Pakistana açılan ədəbiyyat qapısı

 

Bir elmi konfransa sözardı  

 

Azərbaycan-Pakistan ictimai-siyasi, tarixi və dövlətçilik əlaqələrinin keçmişi yaxın zamanları əhatə edir. İki xalq arasındakı ədəbi ilişgilər isə dövlətlərin siyasi əlaqələrindən çox-çox əvvələ gedir. Bu ilişgilər xalqların özündən, varlığından qaynaqlanır; çünki xalqların yaradıcılığı onun özü qədər qədimdir. Bu əlaqələr xalqların tarixində, dilində, bədii düşüncəsində, etnogenezisində, düşüncə mədəniyyətində gizlənir. Coğrafi cəhətdən olsun ki, bu gün bu ədəbi ilişgilər bir-birindən aralı düşmüş olsun. Lakin tarixən hər iki xalqın kökü, etnik düşüncəsi, qardaşlıq hissi onların çox yaxın-bir qardaş qədər qohumluğunu, yaxınlığını şərtləndirir. Xalqları bir-birinə bağlayan, onları yaxınlaşdıran yalnız din, dil deyil, həm də bədii düşüncədir. Minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri hər iki xalqın çağdaş milli düşüncə arealını bütövləşdirir. Bu bütövlük ədəbi əlaqələrə də öz təsirini göstərdi. Keçən ilin iyulunda "Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri" mövzusunda Bakıda keçirilən konfrans bu sahədə atılan ilk addımlardan oldu. Lahor Dövlət Kollec Universitetinin bir qrup əməkdaşı Akademiyanın qonağı oldu, Azərbaycanı gəzdi, konfrans kontekstində bir çox məruzələr dinlənildi. Bununla Pakistana açılan ədəbiyyat qapısı aralanmış oldu.

Əlbəttə, buna qədər Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan Ədəbiyyat mərkəzi açılmış, bu ölkənin ədəbiyyatı ilə bağlı bir neçə sessiya və tədbir keçirilmişdi. Bu dəfə isə qonaqlarımız on gün müddətində Azərbaycanla yaxından tanış oldu, Bakıda Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində, Tarix Muzeyində oldular, Gəncədə Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Hər halda böyük bir təəssüratla getməliydilər ki, konfransın davamı dekabrın 17-24-də Pakistanın Lahor şəhərində davam etdi.

Lahora biz Lahor-Bakı, Bakı-Lahor reysi ilə uçduq və bu reysin təsadüfi açılmadığını gördük. Bu, Pakistanla Azərbaycan əlaqələrinin getdikcə genişləndiyinin, yeni bir mərhələyə daxil olduğunun bir göstəricisidir. 2018-ci ilin martında Pakistanın İslamabad şəhərinə Doha üzərindən uçduğumu və bu cür imkanların olmadığını yaxşı xatırlayıram. Qarabağ müharibəsindən sonrakı reallıqlar Pakistanın önəmini bir qədər də artırıb. Pakistanın önəmi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün də artıb. Təyyarədə bütün yerlər tutulmuşdu; onların çoxu turist kimi Azərbaycana gəlib qayıdırdı. Bir neçə gənclə söhbətdən məlum oldu ki, Bakı gözəl şəhərdir və onlar burada olmaqdan məmnun qalmışlar. Bu məmnunluğun tarixi həm də bizim keçmişimizdə, eyni dəyərləri bölüşməyimizdədir. İstər-istəməz Pakistanın keçmişi və bugününü göz önünə gətirdim...

