Dram zehniyyəti

 

Dram nədən Antik Yunanda yarandı?!

 

İkinci söhbət

 

Sükunətə qərq olmuş Şərq öz yaradıcılıq potensialını Misir piramidaları, Babil bağları kimi səssiz, sözsüz sənət əsərlərinə xərclədi və bu tikililər Şərq sivilizasiyalarının simvoluna çevrildi. Antik Yunan sivilizasiyasının simvolu isə teatr-dram sənəti oldu. İlk baxışdan Misir piramidaları, Babil bağları daha cazib, onu quran insan əqli daha möhtəşəm, mükəmməl görünsə də, əslində dram şüurun daha mürəkkəb, daha gəlişmiş formasıdır ki, bu forma-məzmuna çatmaq üçün düşüncənin müstəqil hərəkət xəttinə malik olması lazımdır. Ağayar Şükürov yazır: "Mifologiyası intellektual və bədii cəhətdən ən zəngin olan inkişaf etmiş Yaxın Şərq ölkələri - Misir, yaxud Mesopotamiyada belə o fəlsəfənin kandarına çatsa da, ancaq mifologiya olaraq qalmışdır. Halbuki orada mifologiya özünün rəngarəngliyi, teoqoniyakosmoqoniya sahəsində çox variantlığı ilə seçilirdi. Buna baxmayaraq, o ölkələrdə mifologiyadan fəlsəfəyə keçid başa çatmadı. Bəs onda yeni fəlsəfi təfəkkür nədən başlamalı idi? Hər şeydən əvvəl, fikrin azad olmasından başlamalı idi".

Fikrin azad olması, şüurun mitosdan loqosa keçidi, fəlsəfənin doğuşu Antik Yunanda baş verdi. Bununla da, bəşər bu günə qədər az qala hər sahədə Şərq - Qərb bölgüsü apardığımız iki müxtəlif fikir sivilizasiyalarında öz yoluna davam etdi. Bəşərin yolayrıcı burda gerçəkləşsə də, əslində əsası başlanğıcda - mitosda müəyyənləşmişdi. İ.V.Rak yunanMisir mifologiyalarının müqayisəsində deyir: "Ellinin gözəllik, ədalət, ideal dövlət quruluşu haqda təsəvvürləri, əxlaqi-etik dəyərlərin iyerarxiyası və ən əsası, bütün bu kateqoriyaların bədii dərki və ifadəsi ya çox şeydə müasir dövrümüzlə analogiyalara malikdir, ya da nisbətən bizim epoxaya yaxındır. Ona görə də yunan mifinin ideoloji-semantik alt mətni hazırlıqlı oxucu tərəfindən asanlıqla başa düşülür (birinci tanışlıqda). Qədim Misir mifologiyası isə məntiqsizliyinə görə çətin qavranılır". Ancaq onların bir kəsişmə nöqtəsi var ki, istər Şərq (Misir), istərsə də Qərb (yunan) mifik düşüncəsində təsəvvür fövqəlgücə - Tanrı obrazına dayanır. Ancaq bu obrazın məzmununda, ona baxış bucağında yenə yolları ayrılır. "Qədim Yunanıstanda din heç vaxt Qədim Roma, Qədim Misir, Orta əsrlər Avropası və ya erkən islam dövlətləri müqayisə edilə biləcək qədər hakim mövqe tutmamışdır. Yunan şeiri Homerdən əvvəlki dövrdən başlayaraq tanrıları, sanki məqsədyönlü şəkildə elə təsvir etmişdir ki, dünyada mənəvi nizamın fövqəltəbii təminatçısı ola bilməz" (A.İ.Zaytsev).

