İqnasio Sançes Mexiasa ağı

 

Poema

 

1934-cü ilin yazında Mansanares arenasında buğa döyüşü zamanı ağır yaralanan məşhur torero İqnasio Sançes Mexias (1887-1934) ispan sənət adamlarının himayədarı, o cümlədən Lorkanın yaxın dostlarından idi. Toreronun ölümündən bərk sarsılan Lorka üç ay sonra yazdığı poemanı dostunun sevimli qadınına - Əndəlüs ansamblının rəhbəri, məşhur müğənni və rəqqasə La Arxentinitiyə həsr etmişdi.

Dörd hissədən ibarət poemada ispan xalq lirikasının qədim janrı llanto (ağı) ilə qəbirüstü elegiya janrı vəhdət təşkil edir. Dramaturji elementlərlə zəngin olan və antik yunan faciələrinin havası duyulan poemada məşhur torero əbədiyyətə qovuşmuş cəsur əsgər kimi anılır. Poema 1935-ci ildə Madriddə ayrıca kitab şəklində nəşr olunub.

 

I. Buğa zərbəsi və ölüm

 

Axşamüstü, saat beşdi.

Hə, düppədüz saat beşdi!

 

Ağappaq mələfə gətirdi oğlan -

axşamüstü, saat beşdə.

Bir səbət kirəc də hazırdı çoxdan -

axşamüstü, saat beşdə.

Vəssalam, qalanı ölümdü təkcə

axşamüstü, saat beşdə.

Pambıqlar havaya uçdu küləkdə

axşamüstü, saat beşdə.

Şüşə də, nikel də oksid səpirdi

axşamüstü, saat beşdə.

Döyüşə atıldı qumru bəbirlə

axşamüstü, saat beşdə.

Bir buynuz sancılıb deşdi bir budu

axşamüstü, saat beşdə.

Qəfil uğultudan qulaq tutuldu

axşamüstü, saat beşdə.

 

Axşamüstü, saat beşdi.

Hə, düppədüz saat beşdi!

 

Səsləndi kilsənin ən böyük çanı

axşamüstü, saat beşdə.

İsti qan, boz duman, yuxu dərmanı

axşamüstü, saat beşdə.

Küçədə yas tutub susqun adamlar

axşamüstü, saat beşdə.

Buğa bir qıraqda sevinir amma

axşamüstü, saat beşdə.

 

Sarı yod iyinə büründü meydan

axşamüstü, saat beşdə.

Canı yavaş-yavaş düşürdü heydən

axşamüstü, saat beşdə.

Elə ki, isti tər qəfil soyudu

axşamüstü, saat beşdə -

Ölüm o yaraya yumurta qoydu

axşamüstü, saat beşdə.

 

Axşamüstü, saat beşdi.

Hə, düppədüz saat beşdi!

 

Yataq əvəzinə taxta katafalk

axşamüstü, saat beşdə.

Fleytanın səsi qulaqlarında

axşamüstü, saat beşdə.

Buğa böyürtüsü gətirdi təngə

axşamüstü, saat beşdə.

Can çəkişməsindən qarışdı rənglər

axşamüstü, saat beşdə.

 

Günəştək qızarır qanlı yaralar

axşamüstü, saat beşdə.

Yetirdi özünü qanqrena da

axşamüstü, saat beşdə.

Yaşıl qasığında zanbaqdan çələng

axşamüstü, saat beşdə.

Şüşələr çatlayır qələbəlikdən

axşamüstü, saat beşdə.

 

Axşamlar saat beş, ah, nə yamandı,

nə qorxuncdu, nə müdhişdi!

Bütün saatlarda düz beş tamamdı -

hə, düppədüz saat beşdi!      

 

II. Axan qan

 

Yox,

mən ona baxmayacam!

 

Harda qaldı,

qoy doğsun Ay -

görməyim İqnasionun

qumda göllənən qanını.

 

Yox-yox,

baxmaq istəmirəm -

istəmirəm görmək onu!

 

Göydə bədirlənsə də Ay

boz buludların çətiri

kölgə salsın arenaya;

zülmət bürüsün hər yeri,

qaranlıq udsun hər yanı,

boz kölgəsi söyüdlərin

uzansın, tutsun meydanı.

 

Yox,

mən ona baxmayacam!

 

Çünki yaddaşım od tutur,

çünki yanır xatirələr.

Sönüb getsin qoy hamısı,

qoy hamısı unudulsun.

Car çəkin, qoy bu ölümdən

jasminlər də xəbər tutsun.

 

Yox,

mən ona baxmayacam!

 

Qoca dünyanın inəyi

isti qumdan yan keçmədi -

yaladı üzgün diliylə

qanla dolu gölməçəni;

Gisandonun buğaları

(yarı ölüm, yarı daştək)

böyürdülər, bağırdılar -

bu torpağı yüz illərlə

çeynəməkdən yorulmuştək.

