Öldürücü məhəbbət
ekspressiyası
Sən dözülməz
adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
nazına
dözmək çətin.
Sən
dilini bilirsən
hüznün, qəmin, məlalın.
Səndən vəfalı imiş
bu ərköyün xəyalın.
Sən
sevgini öldürüb
üstümə atıb getdin.
Mən
ki İsa deyiləm,
nəfəs verib dirildim.
Ayrılıqla
oynama,
qəlbi
külə döndərir.
Rüzgar
da nə ki dərd var,
yığıb bizə göndərir.
Sən ki
payız deyilsən,
ürəyimi saraltma.
Ağ günlərin xətrinə
get, qanımı qaraltma.
Sən
dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
öldürür məhəbbətin.
"Atılmışlar"
filmi üçün
Özünə
qapananda
dünyanı da öz içinə
daşıyar,
gözlərinin yaşından
bir şəhər yaralanar
atasız
uşaqların,
anasız
uşaqların.
Niyə
ağlasın bir uşaq
oyuncağı qucağında,
qumdan tikdiyi qalanın
bürcündə bayrağı yellənirkən?..
başının üstündə
Günəş ona ata kimi əl uzadırsa,
gecələr Ay pəncərəsində
şəfqətli ana kimi gülümsəyirsə,
niyə
ağlasın bir uşaq?
Bəs
Gün çıxmayanda,
Ay doğmayanda
kimə
ata desin,
kimə
ana desin,
küçə-küçə xəyalları
didərgin uşaqlar?!
Suyun qəlbini yaralayanları
çaylar necə bağışlayar?!
Gül
öz kölgəsinə baş qoyub yatır,
gülə kölgəsindən danışmayın,
qırılan budaqlar göylərin
yarasıdır,
Onlara ayrılan vaxt uzaqların,
sonsuzluğunda əriyərsə,
hıçqırığı sinəsində
düyün-düyünsə,
arzularını buraxdığı bir
küncdə
dodağını dişlərsə,
ömür boyunca
ümidlərin yedəyində sürünərsə
atılmışlar...
bu yükü daşıya bilməz dünya,
qopar, qopar məhvərindən!..
***
İçimdəki
dumanda azdı
xoş xəbər gətirəsi
quşlar,
qaranlığın sinəsini
dimdikləməkdən yoruldular,
sərxoş xatirələr
şütüyüb keçir xəyalımdan,
namərd
duman, udma məni,
dizi yerdə, ruhu göydə adamlar
Allahı
axtarırlar.
Allahla
insan arası məsafə
bir iman boyu,
bir inam boyu,
əfi ilan kimi
ruhuma doğru sürünmə,
duman...
bir əli xeyirdə, bir əli şərdə
adamlar
Allahı
axtarırlar.
Şeytana
daş atır
şeytan
adamlar,
göy üzünü quşların
əlindən
alan adamlar
orda Allahı axtarırlar.
Güzgüdə
özümə baxdım,
bir topa duman gördüm,
quşlar
dumanı qovurdular
qanadlarıyla.
Dumanda kor olmuşdum,
kor koru necə görürdü,
Allah?!
Heç
kəs belə nağıl
danışa bilməz
Heç
bir ana,
heç
bir qadın
məni
sənin
kimi doğa bilmədi,
ürəyim ovcunda
buğdatək cücərdi,
oldu səməni...
Heç
bir ana,
heç
bir qadın
məni
əfv edə bilmədi,
sənintək bağışlamağı
kimsə
bacarmaz.
Sənin
ömründə yuva
qurdum
bir quş misalı,
kimsə
uydurammaz
belə
masalı.
Heç
bir ana,
heç
bir qadın
belə
şirin nağıl
danışa bilməz
mənə,
bütün uşaqlara..
Cənnət
həm də
qadınların sinəsindədir;
yəni
anaların ürəyində,
çün, ürəkdən başlayır
bütün başqa məsələlər...
Heç
kəs,
heç
kəs bunu bacarmadı -
Ana,
Qadın,
Sevgili -
Səndə birləşdi bütün
sevgilər...
