Ərik bağı
Hekayə
“Kiminin əvvəli, kiminin sonu” deyirlər. Hərçənd bəzən
son da elə əvvəl kimi olur…
Şəhər hər tərəfdən
meyvə ağacları ilə əhatə olunmuşdu. Amma bir bağ vardı ki, mərkəzə çox
yaxındı. Meyvələr yetişib
yığılana kimi bir iyun ayından növbəti iyunadək
yaxınlıqdakı orta məktəbin şagird və müəllimlərindən
çoxu yolu qısaltmaq üçün məhz bu ərik
bağındakı cığırlarla məktəbə
gedirdilər.
Mədinə bu gün evdən çox erkən
çıxmışdı. Bağın
ortasında balaca ada kimi görünən böyürtkən
kollarının arxasında gizlənib kimi isə gözləyirdi.
Ətrafı gözətləyəndə nisbətən
iri gövdəli, qoca ərik ağacının arxasında məktəbin
son sinfində, özündən üç sinif yuxarıda
oxuyan Səidin də pusquda olduğunu gördü.
Səid üç il
idi ki, sinifdə qalırdı və ondan hamı qorxurdu.
Direktordan tutmuş birinci sinif şagirdinə kimi hər kəs
onun məktəbdən
rədd olub getməsini istəsə də, buna mane
olan bircə nəfər vardı: dərs hissə müdiri
İbad müəllim. O, sağ-salamat olan atasının goruna
and içmişdi ki, Səidi üç il
sinifdə saxlayıb attestat üzünə həsrət
qoymasa, kişi deyil. Saxladı da. Sözünün üstündə durdu. Və
başındakı yanıq yerinin ağrısı yalnız
bundan sonra onu rahat buraxdı…
İbad müəllim daz idi və keçəlinin
görünən hissəsində qara xalı xatırladan bir
yanıq yeri vardı. Deyilənə görə, İbad müəllimə
məlum olur ki, ailədəki on bir uşağın ən
böyüyü olan Səid bazarda göy-göyərti
satdığı üçün dərsə gəlmir.
Eləməyib tənbəllik, bazara gedir və Səidə
deyir ki, sabah dərsə gəlməsən,
səni məktəbdən qovacağam. Səid
də yenicə yandırdığı siqaretdən bir-iki
qullab vurub deyir ki, müəllim, bağışla, on bacım
var, onların dərdindən çəkirəm.
Şagirdinin
onun gözü önündə siqaret çəkdiyini
görüb əsəbləşən İbad müəllim
deyir, “Neyniyim, alə, on qızı mən gətirmişəm
dünyaya?”. Səid də
çıxır piştaxtanın üstünə, deyir,
“müəllim, bir qullab da vurum, kişi deyil sənnən getməyən.”
Sonra da dərs hissə müdirinə işarə
edir ki, qulağını yaxın gətir, vacib sözüm
var. İbad fikirləşir ki, bu imansız hələm-hələm
qulağa söz deyən deyil - əcəba, nə vacib
sözdür ki, bu əbləh mənim qulağıma deyəcək?
Maraqla qulağını Səidin ağzına
yaxınlaşdıranda bircə söz eşidir: “keçəl”.
-Nə dedin sən, itdən əmələ
gələn? -İbad əl atır ki, Səidi
boğazlasın, o da siqaretə son qullabını vurub, müəllimin
keçəlinin ortasına basıb söndürür: “Alə,
keçəlsən də…” deyə piştaxtanın
üstündən tullanıb qaçır.
