ilə açan AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyli bildirib ki, Ümummilli Lider Heydər
Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə
həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nda Azərbaycan və Türkiyə
ilə yanaşı, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan, eyni zamanda Şimali Kipr
Türk Respublikasından görkəmli alim və şairlər
iştirak edirlər.
Konfransın
olduqca əlamətdar dövrə təsadüf etdiyini deyən
natiq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə bu günlərdə Azərbaycanın
ərazi bütövlüyünün tam təmin olunması
ilə nəticələnmiş lokal antiterror tədbirlərinin
yaratdığı reallıqlar ölkəmizlə
yanaşı, Türk dünyasında da sevinclə
qarşılanmışdır. Akademik İsa Həbibbəyli
qeyd edib ki, antiterror tədbirlərinin keçirildiyi ərəfələrdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
BMT kimi dünyanın ən ali qurumunun kürsüsündən
“Qarabağ Azərbaycan torpağıdır” deməsi və
“Qarabağda heç bir status qəbul edilə bilməz” bəyanatı
müstəqillik dövründə 85 milyonluq türk
xalqının və onun liderinin Azərbaycana verdiyi dəstəyin
ən bariz nümunəsidir: “Bu günlər Azərbaycan,
Türkiyə və Türk dünyası üçün
çox böyük bir əlamətdar dövrdür.
Müasir Türk dünyasının iki böyük lideri, Azərbaycan
Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın sentyabrın 25-də
Naxçıvanda keçirdiyi zirvə görüşü,
həmin görüş çərçivəsində
İğdır-Naxçıvan qaz kəmərinin təməlinin
qoyulması, “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə
dair Niyyət Protokol”unun və digər sənədlərin
imzalanması Azərbaycanın ərazi
bütövlüyünü tam bərpa etməsindən sonra
yaranmış reallıqlar çərçivəsində
yüksək qiymətə malik tarixi hadisədir”.
Atatürk
Kültür, Dil və Tarix Yüksək Qurumunun 1932-ci il
sentyabrın 26-da Mustafa Kamal Atatürkün
başçılığı ilə keçirdiyi Birinci
Türk Dili Qurultayında həmin tarixin “Türk Dili
bayramı” kimi qeyd olunması haqqında qərar qəbul
etdiyini deyən akademik İsa Həbibbəyli ötən 90 il
ərzində bu əlamətdar günün qardaş ölkədə
yüksək səviyyədə keçirildiyini bildirib. AMEA
prezidenti diqqətə çatdırıb ki, Atatürk
Kültür, Dil və Tarix Yüksək Qurumu 90 ildir qeyd
etdiyi “Türk Dili bayramı”nı ilk dəfə
Türkiyədən kənarda, Azərbaycanla, xalqımızla
birgə keçirir.
“Bizim
üçün şərəfdir ki, bu əlamətdar
bayramı AMEA-da Türkiyənin mötəbər qurumları
və Türk dünyasının alim və şairləri ilə
birgə qeyd edirik. Konfransın bu salonda keçirilməsi də
özünəməxsus əlamətdar hadisədir.
Çünki 1926-cı il fevralın 26-dan martın 6-dək
Birinci Türkoloji Qurultay burada keçirilmişdir. Ötən
100 ilə yaxın müddət ərzində Türk
dünyasının dili, ədəbiyyatı, mənəviyyatı
çox inkişaf etmişdir və bu konfrans 2026-cı ildə
keçirəcəyimiz İkinci Türkoloji Qurultayın bir
növ başlanğıcıdır”.
Akademik
İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin
uzaqgörənliklə səsləndirdiyi “Bir millət, iki
dövlət” anlayışının indiki dövrdə də
müstəqil türk dövlətlərinin, Türk
dünyasının strategiyasının müəyyənləşməsində
həlledici rol oynadığını söyləyib. Qeyd edib
ki, Türkiyə və Azərbaycanın, eləcə də
digər türk dövlətlərinin bütün
platformalarda bir-birini dəstəkləməsi, Türk Dövlətləri
Təşkilatının fəaliyyətinin genişlənməsi
ümumilikdə Türk dünyasının birliyinin daha da
möhkəmlənməsinə öz töhfəsini verəcək.
Akademik
İsa Həbibbəyli daha sonra Atatürk Kültür, Dil və
Tarix Yüksək Qurumunun başqanı, professor Dərya
Örsə və Türk Dil Qurumunun başqanı, professor
Osman Mertə AMEA adından hədiyyələr təqdim edib.
Daha sonra
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun fəaliyyətinə
həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra
çıxış edən Atatürk Kültür, Dil və
Tarix Yüksək Qurumunun başqanı, professor Dərya
Örs tədbirin bütün türk xalqları
üçün önəmini vurğulayıb, konfransda
iştirak etməkdən məmnunluğunu ifadə edib.
