QARA RAHİB

 

Əvvəli ötən sayımızda

 

Tanya otaqdan çıxdı. Yeqor Semyonıç Kovrinin yanına, divana əyləşdi, dərin bir ah çəkdi və bir qədər susduqdan sonra:

– Hə, qardaşım mənim... – deyə sözə başladı, – belə-belə işlər, mənim əziz magistrim. Bax, mən məqalələr də yazıram, sərgilərdə də iştirak edirəm, medallar da qazanıram... Deyirlər, “Pesotskinin almaları adam başı boydadı...”, “Pesotski bağ-bağçasıyla özünə var-dövlət toplayıb”. Bir sözlə, necə deyərlər, qaz vurub, qazan doldururam! Amma sual olunur: bütün bunlar kimə və nəyə lazımdır? Bağ, həqiqətən, gözəl, nümunəvidir... Bu, sadəcə bağ deyil, dövlət əhəmiyyətli böyük bir müəssisədir. Çünki bu, necə deyərlər, Rusiya təsərrüfatçılığı və iqtisadiyyatının yeni erasına atılan ilk addımdır. Amma nəyə xidmət edir? Məqsəd nədir?

– Məqsədin nə olduğunu, məncə, işin özü deyir.

– Mən o mənada demirəm. Sadəcə, bilmək istəyirəm: mən öləndən sonra bu bağın taleyi necə olacaq? Mən olmasam, bircə aya gördüyün bütün bu mənzərədən əsər-əlamət belə, qalmayacaq. Burada məsələ bağın böyüklüyündə, ya işçilərin çoxluğunda deyil, məsələ ondadır ki, mən işi sevirəm, başa düşürsən? Ola bilsin, canımdan da artıq sevirəm. Sən özün bir bax: hər şeyi özüm edirəm. Mən səhərdən axşamacan işləyirəm. Bütün peyvəndləri özüm edirəm, budamaq işi – özüm, əkin məsələləri – özüm, hər bir şeyi – özüm. Kimsə kömək eləyəndə qısqanıram, əsəbiləşib özümdən çıxıram. Məsələ də, bax, budur: yəni söhbət işə sevgidən, sərraf təsərrüfatçı baxışından, bu zəhmətkeş əllərdən gedir. Görürsən, bircə saatlığa harasa qonaq gedirsən və ürəyin iynə üstündə oturmuş kimi əsir ki, görən, bağda hər şey qaydasındadırmı? Bəs mən öləndə necə olacaq? Bağa kim baxacaq? Kim işləyəcək? Bağban? İşçilər? Hə? Bax, gör, sənə nə deyirəm, əziz dost, bizim bu işdə birinci düşmən – nə dovşan, ağacqurdu, nə də şaxtadı. Bu, yad adamdı.

– Bəs Tanya? – Kovrin gülə-gülə soruşdu. – O ki dovşan qədər zərərli ola bilməz. O, işi bilir və sevir.

– Əlbəttə, bilir və sevir. Əgər mən öləndən sonra bağ ona qalarsa və bağa yiyəlik edərsə, onda, əlbəttə, nəyinsə dərdini çəkməyə elə bir səbəb yoxdu. Amma əgər o, Allah eləməmiş, ərə gedərsə? – Yeqor Semyonıç pıçıldayıb, vahimə dolu gözlərlə Kovrinə baxdı. – Məsələ, bax, budur! Ərə gedəcək, uşaqlar doğulacaq, bağ-filan yada düşməyəcək. Ən çox qorxduğum isə odur ki, ərə getdiyi adam tamahkarın biri ola və bağı alverçi arvadlara icarəyə verə... Belə olarsa əgər, hər şey bircə ilin içində məhv olub gedəcək! Bizim işdə isə, biləsən ki, arvadlar – Allahın lənətidi! 

Yeqor Semyonıç köks ötürdü və bir qədər susdu.

