Əyyub Türkayın uşaq şeirləri
- sadəliyin poeziyası
Əyyub
Türkayın kiçik yaşlı uşaqlar
üçün yazdığı şeirləri oxuyanda
özümü qeyri-ixtiyari onların aləmində hiss elədim.
Səbəb? Səmimiyyət
və balacaların rəngarəng dünyasına, maraq dairəsinə
aid nə varsa müəllifin ona hədəflənib yazmaq məramı,
uşaq ruhunu həssaslıqla duymaq bacarığı, bir də
incə yumor və pozitiv çaların öndə olması.
Sadalanan bu keyfiyyətlər kitabdakı şeirləri
qeyri-ixtiyari şəkildə mənəvi təravətin və
şuxluğun ab-havasını ehtiva edən enerji mənbəyinə
çevirir. Əyyub sadəliyin
poeziyasını yaradır. Amma bu sadəlik
uşaq aləminin öz qatından süzülüb gəlir.
Bəzək düzəksiz, həyatın
özü kimi. Gənc şair bu zahirən
adi, həyatın bəlkə də ilk dəfə uşaq nəzərləri
ilə kəşf olunan tərəflərinə poetik məzmun
qazandırır. Hansısa hadisə ilə bağlı
dolğun təsəvvür yaratması üçün nəqli
deyil, daha çox obrazlı məlumata əsaslanması, yaxud
uşaqların qavrama, dünyanı dərk etmə
imkanlarına münasib olması onun əksər şeirinin
ümumi, ortaq cəhətidir:
Bir
payız səhərində,
Günay durdu yuxudan.
Şimşəyin
bərk səsindən
Gözün qırpdı qorxudan.
Baxdı
pəncərəsindən,
Gördü küləkdir yaman.
Dedi dərsə
getməyə,
Soyuq verərmi aman?
Anası
qulaq asıb,
Bəhanəni anladı.
Qucaqlayıb
qızını,
Bir balaca danladı.
Söylədi
qızcığaza
Boran-çovğun
olsa da,
Məktəbi
heçə sayıb,
Dərsi verməzlər bada.
Günay
səhvin anladı,
Keçdi əsas mətləbə.
Çantasını
götürüb,
Yola düşdü məktəbə.
"Günayın səhvi" adlanan bu şeirdə əyanilik
və konkretlik fikrin obrazlarla ifadəsində əsas göstəriciyə
çevrilir.
Əyyubun bunun kimi əksər mətnlərində
həyati faktlar və predmetlərin özünün məzmununa
uyğun bədii intonasiya və təsvir sistemi ilə əyaniləşən
şeir quruluşu görürük. Müəllif bədii
təsvirdəki lakonikliklə məzmun haqqında real,
aydın təsəvvür yaradır, bədii-məntiqi
keçidlər, bir-birini tamamlayan əlaqələr bu
şeirlərin əsas məziyyəti sayıla bilər:
Babam hər
il bostanda,
Çoxlu tərəvəz əkir.
Görürəm
asan deyil,
Xeyli əziyyət çəkir.
Məhsul
vaxtı sahədə,
Kələm, xiyar bol olur.
Biz tərəvəz
yığanda,
Yeşiklər barla dolur.
Babamın zəhmətini.
Heç vaxt unutmaram mən.
Ona
kömək etməmiş,
Kənddən qayıtmaram mən.
Əyyubun şeirləri sevgi doludur, yaratdığı
balaca qəhrəmanlar bütün kainatı bağrına
basacaq qədər saf, təmizdirlər. Böyüklərə
hörmət, zəhmətə alışqanlıq, təbiətlə
təmas, gözəl olan hər şeyə maraq hər mətndə
ayrıca estetik yöndən təqdim olunur. Bu şeirlərdə predmet bədii səviyyəyə
qaldırılır, onun münasib təşbehlərlə
ifadəsi baş tutur. Həm əxlaqi, tərbiyəvi
mahiyyət aşılanır, həm də məzmun
obrazlı tutum qazanır:
Emin əlində
mismar,
Ağacları cızırdı.
Ağlına
gələn sözü
Qabığına yazırdı.
Bir
gün də atasının
Adın yazdı budağa.
Fikirləşdi,
atası
Əhsən deyər "qoçağ"a.
Sevimli
atasına
Göstərdi əl işini.
Sevinclə,
gülə-gülə
Ağardırdı dişini.
Atası
dedi: -oğlum,
Yaralama ağacı.
Axı anlamırsan
ki,
Onlar da çəkir acı?
Yaralanmış
ağacı
Qışda şaxta vuracaq.
Yayda isə
istidən
Yanaraq quruyacaq.
Uşaqlar üçün yazmaq onsuz da vətənə
xidmətdir.