Güzgü
Tək
baxsaq da güzgüyə,
bizi qoşa göstərir.
Mən onun güzgüsüyəm,
gözümdə güzgülənir.
Üzümə
toxunanda
yuxulu barmaqları,
işıqlandı bir anda
ömrümün çıraqları.
Ürək
uçuq komaydı,
uçuq
evdə can qızmaz.
Sevgi mahir ustaydı,
ev qurduq - topdağıtmaz!
Təzə evə köçəndə
dedim bir güzgü alaq.
O, baxdı gözlərimə
güzgüyə baxansayaq.
Gözümdə
cilvələndi
işvəsiylə-nazıyla.
Güzgü nə lazım?
-dedi
ürkək pıçıltısıyla.
Güzgü
məni dəyişir,
qüssə, kədər gətirir.
Amma sənin gözlərin
məni
gözəl göstərir.
***
Gecələr
yatmağa qoymaz səni
gecikdiyin
qatarların səsi...
küləyin izi qalar yuxularında,
uzaqlar keçmişə sürüklər
səni,
ayrılıqdan sonra da yaşayar
sevgi,
sən keçmişi təkrarlayarsan,
gözlədiyin qatar
gələcəkdə gözləyər
səni...
İtmiş
xatirə
Bu dənizin
sahilində
xatirəmi itirmişəm.
Axıb
gedib ləpələrdə,
Günəş deyir görməmişəm,
Ay susur...
Başmağımın
bir tayıtək
haradasa düşüb itib.
Vurnuxuram
ağ ayıtək,
mən qalmışam, o qız
gedib.
Çay susur...
Sakit axan
çaya dönüb,
balıqlara yem olubdu.
Qışa dönüb, yaya dönüb,
çiçəkləyən qəm olubdu.
Yay susur...
O
ağacı tapmadı yaz,
gördü ki, kötüyü qalıb.
Daha nə din, nə də ki,
yaz,
kötük də elə qaralıb...
Hey susur...
Rəngidir
Üzdə
xəfif qızartı utanmağın rəngidir,
Saçda tək-tük ağartı
usanmağın rəngidir.
Gözdə
qəmin, məlalın ayrılıqla savaşdır,
Vüsal
görən xəyalın
inanmağın rəngidir.
Dodağın
qənd misalı, səhər şirin çay olar,
Axşam
sevgi masalı can
almağın rəngidir.
Sevda yeli
bir əsim, əsib keçər içimdən,
Gül qoxulu nəfəsin oyanmağın rəngidir.
Misirdə
sultan ola Yusifi-Kənan yenə,
Yarə
itaət qıla, qul olmağın rəngidir.
Adada
darıxmaq
Göydən
üç deyil,
bir qızıl alma düşdü
dənizin ovcuna,
siqaretimin
dumanı qarışır
sübhün şehinə,
buludların siluetinə,
gözlərim yorğun düşüb
günəşi gözləməkdən,
dəniz
gözlərim önündə
nazlanır,
sən xəyalımda,
hansınız daha gözəlsiniz?!
daxırmaq bizlik deyil,
sən yanımda olmalısan,
ikimizin payıdır bu qızıl alma,
sən yanımda olunca
şərabsız da gözəl olur
dünya,
sən üfüqdə günəş
görürsən,
mən qızıl alma,
darıxma, birdənəm, darıxma,
sahilə
çıx, məni görəcəksən...
***
Gün
batdı,
qəm artdı,
çölün quşları yatdı,
hüznün dəmi çatdı...
Yel əsdi,
sönmüş odu ahəstə
közərtdi,
O kimdi üfüqdə
yandı,
külü küldən
külə düşdü?!
Üfüqə hay düşdü,
Yada Ay düşdü,
gəldi,
kiritdi dünyanı...
Günəş batıb,
rəngi
qalıb,
göylərin ahəngi qalıb,
Dünya
adlı bu kitabın
Gözəgörünməz rəssamı
nə gözəl çəkib
dünyanı!..
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.26.