– Bəlkə də, bu, xudbinlikdi, amma açıq deyəcəyəm: istəmirəm Tanya ərə getsin. Qorxuram! Bura, bizə özündənrazı biri gəlir, skripkası qoltuğunda... düz-əməlli çala da bilmir. Bilirəm, Tanya dünyasında ona ərə getməz, yaxşı bilirəm, amma onu görən gözüm yoxdu! Ümumiyyətlə, qardaş, mən çox əcaib adamam. Boynuma alıram. 

Yeqor Semyonıç ayağa qalxdı və həyəcanla var-gəl eləməyə başladı. Onun nə isə çox ciddi bir məsələ ilə bağlı danışmaq istədiyi, lakin buna ürək eləmədiyi bilinirdi. Nəhayət, əllərini ciblərinə salıb:

– Mən səni hədsiz çox sevirəm və açıq danışacağam, – deyə sözə başladı. – Bəzi həssas məsələlərə mən çox sadə yanaşıram və düşündüyümü açıq şəkildə də deyirəm. Ümumiyyətlə, bu “məhrəm fikirlər” deyilən şeyi sevmirəm. Açıq deyirəm: sən yeganə adamsan ki, qızımı qorxub-çəkinmədən ərə verərdim. Sən ağıllı, ürəyi olan adamsan və mənim işimin məhv oub getməsinə imkan verməzsən. Ən başlıcası isə, mən səni oğlum kimi sevirəm... və səninlə fəxr edirəm. Əgər Tanya ilə aranızda bir münasibət yaransaydı, onda.... nə deyim... çox şad, hətta xoşbəxt olardım. Bunu tam bər-bəzəksiz, səmimi və açıq şəkildə deyirəm. 

Kovrin güldü. Yeqor Semyonıç qapını açdı ki, otaqdan çıxsın, qəfildən kandarda ayaq saxladı:

– Əgər Tanyayla bir oğlunuz olsaydı, ondan elə bir bağçı yaradardım ki... – dedi və bir anlıq düşünüb: – Əşşi, xam xəyallardı, boş ver. Gecən xeyirə qalsın, – əlavə etdi və otaqdan çıxdı.  

Kovrin otaqda tək qalandan sonra yerini rahatladı və məqalələri gözdən keçirməyə başladı. Onlardan birinin başlığı “Keçid mədəniyyəti haqqında”, digərinin – “Cənab Z.-nin bağa yararlı torpağın yeni üsullarla becərilməsi ilə bağlı qeydlərinə dair bir neçə söz”, üçüncünün – “Bir daha, yuxulu gözlərlə peyvəndləmə haqqında” və sair və ilaxır idi. Amma nə qədər narahat və nahamar ifadə üslubu, xəstəhal dərəcədə iddialı hikkə! Məsələn, rus anton almasından bəhs edən ən sadə, sanki qərəzsiz başlıqlı və məzmunlu məqalələrdən biri Yeqor Semyonıçın təhkiyəsi ilə “audiatur altera pars”-la[5]  başlayır, “sapienti sat”-la[6]  bitirdi. Mətnlərin arası isə – “təbiəti fəxri kürsülərinin uca yüksəkliklərindən seyr edən patentli bağçılarımızın elmi cəhaləti”, cənab Qoşenin ifşasına yönəldilmiş “naşılar və diletantlar tərəfindən əldə edilmiş uğur” kimi tikanlı atmacalarla, bütün bunlarla yanaşı, bağa oğru kimi soxulub, ağacların qol-budağını qıran mujiklərin şallaqlanmağına icazə verilməməsi kimi tamamilə yersiz, süni şəkildə şişirdilmiş təəssüflər dolu, zəhərli sözlərlə aşıb-daşırdı. 

“Çox ürəyəyatan, maraqlı, sağlam işdir, amma, demə, burada da ehtiraslar, soyuq müharibələr varmış... – Kovrin düşündü. – Olsun ki, bütün sahələrdə çalışan ideya adamları əsəbi olur, ifrat həssaslığı ilə seçilir. Görünür, belə də olmalıdı”.

