İsa bulağı
Qışda mülayimdi, yayda buz kimi,
Dumantək dərəyə səpilən bulaq.
Durudur, təmizdir, saf ürək kimi,
Hər gün gözlərindən öpülən bulaq.
Düşər yamaclara gümüş iz kimi,
Gəzər dodaqlarda şirin söz kimi,
Yalayar qayanı daşı duz kimi,
Kül olub çəmənə səpilən bulaq.
Coşub çağlamağa ərinməyibdi,
Çaya qovuşmağa sürünməyibdi,
Pislərin gözünə görünməyibdi,
Yaxşılar gözüylə tapılan bulaq.
Şuşa, mart, 1981
"Bu yerdə kim nəğmə oxumursa, o, şuşalı deyildir".
Sergey Yesenin
Qarlı qış köçünü çəkməyib hələ,
Yaz gəlib güneydə xalı toxuyur.
Təkcə insanlar yox, adi daş belə
Min ildir bu yerdə nəğmə oxuyur.
Yaşıl budaqlarda zərif
puçurlar,
Şeirli dodaqdır, təptəzə
səsdir.
Səslər qanadlanıb quştək
uçarlar,
Bir bulaq nəğməsi bir elə bəsdir.
Qədim
cıdır düzü
- mahnı kitabı,
Onun notlarıdır
- güllər, çiçəklər.
Sidqilə ovcunda sıxsan
torpağı,
Musiqi süzülər,
nəğmə çiçəklər.
Üzeyir
nəfəsi, Cabbar avazı
Hopar iliyinə
bir udum mehlə.
Bu yerdə əbədi musiqi yazı,
Musiqi baharı
bəxş olub elə.
Natəvan bulağı həzindən
həzin,
Qarqarın nəfəsi süd ağlığında.
Vaqif türbəsiylə yanaşı
duysan,
Duyarsan səsini
ucalığın da.
Qarlı
qış köçünü
çəkməyib hələ,
Yaz gəlib
bu yerdə xalı toxuyur.
Təkcə insanlar yox, adi daş belə
Min il, milyon
ildir nəğmə oxuyur.
Şuşa, mart, 1981
Ucalıqdan bir düz keçər
Ucalıqdan bir düz keçər,
Girişində el qayğılı bir məqbərə.
Sağı yoxuş, solu dərə,
Önü uçqun-daş mənzərə,
Gedər
bu düz, gedər, gedər
Daş üstündən
Daş altıya enər birdən
Dodaqlayar
Qarqarımı - misrimi
o,
İtiləyər qəzəbimi, hirsimi o.
Sonra qalxıb
Qarlı Kirsə dönər birdən.
Qılınclaşıb qəsbkarın
boğazında dinər
birdən.
Qanlı
illər düşər
yada,
Qalib ellər
düşər yada.
Nə yaxşı ki, Eldarlar var bu
dünyada,
Eldarlarla
bir sırada
Şairlər var bu dünyada.
II
Ucalıqda bir düz yaşar,
Nəhəng, əlvan xalı
kimi,
Simruqların yol kimi.
Naxışları - açan güllər.
Açan
güllər -
Xan qızının söz butası,
Cabbarımın səs çaları,
Səs butası!
Musiqimin
Koroğlutək
Mərd
atası -
Üzeyir
bəy nəğməsinin
Yanar gözü, not varağı,
Not yazısı...
III
Ucalıqdan bir düz keçər,
Qatar-qatar durna keçər,
Xəyalımdan bir qız keçər,
Tənha keçər, yalqız keçər.
Səmt
alar bir məzar sarı,
Bilinməz ki, dönər haçan.
Gedər,
gedər Vaqifimin
Torpağına, ruhunacan.
IV
Ucalıqdan bir düz keçər -
Tariximə qızıl xətlə
Nəqş olunan
Əcdadımın hünər düzü,
Yarış düzü.
Bu gün yenə sevənlərin
Peyman yeri, görüş düzü,
İbrət düzü.
Şuşa, Cıdır düzü,
Mart, 1981
Qısqandı Sənan dağı
Qarış-qarış gəzdik gürcü torpağın,
Məhəmmədlə Aydın oldu bələdçi.
Sonuncu gün qonaq olduq Tiflisə, -
"Belə ola
hər vaxt" dedi sürücü.
Dörd
tərəfdən dağ
çəpərli şəhəri,
Küçə-küçə, meydan-meydan dolandıq.
Yaşıl telli, gül ətirli şəhəri
Ucalıqdan görmək üçün
yollandıq.
Sənan
bizi alan
kimi qoynuna,
Tez bürüdü
dumanına Tiflisi.
Ha yalvardıq, ha yoncuduq biz ona;
"Çək pərdəni,
barı görək Tiflisi".
Elə bu vaxt buludlandı
asiman,
Ağ sel gəldi, doldu dərə boyunca.
Göy kişnədi, şimşək
çaxdı, ay aman,
Şəfəq seli axdı Kürə doyuncan.
Dedim:
Tiflis tül örtükdə
Xumardır,
Zümrüd donlu Sənan dağı-Şeyx Sənan.
İlk dəfəydi görürdüm
bu diyarda
Öz yarını
qonağına qısqanan.
Gürcüstan,
12.04.1980
Soltan ABBAS
Ədəbiyyat qəzeti.- 2023.-
7 yanvar.- S.16.