Dağlar ürəyimin başındadır, dost

 

Sahib Əliyev-85

 

Sahib Əliyev xalq yaradıcılığından bəhrələnən şairlərimizdəndir. Buna görə onun yaradıcılığında xalq yaradıcılığına məxsus olan qoşma, bayatı, gəraylı rübai formaları da xüsusi yer tutur. Özü şair bu janrlara əl atanda ona hökmən müasirlik əhval-ruhiyyəsi qatır. Bu da oxucuya xüsusi zövq verir. Bu cür yazılara iki misal gətirmək istəyirəm - biri qoşma, biri isə rübai:

 

Yerişi gözəl yerişdi bunun,

Elə bil bir sona üzməyə gəlir.

Ya da ki, kəklikdi, məni göy bilib,

Xırdaca-xırdaca süzməyə gəlir...

 

...Gəlir qulağıma qeyibdən bir səs:

- Gəl, düşmə təşvişə, deyir ki, əbəs.

Məhəbbət çiçəyi götürüb bu kəs,

Sənin ürəyinə düzməyə gəlir.

 

"Gəlir"

 

Ya:

 

Bir cürə deyilik, yox, biz adamlar,

Var əyri adamlar, var düz adamlar.

Dünyada heç nədən qorxmaz, çəkinməz

Namusu, vicdanı təmiz adamlar.

 

***

 

Dünyanın işidi, başa düş, paxıl,

Göy doldu, havada ildırım çaxır.

Başqası öləndə sevinmə, çünki

Sənin başına gələcək axır.

 

***

 

Qızları aldatmaq hünər deyil, yox,

Oğlanlar, bu işlə öyünməyin çox.

Qızların ürəyi yarpaq kimidi,

Yarpaq deşilməzmi batıranda ox?

 

Sahib Əliyevin sərbəst vəzndə yazdığı şeirlər orijinal təsiri bağışlayır. Onun bu cür şeirləri başqa şairlərin həmin səpkidə yazılmış şeirlərindən tamamilə fərqlənir. Bəzi şairlərin belə şeirlərinin çoxunda fikir əsas götürülür, sözlər isə necə gəldi, səpələnir, bəzən şeirin yaraşığı olan qafiyəyə əməl edilmir, ediləndə qafiyələr bir-birindən uzaq düşür. Sahibin sərbəst şeirlərində isə qafiyələr, heca vəznində olduğu kimi, bir-birinə çox yaxın olur. Bu da şeirin oxunuşunu yaxşılaşdırır, sanbalını artırır. Bunu "Bəxtəvər heykəlin başına" şeiri əsasında sübut etmək istəyirəm:

 

Bəxtəvər heykəlin başına -

dağ kimi durubdu durduğu yerdə.

Boyuna-buxununa söz ola bilməz,

adı-sanı da gəzir        

ən yaxşı nəğmədə,

ən yaxşı şeirdə.

Dərdi yox - qanı qarala,

xəstə olmayır - rəngi sarala.

O, olan yerdə çətinlik hədərdi.

Ömrü ki,

beş günlük deyil,

dünyanın ömrü qədərdi.

 

Şairin yaradıcılığındakı ən yaxşı xüsusiyyətlərdən biri sözlərdən yerli-yerində istifadə edilməsidir. Bunu onun yaratdığı təkrirlər daha yaxşı sübut edir. Məlumdur ki, bəzi bədii əsərlərdə təkrir olur, təkrar da. Bəzən yazar eyni söz ya fikri yersiz-yersiz bir neçə dəfə işlədir. Bu da olur təkrarçılıq. Təkrarçılıq, əslinə qalanda, çox pis şeydir, əsəri hörmətdən salır. Lakin elə sənətkarlar da var, eyni sözü elə ustalıqla təkrar-təkrar işlədir ki, oxucu da ondan xüsusi ləzzət alır. Buna da deyirlər təkrir.

O, eyni sözü bir neçə dəfə elə işlədir ki, bu, fikri daha da qüvvətləndirir, həm misraya ya bəndə şirinlik gətirir. Konkret misal: Şair "Yarı sudu, yarı quru bu dünya" şeirində "qoy" sözünü bir bənddə düz dörd dəfə işlətmişdir. Lakin həmin söz gör necə gözəl bir mənzərə yaratmışdır:

 

...Yu, saflaşsın, büllurlaşsın qoy həyat,

Qoy həyatda qanad açsın toy-büsat.

Toy-büsatdan qoy doğulsun səadət,

Qoy deyilsin bir cənnətdi bu dünya.

 

ya "Yaxşılıq olmasa itər adamlıq" şeirində bir neçə dəfə işlənən "yaxşılıq" sözünün yaratdığı lövhəyə diqqət yetirin:

 

Yaxşılıq - sinəni coşduran ilham,

Yaxşılıq - gecələr yandırılan şam.

