Qələminə bal içirmiş sənətkar 

 

Dilimiz gözəl və zəngin olduğu kimi, ondan böyük ustalıqla, bacarıqla bəhrələnən söz sənətkarlarımız da çoxdur. Onlardan ikisinin - böyük xalq şairi Səməd Vurğunun və Cəfər Cabbarlının adlarını burada ona görə çəkirəm ki, f.e.d. professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Tətbiqi dilçilik" şöbəsinin müdiri İsmayıl Məmmədlinin rəhbərliyi altında hər iki sənətkarın bədii dilinin izahlı lüğəti hazırlanıb çap olunmuşdur. "Səməd Vurğunun bədii dilinin izahlı lüğəti" 2011-ci ildə, "Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti" isə bu günlərdə işıq üzü görüb. Bu kitablar hər iki sənətkarın bədii dilinin zənginliklərini incəliklərinə qədər güzgüdə olduğu kimi gözlərimiz önündə canlandırır. Bəri başdan deyim ki, hər iki kitab çox ağır və gərgin, eyni zamanda bu böyük sənətkarların yaradıcılığına sevginin bəhrəsidir. Belə lüğətləri hazırlamaq o qədər də asan deyil. İşin çətinliyinin bir ucu da ondadır ki, indiyə qədər bizdə belə kitablar hazırlanmayıb, ənənə və təcrübə olmayıb. Bu ənənənin əsasını İsmayıl Məmmədli qoyub. Davamlı olsun deyək.

"C.Cabbarlının bədii dilinin izahlı lüğəti"nin quruluşu lüğətçilik baxımından elmi prinsiplərə uyğun tərtib edilib, bütün qaydalar gözlənilib və mükəmməldir. Belə bir kitabın işıq üzü görməyi sevindirici haldır və böyük sənətkarlarımızın hər birinin bədii dilinin izahlı lüğətinin hazırlanmasına ehtiyac var. Bu işə başlanmışdır və uğurla davam etdirilməlidir.

"C.Cabbarlının bədii dilinin izahlı lüğəti"ndə böyük sənətkarın bütün bədii yaradıcılığı əhatə olunub. Sözlər əlifba sırasıyla düzülüb. Alınma sözlərin hamısının hansı dilə aid olduğu göstərilib ki, belə lüğətlərdə onlar böyük önəm daşıyır. Bu həm də lüğətdən istifadəni asanlaşdırır.

Lüğətdə elə sözlər var ki, xalqın dilində işlənir, bədii əsərlərdə rast gəlinir və yaxşı haldır ki, son nəşrlərdə "Azərbaycan dilinin orfoqrafiya lüğətləri"nə də daxil edilib. Məsələn, Cəfər Cabbarlı satira sözünün qarşılığı olaraq gülgü sözünü işlədib. Çox yaxşı sözdür. Ülgü, gülgü, bölgü, görgü, hörgü kimi o da söz kökünə (gül) gü sözdüzəldici şəkilçisi artırılmaqla yaranıb və uğurlu da alınıb. Onu ədəbiyyatşünaslarımız da işlətsələr yaxşı olar. Söz işlənməsə, orfoqrafiya lüğətinə düşsə də, yaşamaq haqqı qazana bilmir və unudulur.

Söyləc sözünü C.Cabbarlı bəyanat, açıqlama anlamlarında işlədib. Lüğətdə də həmin anlamlarda açıqlanıb. Ancaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin altıncı nəşrində yoxdur. Məncə, bəyanat sözünü söyləclə əvəzləyə bilərik və onu işlətməklə dilimizi yad sözlərdən birindən təmizləyib, öz doğma sözümüzə yaşamaq haqqı qazandırmış olarıq.