Yeqor Semyonıçın məqalələrini hədsiz bəyənən Tanyanı xatırladı. Sinəsinin sümükləri görünən, son dərəcə arıq, solğun bənizli, bəstəboy qız... tünd bəbəkli iri, ağıllı gözləri sanki hey nə isə axtarır, ha tərəflərəsə dikilir, eynilə atası kimi, xırda, tələsik addımlarla yeriyir, hədsiz çox danışır, mübahisə etməyi sevir və hər sözü, ən əhəmiyyətsiz mətləbi belə, xüsusi mimika və əl hərəkətləri ilə ifadə edir. Yəqin, çox əsəbidir.

Kovrin mütaliəsinə davam etdi, amma heç nə başa düşmədi və daha oxumadı. Bir qədər əvvəl mazurka oynayıb, musiqi dinləyərkən duyduğu şövq indi onu üzür, beynini müxtəlif fikirlərlə yükləyirdi...

O, ayağa qalxdı və qara rahib haqqında düşünə-düşünə, otaq boyu var-gəl eləməyə başladı. Ağlına belə bir fikir gəldi ki, əgər bu əcaib, qeyri-adi rahibi təkcə o görübsə, deməli, xəstədir və artıq hallüsinasiya həddinə çatıb. Bu fikir içində qorxu hissi yaratdısa da, bir o qədər uzun çəkmədi.

“Amma axı mən özümü yaxşı hiss edirəm və bir kimsəyəsə zərər vermirəm. Deməli, mənim bu hallüsinasiyalarımda pis bir şey yoxdu”, – fikirləşdi və əhvalı düzəldi. 

Divana əyləşdi, başını əlləri arasına aldı və bütün varlığını saran anlaşılmaz sevinc hissini cilovlamağa çalışdı... sonra ayağa qalxıb, yenidən otaq boyu var-gəl eləməyə başladı və yazı masasının arxasına keçdi.

Lakin kitabdan oxuduğu fikirlər onu qane etmirdi... O nə isə möhtəşəm, hüdudsuz və sarsıdıcı olanı istəyirdi...

Səhərə yaxın soyundu və yatmaq istəməsə də, yerinə girdi. Axı yatmaq lazım idi!

Yeqor Semyonıçın bağa sarı uzaqlaşan addımlarının səsi eşidiləndə Kovrin zəngi basıb, lakeyə – ona çaxır gətirməyi buyurdu. Çaxırdan dərin həzlə bir neçə qurtum içib yorğanı başına çəkdi, beyni dumanlanmağa başladı və o, yuxuya getdi. 

 

IV 

 

Yeqor Semyonıçla Tanya tez-tez küsüşür, bir-birinə xoşagəlməz sözlər deyirdilər.

Bir səhər çağı yenə nə iləsə bağlı sözləşdilər. Tanya ağladı və otağına getdi. Nə nahara, nə də çay içməyə gəldi. Yeqor Semyonıç isə əvvəl-əvvəl ciddi görkəm alıb, hər kəsə – onun üçün ədalətin və qayda-qanunun bu dünyada hər şeydən üstün olduğunu göstərmək istəyirmiş kimi incik ədalarla gəzib-dolandısa da, çox keçmədən ürəyi dözmədi və yumşaldı. Pərişan halda: “Ay Allah, ay Allah, ay Allah!” – deyə-deyə parkda dolaşdı, nahar zamanı yeməyə əlini belə uzatmadı. Axırda vicdan əzabından üzülə-üzülə, günahkar halda Tanyanın bağlı qapısını taqqıldatdı və ürkək səslə:

– Tanya! Tanya! – deyə qızını çağırdı.

Cavabında qapı arxasından Tanyanın zəif, ağlamsınmış, lakin qətiyyətli səsi eşidildi:

– Məni rahat buraxın, xahiş edirəm.

Ev sahiblərinin bu üzüntülü halı bütün evə, hətta bağda işləyən fəhlələrə də təsir edirdi. Kovrinin başı maraqla vardığı işinə qarışmışdı, amma axırda onun da ürəyi sıxıldı, özünü bir qədər yöndəmsiz hiss etdi və evin ümumi ab-havasını necəsə dəyişməkdən ötrü məsələyə müdaxilə etmək qərarına gəldi. Axşamtərəfi Tanyanın qapısını döydü. Onu içəri buraxdılar. 