Azyaşlı olmasını, həm də
çoxuşaqlı anasının ora-bura
yazacağını nəzərə alıb İbad Səiddən
polisə şikayət etmir, amma qisasını onu üç
il sinifdə saxlamaqla alır…
Mədinə fikirləşdi ki, Səid başına təzə
oyun açmaq üçün yenə də İbad müəllimi
gözləyir. Amma İbad ərik bağı boyunca olan
cığırların heç birində görsənmirdi,
onun yerinə, Səidin arxasında gizləndiyi ağacın
düz üstünə gedən cığırla Marianna irəliləyirdi…
İndi
kimya laboratoriyasında laborant işləyən Marianna məktəbi
keçən il bitirmişdi. O, hərəkət
etdikcə qısa ətəyi iki yastığa birdən
çəkilmiş üzlüyü, köynəyi isə iki
cərco yemişinə dar gələn torbanı
xatırladırdı. Marianna Səidin gizləndiyi
ağaca çatanda oğlan pusquda dayanmış ac qurd kimi
qarşısını kəsdi. Lal-dinməz Səidin
gözlərinin içinə baxan qız yoluna davam etmək
üçün addım atanda oğlan cəld yana
çəkilib yol verdi, Marianna ilə yanaşı gedə-gedə
birdən sol əli ilə qızın belini qamarlayıb
dodaqlarına kilidləndi. Mədinə uzaqdan Səidin sağ
əlinin qızın koftasının içərisinə
girdiyini, qızın “eləməə” deyə nazla
dartındığını, oğlanın qolları
arasında qıvrıldığını,
uzaqlaşdıqca ara-sıra dayanıb öpüşdüklərini
izlədikcə bədəninə istilik yayılır,
yanaqlarının od tutub
yandığını hiss edirdi. Yüngülcə
köks ötürüb bağı bir də süzdü,
çiynindəki çantasını çıxarıb əlində
hazır vəziyyətdə saxladı. Sinif
yoldaşı Vasif yaxınlaşanda Mədinə
paltarlarına ilişən böyürtkən kollarını
tələsik dəf edərək əlindəki
çantanı qaldırıb var qüvvəsi ilə arxadan
onun başına çırpdı.
Bığları tərsinə yazılmış T hərfini
xatırladan sinif rəhbəri Atabala müəllim
bağın ortasında göründü. Arxası ilə
bir dəstə uşaq gəlirdi. Amma heç kim müəllimdən önə keçməyə
cürət etmirdi. Aramla məktəbə
doğru yeriyən sinif rəhbəri uzaqdan Mədinə və
Vasifi görüb addımlarını yeyinlətdi. Qız hər dəfə əlindəki
çantanı yelləyib Vasifi vurmağa çalışsa
da, oğlan əli ilə zərbələri dəf edib sakitcə
yoluna davam edirdi.
Qəzəblə
dodaqları sıxılmış, alnı
qırışmış Mədinə “Hüsüyeva, bu nə
biabırçılıqdır?” deyə acıqlanan sinif rəhbərinin
səsini eşitmirmiş kimi Vasifin üstünə cumurdu.
Atabala müəllim çatıb onun sözlərinə
məhəl qoymayan qızın qolundan tutub kənara itələdi.
Tərdən sifətinə
yapışmış saçlarının arasından
görünən bir gözü ilə qəzəblə
müəlliminə baxan Mədinə dəliyə
dönmüşdü.
- Bu
uşaqdan nə istəyirsən, Hüsüyeva? Səndən
soruşuram, cavab ver, - Atabala müəllim bağırdı,- Niyə vurursan onu?
Mədinə
qəzəbindən boğulsa da, ağalaya da bilmirdi: - O niyə
belə yaraşıqlıdır? Niyə
axı? Niyə də, niyə? –
Üsyana bənzər bu nidasına uşaqlar bərkdən
gülüşdülər. Onların gülən
çöhrələrinə baxdıqca Mədinənin qəzəbi
alovlanırdı.
Atabalanın
üst dodağındakı tərsinə T hərfi həmişə
əsəbləşəndə olduğu kimi yenə
qalxıb endi:
- Atana de
məktəbə gəlsin, it küçüyü, sən
qızıxmısan, - deyə Mədinəyə çəmkirib
Vasifin qolundan tutaraq yoluna davam etdi: -Atana zəng edəcəm,
deyəcəm bu uşağı qorumaq lazımdır. Amma mənə bir şey maraqlıdır. Xətrinə dəyənlərin
sındırmadığın burunları qalmayıb, bir
qızın öhdəsindən gələ bilmirsən?
Niyə saçından tutub atmadın kənara?
- Qıza
əl qaldırmazlar, müəllim, oğlanlara baxma, - deyə
Vasif mavi gözlərindən gülümsədi.