"Pakstan" sözü ilk dəfə 1934-cü ildə Rəhmət Əli tərəfindən tələffüz edilmiş və "pak ölkə" anlamına gəlir. Bu söz bu gün Pakistanın beş əyalətinin baş hərflərindən əmələ gəlib. P-Pəncab, A-Afqaniya, K-Kəşmir, S-Sind, Tan-Belucistan, Pakstan-Pakistan. 212 milyon nüfuzu ilə dünyanın beşinci ölkəsi halına gəlib. İndoneziyadan sonra dünyanın ən nüfuzlu ikinci müsəlman ölkəsinə sahibdi. Coğrafi cəhətdən də strateji bir nöqtədə yerləşir; Hindistan, Əfqanıstan, İran və Çin ilə qonşudur. Pakistan torpaqları həm də qədim mədəniyyətin daşıyıcısıdır; hind altqitəsinin tarixi ilə iç-içə olmaqla yanaşı, hind-yunan, müsəlman, türk-moğol, əfqan və sih kimi fərqli mədəniyyətlərə və dini inanclara sahib krallıqlar bölgədə hökmran olub. İskəndər, Seleukos, Hind, Kuşan, Qupta, Ərəb Əməvilər, Qəznəlilər, Gurlular, Dehli Sultanlığı, Moğol, Baburlular, Əfqan Dürranilər kimi imperatorluqlar bu bölgəni idarə etmişlər. Son olaraq Britaniya Hindistanla yanaşı Pakistanı da idarə etmiş və ən yaxın imperatorluq olduğundan onun izlərini də aydın görmək olar. 1947-ci ildə Britaniyanın idarə etdiyi Hindistanın bölünməsi və müsəlman əhalinin burada öz dövlətini qurması ilə bağımsızlığını qazanıb; müxtəlif dil və etnik tərkib etibarilə zəngin bir ölkə kimi tanınır. 1956-cı ildə qəbul edilən Anayasaya görə İslam Respublikası adlanıb. Lakin 1971-ci ildə Hindistanın müdaxiləsi ilə Şərqi Pakistanın bir hissəsi Banqladeş adı ilə öz cümhuriyyətini qurdu. Uzun müddət əsgəri rejimlə yönətilən Pakistan 2010-cu ildə parlamentar sistemə keçərək bu gün dünyanın ən böyük hərbi gücü olan altıncı ölkə hesab olunur. Ən əsası isə Pakistan hələ Ermənistanı bir dövlət kimi tanımır, bütün beynəlxalq forumlarda Azərbaycanın haqq işini müdafiə edir. Biz də ona borclu qalmırıq və hər yerdə Kəşmiri Pakistan ərazisi kimi tanıyırıq.

Bu fikirlərlə gecə saat 10 radələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbəri olduğu nümayəndə heyəti Lahora çatırıq. Bizi Lahor Kollec Universitetinin bir qrup professor-müəllim heyəti qarşılayır. Təəccüb doğuran isə bizi hava limanından otelə gətirən dörd nəfərdən ibarət qoruma heyəti oldu. Əllərində avtomat iki əsgər arxası açıq Pikap maşınında, kabində iki nəfər bizi otelə qədər müşayiət etdi. Bir həftə ərzində bu qorumalar səhərdən axşamadək bizimlə oldu. Əvvəlcə bunu şəhərdə olan hansısa bir gərgin durumla və ya akademik, millət vəkili İsa Həbibbəylinin rəsmi şəxs olması ilə izah etdik. Lakin sonrakı günlərdə məlum oldu ki, bu cür qoruma Azərbaycana olan sayqıdan irəli gəlir. Bu sayqını hara getdiksə adi və sadə adamlarda belə artıqlaması ilə gördük və hiss etdik. Otel restoranında çay süfrəsi arxasında gecə "müşavirəsində" konfransda görüləcək işlər və vəzifələrlə bağlı məsləhətləşmələr səfərin başlandığından xəbər verirdi...

