Postmodern xilas və ya
reklam lövhələri
Brendlər
Modern təfəkkürün yaranması sosial göstəricilərlə
birbaşa əlaqədar idi. İnsanlar XIX əsrdən
başlayaraq "çox çeşidli eraya" qədəm
basdılar. Burada da tələb-təklif
amili təkcə bazar sisteminə deyil, həm də sənətə
öz təsirini əsirgəmədi. Amma bu barədə
bir az sonra...
Qərb mədəniyyəti uzun sürən klassik
realizm, intibah dövrü və ondan sonrakı bütün
dövrlər üçün xəyali və ümidli
seçim olaraq qalacaq romantizmin cəngində olanda
avropalılar yeni məhsullar istehsal və istehlak etməklə
məşğul idi. Hər saniyə nə isə istəyirdilər.
Yeni qablaşdırmada, yeni dadda, yeni qoxuda, yeni rəngdə.
İstər varlı təbəqə, istər
orta, istərsə də yoxsul təbəqənin seçim
imkanları genişləndikcə özünü daha önəmli,
daha sıradan olmayan hiss edirdi. Amma xammal
eyni idi və bu, istehsalçıları tədirgin edirdi.
"Qazlı su" adında milyonlarla
şüşə buraxılırdı. Alıcılar
bu şüşələri sadəcə rənglərinə
və formalarına görə fərqləndirir, bu da
bazarın mühüm amillərindən biri olan rəqabət
mühitini "öldürürdü". Bəzi şüşələr, ümumiyyətlə,
satılmır, bəziləri isə uğurlu satış nəticəsi
göstərirdi. Məsələn, sənət müstəvisində
musiqi misalı ilə bunu aydın görə
bilərik. Yüzlərlə dahi bəstəkar,
onların yaratdığı ecazkar (burda şişirtmə də
var) musiqilər, simfoniyalar və sairlər nə qədər
mükəmməl səslənsə də, həmin zamanlara
xas olan zadəgan məclislərini yormağa
başlayırdı. İnsanlar rəqs etmək
istəyirdi. Yeni, modern və daha həyəcanlı
nümunələr yaratmaq lazım gəldi. Bu halı aradan qaldırmaq və daha uğurlu
istehsal və istehlak prosesini yaratmaq üçün
"adlar" kəşf olundu. Brendlər,
markalar, reklamlar, reklam mətnləri və simvolları
yarandı. İndi rəflərdə təkcə
"Coca-Cola" yox, "Pepsi" də var idi. Və ya təkcə Parisin işıqlı gecələrini
təmsil edən simfoniyalar yox idi, həm də küçələrdə
minlərlə insanı bir araya gətirən rok albomları
satılırdı. Bu dövrdən, yəni
markaların məşhurlaşdığı dövrdən əvvəl
nə oldusa, hamısının önünə klassik sifəti
əlavə olundu. Uzaqlaşdığımız
dövr, əslində, bir o qədər də keçmişdə
qalmayıb. Avropa küçələrinin
səfil həyatı brendlərdən öncəki
istehsal-istehlak ənənələrini 1960-lara qədər
yaşatdı. Bununla bərabər həmin
illərdə salonlarda, muzeylərdə, qalereyalarda modern sənətin
və modern yaşam düşüncəsinin işarələri,
simvolları bir-birilə yarışırdı. Klassik və modern yalnız POSTMODERN (bütün sahələrdə)
təfəkkürün yaranışı ilə
qarşı-qarşıya gələ bildi. O zaman isə
artıq onlar arasındakı fərq sənətçilər
və tənqidçilərdən başqa heç kimə
maraqlı deyildi.
Beləliklə, brendlərin yaranması sosial və
ictimai həyatı maraqlı, çeşidli etdi. Eyni məhsul,
fərqli adlar. Eyni tərkib, fərqli qiymətlər.
Reklam biznesi və uğurlu kələkbazlıq
modeli. Bəs brend erasının
yaranması yazı sənətinə hansı yeniliyi gətirə
bildi? Bu sualla da keçirəm mətnin əsas
məğzinə.