Tapqın sözü də yaxşı tapıntıdır. Dilimizdə tapınmaq sözü var, sitayiş etmək, səcdə etmək anlamındadır və dilimizin öz sözüdür. Tapqın sözü də həmin kökdən yaranıb və anlamca da ona yaxındır.  C.Cabbarlı onu sitayiş edən, səcdə edən anlamlarında işlədib, ancaq orfoqrafiya lüğətində yoxdur. Tanıq kimi, tapınmaq kimi, tapqın sözünü də işlətmək lazımdır, itirmək yox.

C.Cabbarlı  fəvvarə əvəzinə atılqan sözünü işlədib ki, çox gözəl səslənir, yaxşı tapıntıdır. Orfoqrafiya lüğətində atılğan sözü var, ancaq onun həmin söz olub-olmadığı bilinmir. Atılqan sözü dilimizə də yatır və işlənsə, daha yaxşı olar.

Qanan, anlayan, başa düşən, dərk eləyən anlamında C.Cabbarlı qanar sözünü işlədib. Bu da çox uğurlu alınıb və orfoqrafiya lüğətində yoxdur. Səməd Vurğun "Uçarda turacdır, qaçarda ceyran" misrasında uçar və qaçar sözlərini o qədər gözəl tapıb, elə yerində işlətmişdir ki, onları başqa sözlərlə əvəz etmək mümkün deyil. Qanar sözü də belədir. Həm də dilimizdə qanmaz sözü varsa, qanar sözü də olmalıdır. Xalq da onları çox zaman bir yerdə işlədib, "qanar-qanmaz" deyir.

"C.Cabbarlının bədii dilinin izahlı lüğəti"ndə şıdırığı (şıdırğı yağış yağırdı; şıdırğı oyun gedirdi və s.), kimlik, hıqqına-hıqqına, qançır, tuluq və s. kimi sözlər də var ki, bunlar xalqın canlı dilində tez-tez işlənir və orfoqrafiya lüğətinə də düşüb.

 C.Cabbarlı gulaq və qulaq asmaq anlamında guş sözünü işlədib. Guş sözü Şumer və qədim türk dillərində qulaq, qulaq asmaq, eşitmək, dinləmək anlamları bildirib. Lüğətin tərtibçiləri onu fars sözü hesab edirlər. Bu söz eyni anlamlarda Şumer və qədim türk dillərində, uyğur və Orxan-Yenisey yazılarında işləndiyinə görə, fars sözü ola bilməz. Onun fars dilində işlənməyi bu fikri söyləmək üçün əsas deyil. Deməli, guş sözü türk dilindən fars dilinə keçmişdir. Kitabda bu qəbilədən olan dolaşıqlıqlar və yanlışlıqlar az da olsa var.

C.Cabbarlı gəlmək sözünü on doqquz, buraxmaq sözünü on səkkiz, yer sözünü on yeddi, görmək sözünü on beş anlamda işlədib. Lüğətdə bu anlamların hər biri yazıçının əsərlərindən seçilmiş örnəklər verilməklə açıqlanmışdır. On, on iki anlamda işlənən sözlər daha çoxdur. Onların hər biri haqqında ayrıca danışmağa ehtiyac yoxdur. Sözlərin çoxanlamlılığı dilimizin omonimlərlə zənginliyindən irəli gəlir. Hər dil omonimlərlə bu qədər zəngin olmur. Cinaslı bayatılar və təcnis şeir növü yalnız türk dillərində yaranıb. Başqa dillərdə belə şeir yoxdur.