Səhəri gün bazar günü olduğundan şəhərlə və Lahor Kollec Universitetinin binası ilə tanışlıq oldu. Lahor Pakistanın Kəraçidən sonra ikinci ən böyük şəhəridir; 12 milyona yaxın əhalisi var (Kəraçinin əhalisi 14 milyondur). Şəhər Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın yerdə (cəmi 20 km) yerləşir və Pəncab vilayətinin mərkəzi şəhəridir. Ölkənin ən böyük kinostudiyası Lollivud burada yerləşir. Araşdırmalara görə, dünyanın ən çirkli şəhəri Lahordur. Çirklilik səviyyəsi qəbul edilən normanın 9 qatına çıxır və hər il çoxu uşaqlar olmaqla 100 min insanın həyatına son qoyur. Şəhərin üzünü toz-duman bürüyüb, bu, Lahorun adi vəziyyətidir. Ölkənin sənaye fabriklərinin çoxu burada yerləşir. Son illərdə iki minə yaxın fabrik bağlansa da, yenə də Lahor şəhəri sanki göy üzünə qapalıdır. Hətta bu qapalılıq təyyarələrin uçuşuna belə mane olur, hər gün təyyarələrin uçuş saatında dəyişikliklər baş verir. Hər yerdə əşyaların üzərində böyük toz kütləsi toplanır. Bu vəziyyət mağazalarda satıcıların işini artırır və gün ərzində bir neçə dəfə malların tozunu almaqla məşğul olurlar. Bəzən yerli sakinlərin bu şəhəri "Toz cəhənnəmi" adlandırmağının müəyyən əsası vardır. Dediklərinə görə, ilin bu fəsli Lahorda yağışlar mövsümüdür, ancaq bir həftə ərzində biz bu yağışları görmədik, bilmirəm xoşbəxtlikdənmi?! Hər halda, bu toz duman içində yağışın yağmasından sonrakı vəıziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Avropa şəhərlərində, hətta Bakı şəhərində gördüyümüz təmizlik, səliqə-sahman burada hiss olunmur. Bir çox yerdə çirkli kanalizasiya sularını aydın görmək olar. Şəhərlə ilk tanışlıq mənə Hindistanın Dehli şəhərini xatırlatdı. Yol boyu gündüz işıqforlar əvəzinə polislərin yol hərəkətini idarə etməsi yoldakı nizamsızlıqdan doğurdu. Yüngül maşınlar ilə motosikletlərin, furqonlu motosikletlərin bir-birinə "siqnal" verərək yol istəməsi, necə deyərlər, çox yaxın məsafədə sürülməsi adi haldır. Yol hərəkəti qaydalarına burada heç cür əməl olunmur. Buranın öz "qayda-qanunu" var və hamı bu qaydalara "əməl edirdi". Pakistanlı dostların dediyinə görə, gündüz tıxac saatlarında işıqforları söndürərək yolun canlı "işıqforlar" vasitəsilə idarə edilməsi effektiv nəticə verir. Gecələr isə işıqforlar öz qaydasında işləyir. Onu da demək lazımdır ki, maşınların sıx olmasına rəğmən, Lahor küçələrindəki tıxaclar yeriyən tıxaclar idi və bir həftə ərzində biz toplantıların heç birinə gecikmədik.