Məruzəçi
yaxın tarixdə Qarabağ bölgəsində baş verən
İkinci Qarabağ müharibəsində böyük
şücaət və qəhrəmanlıq göstərilərək
qazanılan Qələbənin bütün Türk
dünyasının zəfəri olduğunu vurğulayıb.
Professor Dərya Örs son zamanlar bölgədəki
bütün türk dövlətlərinin inkişafına
nail olunduğunu qeyd edərək türkdilli ölkələr
arasında əlaqələrin hər keçən gün
artmaqda olduğuna diqqət çəkib, türkdilli
xalqları ortaq mədəniyyət, adət-ənənələr,
milli-mənəvi və dini dəyərlər, tarixi köklər,
etnik əlaqələrin birləşdirdiyini və bu amillərin
qarşılıqlı səmərəli fəaliyyət
üçün əsas təməl olduğunu deyib.
2023-cü
ilin Türk dünyası üçün olduqca əlamətdar
tarixlərlə yadda qaldığını qeyd edən Qurum
başqanı bu ilin Türkiyə Cümhuriyyətinin elan
olunmasının və ömrünü Azərbaycan xalqına,
millətinə həsr etmiş böyük dövlət
adamı, Azərbaycanın memarı və qurucusu, xalqın
xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100-cü ili kimi qeyd olunduğunu
vurğulayıb. O, bu iki əlamətdar hadisəyə həsr
olunmuş konfransın bütün türk xalqlarını bir
araya gətirdiyini, konfransda türkdilli ölkələrin
danışdığı dilin əsas qollarından biri olan
Oğuz türkcəsinin əsas xüsusiyyətləri, tarixi
və gələcəyinə dair əhəmiyyətli məruzələrin
dinləniləcəyini qeyd edib.
Məruzəçi
İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma
mərasiminin keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə
başlaması üçün siyasi
danışıqların aparılması və s. kimi tədbirlərin
yeni dünya düzəninin qurulması mərhələsində
Türk dünyasının parlaq gələcəyinə dair
ümidləri daha da artırdığına əminliyini ifadə
edib. O, bu günlərdə Qarabağda aparılan antiterror tədbirlərinin
uğurla nəticələndiyini qeyd edərək türk
xalqlarının bölgədə yalnız sülh və
sabitlik tərəfdarı olduqlarını vurğulayıb.
“İkinci
Qarabağ müharibəsinin Zəfərlə başa
çatmasından sonra Türkiyə və Azərbaycan
arasında yüksələn xətlə inkişaf edən
siyasi əlaqələr bütün dünya üçün
bir örnəkdir”, – deyən professor D.Örs
elm, mədəniyyət və incəsənətin hər
zaman siyasətə yön verən ən önəmli güclər
arasında olduğunu söyləyib.
Bu
baxımdan bugünkü konfransın vacibliyinə toxunan Qurum
başqanı konfransın elm, mədəniyyət və incəsənət
sahəsinin mütəxəssisləri üçün önəmli
platforma rolunu oynadığını vurğulayıb. O,
Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan,
Özbəkistanı əhatə edən mədəniyyətin
min illərdir ki, insanların xidmətində olmaq
üçün böyük mücadilələr verdiyini diqqətə
çatdırıb. Bu mədəniyyət vasitələri
arasında yer alan türk dilinin fərqli coğrafi ərazilərdə
yüz milyonlarla insan tərəfindən istifadə edildiyini
deyən professor Dərya Örs türk xalqlarının
öz aralarında ünsiyyət qura bilməsini
asanlaşdırmaq üçün bir sıra tədbirlərin
görülməsinin zəruriliyinə toxunub.
Türk xalqlarının iqtisadi və mədəni
müstəqilliyə nail olmaq üçün bu istiqamətdə
birgə fəaliyyət göstərdiyini deyən məruzəçi
bununla bağlı yeni fikir və ideyaların irəli
sürüldüyünə, müzakirələrin
aparıldığına diqqət çəkib. O, yeni
dünya düzəninin qurulduğu bir vaxtda türk dilinin
qüdrətinin bütün dünyaya göstərilməsi
istiqamətində Atatürk Kültür, Dil və Tarix
Yüksək Qurumunun böyük səy göstərdiyini diqqətə
çatdırıb.
Professor Dərya Örs
çıxışının sonunda insanlığın
rifahı, dünyada sülhə nail olunması, dövlətlərimizin
qüdrətinin daha da artması üçün türk
xalqlarının birlikdə fəaliyyət göstərməyə
davam edəcəklərini bildirib.