Atabala
müəllimin bu yeniyetmə oğlanın böyüklərsayağı
təmkinindən xoşu gəldi, bığaltı
gülümsədisə də, Vasiflə qaşqabaqlı
danışdı:
-Hmmm… Sənin işin çətin olacaq. Əvvəllər
təkcə rəqiblərin, oğlanlar ilişirdi sənə,
indi qızlar da… Qanları xarab köpək uşaqları! -
Atabala müəllim
T hərfinə oxşayan bığının
altından deyinə-deyinə irəlilədikcə Vasif
anlamırdı ki, sinif rəhbəri öz-özünə
danışır, yoxsa onunla. Yaxınlaşdıqca giriş
qapısının qarşısında görünən məktəbin
ən gözəl qızı Amaliyanın üzünə
gülümsəməsi Vasifə bircə anda hər şeyi
unutdurdu, bütün narahatlığı yoxa
çıxdı, çöhrəsinə nurlu bir təbəssüm
yayıldı…
Mədinə Səidə
qoşulub Rusiyaya qaçmışdı. Rostova gəldikləri
ilk gün kirayə ev tutdular. Ev sahibləri kommunal mənzilin bir otağını
onlara vermişdi. Ev sahibəsi Mariannaya
çox oxşayırdı. Uzaq yol gəlib
yorulduqlarından Mədinə daş kimi yatmışdı.
Gecənin qaranlığında səs-küydən
ayılanda başı üstündə polisləri
gördü, təlaş və qorxu içində boylananda Səidi
ağzıüstə uzadıb qollarını
qandallayırdılar…
Səid ev sahibəsini zorlama cəhdi ittihamı ilə
səkkiz il azadlıqdan məhrum edildi. Məhkəmədə
məlum oldu ki, sən demə, Mədinə yatandan sonra Səid
su içmək üçün mətbəxə keçib,
orada çay içən ev sahibəsini
Marianna ilə “səhv salıb”, arxadan qucaqlayıb sinəsini
oxşamağa başlayır. Qadın
çığır-bağır salmaq istəyəndə
ağzını əli ilə qapadır,
düşünür ki, xoşlandığından belə
edir. Ev sahibəsinin əri Saveliy mətbəxdəki
hənirə qaçıb gəlir və iri tavanı arxadan Səidin
başına çırpır. Sonra polisə zəng
edir…
Mədinə atasının evinə qayıtmadı. Bazarlarda,
piştaxtalar arasında gecələdi. Ümid
etdi ki, Səid cəzasını çəkib qurtarandan sonra
evlənəcəklər. Onların
heç ilk gecəsi də olmamışdı. Yol yorğunu olduqları o ilk gecə Səid
yanında yatan Mədinəni Mariannanın bənzərinə
dəyişmişdi. Mədinə illərlə gözləsə
də, Səid həbsdən qayıtmadı; kamera
yoldaşını öldürdüyünə görə
daha iyirmi il həbs, sonra daha bir neçə
cinayət… Mədinə dünyanın ən xəbis
duyğusu olan ümidə aldana-aldana, Səidi gözləyə-gözləyə
qarıyırdı. Bir dəfə onu
Rostovun mərkəzi bazarının qarşısında
maşın vurdu. Bütün
sümükləri çilik-çilik olmuşdu,
sağalması uzun çəkdi. Gəzəndə
axsayır, bir gözü də görmürdü. Bəzən başına daha nə gələ bilər
deyə düşünürdü. Bu
ömrü niyə yaşamışdı? Niyə belə yaşamışdı? İndi nə etsin, kimə üz tutsun, bilmirdi.
Amma nə olursa olsun, vətənə dönməyə
üzü yox idi. Bəlkə də,
utanmaqdan daha çox hikkəsindən geri qayıtmaq istəmirdi.
Bir şüşə arağı dibinə kimi
boşaldıb, ayılanda Moskva-Bakı qatarının plaskart
kupesində idi. Qatar Yalamanı keçmişdi.