Şəhərlə tanışlıq Lahor Dövlət Kollec Universiteti ilə davam edir. Bu universitet Pakistanın ən qədim universitetlərindəndir; XIX yüzilin 80-ci illərində qurulub. Qırmızı kərpicli 6 mərtəbəli universitet bir neçə binadan ibarətdir. Binaların quruluşu Britaniya universitetlərinin quruluşu ilə yaxınlıq təşkil edir. Əvvəlcə kollec kimi fəaliyyət göstərən bu təhsil müəssisəsi sonralar universitetə çevrilib və dünyaya görkəmli alimlər bəxş edib. Bazar günü olmasına baxmayaraq, konfrans iştirakçılarının əksəriyyəti universitetə gəlib. Universitetin ayrı-ayrı korpusları ilə tanışlıq da buradan başlayır. Bakı konfransından yaxşı tanıdığımız urdu departamentinin rəhbəri professor Saima İram, dosent Almaz xanım, Maria Armeen və başqaları bizi universitetlə tanış edir. Burada təhsil alan Məhəmməd İqbalın qaldığı hücrəyə də baş çəkirik. Pakistanın görkəmli filosof şairlərindən biri Məhəmməd İqbalın "Seçilmiş əsərləri" tərcümə edilərək Azərbaycanda nəşr edilib. Filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın bu yaxınlarda "Məhəmməd İqbal; eşq və düşüncə şairi" adlı monoqrafiyası çap olunub. Universitetlə tanışlıq zamanı idman geyimində ağsaçlı 65 yaşlı biri qarşımıza çıxır və bizi salamlayır. Saima İram onu təqdim edərkən universitetin rektoru (vitse-kansler) olduğunu öyrənirik. Sadəcə, bazar günü olduğundan sərbəst geyinərək bizi görməyə gəlib. Söhbətdən də məlum olacaq ki, professor Asghar Zahidi Bakını yaxşı tanıyır, bir neçə dəfə bizim paytaxtda olub, hətta bir müddət Bakı Statistika İdarəsində beynəlxalq layihə çərçivəsində işləyib. Rektor otağında şəkilləri asılmış universitetin dünya şöhrətli alimləri ilə bizi tanış edir. Akademik İsa Həbibbəyli onu Bakıya dəvət edir və bu cür ilişgilərin davam etməsini istəyir.

O gün bizi daha bir sürpriz gözləyirdi; ev sahibləri bizi Hindistan sərhədinə aparacaqlarını dedilər. Sərhəd təxminən Lahordan 20 km məsafədə yerləşirdi. Bu, proqramda nəzərdə tutulmamışdı. Ancaq vaxtilə Pakistanda Azərbaycanın səfiri işləmiş tarix elmləri doktoru, professor Eynulla Mədətlinin informasiyasından məlum oldu ki, bizi rəngli hadisələr gözləyir. Kəşmir probleminə görə iki ölkə arasında olan gərginlik bizə Qarabağ məsələsini xatırlatdığından sərhəd ziyarətinin necə baş verəcəyini məraq edirdik. Sərhədə qədər bir neçə baryerdən keçməli olduq; yəqin ki, əvvəlcədən bu baryerlərin səlahiyyətli şəxslərinə bizim haqqımızda məlumat verilmişdi. Ona görə də, hər yerdə Azərbaycan adı çəkilən kimi, bizim kiçik avtobusun qarşısındakı maneə aradan götürülür və biz sərhədə bir qədər də yaxınlaşırdıq. Nəhayət, deyilən yerə gəldik; indi bizi Hindistan sərhədi ilə təxminən yüz metr məsafə ayırırdı. Hələ gözlənilən "tamaşaya" bir neçə dəqiqə qaldığından bizi çay və kofe süfrəsinə dəvət etdilər. Bundan sonra isə əlimizdə Pakistan bayraqları "tamaşa" yerinə getdik. Pakistan əsgərləri ilə şəkil çəkdirdikdən sonra bizə ayrılan yerdə oturduq. Burada oxucuları sərhəd "tamaşası" ilə bağlı bilgiləndirmək istəyirəm. "Tamaşa" hər axşam sərhəd qapılarının bağlanması hadisəsini təsvir edir. Ona görə "tamaşa"deyirəm ki, hər gün təkrar olunur və burada göstərilən hərəkətlər yarıciddi, yarıyumor şəklində təqdim olunur. Seçilmiş məkan da tamaşa meydançasına bənzəyir. Belə ki, bir stadion (futbol meydançası) və ya amfiteatr fikirləşin. Meydanın yarı hissəsi Hindistan, yarı hissəsi isə Pakistan tərəfinə düşür. Hər iki tərəfdə təxminən 2 min adamın yerləşdiyi bir tamaşaçı yığnağı var. "Onların əllərində Hindistan tərəfdə hind, Pakistan tərəfdə isə Pakistanın bayraqları dalğalanır. Tamaşaçılar olduqca coşquludur. Onları coşquya gətirən bir neçə "aktyor" - yönləndirici var. Eynilə futbol oyununda olduğu kimi azarkeşləri oyuna hazırlayır. Camaatı həyəcana gətirnək üçün şüarlar səsləndirir, böyük Pakistan bayrağı yelləyirlər. Eyni proses Hindistan tərəfdə də baş verir. Hətta təkqıçlı bir 35-40 yaşlı qazinin (görünür, Kəşmir konfliktində qıçının birini itirmişdi) də bu prosesdə iştirak etdiyini gördüm. Biz meydana daxil olarkən Azərbaycan nümayəndə heyətinin iştirak etməsi anonsu tamaşaçılar arasında böyük coşqu ilə qarşılandı və şüarlar səsləndirdilər. Birinci sırada bizə ayrılmış yerdə oturub hadisələrin necə cərəyan etdiyini izləməyə başladıq.