– Ay-ay-ay, ayıb olsun! – O, Tanyanın ağlamaqdan qırmızı ləkələr basmış üzünə heyrətlə baxa-baxa zarafatyana sözə başladı. – Yəni məsələ bu qədərmi ciddidi? Ay-ay-ay!

– Bir bilsəydiniz, o məni necə incidir… – qız dedi və gözlərinə dolan iri, isti göz yaşları yanaqları boyu süzüldü, əllərini bərk-bərk bir-birinə sıxa-sıxa sözünə davam etdi. – O məni zinhara gətirib! Mən ona heç nə demədim... Heç nə... Bircə dedim ki, əlinin altında günəmuzd işçilərin varsa... əlavə işçilər saxlamağa... ehtiyac yoxdu... Dedim ki... bir həftədi onlar əllərini ağdan qaraya vurmurlar... Mən... yalnız bunu dedim… O isə ağzını açıb, gözünü yumdu, mənə dişinin dibindən çıxanı dedi... Elə ağır, təhqiramiz sözlər dedi ki... Axı niyə? Mənim günahım nədi?

– Yaxşı, yaxşı, bəsdi. – Kovrin qızın saçlarını tumarlaya-tumarlaya dedi. – Sözləşdiniz, ağladınız, yetər. Çox küsülü qalmaq olmaz, düzgün deyil… özünüz də bilirsiniz, o sizi necə çox sevir.

– O mənim… mənim bütün həyatımı məhv edib, – Tanya boğazına dolan qəhəri udub davam elədi. – Ondan eşitdiyim ancaq budu... təhqir, həqarət… O məni bu evdə artıq adam sayır. Nolar? O haqlıdı. Günü sabah buradan gedəcəyəm, teleqrafçı işinə düzələcəyəm… Qoy belə olsun…  

– Yaxşı, yaxşı, siz Allah… ağlamayın, lazım deyil, Tanya. Ağlamayın, əzizim… İkiniz də əsəbisiniz, hər şeydən hirslənib özünüzdən çıxırsınız və hər ikiniz günahkarsınız. Gedək, sizi barışdırım.

Kovrin nəvaziş və əminliklə danışır, Tanya çiyinləri titrəyə-titrəyə, əllərini bir-birinə sıxa-sıxa ağlamağa davam edirdi. Elə ağlayırdı, sanki həqiqətən, böyük faciə baş vermişdi. Ortada elə bir ciddi məsələ olmasa da, bu qədər dərindən iztirab çəkdiyinə görə Kovrinin ona çox yazığı gəlirdi. Ən xırda, əhəmiyyətsiz bir şey bu məsum varlığın bütün gününü, bəlkə, həyatını belə, qara edə bilərdi! Tanyanı ovundura-ovundura fikirləşdi ki, bu dünyada əliçıraqlı axtarsa belə, bu qızdan və atasından savayı onu öz yaxını, doğmasıtək sevən ayrı bir kimsəni tapa bilməz və bu iki insan olmasaydı, yəqin ki, o – ata-anasını erkən yaşlarında itirən yeniyetmə, ömrünün sonunacan yalnız yaxın doğmalara duyulan təmənnasız, həqiqi sevginin nə olduğunu bilməyəcək, bu hissi duymadan böyüyəcəkdi. Bütün bunları düşündükcə yaxınlığında ağlaya-ağlaya içini çəkən Tanyanın sinirlərinin onun xəstəhal, pozulmuş sinirlərinə – dəmir parçası maqnitə sarı sovrulantək cavab verdiyini hiss edir, artıq heç bir zaman sağlam, güclü, qırmızıyanaq bir qadın sevə bilməyəcəyini, amma bu solğun bənizli, çəlimsiz və bədbəxt Tanyadan xoşlandığını anlayırdı. Bu fikirlərlə o, qızın saçlarını, çiyinlərini həvəslə sığallayır, əllərini ovuclarına alıb sıxır, göz yaşlarını silirdi...