 

Bir sıra başqa şeirlərində şairin eyni sözü bir neçə dəfə işlətməsi şeirə, bir növ, gözəllik verir:

 

O kəs ki, harama, gördüm, hərisdi,

O kəs nəzərimdə hər şeydən pisdi.

    "Barışa bilmirəm belə adamla"

 

Bu cür boyunbağıdan şairin onlarca başqa şeirlərində gen-bol istifadə edilib.

Sahib Əliyevin şeirlərinə məxsus olan bəzi başqa məsələlərdən danışmaq olar. Məsələn, məlumdur ki, oxucu hər hansı bir şeiri təhlil edərkən həmin şeirin ona lazım olmayan misrasını ya bəndini istədiyi vaxt ixtisara sala bilir. Lakin Sahibin şeirlərində bu, qeyri-mümkündür. Çünki şair misranı misraya, bəndi bəndə elə calaq edir ki, kimsənin araya girməsi heç cür mümkün olmur. Başqa sözlə desək, misra misradan, bənd bənddən tutub məqsədə doğru gedir. Götürək elə "Yaşı da elə bil cavanlaşdırır" şeirini:

 

Biri ağac əkdi, becərdi onu,

Yüz adam yığılıb barını yedi.

Bar yeyən adamlar sonra da bir-bir

O, ağac əkənə "çox sağ ol" dedi...

 

...Ruhu da qaldırır göylərə "sağ ol",

Həvəsi sinədə coşub-daşdırır.

Zəhmətin bəhrəsi olanda "sağ ol",

Yaşı da, görürsən, cavanlaşdırır.

 

Ən yaxşı cəhət odur ki, Sahibin şeirlərindəki sadəlikdə böyük bir dərinlik yatır. Şair sadəliyi dərinliklə birləşdirəndə yeni bir mənzərə alınır. Mən sadəliyin dəyərini nəzərə çarpdırmaq üçün bir misal gətirmək istəyirəm. Bəzən hər hansı bir çayın ya gölün suyuna tamaşa edəndə görürsən ki, su o qədər durudur, dərinlikdə mövcud olan hər şey, lap xırda balıqlar belə, gözünə olduğu kimi görünür. Şeir belədir, sadə olanda, söz , fikir canına yağ kimi yayılır. Zövq alırsan bu sadəlikdən. 

Yeri gəlmişkən, Sahib Əliyevin yaradıcılığına xas olan sənətkarlıq cəhətlərindən birini qabartmaq istəyirəm. Böyük şairimiz Bəxtiyar Vahabzadə "İsti şeirlər" adlı bir məqaləsində deyir ki, ədəbiyyat aləmində təzə söz demək çox çətindir. Çünki insan hər dövrdə insan olaraq qalır eyni duyğuları, eyni həyəcanları yaşayır. Lakin hər dövrün sənətkarı özündən əvvəl yaşanmış duyğuları özünə öz dövrünə məxsus rənglərlə, çalarlarla həyəcanlarla keçirir. Buna görə fikir, duyğu özlüyündə qalır. Lakin bu duyğu zamanın rənginə boyanıb yeni sənətkarın ürəyində özəlləşir, öz ifadə tərzini, intonasiya üsulunu dəyişdirir, təzələşir. Bütün bunları Sahib Əliyevin şeirlərində aydın görmək olur.

Götürək elə "Dağlar ürəyimin başındadı, dost" şeirini. Yaşadığı dağlar diyarını atıb yaşamaq üçün Bakıya gəldiyini ona irad tutan adama şair deyir:

 

Deyirsən, dağları atıb, gəlmişəm,

Dağları şəhərə "satıb", gəlmişəm.

Yox, dağı şəhərə qatıb, gəlmişəm,

Dağlar ürəyimin başındadı, dost!..

 

...Bizdən əsirgəməz dağlar barın da,

Dağlarda hüsnü var adi qarın da.

Mənim ilhamımın qanadlarında

Dağlar o gördüyün yaşındadı, dost!

Dağlar ürəyimin başındadı, dost!

 

Göründüyü kimi, heç kimin yazdığı dağlar şeirinə oxşamır. Hər söz təzə, hər fikir tam orijinal, dağlara məhəbbət olduqca güclü.

Bütün bunlar bizə haqq verir ki, deyək Sahib Əliyev həqiqətən gözəl sənətkardır o çalışır ki, öz şeirlərilə oxucuda da gözəl əhval-ruhiyyə yaratsın. Onun bu keyfiyyətini bir çox ədəbiyyat alimləri, ayrı-ayrı tənqidçilər başqa söz sərrafları da görür bunu öz yazılarında açıq-aşkar büruzə verirlər.

 

Minaxanım Nuriyeva-Təkləli

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.21.