Türk Dil Qurumunun başqanı, professor Osman
Mert isə “Türk dil bayramı”nın
tarixi əhəmiyyətli binada keçirilməsindən
qürur duyduğunu söyləyib.
Qeyd edib ki, türk xalqları Sibirdən
Monqolustana, Anadoluya və Balkanlara kimi böyük
coğrafiyada yaşamış və öz mədəniyyətlərini
formalaşdırmışlar. O, bu mədəniyyətin izlərinin
qədim Çin mənbələrində və
Göytürk abidələrində günümüzə qədər
gəlib çıxdığını bildirib və çətin
coğrafiyada yaşayan türk xalqlarının hər zaman
daxili və xarici düşmənlərinin olduğunu
vurğulayıb. O, Göytürk xaqanı Bilgə xaqanın
“Ey türk xalqı! Üstdən göy çökmədikcə,
altdan yer dəlinməyincə, türk dövləti, türk
törəsi pozulmaz. Türk xalqı özünüzə gəlin!”
sözlərini xatırladıb və türk xalqlarını
daim bir olmağa səsləyib: “Bu gün
baxdığımızda həm Azərbaycan, həm Türkiyə,
həm də digər türk dövlətləri çətin
coğrafiyalarda yaşayırlar. Bu gün diqqət etsəz,
yaşadığı vətən üçün min ildir
şəhid verən bizdən başqa heç kim yoxdur. Və
bu coğrafiyalarda bizim qədər dünya tarixində uzun
yaşaya bilən ikinci mədəniyyət yoxdur. Onun
üçün coğrafiyamızın və mədəniyyətimizin
dəyərinin və önəminin fərqində
olmalıyıq”.
Türk Dil Qurumunun 1932-ci ildə keçirdiyi
ilk “Türk dil bayramı”ndan bu günə
kimi türk dilinin zənginliyini ortaya çıxarmaq və
dünya dilləri arasında öz layiqli yerinə
çatdırmaq üçün bir çox
araşdırmaların aparıldığını, nəşrlərin
hazırlandığını deyib.
“Türk dilində danışan ölkələrlə
elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə
bir çox layihə həyata keçirmiş və nəşrlər
hazırlamışıq. Bu gün Türk Dil Qurumunun nəşrləri
sırasında Azərbaycan türkcəsi başda olmaqla,
Türkmənistan, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti
türkcələrində, eləcə də muxtar
respublikaların - uyğur, qaqauz, karaçay-balkar və s.
bütün türkcələrlə bağlı
araşdırma aparılmaqda və nəşrlər
hazırlanmaqdadır. Bir sözlə, Türk Dil Qurumu
türkcənin dil qurumu, sizin dil qurumunuzdur. 1926-cı ildə
bu binada Birinci Türkoloji Qurultay keçirilmişdi və
2026-cı ildə İkinci Türkoloji Qurultayın məhz
burada keçirilməsini qərara aldıq”, - deyə o
söyləyib.
Türk Dil Qurumunun rəhbəri beynəlxalq
elmi konfransın Azərbaycanın qələbəsi ilə nəticələnmiş
antiterror tədbirləri günlərinə təsadüf etməsinin
əlamətdar hadisə olduğunu bildirib və tədbirin
işinə uğurlar arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar isə sovet illərində
dilimizin bir çox təhriflərə məruz
qaldığını və oğuzların zor gücünə
xalqımızın dilini dəyişməsinin insanlara
aşılandığını söyləyib.
“Mən indi xoşbəxtəm ki, həqiqət
öz yerini tapdı. Oğuzların bizim əcdadımız
olduğunu, onların bu torpaqlarda qədimdən
yaşadıqlarını və Oğuz - Azərbaycan dilinin
bizim doğma dilimiz olduğunu gördük. Orxon-Yenisey
yazılarının müəyyən dərəcədə
oğuz dilində oxunulduğunu önə çəkənlər
var. Bu, o deməkdir ki, 1500 ildir bizim doğma dillərdə
yaranan böyük ədəbiyyatımız var. Bu gün biz
bu tarixi həqiqətlərin təsdiq olunduğunu
görürük”, - deyə o bildirib.
Sonra Türk Dil Qurumunun ənənəvi
keçirdiyi şeir müsabiqəsinin qalibləri – Azərbaycandan
Xalq şairi Sabir Rüstəmxanlı, Özbəkistandan
Uluğbek Hamdamov, Qazaxıstandan Galım Jaylıbay,
Qırğızıstandan Aida Egemberdiyeva və Şimali Kipr
Türk Cümhuriyyətindən Oktay Öksüzoğlu
mükafatlandırılıblar.
Tədbir öz işini AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında bölmə iclası ilə davam etdirir.
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.14.