Minalanmış ərazilər:
həyat eşqinin dili...
"...-
8-ci əmr: Oğurlamayacaqsan!
- Fikrimcə,
artıq hər şeyi unuda bilərik!.."
***
Bu dəfə həqiqi minalanmış ərazilərə
gedirik - İkinci Dünya müharibəsinə və bu dəfə
müəllifin, hekayənin deyil, bir filmin köməyilə
insan və söz vəhdətinin qeyri-adi hekayəsini
çatdırmağa çalışırıq.
Şübhəsiz, hər filmin bir hekayəsi var, bu
filmin ilhamlandığı qısa hekayə "Bir dilin
icadı" adlanır. Bu ad sizə ilk baxışda heç nə
verməyə bilər, filmin adı - "Fars dili dərsləri"
də. Hətta film özü də indiyə qədər
çəkilmiş əksər İkinci Dünya müharibəsi
filmləri kimi bir hiss oyada bilər: Dəhşətli hadisələrin
baş verdiyi əsir düşərgələri, faşizmin
insanları yox etmə əməliyyatları, geniş statistik
hadisələrin içində insan, əsas
da (bir çox hallarda olduğu kimi) yəhudilərə tutulan
amansız divan. Ustalıqla alınmış
işdir, həmişəki kimi. Bizlər,
müharibəylə bağlı sovet filmlərinin
keçmiş izləyiciləri müharibənin əslində
qeyri millətlərdən olan milyonlarla insanın, hətta
almanların belə ümumi və bu ümumiliyin içində
milyonlarla şəxsi faciə səbəbi olduğundan müəyyən
siyasi-ideoloji pərdə altında olsa belə xəbərdarıq.
Həmçinin, məsələn, amerikanlar,
yaponlar, türklər və s. İkinci Dünya müharibəsiylə
bağlı filmlər çəkmişlər ki, onlara
baxmaqla da ölkələrin bu hadisələrə münasibəti
fonunda müəyyən təsəvvür yaranması
mümkündür. Amma yenə də kifayət qədər
mürəkkəb, kifayət qədər ağır, yeni
müharibə erasıyla köhnə müharibə erası
arasında qeyri-adi enerjisi, miqyası və qəribə də
səslənsə - coşqusuyla dayanan, bizlərin illərlə
Böyük Vətən müharibəsi kimi qəbul etdiyimiz,
ittifaqa daxil olan digər ölkələr kimi mənsub
olduğumuz ölkənin də iştirak etdiyi, amma
başqalarının daim "ruslar və almanlar", ən
yaxşı halda "sovetlər və faşistlər"
xarakterli yanaşmalarıyla təqdim edilən, gözə
görünmədiyimiz, lakin şəraitin sərhədləri
daxilində bəlkə də haqqında ən çox bədii
və sənədli əsər yazılmış bu
müharibənin uzaqlardakı "atası" yəhudilərlə
ikiqat qəddar davranıb.
Bəzi tənqidçilər
tərəfindən soyuqqanlılıqla (və çox
güman peşə vərdişlərinə uyğun şəkildə)
"Hollivudun digər yüzlərlə təbliğat işlərindən
biri" adlandırılan "Fars dili dərsləri"ni əlahiddə
yerə qoymağımın xüsusi haqlı və cəlbedici
səbəbi var: Söz və olmayan dil..
***
İnsanlar hansı dildə danışırlar?
Müxtəlif dillərdə.
Bəs siz heç olmayan bir dildə
danışmısınızmı? Mən
danışmamışam.
Amma illər əvvəl, hələ uşaq olarkən
gizli bir gündəlik tuturdum, amma onun oxunmasından o qədər
çəkinirdim ki, günlərin bir günü xüsusi bir
əlifba icad etmək qərarına gəlmişdim. Sonra onu elə
əzbərləmişdim ki, hətta məktəb dəftərlərimdə
əsl əlifbayla qarışdırırdım. İllər keçdi, yazmaq yadımdan
çıxdı, əlifbanı da unutdum. Bir neçə
il əvvəl həmin gündəliyi məktəb
dəftərlərinin içində tapanda eləcə
baxıb gülümsədim - heç nə demirdi və
heç nə xatırlamırdım.