Əvvəlcə səhnəyə hər iki tərəfdən hərbi geyimdə iki qız daxil olur; onlar mərkəzə doğru irəliləyir, bu zaman sərhədin hündür dəmir qapıları açılır. Hərbçi qızlar sərhəddə gövdə göstərisi yapmaqdan da geri qalmırlar. Bu gövdə göstərisi sonrakı dəqiqələrdə kişi əsgər və zabitlər tərəfindən davam etdirilir. Ümumiyyətlə, bu "tamaşanı" komik, dramatik gövdə göstərisi hesab etmək olar. Müxtəlif əsgərlər mərkəzə tərəf gəlir və qarşısındakını sındırmaq üçün əl hərəkətləri və ayağını yerə vurmaqla öz gücünü göstərirlər. Bu proses təxminən yarım saatdan çox davam edir. Nəhayət, sonuncu səhnədən sonra eyni anda, eyni ölçüdə (bir-birindən nə az, nə çox) dövlət bayraqları yavaş-yavaş aşağı endirilir. Bundan sonra isə hər iki tərəf hündür dəmir darvazaları birləşdirir və bununla da sərhəd bağlanır. Bununla da "tamaşa" başa çatır. Lakin "tamaşa"dan sonra da yerli camaat bizim nümayəndə heyətinə yoğun bir ilgi gəstərir, bizə yaxınlaşıb görüşür və salamlarını bildirirdilər. Bizi isə səhəri gün yoğun bir konfrans proqramı gözləyirdi...

Səhəri gün saat 10-da Lahor Dövlət Kollec Universitetinin rektoru professor Asghar Zahidinin qəbul otağında idik. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ilə rektorun görüşündə iki qurum arasındakı əlaqələrin bundan sonra da qarşılıqlı davam etməsi və elmi əlaqələrin gücləndirilməsi zəruriliyi vurğulandı. Bir neçə dəqiqədən sonra isə Lahor Kollec Universitetində Azərbaycan-Urdu Mədəniyyət Mərkəzinin açılışı oldu. Həm professor Asghar Zahidi, həm akademik İsa Həbibbəyli mərkəzin işinə uğurlar arzuladı və iki ölkə arasındakı elmi, ədəbi, mədəni əlaqələrin perspektivlərindən söz açdılar. "Azərbaycan-Pakistan əlaqələri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı. Plenar iclasda akademik İsa Həbibbəyli Azərbaycan və Pakistan xalqları arasında tarixi dostluq əlaqələrindən söz açaraq bu əlaqələrin bundan sonra da davamlı şəkildə inkişaf etdirilməsi arzusunu dilə gətirdi. Urdu dili departamentinin rəhbəri, professor Saima İram Azərbaycan və Pakistanın ali təhsil və elmi qurumları arasında yaranmış əlaqələrdən söz açdı. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan-Pakistan siyasi əlaqələrinin, professor Eynulla Mədətli, dosent Almaz xanım, f.e.d. Bəsirə Əzizəliyeva və bu sətirlərin müəllifi yeni reallıqda Azərbaycan-Pakistan ədəbi, mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinin mümkünlüyünü bildirdilər.