Tanya, axır ki, sakitləşdi. Kovrindən özünü onun yerinə qoymasını xahiş edib, yenidən uzun-uzadı atasından, bu evdə yaşadığı dözülməz, ağır həyatından danışdı, bir qədər sonra azacıq gülümsəməyə başladı; Allahın onu belə yaratdığını, xasiyyətinin ağır olduğunu etiraf edib içini çəkdi, nəhayət, ucadan gülüb özünü “səfeh” adlandırdı və tələsik otaqdan çıxdı.

Bir qədər sonra, Kovrin bağa çıxanda Yeqor Semyonıçla Tanya, heç nə olmayıbmış kimi, xiyabanda duzla çovdar çörəyi yeyə-yeyə yanaşı gəzişirdilər. 

 

V

 

Kovrin barış missiyasını uğurla yerinə yetirə bildiyindən məmnun halda parka yollandı. Orada skamyada oturub düşüncələrə dalarkən qulağına fayton çarxı və qadınların gülüş səsləri dəydi. Qonaqlar gəlmişdi. Axşamtərəfi, bağın kölgələri yerə yatanda uzaqdan skripkanın səsi, mahnı sədaları eşidildi və bütün bunlar onun yadına qara rahibi saldı. Görəsən, bu optik əcaiblik indi haralarda, hansı ölkədə, yaxud planetdə dolaşmaqdadı?

Əfsanəni xatırlayıb, çovdar zəmisində gördüyü qara kabusu təsəvvüründə canlandırmağa yenicə macal tapmışdı ki, üzbəüzdəki şam ağacının arxasından eşidilməz, səssiz bir ehmallıqla başdan-ayağa qaraya bürünmüş, ortaboylu, ağsaç, dilənçiyəoxşar, ayağıyalın bir adam çıxdı... qara qaşları onun, meyiti andıran solğun bənizində xüsusilə gözə çarpırdı.

 Onu başının sezilməz, dostyana tərpənişi ilə salamlayan bu dilənçi, ya qərib yolçu səssiz addımlarla skamyaya yaxınlaşdı, əyləşdi... Və Kovrin onun qara rahib olduğunu anladı. Bir müddət bir-birlərinə baxdılar – Kovrin heyrət içində, rahib nəvazişlə və bir qədər də o dəfəki mənalı təbəssümlə. 

– Sən ki ilğımsan, – Kovrin dedi. – Nədən buradasan və niyə bir yerdə dayanıb dura bilirsən? Bu, əfsanə ilə uyuşmur.

Rahib həmin dəqiqə cavab vermədi, üzünü ona tutub sakit səslə:

– Nə fərqi var? Əfsanə, ilğım, mən... bütün bunlar sənin oyanmış təxəyyülünün məhsuludu. Mən – kabusam.

– Deməli... sən mövcud deyilsən? – Kovrin soruşdu.

– Necə istəyirsən, elə də düşün, – rahib dedi və heysiz təbəssümlə gülümsündü. – Mən sənin təxəyyülündə mövcudam. Sənin təxəyyülün – təbiətin bir hissəsidi və deməli, mən təbiətdə də mövcudam.

– Sənin çox qədim, ağıllı və olduqca ifadəli üzün var... Sanki sən, həqiqətən, min ildən çox yaşamısan, – Kovrin dedi. – Bilməzdim ki, mənim təxəyyülümün bu cür fenomenlər yaratmaq qabiliyyəti var. Amma nədən sən mənə belə heyranlıqla baxırsan? Mən sənin xoşuna gəlirəm?

– Hə. Sən tamamilə haqlı olaraq “Allah tərəfindən seçilmiş” adlandırılan həmin o az qisim insanlardansan. Sən əbədi olan həqiqətə xidmət edirsən. Sənin fikirlərin, niyyətin, heyrətamiz elmin, bütün həyatın, həmin o müdrik və ecazkar olana, yəni əbədi və dəyişməz olana xidmət edir və məhz bu səbəbdən ilahi, səmavi möhür daşıyıcıları hesab edilir.