"Nəyi yazmaq?" yox,
"Necə yazmaq?" dövrü
Çeşidlənmə ədəbiyyatda mövzu
standartlarının qırılması, yeni qəliblərin -
fərqli təhkiyələrin yaranması ilə
özünü göstərdi. Eyni mövzu, fərqli
baxış. Növbəti nəsil daha
başqa rakursdan hadisələri izləməyə və eyni
zamanda da yazmağa başladı. Beləliklə,
modernizm özünü ədəbiyyatda bu cür bəlli etməyə
çalışdı. O, hər yeni təfəkkürdə
özündən əvvəlkini inkar edirdi. Modernizm modern
düşüncələri belə şübhə altına
alan və bu yəqinliyini perioda salan bir cərəyan
və sosioloji proses idi. Sənət insanları
çeşidlənən dünyadan xilas etməyi məqsəd
seçərkən özü bir neçə ciddi ədəbi
hadisədən sonra çeşidlənməyə
başlayırdı. Ədəbiyyat
özü də fərqinə varmadan (ya da fərqində idi)
fərdiyyəçi cəmiyyətlə eyni yolu gedirdi.
Daha sadə dillə desək, həm ictimai
proseslər, həm də ədəbi mühit
liberallaşırdı. Fikir axını mətnlər
bu liberallaşmanın, yalqız insanın, dəyər sahibi
olmayan fərdin modeli idi. Artıq
bütün mövzuların işləndiyi güman edilirdi və
mövzuların yeni üslublara ehtiyac duyduğunu
düşünürdülər. Üslubçuluq.
Bütün sahələrdəki orijinal təfəkkür
ədəbiyyatda üslubçuluq adını
almışdı. Bəlkə də uzun
sürən klassik eranın sonunda bu üslublar rəngarəng
görünürdü, ancaq yenidən əbədi mətnlərə
- miflərə, nağıllara, səmavi tekstlərə,
tarixə qayıdış gözlənilən idi.
Sənaye inqilabından sonra sürətlə
böyüyən şəhərlərdə avanqard sənət
nümunələri öz hegemonluğunu elan etdi. Xüsusən
də rəssamlar bu cür cəhdlərə daha cəsarətli
davrandılar. O dönəmin sürrealist rəssamları
incəsənətin modern, eyni zamanda klassik düşüncə
sərhədlərini qıran avanqard modelini təqdim etməkdən
yorulmurdu. Əslində, bu axın 1860-cı illərdən
XX əsrin çətin son onilliklərinə qədər
uzun bir yol keçmişdi. Parisdə
Akademiyaya qarşı gələn yüzlərlə rəssam
hələ o dövrdə salonlarda öz abstrakt, kubik,
sürreal əsərlərini təqdim edirdi. Cəmi on il sonra onların sayı bütün
Avropanı təəccübləndirəcək qədər
çoxaldı. Hər kəs eyni rəsmi
çəkirdi, yalnız əlavə etdikləri xəfif məna
yükü onları bir-birindən fərqləndirə
bilirdi.
Həmin dönəmlərin iki ədəbi
cığırı gələcək nəsillər
üçün mühüm bir seçim imkanı
yaratmışdı. Balzakçılar və Floberçilər.
Roman sənətinin bütün
çağdaş nümunələri "Don Kixot"dan ənənə
halını alsa da, məsələ məhz bu iki seçimdən
sonra daha çox qabardı. Ən sadə və
hamının oxuduğu misal: "Madam Bovari"dən həm
"Anna Karenina", həm "Lolita", həm də
"Məsumiyyət muzeyi" çıxdı. Fərqli üslubları və təhkiyələri
təmsil edən romanları birləşdirən bir
mövzudan, eyni taledən bəhs etmələri idi. Bu misallar kifayət qədərdi. Postmodern dövrə qədər "necə
yazmağın" önəmi haqqında çox
danışdılar. XX əsrin ən
önəmli, irihəcmli romanları məhz bu sualın
övladları idi.