İsa Həbibbəylinin urdu dilində nəşr edilmiş "Nizami Gəncəvi" monoqrafiyasının təqdimi də iki xalq arasında elmi, ədəbi əlaqələrin genişlənməsi üçün əsl töhfə oldu. Urdu ədəbi cameəsinin böyük şair Nizami Gəncəvinin həyatı, şəxsiyyəti, milli müəyyənliyi və yaradıcılığı haqqında müəyyən təsəvvürə malik olmaq üçün ən yaxşı nəşr kimi dəyərləndirildi. İslamabadda professor Yusuf Kuşkun səyi ilə urdu dilində çap olunan "Dədə Qorqud" kitabının tədqimatı da iki xalq arasındakı ədəbi ilişgilər üçün əsas faktlardan biri oldu. Yusuf Kuşk bunun üçün İslamabaddan Lahora gəlmişdi. Ayrıca professor Eynulla Mədətlinin "Pakistan tarixi", f.e.d. Bəsirə Əzizəliyevanın Məhəmməd İqbalın həyat və yaradıcılığına həsr edilmiş "Məhəmməd İqbal; eşq və düşüncə şairi" monoqrafiyası da konfransın gedişində elmi camiəyə tədqim olundu. Həmin gün axşam Mədəniyyət İnstitutunun binasında milli musiqinin qonağı olduq. Deyim ki, bu tədbir də orijinallığı ilə seçilirdi. Düzəldilmiş kiçik səhnədə bardaş qurub musiqi alətlərini ifa edən musiqiçilər milli mahnıları ilə bizi feyziyab etdi. Yeri gəlmişkən, uzun illər sovet dövründə hind filmləri və musiqiləri Azərbaycanda çox populyar olmuşdu. Eyni ortaq dəyərləri, tarixi, musiqini bölüşən Pakistan filmləri və musiqisini də Azərbaycana dəvət edib Pakistan mədəniyyət günləri kontekstində onları Azərbaycan tamaşaçılarına təqdim etmək yaxşı olar. Əminəm ki, tamaşaçıların çox böyük ilgisini çəkməklə, iki ölkə və xalq arasında mədəni əlaqələrin genişlənməsinə və yaxınlaşmasına böyük töhfə verər. İndi bu cür əlaqələrə çox böyük ehtiyac var...

Konfrans öz işinə ikinci gün də davam etdi. Mənim məruzəm Pakistan-Azərbaycan ədəbi ilişgilərinin dünəni və bugünü haqqında idi. Məsələ burasındadır ki, bizim bu gün siyasi birlik-bərabərliyin əsasında həm də tarixi, ədəbi-mədəni birlik durur. Bu birliyi həm ümumtürk, həm də müsəlman kontekstində axtarmaq daha doğru olardı. Bu iki faktor uzun müddət pakistanlılarla türklərin ortaq mədəniyyətini formalaşdırmışdır. Eramızdan əvvəl və sonra Mərkəzi Asiya regionunda bir-birini əvəzləyən möhtəşəm türk dövlətləri kontekstində islam düşüncəsi hakim olmağa başlayır. Onu da demək lazımdır ki, indiki Pakistanın islamlaşmasında ən böyük pay sahibi Qəznəlilər və digər türk sülaləri olmuşdur. 1000-1026-cı illərdə Pəncaba etdiyi axınlarla Mahmud Qəznəli islamiyyəti bu əyalətə gətirib. 1526-cı ildə Dehli sultanlığını yenərək Babur imperatorluğunu qurmuşdur. Əsrlər boyu xalqlarımız bu birlik içində birgə hərəkət etmiş, eyni mədrəsə və təhsil mərkəzlərində dini təhsil alaraq onu vətənlərində həyata keçirmişlər. Bizi birləşdirən təkcə qədim tarixi-mədəni və islami dəyərlər deyil, zaman keçdikcə ona yeni dəyərlər əlavə olunur. Dövlətlərin yaranması və qarşılıqlı əlaqələri birliyi ən yüksək səviyyəyə qaldırmış olur. Din, etnik düşüncə və dövlətlərin birliyi bütövlükdə xalqların vəhdətini yaradır. Bu vəhdət Kəşmir və Qarabağ sorununda bizi daim birləşdirən faktordur. Sovet dövründə Azərbaycan-Pakistan ədəbi əlaqələri özünün ən zəif dövrünü yaşayıb. Müstəqillik dövründə isə bu əlaqələr daha intensiv şəkildə davam edib.