 

Yox,

mən ona baxmayacam!

 

Ölümü alıb çiyninə

gedir yorğun İqnasio.

Doğmayacaq bir səhəri

əbəs yerə axtarır o.

Gözləriylə

öz əvvəlki surətini,

sağ canını, qamətini

gəzə-gəzə

qan süzülən yarasını

tapdı, gördü əvəzində.

 

Yox-yox,

baxmaq istəmirəm -

istəmirəm görmək onu!

 

Necə görüm,

necə baxım -

damardan fəvvarə kimi

al qanın fışqırdığına;

azğınlaşmış bir yığnağın

kükrəyib qışqırdığına!

Kim çığırdı - yaxınlaşım,

kim çağırdı - gəlim baxım?

 

 

Yox,

mən ona baxmayacam!

 

Qorxutmadı heç nə onu -

yaralı İqnasionu!

Nə qışqırdı, nə göz yumdu

buynuzların önündə o;

nə titrədi dörd yanında

cöngələri görəndə o.

 

Anaların  qorxunc səsi

amma titrətdi hər kəsi!

Qulaq batdı bağırtıdan,

vay səsindən,

qıy səsindən;

uçub getdi çığırtılar

fermaların üzərindən.

 

Külək çox-çox uzaqlara

apardı çığırtıları -

yaydı dumanlı dağlara

bu sirli uğultuları!

 

Dağlardakı

qabanlar da eşitdilər,

otlaqdakı

öküzləri haraylayan,

çən-dumanda itib-batan

çobanlar da eşitdilər.

 

Baxmasın da qoy gözlərim,

görməsin İqnasionu!

Sevilyada yox bir prins

igidlikdə yensin onu.

Yoxdur onuntək birisi:

nə qılınc var qılıncıtək,

nə var o cür başqa ürək.

 

Mərmər kimi ötkəm vücud,

möhkəm bədən kimdə vardı?!

Ağlasığmaz aslan gücü

çaytək axar, çağlayardı.

Qədim Roma havasında

doğulan bir əndəlüslü;

Elə bil nur haləsində

üzməkdəydi gecə-gündüz.

Ağıllıydı üzündəki

təbəssüm də sünbül təki.

 

Bənzərsiz bir toreroydu,

dağ sevdalı dağlıydı o!

Onunku şehdi, qırovdu,

sünbüllərə bağlıydı o!

Arenada at oynadar,

buğanı heydən salardı!

Qılıncını sərt saplayar,

igidtək meydan sulardı!

İndi dərin bir yuxuda -

son yuxuya gedib indi.

İndi başı paralanıb -

göy yosunlar, yaşıl otlar

barmaq kimi aralayır

açır kəllə sümüyünün

qana batmış çiçəyini.

 

Yox,

mən ona baxmayacam!

 

İndi onun isti qanı

axıb gedir nəğmə kimi.

Axır, qızardır hər yanı -

bataqlığı, çəmənliyi.

Buynuzlardan süzülür qan,

axır min-min dırnaqlardan.

Axır qırmızı sel kimi,

uzun, yorğun bir dil kimi;

Axır sanki qaranlıqda

ulduzlu Qvadalkivir.

 

Yox,

mən ona baxmayacam!

 

Ah,

nə deyim sənə axı

bəmbəyaz ispan divarı!

Ağ hasarlar arasında

dərdin qara buğaları!

 

Ah,

nə deyim sənə axı

İqnasionun al qanı!

Bülbül kimi cəh-cəh vuran,

nəğmə deyən damarları!

 

Yox,

mən ona baxmayacam!

 

Bircə fincan tapılmaz ki,

bunca qanı tuta bilsin;

Yoxdur elə bir ayaz ki,

bu qanı soyuda bilsin.

Heç bir büllur örtə biməz

gümüşlə bu qızıl qanı;

Nə mahnı var buna bənzər,

nə bir zanbaq gülüstanı.

İçəmməz bir qaranquş da

bu qanı son damlayacan.

 

İstəmirəm görmək onu -

yox, mən ona baxmayacam!

 

III. Qalan bədən

 

Yuxunun inlədiyi alındır daş dediyin -

nə qıvrılan suyu var, nə donmuş sərv ağacı.

Daş dediyin zamanı daşıyan bir çiyindir -

çəkər ağır yükünü dərdlərin, acıların.

 

Qançır qanadlarını qaldırıb qorxa-qorxa

dalğaların qoynuna can atan boz yağışlar

qaçıb uzaqlaşırlar qollarını qırmağa,

qanlarını sormağa fürsət gəzən o daşdan.  