Heç bilmirdi, getsin, ya geri dönsün, deyəsən, indi
elə də fərqi yox idi…
Ata-anası çoxdan rəhmətə getmişdi. Yeganə
qardaşı Vladivastokda miçman idi. Kimsəsiz
evlərinin qarşısında dayanıb nəyisə
xatırlamağa çalışır, amma ruhunda heç
bir səs, heç bir hənir duymurdu. Xatirələr
də onu tərk etmişdi. Qonşulardan
biri onu güclə tanıdı, hasardan aşıb həyət
qapısını açdı ki, küçədə
qalmasın.
Bayaqdan
susqun qalıb qonşunun suallarına cavab vermək istəməyən
Mədinə birdən sanki ən vacib şeyi
xatırlayıbmış kimi soruşdu:
-Uşaqlar
məktəbə yenə də ərik bağından keçib
gedirlər?
Qonşu
bu an dünyanın ən mənasız
sualını verən Mədinəyə təəccüblə
baxdı:
-Yox, ay
qız, indiyə ərik bağı qalar?! Ağacları kəsib
bağı camaata ev yeri kimi payladılar…
Hələ qatarda Mədinənin başında dəli
bir həvəs oyanmışdı, təkcə o ərik bağını
yenidən görmək istəyirdi – başqa heç nəyi,
heç kəsi. Qonşunun sözündən sonra Mədinənin
kədərli üzündə zorla sezilən təbəssümün
kölgəsi dolandı. Qonşu gözünü onun nə
ifadə etdiyi bəlli olmayan üzündən çəkmədən
“bağın yerində təzə məktəb, bir də
prokurorluq binası da tikiblər” dedi.
Qonşunu yola salan Mədinə illər öncə onun
olan pəncərə önündəki
çarpayısına yaxınlaşdı. Heç nə
dəyişməmişdi. Həmin köhnə,
bir yanı əyilmiş çarpayıya üzüüstə
sərildi. Bu çarpayını çox
sevərdi. Hər gecə yuxusunda ərik
bağını görürdü. Bəlkə də,
yuxu deyil, xəyal idi: ağaclar çiçək
açardı, o isə Vasiflə əl-ələ
ağacların arası ilə məktəbə gedərdi… Məktəbdə isə Vasiflə Amaliyanın
bir-birinə uzaqdan təbəssümü onun ərik
çiçəyi rəngindəki bütün xəyallarını
alt-üst edirdi.
Ertəsi gün Mədinə ayaqlarını
sürüyə-sürüyə bir vaxtlar ərik
bağının olduğu tərəfə yollandı. Qonşunun
dediklərinə rəğmən əmindi ki, gedib
bağı yerində görəcək. Bağdan
isə əsər-əlamət yox idi, yalnız fərdi
yaşayış evləri və inzibati binalar. Mədinənin gözü o bağdan qalmış
heç olmasa tək bir ərik ağacı axtardı. Yeni çəkilmiş yolun o biri tərəfində
balaca bir ağac gözünə dəydi. Sağa-sola şütüyən
maşınların arasından yolu keçməyə
çalışırdı. Məhv
olmuş bağın son işartısından
soruşacağı çox şey vardı.
Prokurorun xidməti maşını ana yola
çıxanda yol keçən qadını görən
sürücü əyləci basıb maşını
durdurdu. Özünü itirmiş qadın yerə uzandı.
Prokuror maşından düşüb sürücüsünə
“-Tez ol, dikəlt onu” dedi. Gənc sürücü Mədinənin
qolundan tutub
ayağa qaldırdı: “Xala, əzilməmisən
ki?”
Uzun müddət alkoqol istifadəçisi olan Mədinə
sürücüyə cavab vermədən dumanlı gözlərini
prokurorun üzünə dikdi, bir neçə an səssizcə
baxıb yenə bir söz demədən çevrilib getdi. Prokuror bu
boz-bulanıq gözləri nə vaxtsa görmüşdü,
amma yada sala bilmirdi. Bir xeyli aşa-aşa gedən
qadının arxasınca baxıb maşına əyləşdi:
“Gedək”.
Prokuror həyatındakı bütün boz xatirələr
kimi bu gözlərin sahibini də həmişəlik
unutmuşdu.
Amma rayon prokurorunun ərik ağacının çiçəklərindən
boylanan dumduru
gözlərinin Vasifə aid olduğunu Mədinə dərhal
anlamışdı…
Vahid Məmmədli
Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.7.