Konfransın üçüncü günündə universitetin Urdu dili departamentində müəllim, doktorant və magistrlərə "Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda məruzəm Azərbaycan ədəbiyyatının qədimliyi və zənginliyi dinləyiciləri olduqca maraqlandırdı. Nizami Gəncəvinin Azərbaycana məxsus olmasını şərtləndirən faktorlar ətrafında verilən suallara cavablar görüşün canlılığını saxladı. XII yüzildə Məhsəti Gəncəvi kimi şairin Şərq tarixində nadir hadisələrdən biri olması, Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı söhbətlər ədəbiyyatımıza marağı göstərirdi. Xüsusilə, təsəvvüf ədəbiyyatı ilə bağlı ortaq dəyərlər gələcəkdə müqayisəli araşdırma aparmağa tamamilə imkan verir. Eyni ortaq dəyərlər XX yüzildə xalqın apardığı milli azadlıq mübarizəsinin bədii düşüncədə əksində də özünü göstərir.

"Urdu dilinin qlobal perspektivləri" konfransı çərçivəsində ən maraqlı görüşlərdən biri də Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Şəhla Qurbanova ilə Lahordan 80 km məsafədə yerləşən Sialkot şəhərindəki Pakistan Qızlar Universitetində keçirilən iclasa qatılmağımız oldu. Ona görə maraqlı yazıram ki, Məhəmməd İqbal bu şəhərdə doğulmuş və burada yaşamış, ev-muzeyi də burada yerləşirdi. Lahorun qorumaları bizi bu şəhərin sərhədinə qədər müşayiət etdikdən sonra Sialkot şəhərinin qorumaları qəbul etdi və yoxlamadan keçmədən bu şəhərin ərazisinə daxil olduq. Şəhərin girəcəyində bizi Pakistan Qızlar Universitetinin müəllimi Dr. Muhammed Afzal qarşıladı. Sialkot 650 minlik əhalisi olan gənc bir şəhərdi. Müasir üslubda tikilib və havası çox təmizdi. Mərkəzi küçə boyu müasir binalar çoxluq təşkil edir. Dr.Muhammedin fikri bizi bu şəhərdə futbol topu istehsal edən "Forvard" fabriki ilə tanış etmək idi. Lakin buna zaman olmadığından yalnız "Forvard"ın ofisində 15 dəqiqəlik bir filmə baxdıq. Filmdən aydın oldu ki, 2008-ci ildən UEFA çətiri altında keçirilən Avropa və Dünya çempionatlarını topla təmin edən bu fabrik 1991-ci ildən fəaliyyət göstərir. Fabrik getdikcə böyümüş, dünya arenasına çıxmışdır. Uzun illərdi futbolla maraqlanmağıma baxmayaraq, bu informasiyaya rast gəlməmişdim. Pakistanda dünya şöhrətli bu cür fabrikin olması doğrusu məni çox təəccübləndirdi. Bu barədə Azərbaycan televiziyalarında da elə bir süjetə rast gəlməmişəm. Bəlkə bundan sonra bu fabrik haqqında veriliş hazırlayıb idman proqramlarında göstərmək olardı. Fabrikin uğurları ildən-ilə artır, məhsullarının çeşidləri çoxalır. Bu barədə mən də öz fikirlərimi bildirdim. Fabrik rəhbərliyi hörmət əlaməti olaraq dünya çempionatı 2022-nin topunun kiçik modelini mənə hədiyyə etdi. Pakistan Qızlar Universitetində bizi gözləyirdilər. Tələbələrin M.İqbalın "İblis" əsərindən hazırladığı səhnə olduqca təsirli idi. Universitetin rektoru, professor Rukhsana Kausarla kabinetində baş tutan söhbətimiz bundan sonra iki ölkə arasındakı ədəbi, mədəni, elmi əlaqələrin artırılması yönündə oldu və bir çox layihələr üzərində çalışacağımızı qarşılıqlı olaraq ifadə etdik. Sialkotda yerləşən Məhəmməd İqbalın ev-muzeyini də ziyarət etdik, xatirə kitabına ürək sözlərimizi yazdıq. Axşama yaxın şəhərdən çıxdıq və qorumaların müşayiəti ilə iki şəhər arasındakı "sərhədə" gəldik. Burada bizi Lahorun qorumaları gözləyirdi...