– Sən “əbədi olan həqiqət” dedin... Amma əbədi həyat yoxdusa, insanlar onun, yəni həmin o əbədi həqiqətin nə olduğunu anlamaq iqtidarındadırlarmı və ümumiyyətlə, bu, onlara lazımdırmı?

– Əbədi həyat var. – Rahib dedi.

– Yəni sən... insanların ölümsüz olduğuna inanırsan?

– Hə, əlbəttə. Siz insanları çox böyük və parlaq gələcək gözləyir. Və sənin kimilər Yer üzündə nə qədər çox olarsa, həmin o gələcək bir o qədər tez bərqərar olar. Sizsiz – yəni ali başlanğıca xidmət edən şüurlu və azad insanlarsız bəşəriyyət çox miskin olardı və Yer hekayətinin bu təbii artım üsulu ilə inkşafının sonunu çox gözləməli olardı. Axı siz onu, yəni bəşəriyyəti əbədi həqiqətlər səltənətinə vaxtından bir neçə min il əvvəl yetişdirirsiniz?! Sizin ali xidmətiniz məhz budur. Siz, insanların içində ölmüş İlahi xeyir-duanın ali təcəssümüsünüz.

– Bəs... əbədi həyatın məqsədi nədir? – Kovrin soruşdu.

– Digər bütün həyatlarda olduğu kimi... həzz!.. Həqiqi ali həzz dərkdədir, əbədi həyat isə dərkə saysız-hesabsız, tükənməz imkanlar açandır və “Atam Evinin məkanlarında mahiyyətlər çoxdur” deyiminin mənası da budur.

– Bilsəydin, səni dinləmək necə xoşdur! – Kovrin əllərini ləzzətlə bir-birinə sürtə-sürtə dedi.

– Çox şadam.

– Amma bilirəm, sən gedəndən sonra mahiyyətinlə bağlı müəmmalar mənə rahatlıq verməyəcək. Sən kabussan, hallüsinasiyasan... və belə çıxır ki, mən psixi xəstəyəm, anormalam?

– Tutaq ki, elədi. Bunda utanıb-çəkinməli nə var ki? Sən xəstəsən, çünki həddindən çox işləmisən, özünü yormusan, bu isə o deməkdi ki, sən öz sağlamlığını ideya uğrunda qurban vermisən və həyatını qurban verəcəyin gün uzaqda deyil. Bundan yaxşı nə ola bilər? Bütün nəcib, ilahi vergi və istedad sahiblərinin can atdığı da budu.

– Yaxşı, əgər mən psixi xəstə olduğumu bilirəmsə, belə olan halda özümə inana bilərəmmi?

– Sən haradan bilirsən ki, bütün dünyanın inandığı dahi insanlar da kabus görməyiblər? İndi alimlər də deyir ki – dahilik və dəlilik yaxın məfhumlardı. Dostum, yalnız sürü təfəkkürlü kütlə sağlam və normaldır. Zamanın gərginliyi, aşırı yorğunluq, miskinləşmiş cəmiyyət və sair bu kimi mətləblərlə bağlı mülahizələr yalnız həyatlarının məqsədini bu gündə görən sürü təfəkkürlü insanları ciddi şəkildə həyəcanlandıra bilər. 

– Romalılar deyirdi: “Mens sana in soqroqe sano.”[7]

– Romalıların, yaxud yunanların dediyi hər şey həqiqət deyil. Yüksək ovqat, ilahi ehtiraslar, ruhi oyanışlar, ekstaz... – peyğəmbərləri, şairləri, ideya yolunun əzabkeşlərini adi adamlardan fərqləndirən bu hallar insanın heyvani tərəfinə, yəni cisminə yaddır və onda ikrah doğurur. Təkrar edirəm, sağlam və normal olmaq istəyirsənsə, sürüyə qatıl.

– Qəribədi... sən tez-tez mənim də ağlıma gələnləri təkrar edirsən, – Kovrin dedi. – Elə bil mənim gizli, ən mübhəm fikirlərimi xəlvətcə sezmisən, dinləmisən. Amma gəl məndən danışmayaq. Bax, sən “əbədi həqiqət” deyəndə nəyi nəzərdə tutursan?   