Memarlığın kütlə və sənət
arasındakı ayrıseçkiliyi aradan qaldırması ilə
indi tənəzzülünü yaşadığımız
postmodern dövr başladı. Memarlar sakinlərlə
bir yerdə yaşamağa, bəlli bir ərazinin
xarakteristikasını öyrənməyə, layihələri
sakinlərlə bərabər işləməyə
başladılar. Artıq sizin
yaşayacağınız binaları siz müəyyən
edirdiniz. Bu, obyektivin kütləyə baxan
rakursu idi. Daha sonra ictimai-sosial binaların ənənəvi
quruluşunu, strukturunu "əyməyə",
"bulanıq yuxu" halına gətirməyə
başladılar. Beləcə, ilk dəfə
İtaliyada dünya üçün yeni olan memarlıq
nümunələri yarandı. POSTMODERN
memarlıq.
Ədəbiyyatın xammalı isə bu mənada
nağıllar, miflər oldu. Bu gün bütün
yolların gedib çıxdığı, bütün
eksperimentlərin qayəsi olan Borxes hekayə və esselərinə
Latın Amerikası xalqlarının və Şərqlilərin
macəralarını qatdı. Nəticədə
həmin dövr üçün yeni, indiki sənət
üçün isə hələ də maraqlı olan cərəyanlar
yarandı. Magik-realist, sürrealist,
postmodern qarışıqların borxesvari harmoniyası ədəbiyyatı
ondan əvvəlki formalarından fərqləndirməyi
bacardı. Bu həm də "necə
yazmaq" dövrünün sonu idi.
Modern periodun sonu
Kierkeqardda təməli qoyulan, Kafkada əsası
yapılan, Borxesdə özünü, nəhayət ki, qəbul
etdirə bilən absurd mətnlər günümüzün
hekayə sənətinin özülünü təşkil
edir. Bu gün Amerika çağdaş ədəbiyyatının
ən önəmli adları məhz bu yoldan irəliləyir.
Modernizmin mövzu
çatışmazlığı problemi absurdizmin
yaranması ilə başa çatdı. İndi
müəllifi həyatdakı hadisələrdən daha
çox, ona təqdim edilən brendlərdən daha çox
beynində yaratdığı təəssürat
maraqlandırırdı. Hadisələr
öz reallığını saxlayaraq oxucuya yad bir yerdə
baş verirdi. Nağıl kimi öz sehrli
aurası ilə maraqlı və bəzən də
sıxıcı gələ bilirdi. Amma
bunun yolunu kino tapdı. Komiks sahəsi bu
gün təkcə fantastik janrı deyil, həm də absurd həyatı
öz boynuna götürməyi bacardı. PostBorxes dövründə bu gün dünya kinosu
üçün, dünya musiqisi üçün və ən
əsası dünya ədəbiyyatı üçün
xüsusi dəyər daşıyan adlar meydana
çıxdı.
Hazırda yaşayan ən böyük
yazıçıların mətnləri modern periodun - yenilənmənin
öz trayektoriyasından çıxıb keçmişə,
lap uzaq keçmişə getməsi ilə təşəkkül
tapdı. İstər esseistika, istər hekayəçilik, istər
romançılıq baş verən prosesləri sistemləşdirməyə,
kodlaşdırmağa, onu bilinməz bir gələcəyə
ötürməyə çalışır. Buna Borxesin vəsiyyəti də deyə bilərik.
Sənətin həm sənət
üçün, həm kütlə üçün
olması reallığına sənətin həm də tarix
üçün olması əlavəsi də
artırılır. Yeni tarixin mərkəzində,
heç şübhəsiz, uydurma adların, o uydurma
adların arxasında min illərin "ciddi həqiqətləri"
yatır. Proses daha sadə, daha avanqard, eyni zamanda mürəkkəb
hadisələrin mükəmməl harmoniyasını yarada
bilən mətnlər istəyir. Sənətin
küçələrdə sərgiləndiyi, toplumun iradəsi
altında özünü sərbəst təqdim etməsi
vacibdir. Hip-hop rəqsləri, musiqiləri
bu yolun başlanğıcı idi. Və
ya "Netflix" istehsalı olan seriallar. Sosial
şəbəkələr, "short story"lər, yeni
markalar absurd cəmiyyəti özlüyündə meydana
çıxarır. Bu da mövzu
imkanlarını kifayət qədər genişləndirir.
İndi "necə yazmaq" yox, yenidən
"nə yazmaq" perioduna düşürük.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.13.