Dilimiz frazeoloji ifadələrlə, hikmətli deyimlərlə, müdrik kəlamlarla olduqca zəngindir. Bunları sözlərin məcazlaşmaq imkanlarının güclülüyü yaradır. Dilimizdə sözlər çox asanlıqla məcazlaşa bilir. İnsanın bədən üzvlərinin adlarını bildirən baş, ayaq, ağız, göz, bağır, dalaq sözlərinin məcazlaşması yoluyla onlarla bu cür idiomlar, hikmətli deyimlər yaranıb. C.Cabbarlının öz əsərlərində işlətdiyi bu cür deyimlərin hamısı seçilib lüğətə daxil edilmişdir. Məsələn, baş sözünü götürək. Onun köməyi ilə yaranmış bu cür idiomlar, hikmətli deyimlər yetərincə çoxdur. "Baş açmamaq", "baş aldatmaq", "baş çəkmək", "baş əymək", "baş götürmək", "baş sındırmaq",  "baş qaldırmaq", "baş qoymaq", "baş tutmaq", "başına ağıl qoymaq", "başına at vurmaq" (təpmək), "başına daş düşmək", "başına hava gəlmək", "başına kül tökmək", "başına söz qəhət olmaq", "başını bir yerə yığmaq" deyimlərinin hamısı baş sözünün məcazlaşması nəticəsində yaranıb və onlar C.Cabbarlının bədii əsərlərindən toplanmış deyimlərin az bir hissəsidir. Həm də bu deyimləri yerində işlədəndə onların hər biri fikrin bədii ifadəsini o qədər gücləndirir ki, həmin yerdə bu kəlmələri başqa sözlərlə əvəzləyəndə fikir su qatılmış bala dönür. Məsələn, dilimizdə evlənmək sözünün əvəzinə çox zaman "başını bağlamaq" deyimi işlənir. Bu deyimi eşidən adam bilir ki, söhbət evlənməkdən, evləndirməkdən gedir. Onun açımına ehtiyac qalmır. Hər ikisinin anlamı eyni olsa da, fikri "evlənmək" sözüylə yox, "başını bağlamaq" deyimiylə ifadə eləyəndə onun bədii tutumu, sanbalı, salğarı, emosional təsir gücü birə beş qat artır. C.Cabbarlı bu deyimi Gülnisənin dilindən "Dünən gecə yenə sənin fikrini eləyirdim ki, daha vaxtın yetişib, başını bir yerə yığasan" şəklində işlədilib. Burada "evlənmək" sözü işlədilmir, ancaq oxucu da, tamaşaçı da bilir ki, söhbət evlənməkdən gedir.

Dilimizdə göz sözünün köməyiylə yaranmış hikmətli deyimlər, frazeoloji birləşmələr daha çoxdur. Mənim ən çox sevdiyim və bənzərini tapmadığım frazeoloji birləşmələrdən biri "gözüm səndən su içmir"  deyimidir. Göz və içmək sözləri arasında heç bir semantik anlamca bağlılıq olmadığından onların birləşməsi nəticəsində gözəl, bənzərsiz, tutumlu bir frazeoloji birləşmə yaranıb. Açımı bir adama inanmamaq, ona bel bağlamamaq, şübhələnmək bildirir. Cəmi dördcə sözdən yaranıb bu deyim. Ancaq onun daşıdığı poetik fikir yükünü, emosional təsir gücünü bir romanla tərəziyə qoymaq olar.

C.Cabbarlı göz sözünün məcazlaşması nəticəsində yaranmış hikmətli deyimlərdən öz bədii əsərlərində gen-bol istifadə etmişdir. Onları elə bacarıqla, ustalıqla seçib yerli-yerində işlətmişdir ki, bax buna sənətkarlıq deyirlər. Məsələn, "göz ağartmaq", "göz altına almaq", "göz altında saxlamaq", "gözünün ucuyla baxmaq", "göz yaşı ilə yoğurmaq", "gözləri süzülmək", "gözləri çuxura düşmək", "gözü yolda qalmaq", "gözləri qaralmaq", "gözünə dönmək", "gözünə işıq gəlmək", "gözünün üstündə saxlamaq" deyimləri C.Cabbarlının bədii əsərlərindən seçilmiş gözlə bağlı ifadələrin hamısı deyil. Bir örnəyə baxaq. Xalqın dilində qarğış kimi "gözünə girsin", "gözünə batsın" deyimləri çox işlənir. C.Cabbarlı bu qarğışları olduğu kimi yox, yerinə görə Fatmanisənin dilindən belə işlədib: "Qatırının dırnağı hələ o tay gözüvü də çıxartsın töksün ovcuna". Yazıçı xalqdan götürdüyü qarğışları yerinə uyğun dəyişdirib, onu işlətməklə fikrini daha gözəl, daha poetik ifadə eləyib. Bir pis olay baş verəndə, kimsə yamanlıq eləyəndə xalq "fələk sinəmə dağ basdı" yaxud "filankəs ürəyimə dağ çəkdi"  deyir. C.Cabbarlı Saranın ölümünü Əbdülün diliylə belə ifadə eləyir: "Onun ölümü mənim sinəmə bir dağ çəkdi". Saranın ölümündən yaranmış kədəri, üzüntünü bundan tutarlı ifadə eləmək çətindir.