Amma
"Fars dili dərsləri"nin qəhrəmanı,
faşistlərin tutub Fransada yerləşən əsir
düşərgəsinə apardıqları Jil Kremye
öz-özünə deyir ki, xatırlamalısan!
Xatıralamasan öləcəksən! Xatırlayır və ölmür!
***
Film başlayar-başlamaz hekayədə kitab peyda olur. Əsirlərin
yükləndikləri maşında taleyin nə gətirəcəyini
bilməyən əsirlərdən biri yol yoldaşına bir
tikə çörəyin əvəzində bir kitab təklif
edir. Kitab oğurluqdur. Hekayəmizin qəhrəmanı
taleyin hara apardığını bilmədiyi o meşə
yolunda Tanrının əmrini xatırlatmağı unutmur:
"Oğurlamayacaqsan!".
Amma kitab
artıq oğurlanıb və bir tikə çörəyə
dəyişdirilib...
Bu yerdən
sonra təkcə ssenarist Volfqanq Kolhaze ilə rejissor Vadim
Perelmanın filmindən deyil, həm də sözdən
danışmağa başlayıram, çünki söz
burada cəhənnəmin içində belə Tanrıya
yenilməz inamı simvolizə edəcək...
İlk məsələ qidanın kitabla dəyişdirilməsidir. Yol
yoldaşı çörək tikəsini iki yerə
bölür, ədalətli bölüşmədir. Lakin kitab bölünə bilməz və gərəksizdir.
Bir az sonra son tikənin də heç nəyə
yaramadığını görəcəyik, amma kitab Jili
sağ saxlayır.
Burada kitabı əlahiddə xilaskar rolunda görməyəcəyik,
amma ölümlə burun-buruna gələrkən Jil ilk
növbədə kələyə əl atır, atəş
açılmadan yerə yıxılır. Əsgərlərin hətta
körpələri də güllələdiyi həmin səhnədə
onun öldürülməsi adi hal ola bilərdi,
amma danışmağa cəsarət edir: Söz ilk dəfə
köməyinə burda çatır. Adi, alman
dilində sözlərlə yəhudi deyil, iranlı
olduğunu qışqırmağa başlayır.
Lakin onun ağlına bu qışqırdığı
sözləri gətirən də qoynunda gizlətdiyi
kitabdır. İstər-istəməz
nağıllarımızda ayağı xəzinənin
üstündə olarkən qafil cəsarətlə söz deyən
personajlar yada düşür. Kitab barədə çox
az şey bilir, orada sahibinin adı
yazılıb: "Rza", bir də kitabı çörəyə
dəyişmiş adamın irəli sürdüyü kimi
"ata" sözü var. Kitab isə İran
nağıllarıdır. Qorxunun verdiyi
qıcıqlanma şərti refleks kimi işə
düşür və artıq hər şey bəxtinin
çəlimsiz Jili hara sürükləyəcəyindən
asılıdır.
Kitabı yıxıldığı yerdə irəli
uzadır.
***
Təsadüf varmı?
"Fars
dili dərsləri" bir daha cavab verir: Yoxdur!
Əsir
düşərgəsinin yeməkxana rəisi və əsirlərin
qeydiyyatına cavabdeh zabit Klaus Koç fars
dili öyrənmək üçün bir iranlı axtarır
və bununla bağlı xidmətindəkiləri xəbərdar
edib. Əvəzində on banka ət
konservası veriləcək.