Amma yaxşı yazmaq, onların əxlaqi tərbiyəsinə,
davranış kamilliyinə yol açan mətnlərlə
meydanda olmaq, - bu artıq milli mənafe, milli təəssübkeşlik
hadisəsidir. Əyyub Türkayın şeirlərində
bu meyil amal, məqsəd səviyyəsində təzahür
edir. Onun şeirlərinin hamısı zəruri
mövzulardadır: vətən sevgisi, Zəfər
günümüz, təbiət təsviri, məktəbə
çağırış, biliyin təbliği,
dünyanı dərk etməyə maraq və s. kimi
mövzular özünün uğurlu poetik ifadəsini
tapır. Şairin "Vətən tarixi",
"Ana vətən", "8 noyabr",
"Xarıbülbül" kimi əksər şeirlərində
məzmun cazibədarlığı ilə ifadə təbiiliyinin
vəhdəti, təbii və rəvan dil, axıcı
intonasiya əsas üslubi məziyyət kimi səciyyələnirlər.
Yeni
tariximizin
8 Noyabr günü.
Zəfərimin
yayılıb
Səsi, sədası, ünü.
Oxuyuram dərslikdə
44 günlük savaşı.
Bir-birinə
qarışmış
Sevinc, kədər göz yaşı.
"Zəfər"
sözü, sən necə
Möhtəşəm, uca adsan.
Qulağımda
səslənir,
Şuşamız,
sən azadsan!
Kitabda yer
alan bir neçə şeirdə gənc
şairin formanı nəzərə almadığı, daha
çox poetik fikrə, ideyaya aludə olub qafiyə, vəzn,
ahəng qeydinə qalmadığı da nəzərdən
qaçmır. Bəzən misra
qırılır, bəzən hansısa hərf
düşümünə yol verilir ki, bu da bədii effekt
yaratmağa mane olur, ifadə səlisliyinə xələl gətirir.
Şeirdəki ifadə vasitələri
hansısa poetik hissin reallaşmasına, hansısa fikrin
daşıyıcısına çevrilməsinə xidmət
etdiyi üçün bəzi hallarda qafiyə, bölgü və
intonasiyada uyğunsuzluq yaranır. Halbuki, şeirin bir
sistem kimi bütöv təsir bağışlaması
üçün onun daxili komponentləri arasında təbii-assosiativ
uyarlıq olmalıdır. "Sərhədçidir mənim
atam" şeirində biz bu uyarlığı hiss etmirik:
Gecə-gündüz
qoruyur
Sərhədi mənim atam.
Keşiyində
dayanır,
Mən evdə rahat yatam.
Bu peşədə
görürəm
Gələcəyimi mən də.
Arzum budur
ki, hərbçi
Olaram böyüyəndə.
Bu sıradan daha bir məqama diqqət çəkmək
istəyirəm. Əyyubun kitabındakı bəzi
şeirlərin günün informasiya, texnogen yenilikləri
qaynağında hasilə gəldiyini, balaca qəhrəmanın
düşüncə dünyasının
çağımızın fakt və hadisələrinə əsaslandığını
görürük. Bu təbii prosesdir, hər
şey böyüyən, artan, inkişaf edən bir templə
hərəkət edirsə, poetik fikrə yansıması
normal qarşılanmalıdır. Əsas
məsələ bu cəhdlərin, gətirilən yeni obraz və
detalların bədii dəyəri təlqin olunan tərbiyəvi
fikrin ifadəsinə nə dərəcədə xidmət etməsidir.
Düzdür, Əyyubun istisnasız
bütün şeirlərində öz mütənasibliyini
pozmayan meyar, təəssübkeşlik var. Amma bəzən təəssübkeşlik
şeirin daxili sistem kimi bütöv alınmasında bəs
etmir. Müəllifin "Mobil telefon" şeirinə
diqqət edək:
Babam
özünə yenicə
Mobil telefon almışdı.
Dost-tanışa
zəng etməyə
Xeyli sevincək olmuşdu.
Baxdım,
babam fikirlidir,
Səbəbini soruşanda.
Söylədi,
yaman bezirəm
Bu
nömrələr qarışanda
Müasir
texnologiyalar
Hələ mənimçün çətindir.
Mənim ən
çox bildiyim iş
Torpaqda əkin-biçindir.
İnsan idrakının böyük kəşflərinin
maraqlı priyomlarla təsvir edilməsi gərəkli məsələdir,
tərəqqi əsrinin daxili məntiqindən irəli gələn
haldır. Elmi-texniki faktları uşaqlara çatdırmaq
yazardan xüsusi istedad tələb edir. Kiçik
qəhrəmanın inandırıcı poetik obrazı onun
düşüncələrinin, həyata münasibətinin
reallığı məqamlarında bitkin yarana bilər.