Rahib cavab vermədi. Kovrin ona baxdı və üzünü görə bilmədi.

Rahibin üz cizgiləri dumanlanıb əriməkdə idi... sonra onun başı və əlləri itməyə başladı... bədəni skamya ilə bir axşamın toranlığına qarışdı... və o, tamamilə yoxa çıxdı.

– Hallüsinasiya bitdi! – Kovrin öz-özünə dedi və güldü. – Amma heyif.

O, şad-xürrəm, xoşbəxt halda geriyə – evə yollandı. Qara rahibin ona dediyi qısa mətn qəlbini qürur hissi ilə doldurmaqla yanaşı, bütün ruhunu, vücudunu oxşayır, canına yağ kimi yayılırdı. Seçilmiş olmaq, əbədi həqiqətə xidmət etmək, bəşəriyyətin Allahın səltənətinə layiq səviyyəyə çatdırılması uğrunda canından keçənlərlə, İnsanlığı min illərin mübarizələrindən, günah və əzablarından qurtaranlarla, ideya uğrunda hər bir şeyini – cavanlığını, qüvvəsini, sağlamlığını qurban verib, Yer üzünün ümumi rifahı naminə ölməyə belə hazır olanlarla bir cərgədə dayanmaq necə də yüksək, ali və xoşbəxt bir qismətdi! Bir anlıq onun gözləri önündən təmiz, saf, alın təri və zəhmət dolu keçmiş həyatı keçdi... nələri öyrəndiyini, başqalarına nələri öyrətdiyini xatırladı və bu qərara gəldi ki, rahibin sözlərində şişirtmə yoxdur. 

Tanya parkın içi ilə ona sarı gəlirdi. Əynində artıq ayrı paltar var idi.

– Siz burdasınız? Biz də bayaqdan sizi axtarırıq, axtarırıq... – dedi, sonra təəccüblə Kovrinin heyrətdən işıqlanmış üzünə, göz yaşı dolu gözlərinə baxdı. – Amma... sizə nə olub belə? Necə də qəribə görünürsünüz, Andryuşa.

Kovrin əlini qızın çiyninə qoyub:

– Mən... hədsiz məmnunam, Tanya, – dedi, – nəinki məmnunam, mən xoşbəxtəm! Tanya, əziz Tanya, siz inanılmaz dərəcədə gözəl varlıqsınız. Mən o qədər şadam, o qədər şadam, Tanya!

 Qızın əllərini ovuclarına alıb, hər ikisini öpdü və sözünə davam elədi:

 – İndicə mən hədsiz işıqlı, möcüzəvi, səmavi anlar yaşadım. Amma bütün olanları sizə danışa bilmərəm, çünki məni dəli adlandıracaqsınız, yaxud inanmayacaqsınız. Yaxşısı budu, sizdən danışaq. Əziz, yaraşıqlı Tanya! Mən sizi sevirəm və bu hissə artıq alışmışam. Sizi yaxınlığımda hiss etmək, gün ərzində on dəfə görüşmək artıq mənim qəlbimin ehtiyacına çevrilib. Heç bilmirəm, evimə qayıdanda sizsiz necə keçinəcəyəm?!

– Yaxşı, siz Allah! – Tanya güldü. – Siz bizi ikicə gündən sonra unudacaqsınız. Biz balaca adamlarıq, siz isə böyük adamsınız.

– Yox, gəlin ciddi danışaq! – Kovrin dedi. – Mən sizi özümlə aparacağam, Tanya. Nə deyirsiniz? Mənimlə gedəcəksiniz? Siz mənim olmaq istəyirsiniz?

– Yaxşı, siz Allah! – Tanya dedi və yenə gülmək istədisə də, alınmadı... üzü qırmızı ləkələrlə örtüldü.

 ...Tanya nəfəsi təngiyə-təngiyə, tələsik addımlarla evə yox, parkın dərinliyinə üz tutdu:

– Mən heç bu barədə düşünməmişəm... düşünməmişəm! – O, çaşqınlıqdan əllərini sındıracaqmış kimi, bir-birinə sıxa-sıxa danışırdı. 