Şərq təsəvvüründə Tanrı daha çox ilahi, yunan təsəvvüründə isə insani biçimdədir. Yunan Tanrını Göylərdə deyil, Olimp dağlarında arayır və onun Zevs obrazında tapdığı Tanrısı insan kimi doğulur, sevir, evlənir, arvadına xəyanət edir, Tanrıçalarla mübahisəyə girir. "Yunan tanrılarının tarixi xaosdan nizama, çirkinlikdən gözəlliyə, tanrılardan insana dönüşdü" (S.D.Artamonov).

Yunan Tanrısına heyranlıq duymur, ona dua etməyi özünə borc bildiyi kimi, onu təhqir etməyi də özünə rəva bilir. Homerin "İliada" əsərində Parislə təkbətək döyüşdə qılıncı parçalanan Menelay Göylərə əl qaldırıb deyir: "Ey Zevs, yoxdur Allahlardan sənin kimi fitnəkarı!" (Homer). Homerin digər qəhrəmanlarından biri isə deyir: "Zevs - olimpiyalı, sən artıq açıq-aşkar bir saxta sevgiliyə dönüşdün".

Yunan düşüncəsi Tanrımərkəzli deyil, insanmərkəzli (antroposentrik) idi. Özünü kainatın mərkəzinə qoyan yunan Allah qarşısında itaət deyil, iradə göstərmək əzmində idi. Tanrı onun azadlığını kısıtladığı, onu öz hökmlərinə məhkum etdiyi zaman yunanın duaları təhqirə, itaəti mübahisəyə çevrilə bilir. "Allah ideyasının birbaşa mənimsənilməsi Qərb düşüncəsi üçün səciyyəvi deyil. Ona görə də Qərb ya dindən, ümumiyyətlə, kənarda dayanır, ya da Allah ideyasını sadəcə bir simvol kimi qəbul edərək düşüncənin strukturundan kənarlaşdırır və məhz kənarda özünü tapmış olur. Qərbdə azadlıq nəinki başqa insanların sosial qurumların, siyasi hakimiyyətin mədudiyyət sferasından, həm də Allahın hər yerdə və hər şeydə iştirakından irəli gələn daxili nəzakət sferasından kənara çıxmaqla əldə edilmiş olur. Ona görə də "Allah ölmüşdür" ideyasının müəlliləri (Nitsşe, Haydeggerb.) Qərbin az qala azadlıq ideallarının böyük daşıyıcıları, carçıları kimi dəyərləndirilir (Səlahəddin Xəlilov).

Hələ Haydegger və Nitsşeyə qədər Allahı öldürməyə Antik Yunanda Ksenophanes cəhd etmişdir. O, "Təbiət haqqında" poemasında HomerHesiodun əsərlərində formalaşanyunan toplumunun dini təsəvvürlərində möhkəmlənən Tanrı obrazına istehza edirdi.

Antik Yunanda antik Misirdən fəqli olaraq sakral bir təbəqə, rahiblər sinfi yox idi. Yunan Tanrılarının yaradıcıları da şairlər idi. Onlar Homerin, Hesoidin əsərlərində yaradılmış, Ksenophanes əsərlərində isə artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdılar.

Şərqdə dini düşüncənin təkamülündə Tanrı tədricən Yerlərdən Göylərə qalxmış, yunan isə öz Tanrısını Olimp dağlarından Yerə, toplum arasına endirmiş, teatr səhnəsinə çıxarmış, burda onunla mübahisəyə girmiş, müzakirə aparmış, öz soruları qarşısında qoymuşdur.

Yunana görə də, Tanrı bir gücdür, amma o, güc qarşısında itaət etmək, mütiləşmək kimi mütləq bir borcu olduğunu düşünmür, əksinə müqavimət göstərmək haqqına və iradəsinə sahib olduğunu fikirləşir. Bu zehniyyəti onda əslində Tanrısını ona tanıdan kitablar yetişdirmişdi. Homerin "İliada" əsərində dənizlərin Tanrısı Poseydon Zevsin xəbərçisinə deyir:

"Nə olsun ki, güclüdür o? Nəyə gərək lovğalanmaq?