İstənilən fakt və hadisəyə
verilən poetik şərh o zaman uğur qazanır ki,
ondakı poetik informasiya, bədii intonasiya uşaqların
dünyanı dərk imkanlarına uyğun gəlsin. Əks halda, ən yaxşı poetik nümunə belə
bədii təsir gücünü itirir. Uşağın
dilindən verilən bu şeir parçasında
"texnologiya" sözünün işlənməsi
onların ümumi inkişaf səviyyəsinə uyğun
deyil.
Əlbəttə, bu nöqsanlar kitabın məziyyətini
azaltmır. Yenicə bu sahəyə gələn gənc
şairin uğurlu cəhətləri ilə bərabər
alınmayan tərəflərini də deməliyik ki,
qüsurların nədə ehtiva olunduğunun fərqində
olsun. Yuxarıda gətirilən nümunələr, eləcə
də "Qaraqulaq dovşanım", "Ağacları qoruyaq, "Təmizkar
Lalə", "Kələkbaz kələm" və onlarla
adını çəkmədiyimiz şeirlər onun bu sahənin
ən ümidverən imzalarından biri olacağına
ümid yaradır.
Qaraqulaq
dovşanım,
Az hoppan
bu çəməndə.
Uzağa
getsən, səni
Bir qurd salar kəməndə.
Yaxınımda
gəz, dolan,
Mənim atam ovçudur.
Yırtıcılardan
bizi,
Qorumağa borcludur.
Tərbiyə, düzgün davranış
aşılamaqla bərabər, sözü incəliklə demək
bacarığı, ən əsası, misralar arasındakı
əlaqəsizlikdən, təsvir
israfçılığından qaçmaq Əyyubun
şeirləri üçün xarakterik cəhətlərdir. Uşaqla onun
idrak səviyyəsinə uyğun şəkildə
danışmaq, yapışıqlı təhkiyə ilə
onların qəlbinə nüfuz etmək səriştəsi
bu şeirlərin əsas göstəriciləridir. Bir də
yumorlu təfəkkür və zəka! Əyyubun
istedadının fərdiliyini səciyyələndirən
mühüm amillərdən biri də budur desək,
yanılmarıq:
Ona qədər
öyrəndim,
Mən vurma cədvəlini.
Artıq
riyaziyyatın
Biləcəyəm dilini.
Üçü-üçə
vururam,
Cavabı edir doqquz.
Hamı
deyir vurmanı,
Yaxşıca öyrənib qız.
Lap balaca
bacımsa,
Hələ bilmir vurmanı.
O ancaq
saya bilir,
Yediyi dondurmanı.
Əyyub folklorun bədii ifadə sistemindən bəhrələnməyə
çalışan müəllifdir. Tapmaca janrının
imkanlarına müraciət edir, təmsil, düzgü, sanama,
oxşamalar yazır, cinas qafiyələrdən yararlanmaqla bir
bəndli şeirlər meydana qoyur. Bütün
bunlar uşaq ədəbiyyatına yenicə gələn gənc
bir şair üçün böyük üstünlükdür.
Mən onun xüsusilə, təmsilləri
üzərində ayrıca dayanmaq istəyirəm.
Əyyubun "Dağ və təpə", "Körpü
və çay", "Günəş və
yağış", "Quzğunun tövbəsi",
"Xəstə tülkü" kimi təmsillərində
nağılların şirinliyini xatırladan poetik təsvir
vasitəsilə həm əyani lövhə yaradılır, həm
də predmetin mahiyyəti haqqında balacalara faydalı şərh
verilir. Hər hadisədən nəticə
çıxarmaq quru mühakimə, nəsihət yolu ilə
deyil, hadisənin mahiyyətindən əxz olunan ümumi qənaət
olaraq ümumiləşdirilir.
Təbii ki, bu gün uşaqların düşüncə
dairəsi geniş, mühakimə və anlam səviyyəsi
yüksəkdir. Lakin buna əsaslanıb düşünmək
ki, yeni texnologiyalar əsrində uşaqlar üçün təbiətin,
heyvanlar aləminin heç bir marağı qalmayıb, bu
doğru fikir deyil. Uşaq hər bir zaman
oz rəngarəng dünyasında, xəyallar aləmində
yaşayır, nağıl dünyasına maraqlıdır,
quşların, böcəklərin, bitki və heyvanların
varlığı və necəliyi onlar üçün hər
zaman əhəmiyyətlidir. Əyyub
Türkayın şeirləri bunun belə olduğunu bir daha
sübut edir. Saflaşdırır,
arındırır. Və bir də dünyaya
uşaq nəzərləri ilə baxmağın ən gözəl
yaşam və güc qaynağı olduğunu
aşılayır.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.- 7
yanvar.- S.12-13.