 

Buludu damla-damla öz canına çəkir daş,

yığır sümüklərini çöl quşunun, qurdların.

Nə bir nəğmə, nə bir səs, nə kristal, nə atəş -

onun verdiyi yalnız bomboz arenalardı.

 

Uzanıb İqnasio daşın üstdə eləcə.

Olan olubdur daha. Hər şey qurtardı, bitdi.

Ölüm saraldıb onun sifətini gör necə.

Qaralır kəlləsi də minotavrdan betər.

 

Hər şey bitdi.

Yağış da doldu açıq ağzına.

Fışqırıb çıxdı hava sıxılmış ciyərindən.

Qarın göz yaşlarını sümürən son eşqi də

isinir sürülərin yununda hərdən-hərdən.

 

Nəsə xısınlaşırlar.

Danışırlar nədənsə.

Sükutda leş qoxusu. Hava üfunət bütün.

Bir vaxt bülbüllər ötən o qüsursuz bədənsə

indi dibi görünməz dəliklərlə örtülüb.

 

Heysiz, cansız bir bədən -

tək budur ondan qalan!

Sönüb gedir eləcə gözümüzün önündə.

Kim qatladı kəfəni? Dediyi sözlər yalan!

 

Ağlamır kimsə burda! Yoxdu nəğmə deyən də!

 

Nə ağı söyləyən dil,

nə sızlayan bir ürək,

nə atı mahmızlayan, nə ilan qorxudan var.

Başqa bir istəyim yox, yalnız bu önümdəki

bədənə göz zilləyib qalım burda çar-naçar.

 

Hayqıran adamları görmək istəyirəm mən -

nərəsindən at hürküb, axan çaylar kükrəsin;

qaynar ağızdan çıxan alovlu nəğmələrdən

sümüklər cingildəsin,

skeletlər titrəsin!

 

Kaş görəydim onları

bu daşın önündə mən -

bu cilovsuz bədənə baxaraq yana-yana,

bir çıxış yolu varsa, göstərəydilər həmən

əli-qolu ölümlə bağlanmış qəhrəmana.

 

Göz yaşı göstərsinlər

qoy mənə çaylar kimi

öz dadlı dumanları, geniş sahilləriylə -

duymadan İqnasio buğanın nəfəsini

daş üstdəki bədəni alsın aparsın deyə.

 

Qoy uşaqkən özünü yaşlı bir buğa sanan

Ayın arenasında itib getsin o çay da;

balıqların nəğməsi lal gecəyə qarışsın,

biryolluq yoxa çıxsın

bəyaz dumanda, çəndə.

 

Yox, örtməyin, örtməyin ağ dəsmalla üzünü

bağrındakı ölümə qoy alışsın özü də.

Get, İqnasio. Duyma buğa böyürtüsünü.

Yat, İqnasio, dincəl.

Ölür hətta dəniz də.

 

IV. Gedən can

 

Nə buğa tanıyır səni, nə atlar,

nə əncir ağacı, nə başqaları;

Nə uşaq tanıyır səni, nə axşam,

nə də kandarının qarışqaları -

 

çünki yoxsan daha,

ölmüsən artıq.

 

Tanımaz indən belə nə o üstündəki daş,

içində çürüdüyün nə qara atlas səni;

Susqun xatirələrin soyuyar, uzaqlaşar,

heç biri yada salmaz, heç biri anmaz səni -

 

çünki sən yoxsan daha,

çünki ölmüsən artıq.

 

Salxım buluduyla gələndə payız,

dağlar örtüləndə dumanla, çənlə

kimsə gözlərinə baxmaq istəməz,

hamı yayındırar gözünü səndən -

 

çünki yoxsan daha,

ölmüsən artıq.

 

Çünki ölmüsən artıq, çünki sən daha yoxsan

bütün yer üzündəki cansız meyitlər kimi;

Unudulub getmisən, yaddaşlardan çıxmısan

zibillikdə gəbərmiş yiyəsiz itlər kimi.

 

***

 

Tanıyan yoxsa da,

bilən yoxsa da,

haqqında bir dastan yaradacam mən;

O gözəl surətin yaddan çıxsa da,

yazıb yaddaşları oyadacam mən -

səni sabahlara tanıdacam mən.

   

Ölüm iştahandan yazacam sənin -

necəydi o anda ağzının tamı;

Məğrur sevincini saran qüssənin

dadını qoy bilsin, tanısın hamı.

 

Nə vaxtsa sənə bənzər başqa bir əndəlüslü

doğulacaqmı bir də,

doğulacaqmı burda?

Sızlayan ürəyimlə vəsf etdikcə mən səni,

külək də inildəyir zeytun budaqlarında.

 

Federiko Qarsia Lorka

 

Dilimizə çevirdi: Mahir N. QARAYEV

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.18-19.