C.Cabbarlı bədii əsərlərində çoxlu atalar sözləri, məsəllər və digər müdrik xalq deyimləri də işlədib ki, bunlar da dilimizin az tapılan söz inciləridir. S.Vurğun deyirdi ki, "Nadir təbiətlər yaranır az-az, Hər yerdə, hər zaman inci tapılmaz". Bu incilər tapılanda da onların qədir-qiymətini bilmək, yerində işlətməyi bacarmaq lazımdır. Bu söz incilərini elə işlətmək lazımdır ki, onlar qiymətdən düşməsin. C.Cabbarlı məhz belə sənətkarlardandır. Yazıçı, İmamverdinin dilindən gözəl bir məsəl işlədib: "Eyvaz, dedi, ölüm-zülüm oxudu, axırı nə oldu: nə coraba yamaqdır, nə tumana balaq". Lüğətin tərtibçiləri bu məsəlin nə zaman işləndiyini doğru tutmuş, düzgün açıqlamışlar: "Heç bir işə yaramayan, lazımsız bir kəs haqqında".  Çox yerində işlənmiş məsəldir. Eyvazın durumunu həmin anda bundan yaxşı ifadə etmək çətindir.

Bilirik ki, qatır döl vermir və sonsuzluğun  rəmzinə çevrilmişdir. C.Cabbarlı da Fatmanisənin dilindən aşağıdakı məsəli məhz bu məqsədlə işlətmişdir: "Atasından artan qatır olar". Yaxud xalqın dilində belə bir deyim var: "Əkdiyim noxud, biçdiyim noxud, bazara girib ləbləbi olub". Bir adam özünü dartıb dağın başına qoyanda, cildini dəyişəndə, olduğu kimi görünməyəndə, misinə qızıl deyəndə bu məsəli çəkirlər.

"Gəmidə oturub gəmiçi ilə dalaşmaq" dilimizdə çox işlənən deyimlərdəndir. C.Cabbarlı da onu öz obrazlarının dilindən bir neçə dəfə işlətmişdir. Salamov deyir: "Görmürsən, köpək uşağı gəmidə oturub, gəmiçi ilə savaşırlar". Yaxud Qəmərin dilindən eşidirik: "Gəmidə oturub gəmiçi ilə döyüşür". Bu deyim hər iki obrazın dilindən eyni məqsədlə və eyni anlamda işlənmişdir. Bu deyim dilimizdəki "Yersiz gəldi, yerli qaç" məsəlinin sinonimidir.

 C.Cabbarlının bədii əsərlərinin dili çox zəngindir. Bu dil həm də saflığıyla, təmizliyiylə, axıcılığıyla, şirinliyiylə seçilir. Atalar sözləri, məsəllər, frazeoloji birləşmələr, hikmətli deyimlər, müdrik kəlamlar yazıçının bədii əsərlərində yüzlərlədir. Onlar həm dilçilik, həm də folklorşünaslıq baxımından öyrənilməli, araşdırılmalıdır.

 

18 dekabr 2022

 

Novxanı

 

İslam Sadıq

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.17.