İnsanın qidayla əvəzlənməsi. Burda insan
heç bir haqqa sahib olmayan, müəyyən vaxtda müəyyən
məqsədin həyata keçirilməsinə səbəb
olacaq, keçdikdən sonra məhv ediləcək
körpüdür. Çünki Klaus
Koç dilin onu müharibədən sonra keçmiş həyatından
tamamilə ayırıb o üzə, gələcək həyata
keçirəcəyinə inanır. Ömrünün
böyük hissəsini aşpazlığa sərf edib usta səviyyəsinə
yüksəlmiş alman bu sənəti ac-yalavaç
uşaqlıq illərinin zədələrini daşımaqla
istədiyi hər şeyi yeyə bilmək üçün
seçdiyini deyəcək. Amma
görünür, yoxsulluq onu təkcə yeməyə deyil,
gözəl geyinməyə də möhtac qoyub ki, hələ
1932-ci ildə faşistlərin mundirlərini geyinmək
eşqinə partiyaya daxil olub və onun bu seçimi və
Almaniyada baş verən proseslərlə razılaşmayan qardaşını
mənən itirib. Qardaşının Tehrana getdiyini
düşünür, bəlkə elə buna görə də
oraya can atır, çünki dilə gətirməsə də,
fikrincə, sülhə can atan insanın rahatlıq
üçün sığındığı yer onun qurban
verdiyi daxili dünyasını xilas edə bilər.
Koçun qarşısına çıxarılan Jil
başına gələcəklərdən xəbərsiz
sübut üçün ikinci dəfə kitabı irəli
uzadır.
Burada insanın hər an ölüm təhdidi altında
ildırım sürətilə düşünməsi irəli
sürülür. Cəsarət bir az da onu gözləyən
son nəticədən ilhamlanır, ölüm onsuz da ovcunun
içindədir. Jil bəlkə onu sadəcə
ləngidir, bəlkə özünü taleyin ixtiyarına
verməklə yanaşı, həm də ona mümkün qədər
gec yetişməyə cəhd edir. Şübhəsiz,
həyat eşqi həmişə var, hətta gözlənilmədən
üzə çıxdığı hallar olur, amma
özünü bütünlüklə taleyin ixtiyarına verməməklə
Jil kifayət qədər güclü xarakterə sahib insan
kimi hamını ilhamlandıra bilər. İrəli
uzadılmış kitab isə həmin andan sonra yoxdur.
Səhnəyə sözlər çıxır.
***
İlk səslərin, ilk sözlərin dünyanın hər
yerində eyni nəsnələri və mənaları müxtəlifliyə
məruz qoyduğu vaxtlarda kitabın tarixin səhnəsində
peyda olmasına minillər vardı. Amma mübarizə, həyat
uğrunda didişmələr, iradi və qeyri-iradi strategiya
canlılarla eyni vaxtda yaranmışdı və aradan keçən
tapıntılarla dolu minilliklər onun üstündən xətt
çəkə bilməzdi. Müasir
dünyamızda şərait və şərtlər
kitabın hələ olmadığı vaxtdan nə dərəcədə
fərqlənir? Formaların dəyişdiyi
mütləqdir, amma məzmun? Həyatın
məzmununu dəyişdiyini düşünməklə nə
qədər irəli gediriksə gedək,
dönüb-dolanıb ilkin vaxtlara nəzər salmalı
oluruq. İran nağıllarının
oxunması vacib deyil. Ssenarist bu ideyanı
inkişaf etdirə bilməzdimi? Bilərdi.
Hətta bu, Jil üçün daha asan olardı,
çünki minlərlə söz icad etmək yerinə
sayı onluqlarla məhdudlaşan hərf və işarələri
yadda saxlamaq və onların vasitəsilə kitabın
"oxunması" daha asan olardı. Amma o, yəhudini çətinliyə
çəkir və fikrimcə, çox doğru edir,
çünki bu hekayənin bütün sehri, bütün təhlükəsi,
bütün mesajı və insanı yaşamaq uğrunda
ilhamlandırmaq cəhdi dilin - sözlərin icad edilməsində
gizlənib...