Sonuncu gün də maraqlı keçdi; Lahorun ən qədim məkanlarından biri, Cahangir şah qalasını bəlkə də qəsdən proqramda sonuncu günə saxlamışdılar. Babur dövlətinin dördüncü hökmdarının ölümündən sonra 1627-ci ildə tikintisinə başlanan və on ilə tamamlanan qırmızı kərpicdən tikdirdiyi qala möhtəşəm sənət abidəsi olmaqla yanaşı, dörd yüz ildir ki, ayaqdadır. Bu qala və məzar Babur hökmdarlığından qalan tək məzar olduğundan Pakistan xalqı və dövləti üçün xüsusi önəm daşıyır. Bəzi mənbələrdə qalanın Cahangir şahın arvadı Nurcahan xanım, bəzi mənbələrdə isə hökmdarın oğlu Cahan şah tərəfindən tikildiyi bildirilir. Eynilə Hindistanın Aqra şəhərində yerləşən Əkbər şahın iqamətgahında olduğu kimi, burada da qırmızı qum daşından və mərmərdən istifadə edilib. Qalalar arasında müəyyən arxitektura oxşarlığı da var. Türbənin hər küncündə hər biri 30 metrlik 4 minarə ucalır. Allahın 99 adının da məzar daşına qazıldığı görünür. Cahangir şahın türbə kompleksində Nurcahanın qardaşı Asif xanın məzarı, bir cami və Əkbər Saray adı verilən bir tikili də yer alır. Qalanın çölü Bakının İçərişəhər kimi qədim şəhər hesab edilir və Pakistana aid milli suvenirlər satılır. Pakistan milli mətbəxinin yeməkləri olan restoranlar da əsasən burada yerləşir. Sonuncu axşam qala divarları çölündəki tikilinin sonuncu mərtəbəsində açıq havadan gecə qaranlığında işıqlarla bərq vuran minarələri seyr etmək və azanı dinləmək yəqin ki, heç zaman yaddan çıxmayacaq...

Konfrans günlərində aldığım təəssürat, çıxardığım nəticə Gücün öz sözünü deməsi ilə Sözün gücünün birləşməsidir. Hara getdimsə Pakistanda bir Azərbaycan əfsanəsinin dolaşdığını gördüm. Eynilə Azərbaycanda da bir Pakistan əfsanəsi dolaşır. Bilmirəm, İkinci Qarabağ müharibəsində Pakistan necə və nə şəkildə iştirak edib; bu hərbi sirdir. Ancaq onu bilirəm ki, bu əfsanə dolaşır. Qoy dolaşsın! Bizə isə bu əfsanələri tarixi keçmişdə olduğu kimi reallığa daşımaq və hər iki xalqın bədii düşüncəsindəki ortaq dəyərləri yaşatmaq qalır...

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.10-11.