...Güclüsə də, qoy rahatca, dinc otursun öz yerində.

Qorxaq bilib, qol zoruyla məni nahaq qorxutmasın!" (Homer).

"İliada" əsəri öz oxucusunun altşüuruna həkk edir ki, hətta fanilər də Allaha qarşı üsyan edə bilər. Yelena sevgi və gözəllik Tanrısı Afroditaya deyir:

"Ey amansız ilahə, de, bu hiylədə qəsdin nədir? // Əl çək allahlıqdan, Birayaq basma pak Olimpin zirvəsinə" (Homer).

Yunana görə, Tanrı gücdürsə, insan da iradədir. Onun öz əqlinə, zəkasına olan inamı Tanrıya olan inamından az deyildi. Təbii ki, bu inam yoxdan var ola bilməzdi, Antik yunan cəmiyyəti onu yaradan, möhkəmləndirən zəkalara malik idi. Misir sivilizasiyası gücün təmsilçisi olan firon kəlməsi ilə, yunan isə zəkanın təmsilçisi olan filosof kəlməsi ilə simvolizə olunur. Qədim Misirin adı gəlincə azdan-çoxdan tarixlə tanışlığı olan hər kəsin bir fironlar siyahısı var ikən, Antik Yunan deyincə Perikldən başqa ağla gələn heç bir siyasi güc yoxdur, onun da adı uzun-uzadı siyahısını qoya biləcəyimiz yunan mütəfəkkürlərinin adı ilə müqayisədə çox kölgədə qalır. Əslində Periklin adı belə Misir fironlarının adına ekvalent deyil, çünki o, əslində, siyasi güc deyil, siyasi zəka idionun hakimiyyəti dövründə yunan demokratiyası özünün ən parlaq dönəmini yaşamışdı.

Demokratiya, fikir azadlığı Afina şəhər dövlətinin siyasi idarəetmə forması deyil, həm də bu toplumun altşüur hadisəsi idi. Allahı belə ələştirən yunanlı üçün toxunulmazlıq həddində olan heç kim, heçyox idi, hər kəs və hər şey onun soruları qarşısında qala, onun şübhələrinə hədəf ola bilərdi.

Yunan Göylərdə müqəddəs, Yerlərdə ideal aramırdı. O, ədalət arayırdı və ən əsası isə bu ədaləti Göylərdən, yaxud da saraylardan ummurdu. Yunan bu ədaləti özü qurub-yaratmaq iddiasında idi, ona görə də bəşəriyyətə ədalətin doğru ünvanını - demokratiyanı göstərə bilmişdi. Qədim Çin (Şərq) sivilizasiyasının azman fikir adamı Konfutsiyə görə isə ədalətin ünvanı ideal hökmdar idi. "Konfutsi xüsusilə yönəltiçilərin "ideal insan" olmalarını istəməkdədir. Yönəltiçilər ideal insan olacak ki, çevrəsindəkilər və xalq da ondan örnək alsın" (David İsrael).

İdeal hökmdar xəyalları Şərq bədii təxəyyülünü fantastik, demokratiya uğrunda mücadilə yunan yaradıcı təxəyyülünü dramatik müstəviyə gətirib çıxardı. "Biz dram sənətinin ideallaşdırmadan uzaq olması fikrini təkrarlamağı xoşlayırıq və müəyyən mənada bu belədir: Dramaturgiya həyatın qaranlıq tərəflərini bəzəmir (Erik Bentli). Yunan nəinki həyatın qaranlıq tərəflərini bəzəyir, hətta onu bütün çılpaqlığı ilə görüb göstərirdi, özü də yalnız siyasi, elmi, fəlsəfi, ədəbi müstəvilərdə deyil, hətta məişət müstəvisində də. Bu gün elmi məsələlərin müzakirə masasına yatırıldığı simpozium kəlməsi Antik Yunanın ev məclislərində apardığı mübahisə-müzakirələrin adından miras qalmışdır. "Elmi ünsiyyət və müsahibə forması kimi müasir "simpozium" qədim yunan "simpoziumları"na - Afina nahar və ziyafətlərində süfrəarxası söhbətlərə gedib çıxır. Bu süfrəarxası söhbət mədəniyyəti qədim ənənələrə malikdir. Onları hələ Homer insanlar arasında qarşılıqlı ünsiyyətin əla forması kimi tərif etmişdi" (V.S.Nersesyans).