Kovrin onun arxasınca gedir, qıza həmin heyran baxışlarla baxa-baxa:

– Mən... bütün vücudumu sara biləcək bir sevgi istəyirəm, Tanya! – deyirdi. – Bu sevgini mənə yalnız siz verə bilərsiniz. Mən xoşbəxtəm! Xoşbəxtəm!

Tanya çaşqınlıq içində idi... sarsılmış halda bükülüb büzüşmüş, sanki birdən-birə on il qocalmışdı. Kovrin isə heyrətini gizləyə bilmir, qızın gözəlliyini ucadan vəsf edirdi...

– İlahi! O necə də gözəldi!

 

VI

 

Kovrindən nəinki artıq eşq macərasının yaşandığını, hətta tezliklə toy olacağını öyrənən Yeqor Semyonıç həyəcanını gizləmək üçün bir müddət otaq boyu var-gəl etdi. Onun əlləri əsirdi, boğazı pörtüb köpüşmüşdü. Sonra o, faytonu qoşmağı əmr etdi və çıxıb harasa getdi. Atasının, furajkasını qulağının üstünə basıb, atı necə qamçıladığını pəncərədən seyr edən Tanya onun əhvalını anlayıb otağına çəkildi, qapısını arxadan açarlayıb, bütün günü ağladı.

Şüşəli qış bağında artıq şaftalı və gavalı bar vermişdi. Bu tez xarab olan, incə məhsulu qablaşdırıb Moskvaya yollamaq böyük zəhmət, diqqət və qayğı tələb edirdi. Yay hədsiz isti və quraq keçdiyindən hər ağacı ayrıca sulamaq lazım gəlirdi ki, buna da həm çox vaxt, həm də əlavə işçi qüvvəsi tələb olunurdu. Üstəlik, bağda çoxlu tırtıl əmələ gəlmişdi ki, onları işçilər, hətta Yeqor Semyonıçla Tanya belə, Kovrinin ürəyini bulandıra-bulandıra barmaqları ilə basıb əzirdilər. Bütün bunlarla yanaşı, payızqabağı ağac və meyvə sifarişləri qəbul etmək, bir xeyli yazışmalar aparmaq lazım gəlirdi. İşin bu qızğın çağında, baş qaşımağa belə, vaxt tapılmadığı gərgin günlərdə tarlada mövsüm işləri də başlanmışdı və fəhlələrin yarıdan çoxu bağı buraxıb ora getmişdilər.

 Səhərdən axşama qədər Günəşin altında işləməkdən yanıb-qaralmış və əldən düşmüş Yeqor Semyonıç atını gərgin əsəbiliklə gah tarlaya, gah bağa sürür, hərənin onu bir tərəfə çəkdiyini, belə getsə, başına güllə çaxacağını çığırırdı. 

Bu yandan da Pesotskilərin heç də az əhəmiyyət vermədiyi cehiz qayğıları. Qayçıların cingiltisindən, tikiş maşınlarının tıqqıltısından, ütülərin tüstüsündən, dəymə-düşər, əsəbi dərzi xanımın şıltaqlıqlarından evdə hamının başı hərlənirdi. Tərslikdən, hər gün də qonaqlar gəlir, onları əyləndirmək, yedirdib-içirmək, bəzilərinə hətta gecələmək üçün yer salmaq lazım gəlirdi.

Lakin bu zillət dolu, iztirablı günlər sezilməz dumantək ötüb keçdi. Tanya hələ lap on dörd yaşından Kovrinin məhz onunla evlənəcəyinə əmin olsa da, nədənsə, özünü gözlənilmədən düşdüyü sevgi və səadət ağuşunda hiss edirdi. O nə baş verdiyini anlaya bilmir, heyrət və çaşqınlıq içində vurnuxur, özünə belə, inanmağı gəlmirdi...

 

Davamı gələn sayımızda

 

Antîn Pavloviç Çeõîv

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.8-9.