***
Əsir düşərgəsində peyda olan
"iranlı" şübhəylə, hətta qəzəblə
qarşılanır. Bu qəzəbin içində xeyirlə
şərin mübarizəsindən söhbət gedə bilməz,
şər-şərə qarşı dayanıb, amma burada
"hər şərdə bir xeyir var" təsəllisi
kifayət qədər yersiz görünür. Çünki insan iztirablarının gələcəkdə
başqalarına qarşı qəddarlığa çevrilməsi
kimi bir yumşaldıcı səbəb çirkin,
alçaldıcı və mənfur ideologiyanın ümumi
bazarında həm alıcı, həm satıcıdırsa və
qətiyyən halından narazı deyilsə, ona haqq
qazandırmaq olsa-olsa əxlaqsız davranışdır.
Yol həmişə var, Koçun qardaşı
o yolla gedib, həmçinin ideallarını ədalətdən
ayırmamaqla həyatından keçmiş insanlar da.
Koç isə ortada qalıb və indi də yəhudi
olub-olmadığını hələ də yəqinləşdirə
bilmədiyi adamdan saxta fars dilini öyrənməyə
başlayır.
Burada cəhənnəm əzabı gizlənib - Jil icad
etdiyi dili özü də əzbərləməyə və
unutmamağa, qarışdırmamağa, heç bir səhv
etməməyə məhkumdur. Dayanmadan, gecə-gündüz
sözləri təkrarlayır. Amma bir gün səhvə
yol verir, səhv söz "rac"dır, onun ağac
olduğunu deyir, amma bundan əvvəl Koça bunu
çörək kimi öyrədib...
Bir daha
çörək...
Onu ağır rəftar altında daş karxanasında
işləməyə göndərirlər. Koç onu
niyə güllələmir, ya da niyə
aldadıldığını komandanlıq rəhbərinə
etiraf etmir?
İstəmir.
Jilin
ağır şəraitə dözməyərək xəstələnməsi,
barak nəzarətçisinin onun nəsə anlaşılmaz
dildə sayaqladığını eşidib növbətçi
zabiti, onun isə öz növbəsində Koçu
çağırması, Koçun onun sayaqlamalarını
dinləyib: "Anasıyla danışır, evə getmək
istəyir", - deməsi fonunda amansız həqiqət
adamın üzünə çırpılır: İnsan
yaxasını ölümdən qurtarmağa
çalışarkən beyninin dərinliklərində bu qədər
güclü ola bilərmi?
Aparıldığı həkim məntəqəsində
saxta bir dil icad etdiyini desə də özünü tez ələ
alır, həkimin onun sözlərinə ciddi
yanaşmaması köməyinə çatır.
Hekayənin
gedişatında hiss edirsən ki, Koç get-gedə bu
adamın yəhudi olmamasını arzulayır, haqqında
yazılan şikayətlərin altından sıyrılıb
çıxmağa çalışa-çalışa hətta
bəzən öz həyatını təhlükəyə
atır. Burada onun köməyinə düşərgə
zabitləri arasında dolaşan dedi-qodu (şər) da
çatır. Sanki gedişat arzulanana, xeyirin qələbəsinə
təkan verir, amma bir yandan da bu qələbəyə kömək
edəcək faktorları həmişə tapmaq
mümkündür, təki istəyəsən!
Koç
onu əvvəlki yerinə qaytaranda Jil ilk dəfə kürəyini
nəhəng şərə söykəmiş bu insandan qisas
alır, yoxlamaq məqsədilə verilən suallarda zabitin onu
sınağa çəkdiyi vaxtlardakı əzablarını
xatırlayaraq qarşısına ilk söz yazılmış
vərəqi qoyur: "Rac" - Həm ağac, həm
çörək.
Söz.
Koç ondan üzr istəyir.
(Ardı var)
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.3.