Yunanlı yüksək kürsülərdən ona söylənən monoloqların dinləyicisi yox, dialoqların iştirakçısıydı. Çünki bu toplum xalqa öz fikirlərini diktə etmək istəyən deyil, onun fikirlərini sormaq istəyən Sokrat kimi böyük düşünürlərə malik idi. "O, (Sokrat - A.İ.) filosoflar, sofistlər, siyasətçilər, hərbi rəhbərlər, şairlər, heykəltəraşlar, rəssamlar, sənətkarlar, tacirlər, alıcılar, azad insanlarqullar, siyasətin nüfuzlu vətəndaşları və sadə insanlar, kişilər və qadınlar, qocalar və gənclər, qorxaq və təkəbbürlü, ortabab və zəkalı insanlarla, dostlar və düşmənlər, afinalılar və əcnəbilərlə gecə-gündüz, hərbi yürüşlərdə, evdə, azadlıqda və zindanda söhbət edirdi. Və o, nələr haqqında danışırdı: Allahlar, xeyir və şər, xeyir və ədalət, azadlıq və vəzifə, məziyyətlər və şallaqlar, zənginlik və yoxsulluq, dostluq və qarşılıqlı yardım, özünü tanıma və təhsil, ruh və bədən, həyat və ölüm haqqında"(V.S.Nersesyans). Bu tip mübahisə-müzakirələr yunan düşüncəsini daim hərəkətdə saxlayır, onu irəliyə doğru itirdi. Təbii ki, bu cür hərəkətli düşüncənin tempi üçün ilk misrasından sonuncu misrasına qədər eyni fikrin, yaxud baxış bucağının ifadə olunduğu lirika olduqca hərəkətsiz, təhkiyə üzərində qurulan epik janrlar isə çox ləng idi. Süjetin inkişafı boyunca öz qəhrəmanının düşüncəsini irəliyə aparan, dəyişən baxış bucağına keçirən dram isə yunanın heç bir qadağa zonası tanımayan azad düşüncəsini, bütün güclərə, hətta müqəddəslərə belə üsyan edən özgür iradəsini, hər şeyi şübhə altına alan, sorğulayan zəkasının ifadəsi üçün hərəkətli janr idi. Prometey kimi Allahla (Zevs), Antiqona kimi kralla (Kreon), Medeya kimi əriylə (Yazo) tartışmaq gücü və iradəsinə sahib xarakterləri yalnız səhnə qəhrəmanı edə bildiyi kimi, belə qəhrəmanlar da o zaman ancaq Antik Yunanda (Afinada) yetişə bilərdi. Çünki afinalı şərqlidən fərqli olaraq Buddanın "Dünyəvi acılara və əzablara son qoymaq istək və arzulardan vaz keçməyə bağlıdır. İztiraba son vermək üçün fani işlərdən qurtulmaq lazımdır" kimi çağırışları ilə taleyini yaşamağa deyil, Sokratın "Sorğulanmayan həyat yaşanmaya dəyməz" fəlsəfəsi ilə onu yaratmağa can atırdı. Bu dünyanı fani hesab edib, ömrünü o dünyanın gözəlliklərini qazanmağa həsr edən şərqlidən fərqli olaraq yunanlı bu dünyanı gözəlləşdirmək uğrunda mübarizə aparırdı, mübarizənin olduğu yerdə isə qarşıdurma var, konflikt varbu konflikt güclərin deyil, zəkaların konfliktidirsə, onda o, macəraçı deyil, dramatik xarakterə malik olur.

Hegel yazırdı: "Yunanlarda fərdiyyət güclüdür, onlarda kollektiv cəmiyyət yoxdur". Yunan toplumu idarə olunan kütlədən deyil, zəka sahibi fərdiyyətlərdən ibarət idi. Kütlə dramatik qəhrəman yetirə, fərdiyyət isə heç bir janrda dram qədər özünü ifadə edə bilmir. Hegel yazırdı: "Buna görə də bu cür fərdiyyətlər sənətin, xüsusən də dramatik sənətin əsas mövzusu ola bilər, çünki onlar öz istəkləri və qərarları ilə hər hansı münasibətdən kənarda, müstəqil şəkildə hərəkət edirlər".

Poeziya gözəlliyi, epos isə güc və qüvvəti də qəhrəmanlaşdıra bilirsə, dram yalnız fikir və zəka sahiblərini qəhrəman edir. Klassik Şərq poeziyası zəkası haqqında heç bir təsəvvürümüz olmayan Gözəli, epik şeiri isə güc və qüvvət sahibi Rüstəm Zalları qəhrəmanlaşdırırdı. Antik Yunanın qəhrəmanı isə nə bir gözəllik, nə də bir güc sahibi olmayan, öz idealları uğrunda ölüm badəsini məmnuniyyətlə içən zəka - Sokrat idi.. Bu cəmiyyətdə dini inanclar öz qarşısnda fəlsəfəni, cahillik elmi, siyasilər isə xalqı görürdü. Antik yunanda gücün azad insan zəkası üzərində qələbəsi hesab oluna bilən Sokrata oxunan ölüm hökmü də özündən daha üstün bir güclə "Sokratın müdafiəsi" kimi bütün zamanların ən möhtəşəm məhkəmə çıxışı ilə toqquşmalı oldu. Bu qədər söz, fikir toqquşmalarının doğduğu tartışmalarla dolu bir cəmiyyət də, təbii ki, dramatik mövzu-qəhrəmanlara gəbə olmalı idi. Ona görə də bütün janrlar Antik Yunanda yaransa da, heç bir janr dram qədər burda yüksəlişə keçə, özünün böyük imzalarını, qəhrəmanlarını doğura bilməmişdi. Dram özütarix boyu ən böyük yüksəlişi məhz Antik Yunanda yaşadı. Teatr-dram burda yalnız sənət deyil, həm də ictimai-siyasi bir güc idi, özüikinci hakimiyyət hesab olunacaq qədər bir güc. Siyasi hakimiyyət bu gücü özü üçün təhlükə bilmir, əksinə onun daha da güclənməsi üçün işlər görürdü. "Tanrı Dionisin şərəfinə keçirilən festivallarda tamaşalar şəhər-dövlət tərəfindən maliyyələşən yarışmalar çərçivəsində açıq havada nümayiş etdirilirdi. Minlərlə insan teatra toplaşırdı. Bu tamaşalar dövlət siyasətini tənqid etmək və siyasətçiləri ələ salmaqda misilsiz söz azadlığı sərgiləyirdi".

Sözün azad, düşüncənin müstəqil olduğu bu cəmiyyətdə o dərəcədə gəlişdi ki, sonucda Antik yunan sivilizasiyası özündən min il əvvəl mövcud olan sivilizasiyaların əlindən mərkəzləşmə təclini alıb, onu Şərqdən Qərbə ötürdüo gündən bu günə Şərq dünyanın əyalətinə Qərb isə mərkəzinə çevrildi. Bu prosesdə siyasi demokratiyanın sənət ekvivalenti olan dramaturgiyanın rolu o qədər böyük oldu ki, tarix onu gələcəyin yaddaşına Antik Yunan dünyasının atributlarından biri kimi həkk etdi.

 

Aynurə İbadullah

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.14-15.